Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6116/2020 11.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “əmlak tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, cavabdehin iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı, iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onun tərəfindən cavabdehə verilmiş xx.xx.2016-cı il tarixli, ƏN seriyalı, 552795 nömrəli etibarnamənin ləğv edilməsi, 2012-ci il istehsalı olan “KİA Cerato” markalı, **-EH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin, avtomobilin qaytarılması mümkün olmadığı halda isə avtomobilin dəyərinin – 17.524,14 ABŞ dolları məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, (iş üzrə tərəf olmayan) X5 xx.xx.2013-cü il tarixdə xxxx (Azərbaycan) ASC-yə “İpoteka müqaviləsi” əsasında yüklü edilmiş mübahisəli avtomobili almış, həmin avtomobildən bir müddət istifadə etmiş və bir neçə aydan sonra maliyyə çətinlikləri olduğu üçün həmin avtomobili (iş üzrə tərəf olmayan) X3 Bakı Şəhəri 6 saylı Notariat Kontorunda xx.xx.2015-ci il tarixdə etibarnamə əsasında idarə etməyi həvalə etmiş və belə razılaşmışlar ki, Banka olan ödənişləri etsin ki, onun Banka borcu olmasın. İddiaçı da öz növbəsində həmin avtomobili Ruslan Cəlilovdan etibarnamə əsasında 3.200 manata almışdır. Belə ki, həmin avtomobil Bankın xeyrinə ipoteka ilə yüklü olduğu üçün iddiaçı ilə Ruslan Cəlilov razılaşmışlar ki, iddiaçı ilkin olaraq ona 3200 manat pul versin və aylıq da maşının kreditini ödəsin. Lakin maşını aldıqdan sonra anasının xəstəliyi ilə əlaqədar vacib pul lazım olduğu üçün avtomobili təxminən bir neçə gündən sonra Cavabdeh satmış və onunla belə razılaşmışdır ki, avtomobilin qalan kredit borclarını Banka cavabdeh aybaay ödəyəcəkdir. Bunun üçün cavabdehə Bakı Şəhəri 32-ci Notariat Kontorunda xx.xx.2016-cı il tarixli, ƏN-1 seriyalı, 552795 nömrəli etibarnamə də vermişdir. Lakin avtomobilə görə kredit borcları ödənilmədiyi üçün (iş üzrə tərəf olmayan) H.Yusifov Hacıqabul Rayon Məhkəməsində hazırki iş üzrə iddiaçıya qarşı iddia qaldıraraq, avtomobili özünün və ya özü olmadığı təqdirdə onun dəyəri olan 17.524,14 ABŞ dollarının və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçıdan alınaraq, ona verilməsi tələbi ilə məhkəməyə müraciət etmiş və Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş və iddiaçı tərəfindən verilmiş apelyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Hazırda mübahisələndirilən avtomobil cavabdehin istifadəsində olduğu üçün iddiaçı da, ona dəymiş ziyanın ödənilməsi məqsədi ilə hazırki iş üzrə cavabdehə qarşı avtomaşın tələbinə dair iddia qaldırmaq məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində göstərilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Apellyator – iş üzrə iddiaçı işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə görə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışı iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına və məzmununa uyğun izahat verdi. Məhkəmə, mülki işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsindən (İş № 2(071)-474/2017) görünür ki, həmin qətnamə ilə iddiaçı (hazırki iş üzrə tərəf olmayan) X1 cavabdeh (hazırki iş üzrə iddiaçı) İddiaçı qarşı irəli sürdüyü “əmlak tələbi barədə” iddiasının təmin edilməsi, (hazırki iş üzrə mübahisə obyekti olan) avtomobilin, avtomobilin qaytarılması mümükün olmadığı halda avtomobilin dəyəri olan 17.524,14 ABŞ dolları məbləğində pul vəsaitinin (qətnamənin icra ediləcəyi gün üçün müəyyən ediləcək rəsmi məzənnəyə uyğun Azərbaycan manatı ilə) İddiaçı H.Yusifovun xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Qətnamə ilə müəyyən edilmişdir ki, H.Yusifov xx.xx.2013-cü il tarixdə “xxxx” (Azərbaycan) ASC ilə ipoteka müqaviləsi əsasında sözügedən avtomobili əldə etmiş, bir neçə aydan sonra onu, Banka qalan borcun qaytarılması şərti ilə (hazırki iş üzrə tərəf olmayan) X2 etibarnamə əsasında idarəçiliyinə vermişdir. Mübahisəli avtomobil xx.xx.2106-cı il tarixli etibarnamə əsasında iddiaçının, daha sonra iddiaçı tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş etibarnamə ilə cavabdehin istifadəsinə və sahibliyinə verilmiş, sonuncu dəfə isə cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş etibarnamə əsasında (hazırki iş üzrə tərəf olmayan) X4 istifadəsinə və sahibliyinə verilmişdir. Məhkəmə araşdırması zamanı işin mübahisəsiz faktiki halları kimi müəyyən edilir ki, mübahisəli avtomobil hazırda H.Yusifovun mülkiyyətindədir və sonuncu dəfə etibarnamə əsasında S.Əyyubovun istifadəsinə və sahibliyinə verilmişdir. İddiaçı bildirir ki, mübahisəli avtomobili etibarnamə əsasında cavabdehin istifadə və sahibliyinə vermişdir, hazırda da H.Yusifovun həmin avtomobillə bağlı iddiaçıya qarşı iddiasının təmin olunması ilə bağlı qanuni qüvvəyə minmiş qətnamə olduğu üçün, hesab edir ki, xx.xx.2016-cı il tarixdə cavabdehə verilmiş etibarnamə ləğv edilməli, avtomobil alınaraq qaytarılmalı və ya avtomobilin geri qaytarılması mümkün olmadıqda onun dəyəri cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə mövcud mübahisənin həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 159-cu maddəsinə görə, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Həmin Məcəlləsinin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məcəllənin 158.1.2-ci maddəsinə görə, əmlakdan istifadə hüququ əmlak hüquqları sayılır və əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Məcəllənin 164.1-ci maddəsinə görə, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Məcəllənin 164.2-ci maddəsinə görə, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Lakin iş materiallarından görünür ki, sadalanan maddi hüquq normaları hazırki iş üzrə tətbiq edilə, mübahisəli avtomobilin və ya onun dəyərinin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə tələb təmin oluna bilməz. Belə ki, araşdırma zamanı müəyyən edilir ki, mübahisəli avtomobil müəyyən müddət cavabdehin qanuni sahibliyində olmuş və daha sonra başqa bir etibarnamə əsasında iş üzrə tərəf olmayan S.Əyyubovun sahibliyinə verilmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı avtomobilə sahibliyi etibarnamə əsasında Cavabdeh könüllü olaraq vermişdir (iş v. 43). Həmin etibarnamənin surətindən görünür ki, etibarnamə xx.xx.2026-cı il tarixədək verilmişdir. Bu baxımdan İ.Mirzəyev sahiblik hüququ baxımından avtomobilin qanuni sahibi olmuşdur. Hazırki iş üzrə Mülki Məcəllənin 157.2-ci və 164.2-ci maddələrinin tələblərindən irəli gələn şərtlər mövcud deyil. Mülki Məcəllənin 365.2-ci maddəsinin mənasına görə, isə etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni ləğv edə bilər. Cavabdeh adına verilmiş etibarnamə xx.xx.2026-cı il tarixə kimi qüvvədədir və hazırki iş üzrə iddiaçı tərəfindən indiyədək ləğv olunmamışdır. İddiaçının tələblərindən biri də həmin etibarnamənin ləğvi barədədir. Məhkəmə hesab edir ki, həmin tələbin təmin olunması əsaslı deyil, çünki Mülki Məcəllənin 365.2-ci maddəsinin tələbləri baxımından iddiaçı istənilən vaxt məhkəmədən kənar həmin etibarnaməni ləğv edə bilər. İşin müəyyən edilən hallarından biri də ondan ibarətdir ki, cavabdehin adına etibarnamə mövcud olsa da, mübahisəli avtomobil hazırda onun sahiblik və istifadəsində deyil. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh mübahisəli avtomobillə bağlı hazırki iş üzrə tərəf olmayan Samir Əyyubovun adına etibarnamə vermişdir (iş v. 70). Beləliklə, müəyyən edilir ki, avtomobil cavabdehin sahibliyində deyil və cavabdehin sahibliyindən qanuni əsaslarla çıxmışdır. İddiaçı, etibarnamə ilə sahibliyində olan avtomobilin üzərində sahiblik və istifadəni cavabdehə, həmin etibarnamənin qüvvədə olduğu dövrdə isə cavabdeh də avtomobili başqa şəxsin sahibliyinə vermişdir. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi cavabdehin müəyyən müddət avtomobilə qanuni sahiblik etməsi və hazırda da faktiki sahib olmadığına əsaslanaraq, iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6116/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6116/2020
11.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver