Məhkəmə qərarları › İş №2(103)-6118/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6118/2021

28.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6118/2021 28.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi) İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı (Yəhya) Musa oğlunun nümayəndələri X1 və Vəkil (eyni zamanda vəkili) iştirakları ilə İddiaçı (Yəhya) Musa oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 Yahya oğlu və Cavabdeh3 qarşı mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Мəhkəməsinin 2(009)-659/2021 saylı, 22 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Yahya oğlu və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 Yahya oğlu və Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsinə, cavabdehlərin mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1960-cı ildən ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadığı mənzilin yaşayış sahəsi 44.25 kv ümumi sahəsi 102.05 kv metr olmaqla 4 otaqdan ibarətdir. Həmin mənzilə 27.07.2002-ci il tarixində Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən FM-N- 015106 saylı Qeydiyyat Vəsiqəsi alaraq tam mülkiyyətinə keçirmiş, mərhum həyat yoldaşı Qasımova Səkinə, oğlu Cavabdeh2 Yahya oğlu, X6, X3, X7, gəlinləri Cavabdeh1, X2, nəvələri X5, X8, X9, X10, Cavabdeh3 qeydiyyatdadırlar. Oğlu Cavabdeh2 30 ildən artıqdır ailəlidir və öz ailəsi ilə başqa ünvanda yaşayırlar. Yaşamasına baxmayaraq heç zaman bir ata olaraq onunla maraqlanmayıb qayğısına qalmayıbdır. Eyni zamanda mülkiyyətində olan mənzilində 12 nəfərdən artıq şəxslərin qeydiyyatda olmaları bəzi kommunal xərcləri ödəyə bilməməyinə və əlavə vəsait itkisinə çatdırır. Mənzilin mülkiyyətçisi olsa da bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Bakı şəhəri Səbail Rayon Мəhkəməsinin 2(009)-659/2021 saylı, 22 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi, iddia tələbi Cavabdeh1 Bakı şəhəri, ünvan 1 saylı mənzili üzrə istifadə hüququna xitam verilməsi hissəsində onun həmin mənzilə istifadə hüququ müəyyən edilmədiyindən təmin edilməməsi, qətnamənin Cavabdeh1 Bakı şəhəri, ünvan 1 saylı mənzil üzrə qeydiyyatının ləğv edilməsi üçün əsas olması və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun qismən ləğv edilməsini və Cavabdeh3 olan Bakı şəhəri, ünvan 1 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçı apellyasiya şikayətinə əlavə təqdim edərək, Cavabdeh2 2021-ci ildə vəfat etdiyindən həmin hissədə iş üzrə icraata xitam verilməsini və cavabdeh R.Qasımovun istifadə hüququna xitam verilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndələri eyni zamanda vəkili, Cavabdeh2 Yahya oğluna münasibətdə iddia tələbindən imtina edilməsi barədə ərizə təqdim edərək, həmin hissədə iş üzrə icraata xitam verilməsini xahiş etmişlər və həmin imtina 28 iyul 2021-ci il tarixli qərardad ilə təmin edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı (Yəhya) Musa oğlunun nümayəndələri X1 eyni zamanda vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Əlavə olaraq bildirmişlər ki, Cavabdeh2 iddiaçının oğlu olmuş, o, işə baxılan ərəfədə vəfat etmiş, digər cavabdehlər isə Cavadın ailə üzvləridir, Cavad ailə qurduqdan sonra mübahisəli mənzili tərk etmiş, bundan sonra nə Cavad, nə də digər cavabdehlər heç vaxt mübahisəli mənzildə yaşamamışlar. İddiada cavabdehlərin mənzildən çıxarılma tələbi irəli sürülsə də, bu ərizəinin tərtibatında yol verilmiş yanlışlıqdan irəli gəlib. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərəəsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki halda qətnamədən iddiaçı apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə verərək, Cavabdeh2 2021-ci ildə vəfat etdiyindən həmin hissədə iş üzrə icraata xitam verilməsini və cavabdeh R.Qasımovun istifadə hüququna xitam verilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnaməni digər tərəflər mübahisələndirməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, 28 iyul 2021-ci il tarixli qərardad ilə iddia tələbinin Cavabdeh2 hissəsindən imtina barədə iddiaçının ərizəsi təmin edildiyindən qətnamə R.Qasımova aid hissədə yoxlanılır. İş materiallarında olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1935-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının ünvan 2 ünvanında qeydiyyatdadır. İş üzrə Bakı şəhər Tİ və MHQİ (indiki Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) tərəfindən verilmiş 27.07.2002-ci il tarixli qeydiyyat vəsiqəsinin kserosurətinə əsasən Bakı şəhəri, ünvan 1 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə X4 adına qeydiyyata alınmışdır. İş üzrə Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, 02.10.2020-ci il tarixli arayışından görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Yahya oğlu və Cavabdeh3 05.07.2005-ci il tarixdən Bakı şəhəri, ünvan 1 saylı mənzildə qeydiyyatdadır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yanlış olaraq Cavabdeh3 iddiaçının ailə üzvü olmasına və bununla da mübahisəli mənzildə istifadə hüququnun olmasına istinad edərək, istifadə hüququna xitam verilməsinin kompensasiya verilməklə mümkün olması nəticəsinə gəlmişdir. Belə ki, Cavabdeh3 nə mübahisəli mənzilə istifadə hüququ yaranmamış, nə də mülkiyyətçi ilə bu barədə razılaşması olmamışdır. Hazırki mübahisəyə qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəllənin 228-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci madəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin onunla birgə yaşayan ailə üzvləri ( əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 may 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Konstitusiya məhkəməsinin həmin Qərarında göstərilmişdir ki, MM-in 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: - mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; - həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; - istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, «mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh3 xx.xx.1992-ci il təvvəllüdlü olmaqla yetkinlik yaşını keçmişdir. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə istinad etməklə, Cavabdeh3 mülkiyyətçinin ailə üzvünün öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malik olması qənaətinə gəlmək yol verilməzdir. Məhz bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, mənzilin mülkiyyətçisi ilə Cavabdeh3 arasında mübahisəli mənzilə istifadə hüququnun əmələ gəlməsi üçün notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma bağlanmadığından, cavabdehin mübahisəli mənzilə hər hansı istifadə hüququnun yaranmasından söhbət gedə bilməz. Bu səbəbdən Cavabdeh3 mübahisəli mənzilə istifadə hüququnun yaranması müəyyən olunmadığından, iddiaçının mübahisəli mənzil üzrə cavabdehin istifadə hüquqlarına xitam verilməsi barədə tələbi təmin edilə bilməz. Bu səbəblə kollegiyanın qənaətinə görə, iddia tələbi mübahisələndirilən hissədə Cavabdeh3 mübahisəli mənzilə istifadə hüquqlarının olmaması əsası ilə təmin edilməməli, iddiaçıya Cavabdeh3 qeydiyyat çıxarılması üçün müvafiq orqan – pasport və qeydiyyat şöbəsinə müraciət etmək hüququ izah edilməlidir. Eyni zamanda kollegiya qeyd edir ki, iddiada mənzildən çıxarılma tələbi irəli sürülsə də, iddiaçı tərəfin izahatı ilə cavabdehlərin mənzildə yaşamadıqları müəyyən edilmişdir ki, belə olan iddia həmin hissədə də təmin edilə biməz. Mülki Prosessual Məcəllənin 385.1.2-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4-cü maddəsinə görə isə, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi qətnamənin ləğvi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia ərizəsinin verilməsi üçün və apellyasiya şikayəti verərkən ödədiyi rüsum məbləğləri onun özünə aid olunmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Səbail Rayon Мəhkəməsinin 2(009)-659/2021 saylı, 22 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni - Cavabdeh3 münasibətdə ləvğ edilsin. İddiaçı (Yəhya) Musa oğlunun Cavabdeh3 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödədiyi dövlət rüsumları iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Rəşad Həsənov Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar