Məhkəmə qərarları › İş №2(103)-612/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-612/2023

23.01.2023 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-612/2023 23.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: qanunsuz məhkum etməyə görə kompensasiya) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-3840/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(101)-138/2019 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 07 iyun 2018-ci il tarixdən hesablanması hökm edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-ci il tarixli, 1(103)-370/2019 saylı qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli, 1(102)-24/2021 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi həmin məhkəməyə yeni apellyasiya baxışına təyin edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli, 1(103)-660/2021 nömrəli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ləğv edilmiş, İddiaçı təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş, onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilərək dərhal məhkəmə zalından həbsdən azad edilmişdir.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(102)-634/2022 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş maddi ziyana görə 175.000 manat, mənəvi ziyana görə 300.000 manat, cəmi 475.000 manat pul vəsaitinin alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 07 iyun 2018-ci il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixlin qərarı ilə onun apellyasiya şikayəti təmin edilməmişdir. Həmin qərardan o, kassasiya şikayəti verərək barəsində bəraət hökmü çıxarılmasını xahiş etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ləğv edilərək, iş yenidən araşdırılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 07.01. 2019-cu il tarixli hökmü ləğv edilərək ona bəraət verilmişdir. Həmçinin, ona tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilmişdir. Həmin qərardan dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə Azərbaycan Respublikası Ali Məhkəməsində baxılmış və Məhkəmə Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə protest təmin edilməmişdir. İstintaq və məhkəmə orqanları ona əsassız ittiham elan edərək tutulması, həbsə alıması, məhkum edilməsi ilə bağlı bərpa olunmaz maddi və mənəvi ziyan vurmuşlar. Belə ki, o, xx.xx.2018-ci il tarixdə şübhəli şəxs qismində tutulmaqla həmin tarixdən azadlığı əlindən alınmış və məhkəmələrdə işinə baxılarkən günahsız olduğunu bildirsə də, bununla bağlı yuxarı instansiya məhkəməsinə şikayət versə də, qanunda nəzərdə tutumuş qaydada müraciətlər etsə də, heç bir nəticə olmamış və həbsdə neçə illər qaldıqdan sonra nəhayət Bakı Apellyasiya Məhkəməsinin ədalətli araşdırmasından sonra ona bəraət verilmiş və o, azadlığa çıxmışdır. Beləliklə, o, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, yəni 3 il 5 ay 12 gün əsassız olaraq məhkum olunaraq həbsdə saxlanmışdır. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə azadlığa çıxsa da, qeyd olunan qərardan verilmiş əsassız apellyasiya protestinə baxılanadək keçən müddət ərzində də stres və sarsıntılar keçirmişdir. Keçən həmin müddət ərzində o, çox böyük iztirablar çəkmişdir. Belə ki, heç bir günahı olmadan onun ağır cinayətdə ittiham olunması və təqsirinin olmamasına heç kimin inanmamasını görüb etiraz əlaməti olaraq məhkəmə zalında pəncərənin qırılmış şüşəsi ilə özünü qarın nahiyyəsindən doğramış və özünü öldürmək istəmişdır. İşin qeyd olunan həmin halı Ağdaş rayon Xəstəxanasının ambulator, stasionar xəstənin xəstəlik tarixindən çıxarış, həmçinin 4790 №-li X2 ilə təsdiq olunur. Həmin sənədlərdən göründüyü kimi, o, qarnının ön divarında olan ağrılar, şişkinliklər və başqa narahatlıqlarla bağlı cərahiyyə şöbəsinə müraciət etmiş, həkim müayinəsi zamanı onun qarnının ön divarının kəsikdən sonra çoxsaylı çapıqların olması və kəskin ağrıların olması müəyyən edilmiş, bununla bağlı müalicə təyin edilmişdir. Qeyd olunan maddə ilə ittiham olunmasına görə qızının nişanı qaytarılmış və ailə üzvləri ondan üz döndərmişlər. Bundan başqa, o, Rusiya Federasiyasında yaşayıb orada da işləmişdir. Azərbaycan Respublikasına qızının nişan mərasimi ilə bağlı gəlmiş və qeyd olunan ittihamla bağlı tutulmuşdur. Rusiya Federasiyasında “Fud Sity” bazarında 2017-ci ilin sentyabr ayından 2018-ci ilin mart ayınadək işləmiş, günə 4.500-5.500 rus rublu, yəni Azərbaycan manatı ilə 120-130 manat pul qazanmışdır. Həmin halı qeyd olunan dövlərdə Rusiya Federasiyasında olmaqla eyni bazarda işləyən iş yoldaşları da təsdiq edə bilərlər. İstintaq orqanlarının bilavasitə qanunsuz hərəkətləri, məhkəmə orqanlarının laqeydliliyi nəticəsində düşdüyü çıxılmaz durum və narahatçılıq özünü mənəvi sarsıntılar və iztirablarla biruzə vermişdir. Bütün bunlar ona psixoloji stress yaratmış, daim əsəb və sarsıntı keçirtmiş və bu onda immunitetin zəifləməsinə gətirib çıxarmışdır. Daimi həyəcan nəticədə xəstəliyə tutulmuşdur. Bu gün də mənəvi iztirablar keçirir, sosial adaptasiya olunmaqda çətinlik çəkir. Əsassız cinayət işinin başlanmasına və təqsirləndirilən şəxs kimi cəlb edilməsi, tutulmaqla, məhkum edilməsi və 3 il 5 ay 12 gün həbsdə qalması nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Beləliklə, Rusiya Federasiyasında bazarda işləməklə günə minimum 120 manat qazanmış, həbsdə 3 il 5 ay 12 gün qalmış və barəsində çıxarılmış bəraət hökmündən verilmiş kassasiya protestinə baxılanadək xx.xx.2022-ci il tarixinədək Azərbaycan Respublikasını tərk edib işinə qayıda bilməmiş, keçən həmin müddət də 6 ay 18 gün də işləyə bilməmiş, qazanc əldə etməmişdir. Buna görə də, onun 3 il 5 ay 12gün + 6 ay 18 gün = 4 il, 4 il = 1.460 gün, 1.460 gün * 120 = 175.200 manat yalnız işsiz qalması ilə bağlı maddi ziyan dəymişdir. Bundan başqa, heç bir təqsiri olmadan həyatının 3 il 5 ay 12 gününün dəmir barmaqlıqlar arasında keçirməsi, buna görə ailəsinin ondan üz döndərməsi, beləliliklə də keçirtdiyi stres və iztirabın mənəvi ziyanını pulla ödənilməsi keçmiş həmin zamanı kompensasiya edə bilməsə də, ona vurulmuş mənəvi ziyana görə 300.000 manat kompensasiya ödənilərsə, bundan sonrakı həyatını qaydasına salmasına qismən kömək ola bilər.

8. Cavabdeh iddiaya etiraz verərək etirazını onunla əsaslandırmışdır ki, iddia tələbi dövlət büdcəsinə yönəldiyindən məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb olunması, onların təqsirinin müəyyən edilməsi və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktların məhkəmə qərarında göstərilməsi barədə qanunsuz hərəkətlərə yol vermiş vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb olunması məqsədəmüvafiqdir. İddiaçı ərizəsində keçirdiyi fiziki, mənəvi sarsıntıları, onun barəsində mənfi fikrin formalaşmasını və onu əhatə edən şəxslərə münasibətlərinin pisləşməsinə dair sübutlar təqdim etməmişdir. Bundan başqa, iddiaçı mənəvi zərərin miqdarını heç bir meyara söykəmədən şəxsi istəyi ilə müəyyən etmiş və ağlabatan deyildir. Eyni zamanda, iddiaçı maddi ziyanla bağlı Rusiyada çalışarkən gündəlik gəlirinin 120 manat olmasına istinad etsə də, buna dair faktlar, sənədlər təqdim etməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir.

9. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)- 3840/2022 saylı qətnaməsi ilə (hakim A.İbadzadə) iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə 41.000 manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

10. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi maddi ziyanla bağlı hissədə mötəbər sübutlar təqdim edilmədiyi üçün təmin edilməməli, iddia tələbi mənəvi ziyanla bağlı hissədə isə qismən təmin edilməli, iddiaçının qanunsuz həbsdə saxlandığı 41 ay 12 gün müddətində olan dövr üçün hər aya görə 1.000 manat, ümumilikdə 41.000 manat həcmində təmin olunması ədalətlidir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə, Mülki Məcəllənin 1101.1-ci maddəsinə, Cinayət Prosessual Məcəlləsinin 56.0.2 və 56.0.3-maddələrinə, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Qanunun 4-cü maddəsinə, Mülki Prosessual Məcəlləsinin 77.1, 14.2, 81, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə istinad edərək iddiaçıya dəymiş zərərin dövlət büdcəsi hesabına ödənilməsi qərarına gəlmişdir. Halbuki, həmin maddənin tələbinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası (konkret dövlət büdcəsi nəzərdə tutulmamışdır) qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Mülki Məcəllənin 1114.3-cü maddəsinə əsasən isə təhqiqat, ibtidai istintaq, prokurorluq və ya məhkəmə orqanlarının vəzifəli şəxsinin vurduğu zərərin əvəzinin ödənildiyi halda, əgər onun təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilmişdirsə, Azərbaycan Respublikasının həmin şəxsə reqres hüququ vardır. Bununla bağlı olaraq, iddia tələbi dövlət büdcəsinə yönəldiyindən məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb olunması, onların təqsirinin müəyyən edilməsi və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktların məhkəmə qərarında göstərilməsi barədə qanunsuz hərəkətə yol vermiş vəzifəli şəxs məhkəmə prosessinə cəlb olunmalı idi. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 03 noyabr tarixli 7 nömrəli Qərarının 10-cu hissəsinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Məhkəmə iddiaçının mənəvi iztirab çəkməsini heç bir mötəbər sübutla təsdiqləməmiş, yalnız iddiaçının mülahizələrinə əsaslanaraq iddiaçıya mənəvi zərərə görə 41.000 manat vəsaitin ödənilməsi qənaətinə gəlmişdir. Eyni zamanda, mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği üç yüz otuz manatdır. Cinayət Prosessual Məcəllənin yuxarıda sadalanan norması kontekstində iddiaçıya mənəvi zərərə görə 41.000 manat məbləğində kompensasiya hesablanması tamamilə əsassızdır. Ümumiyyətlə, son zamanlar analoji işlər üzrə (eləcə də hazırkı məhkəmə mübahisəsində) Nəsimi Rayon Məhkəməsi tərəfindən mənəvi zərərin məbləği müəyyən edilərkən zərərçəkən şəxsin fərdi xüsusiyyətləri nəzərə alınmadan birmənalı olaraq həbsdə olma müddətinin hər ayının min manatdan hesablanması həm məntiqi cəhətdən aydın deyildir, həm də Ali Məhkəmənin Plenumunun tövsiyələri ilə ziddiyət təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 04 saylı qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Lakin məhkəmənin çıxardığı qətnamə sözügedən qərarda sadalanan tələblərə cavab vermir. Həmçinin, Ali Məhkəmə tərəfindən bütün məhkəmələrə tövsiyyə xarakterli məktub yazılaraq izah edilmişdir ki, dövlət büdcəsi hesabına ödənilən pul tələbləri, o cümlədən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz cinayət məsuliyyətinə cəlb etmə, qətimkan tədbiri kimi həbsə alma və ya qanunsuz məhkum etmə nəticəsində fiziki və hüquqi şəxslərə vurulmuş zərərin ödənilməsi barədə iddialar üzrə işlərə baxarkən xüsusilə diqqətli olsunlar, ödəmə tələbinin əsaslarını ətraflı araşdırsınlar, ödəmələr üzrə hesablamalar apardıqda mütəxəssis rəyi alsınlar.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdilər.

16. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətb Azə

17. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;

18. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür;

19. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır;

20. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi

21. Maddə 56 və 56.01. bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir;

22. Maddə 57.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir.

23. Maddə 58.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir.

24. Maddə 58.2. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir.

«Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanunu

25. Maddə 4.1. Bəraətverici hökm çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır.

26. Maddə 5.5. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının və ya onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (səhvi və ya sui-istifadəsi nəticəsində) nəticəsində hər bir şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir.

27. Maddə 6.1. Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Hazırkı işdə iddia qismən təmin olunduğundan və cavabdeh həmin hissəni apellyasiya qaydasında mübahisələndirildiyindən qətnamənin əsaslılığı iddianın qismən təmin olunduğu hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Belə ki, azadlıq hüququ təbiətən insana xas olan xüsusiyyət olmaqla hər kəsin istifadə etməli olduğu başlıca nemətlərdən biridir. Azadlıq hüququna malik olmayan şəxs digər hüquqlardan istifadə etmək imkanından da əsasən məhrum olur, insanın bir sıra digər hüquqları deklarativ xarakter daşıyır. Bu mühüm hüquq «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsində, 1966-cı ildə BMT tərəfindən qəbul edilmiş «Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt»ın 9-cu maddəsində, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsində geniş təsbit olunmuşdur.

32. Zərərçəkmiş şəxsə kompensasiya ödənilməsi bir sıra beynəlxalq hüquqi sənədlərdə də ifadəsini tapmışdır. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 8ci maddəsinə əsasən hər bir şəxs onun konstitusiya və ya qanunla verilmiş əsas hüquqları pozulduğu hallarda həmin hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən təsirli şəkildə bərpa olunması hüququna malikdir.

33. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsi müəyyən edir ki, bu maddənin müddəalarının pozulması ilə tutulmadan və həbsə almadan zərər çəkmiş hər kəsin iddia tələbi ilə təmin olunan kompensasiya hüququ var.

34. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsində deyilir: «Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir».

35. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 7 saylı Protokolunun 3-cü maddəsinə əsasən, şəxs cinayət əməli törətməyə görə yekun qərarla məhkum edildikdə və sonradan onun haqqında çıxarılmış hökm ləğv edildikdə, yaxud o, yeni və ya təzədən ortaya çıxmış faktın qəti olaraq məhkəmə səhvi olduğunu göstərməsi əsasında əfv edilibsə, belə məhkum etmə nəticəsində cəzaya məruz qalmış şəxs, əvvəllər məlum olmayan faktın vaxtında açılmaması onun tam və ya qismən günahı üzündən baş verməyibsə, qanuna və ya müvafiq dövlətin mövcud təcrübəsinə uyğun olaraq kompensasiya alır.

36. Həmin müddəa «Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt»ın 14cü maddəsində də ifadəsini tapmışdır: «əgər hansısa şəxs cinayətə görə məhkəmənin qəti qərarı ilə məhkum olunmuşsa və haqqında çıxarılmış hökm məhkəmə səhvi buraxıldığını şəksiz təsdiq edən yeni, yaxud yeni aşkar edilmiş bir cəhətə əsasən sonradan ləğv edilmiş, yaxud o, əfv olunmuşsa, onda göstərilən naməlum cəhətin tamamilə, yaxud qismən onun təqsirindən üzə çıxarılmadığı sübut edilməzsə, belə ittiham əsasında cəza çəkmiş şəxs qanuna əsasən kompensasiya alır».

37. İş materiallarından göründüyü kimi, iddiaçı birinci instansiya məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 41 aydan artıq müddət keçdikdən sonra onun barəsində cinayət təqibinə bəraətverici əsasla xitam verilmişdir. Beləliklə, iddiaçı istintaq orqanının və məhkəmənin səhvi ucbatından əsassız və qanunsuz olaraq cinayət təqibinə məruz qalmışdır.

38. Nəzərə alınmalıdır ki, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanunun 1 və 4-cü maddələrinin məzmunundan göründüyü kimi şəxsin haqqında bəraətverici hökm çıxarıldıqda şəxs ona vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, qanunun göstərilən şəkildə ifadə olunması istintaq və məhkəmə orqanlarının səhvi nəticəsində iddiaçıya dəymiş maddi və mənəvi zərərin ödənilməsindən imtina üçün əsas ola bilməz.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi aşağıdakıları qeyd etmişdir: «Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozülmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edidlir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir.

40. Konstitusiya Məhkəməsi həmçinin qeyd etmişdir ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixioloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də, cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət müşakiməsinin əsas prinsipləri haqqında» Bəyamnaməyə istinad etmişdir: «Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır.

42. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddiaçının mənəvi zərərə məruz qalması və bu zərərin əvəzinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olması barədə düzgün nəticəyə gəlmiş, iddiaçının xeyrinə qanunsuz olaraq həbsdə saxlanıldığı hər aya görə 1.000 manat, ümumilikdə 41.000 manat məbləğində dəymiş mənəvi zərərin əvəzinin tutulması barədə ədalətli qətnamə qəbul etmişdir.

43. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

44. Beləliklə, hazırkı iş üzrə iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan Dövlət büdcəsində hüquq mühazifə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur.

45. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsirini müəyyən etmək, dövlətin həmin şəxslərə qarşı reqress hüququndan istifadə edə bilməsi üçün hüquqi faktları qətnamədə göstərmək hazırkı məhkəmə baxışının predmetini təşkil etmir.

46. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-3840/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİMLƏR Məhəmməd Rüstəmli Akif İsgəndərov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar