Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-612/2024 19.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: mənzildən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X17 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, cavabdeh, həmçinin müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X9 və X6 qanuni nümayəndəsi Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X5 və X13 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-4247/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Seriya MH ******* nömrəli çıxarışına əsasən Abşeron rayonu, X26 ərazisində 3.0 ha torpaq sahəsi xx.xx.2008-ci il tarixindən başlayaraq X7 99 il müddətinə 1260 nömrəli müqavilə əsasında icarəyə verilmişdir.
2. X10 xx.xx.2017-ci il tarixli etibarnamə əsasında icarəsində olan Abşeron rayonu, X26 ərazisində yerləşən 3.0 ha torpaq sahəsindən 200 kv.m dair qüvvədə olan qanunvericiliyə əsasən təyinatı üzrə müvafiq sənədləşdirmə işi aparıldıqdan sonra özəlləşdirmək, bütün sənədləşmə işlərini yerinə yetirmək, imza etmək, torpağa və tikiliyə reyestrdən çıxarış almaq, zərurət yaranarsa bununla əlaqədar məhkəmədə çıxış etmək, üzərində yüklülük olmadığı halda istənilən sərəncamı vermək, o cümlədən satmaq, pulunu almaq, dəyişmək, ipoteka qoymaq, bağışlamaq səlahiyyətlərini X18, sonuncu isə İddiaçı etibar etmişdir. Etibarnamə 90 il 5 ay 9 gün müddətinə verilmiş və xx.xx.2107-ci il tarixinədək qüvvədədir.
3. “Elektron notariat” X1 çıxarışa əsasən X10 ilk olaraq xx.xx.2012-ci il tarixdə etibarnaməni X14, sonuncu xx.xx.2014-cü il tarixdə X11, sonuncu xx.xx.2017-ci il tarixdə X12, sonuncu isə xx.xx.2017-ci il tarixdə X18 vermişdir.
4. Bakı Regional Qazın Satışı Departamentinin rəis müavini tərəfindən iddiaçıya ünvanlanmış məktuba əsasən onun qaz sayğacı kartı bloka salınmışdır.
5. "xxxx" ASC ilə iddiaçı arasında əsasən sonuncuya məxsus Ramana 2-ci sahə ünvanında fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizaına dair elektrik enerjisinin alqısatqı müqaviləsi bağlanmışdır.
6. 2018-ci ilin mart ayında İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri, Ramana qəsəbəsi, İİ sahədəki fərdi yaşayış evinin nisyə alqı-satqısı barədə razılaşma olmuş, cavabdeh 50.000 ABŞ dolları pul vəsaitini 3 il müddətinə hər ay 700 ABŞ dolları hissəhissə ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər qarşılıqlı öhdəliklərini dəftərdə yazılı formada qeyd etmişlər.
7. Cavabdeh daha sonra qeyd etmişdir ki, xx.xx.2022-ci il İddiaçı müqavilə üzrə 28.300 ABŞ dolları borcu var, əl borcu isə 17.330 manatdır. Evin pulundan hər ay 700 ABŞ dolları, əl borcundan 500 manat hər ayın 30-da ödəniləcək kartına, pul hər ayın 30 ödənilməsə evi əşyaları ilə bir yerdə polissiz təhvil verməyə razıdır. Əyər 1.700 manatı ödəyə bilməsəm evi başqasına satmağa icazə verirəm, heç bir şey tələb etməyəcəm. Evdə qaldığım müddət ərzində ödədiyim puldan 250 ABŞ dolları ayda çıxılacaq.
8. Cavabdeh tərəfindən təqdim edilmiş ödəniş hesabatına əsasən fərdi yaşayış evinə görə 26.200 ABŞ dollar, borc üzrə 13.755 manat borcu qalmışdır.
9. 11.04.2023-cü il tarixli pretenziya məktubuna əsasən iddiaçı tərəfindən Cavabdeh evin ödənişləri ilə bağlı borclarını ödəməyəcəyi təqdirdə ailə üzvləri ilə birgə həmin evdən çıxarılmasına dair məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq edilmişdir.
10. İş materiallarında olan qəbzlərə əsasən Cavabdeh tərəfindən 2022-ci ilin mart ayında – 100 manat, aprel ayında – 500 manat, may ayında – 800 manat, iyun ayında – 1300 manat, iyul ayında – 670 manat, avqust ayında – 590 manat, sentyabr ayında – 200 manat, oktyabr ayında – 100 manat, noyabr ayında – 280 manat, dekabr ayında – 260 manat, 2023-cü ilin yanvar ayında – 80 manat olmaqla, cəmi – 4.880 manat məbləğində pul iddiaçının hesabına köçürülmüşdür.
a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabeh Cavabdeh qarşı “mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il tarixli ********** Qeydiyyat nömrəli Çıxarış əsasında mülkiyyətçi X4 xx.xx.2017-ci il tarixli AR-İ 533231 nömrəli etibarnamə əsasında aldığı Bakı şəhəri, Sabunçu (əvvəlki Abşeron) rayonu, X26 ərazisindəki toraqda yerləşən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X26 ünvanındakı fərdi yaşayış evindən Cavabdeh və ailəsinin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Raman qəsəbəsi, X26 üvanında yerləşən fərdi yaşayış evi ona məxsusdur. Həmin evin yerləşdiyi torpaq sahəsi, yəni Bakı şəhəri, Sabunçu rayonu (Keçmiş Abşeron), X26 ərazisində yerləşən Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin Abşeron Rayon Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixli ********** Qeydiyyat nömrəli Çıxarışa əsasən X4 AR-İ 533231 nömrəli etibarnamə əsasında almışdır. xx.xx.2008-ci il tarixli ********** Qeydiyyat nömrəli Çıxarış əsasında aldığı zaman içərisində fərdi yaşayış evi var idi. Həmin evi satmaq qərarına gəlmiş, bu zaman alıcı kimi gələn Cavabdeh evi almaq istədiyini, lakin pulu olmadığını demiş və bu səbəbdən onunla razılaşmamışdır. Cavabdeh sonradan təkrar ona müraciət edərək evi ona kirayə verməyini xahiş etmiş, o isə satmaq niyyətinin olduğunu dedikdə Cavabdeh bir müddət kirayəçi kimi qalıb, daha sonra pul düzəldib həmin evi alacağını demiş, hətta güzəşt kimi qaldığı bir neçə ayın pulunu evin satış pulundan çıxacağını, aralarındakı razılaşmaya əsasən əgər evin pulunu 1 ildən sonra ödəməsə, ödənilən pullar kirayə pulu kimi hesablanaraq evdən çıxacağını demişdir. 2018ci ilin mart ayında öz aralarında akt tərtib edərək müqavilə bağlamışlar və həmin müqavilənin şərtlərində cavabdehin onun evini alacağını, müvəqqəti olaraq aylıq kirayə ödənişləri edəcəyini, həmin ödənişlərin evin pulundan çıxılacağını, əgər evin qalan pulunu tam ödəmədiyi təqdirdə, ödənilən pulların kirayə pulu kimi hesablanacağını və cavabdehin evdən çıxacağı razılığa gəlinmişdir. Cavabdeh bir müddət ödənişlər etdikdən sonra, ondan razılaşmalarına əsasən evin qalan pulunu tam istəmiş, cavabdehə bir müddət vaxt vermiş, lakin o, bir müddət də kirayə ödənişi etməklə onun evində qalmış, daha sonra isə ümumiyyətlə ödəniş etmədi. Pulu ödəməyi tələb edən zaman isə pul olmadığını bildirmişdir. Hazırda cavabeh evindən çıxmadığı üçün iddiaçı özü evsiz qalmış, bütün bunlara baxmayaraq cavabdeh evindən çıxmır və evini yanğın və partlayış təhlükəsi altında qoyaraq qanunsuz qaz və işıq çəkir. Belə ki, Cavabdeh və ailəsi onun Bakı şəhəri, Sabunçu rayonu, X26 ərazisində yerləşən Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin Abşeron Rayon Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixli ********** Qeydiyyat nömrəli Çıxarışa əsasən X4 xx.xx.2017-ci il tarixli AR-İ 533231 nömrəli etibarnamə əsasında aldığı torpaqda yerləşən Bakı şəhəri, Ramana qəsəbəsi, 2-ci sahə üvanındakı fərdi yaşayış evindən çıxarılmalıdır. Cavabdeh və ailəsi onun mülkiyyət hüququnu məhdudlaşdırır, bu səbəbdən də onun evində yaşamağa hüququ yoxdur. Ona görə də cavabdeh və ailəsi ona məxsus evdən çıxarılmalıdır. Hazırda özü evsiz qalmış, evi mebellərlə birlikdə Cavabdeh təhvil vermiş, lakin sonradan cavabdeh bəzi mebelləri yararsız vəziyyətə gətirmiş, bəzilərini isə evdə çıxararaq harasa aparmışdır. Hazırda evdə təhvil verdiyi mebellərin əksəriyyəti yoxdur. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
13. Cavabdehin nümayəndəsi və vəkili iddia ərizəsinə etiraz təqdim verərək bildirmişdir ki, Vüqar Sadıqov adlı şəxs Namiq Məmmədovun adından sonuncunun məhz 200 kv.m torpaq sahəsi ilə bağlı müvafiq sənədləşmə işlərinin aparılmasını İddiaçı etibar etmişdir ki, bu etibarnamə sonuncuya məhkəmədə digər şəxslərə qarşı öz adından iddia qaldırmaq və mülkiyyətçi statusunu daşımaq səlahiyyətlərini vermir. Odur ki, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
14. Cavabdeh xx.xx.2023-cü il tarixdə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı 32.000 ABŞ dolları pulun (ödəniş gününə manatın məzənnəsi ilə), 16.716 manat 10 qəpik məbləğində evin təmirinə xərclədiyi pulun və 304 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. 20.09.2023-cü il tarixdə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsinin və ödənilmiş dövlət rüsumunun qaytarılması barədə ərizə daxil olmuş və Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə qarşılıqlı iddia üzrə mülki iş baxılmamış saxlanılaraq geri qaytarılmışdır.
16. Birinci instansiya məhkəməsinin iclasında X24, X8, X19 şahid qismində dindirilmişlər.
17. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)- 4247/2023 nömrəli qətnaməsi ilə (hakim R.Ə.Mirzəliyev) iddia tələbi təmin edilməmişdir.
18. Məhkəmə hesab etmişdir ki, iddiaçının mübahisəli evə dair hüquqmüəyyənedici sənədi olmadığından onun həmin ev ilə bağlı yəni belə bir iddia qaldırmağa subyektiv hüququ yoxdur. İddia bu əsasla rədd edilməlidir.
19. Həmçinin məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsi hal-hazırda cavabdehin sahibliyindədir. İddiaçının mübahisəli torpaq sahəsinə iddia etməyə əsas verən yeganə sənədi ona Namiq Məmmədov tərəfindən verilən etibarnamədir. Qeyd olunan etibarnamə ilə X10 ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, X26 ünvanında yerləşən ümumi sahəsi 3.0 ha torpaq sahəsinin 200 kv.m təyinatı üzrə istifadə etməyi, torpaq sahəsi üzərində tikilmiş tikililərin gələcəkdə tam özəlləşdirməyi, sənədləşdirmə işləri ilə əlaqədar onun adından ərizə verməyi və imza etməyi, müvafiq qərar və sərəncamları almağı və sair hərəkətləri etməyi İddiaçı etibar etmişdir. Etibarnamə ilə İddiaçı istifadəsinə verilmiş 200 kv torpaq sahəsinin 3.0 ha torpaq sahəsinin hansı hissəsindən ayrıldığı, və ya İddiaçı istifadəyə verilmiş 200 kv torpaq sahəsinin doğurdanda hazırda mübahisə olunan tikilinin yerləşdiyi torpaq sahəsi olması heç bir sənədlə təstiq edilmir. 200 kv torpaq sahəsinin İddiaçı təhkim edilməsini təsdiq edən heç bir hüquqmüəyənedici sənədlər məhkəməyə təqdim olunmamışdır.
20. Nəticə olaraq İddiaçı sözügedən mübahisəli evlə bağlı satmaq, icarəyə vermək və ya onunla bağlı hər hansı iddia irəli sürmək hüququna malik deyil. Bu səbəbdən də, Cavabdeh qarşı “evdən çıxarılma” tələbi rədd edilməlidir.
21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 139.1, 139.3, 146.1, 146.2, 152.1, 157.2, 157.4, 180.1, 180.2, 362.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına, Mülki Prosessual Məcəlləsinin 119.1, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
22. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının fərdi yaşayış evini, hətta çıxarış olmasa belə, Vüqar Sadıqov adlı şəxsdən satın aldığı işin mübahisəsiz halıdır. Deməli, iddiaçı vəsait ödəyərək bir əmlak alıb və indiyədək nə dövlət orqanları, nə də ki, hər hansı üçüncü şəxs İddiaçı həmin evə sahiblik və ondan istifadə etməsinə etiraz etməyib. Başqa sözlə, iddiaçının fərdi yaşayış evinə münasibətdə sahiblik və istifadə hüquqları ümumiyyətlə mübahisə predmeti olmayıbdır. Buna müqabil, cavabdeh A. Əsədova həmin evə 1 manat belə ödəməyib, ancaq məhkəməyə görə, A. Əsədova evə sahiblik edə, ondan istifadə və faydalana bilər?! Göründüyü kimi, məhkəmənin gəldiyi nəticə açıq-aşkar ədalətsizdir. Cavabdeh iddiaçıya məxsus evi tərk etməlidir. Hakimin iddianı rədd etməsinə səbəb onun həmin evə dair mülkiyyət hüququnu təsdiq edən sənədin olmaması və subyektiv hüquq olmamağıdır. Halbuki, onun adına mülkiyyət hüququnu təsdiq edən sənəd olmasa da, mübahisənin həllinin başqa yolunun olmaması səbəbindən mühabisə ancaq məhkəmə yolu ilə həll oluna bilərdi. Bu səbəbdən də, məhkəmə digər vasitələrlə evin kimə məxsus olduğunu müəyyən etməli idi. Əmlakın sənədi olmasa da, əmlakın kimə məxsus olduğunu digər üsullardan, yəni cavabdehin həqiqətən də əmlakın ondan aldığını təsdiqləməsi, aralarında yazılı əqdin olması, kommunalların onun adına olması, torpağa dair etibarnaməmin olması faktları ilə müəyyən edərək, mülkiyyət hüququnu tanıyaraq onun xeyrimə qətnamə qət etməli idi.
24. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X24, X20, X21 və X15 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmişlər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
26. Cavabdeh yazılı vəsatətlə müraciət edərək iddiaçının əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin tərkibi əlamətləri mövcud olduğundan bu barədə Baş prokurorluğa məlumat verilməsi üçün xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
27. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. İddiaçı suallara cavab olaraq bildirdi ki, evi ayda 700 ABŞ dollar ödəmək şərti ilə 50.000 ABŞ dollarına satmışdır. Əlavə olaraq cavabdeh ondan 20.000 manat borc almışdır. Bu borcu götürməzdən əvvəl razılaşmaya uyğun olaraq aylıq 700 ABŞ dolları az-az ödəyirdi. Cavabdeh faizləri ödəmədi, pulu geri tələb etdikdə isə geri vermədi. Cavabdehə borc pul verəndə iki ildir ki, o evdə yaşayırdı. Ona ödənilən bütün pullarla bağlı qol çəkmişdir. Həmin evi tikili vəziyyətdə almışdır.
28. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh, həmçinin müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X9 və X6 qanuni nümayəndəsi Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Ona verilmiş suallara cavab olaraq bildirdi ki, övladı xəstə olanda iddiaçı ona 20.000 manat faizə pul verib. 20.000 manat əvəzində 44.000 manat pul ödəmişdir. Evi xx.xx.2018-ci il tarixdə, ilkin ödəniş etməməklə aybaay 700 ABŞ dolları ödəmək şərtilə 50.000 ABŞ dollarına almışdır. 7 ildir ki, həmin evdə yaşayır. 20.000 manat borcu isə 2021-ci ildə faizə almışdır. İddiaçı məhkəməyə müraciət etdikdən sonra mübahisələri yaranmışdır. O, iddiaçıdan evlə bağlı sənədləri tələb etmiş, sənədləri təqdim etsə pulun hamısını ödəyəcəyini bildirmişdir. Evə görə 32.000 ABŞ dolları ödəniş etmişdir. 20.000 manat borcla bağlı isə tam olaraq ödəniş etmiş, əlavə olaraq 24.000 manat da ödəmişdir. Bir dəfə borc almış və ödəmişdir. Birbank hesabları ilə birlikdə 44.000 manat pul çıxır. “Kapitalbank”dan çıxarışlar məhkəməyə təqdim edilmişdir. Öz kartından iddiaçının adına olan karta ödəniş etmişdir. Evə 32.000 ABŞ dolları pul ödəmiş, qalan 18.000 ABŞ dollarını torpaq iddiaçıya məxsus olmadığı üçün ödəmir. Evi alanda torpağın kimə məxsus olmasına dair iddiaçı ona heç bir sənəd göstərməmişdir. Evin sənədi olmadığından pulunu tam ödəmir.
29. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 apellyasiya şikyətinə etiraz edərək təmin edilməməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, orada 3 hektar torpaq sahəsi olmuşdur. Torpaq sahələri ilə bağlı bütün hərəkətləri sürücüsü icra edirdi. Ona etibarnamə vermişdir. Vüqar adlı şəxsə tərəfindən etibarnamə verilməmişdir. Birinci instansiya məhkəməsi icraatı zamanı məhkəmə iclasında X24 onu tanımadığını bildirdi. Torpağı kimdən aldığını soruşanda qonşusundan aldığını bildirdi. Onun tərəfindən verilən etibarnamə əsasında üçüncü şəxsə etibarnamə verilə bilməz. Etibarnamə verdiyi şəxslərdən bəzilərinə torpaq sahəsini satmış, bəzilərinə isə bağışlamışdır. Onun torpağına girmişlər. Orda torpaq sahəsi çoxdur, cavabdehin yaşadığı mübahisə predmeti olan evdən xəbəri yoxdur. X22 onun sürücüsüdür. O, Amidə etibarnaməni başqa şəxsə etibarnamə vermək səlahiyyəti ilə vermişdir. Sürücüsü də çıxarışda qeyd olunan ilk şəxsə satmışdır. Onun ev və torpaqla bağlı iddiası yoxdur. Sadıqov Vüqarı isə tanımır.
30. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 cavab olaraq bildirdi ki, mübahisəli torpaq sahəsini qonşusundan almış, evi özü tikmiş, tam təmir etmişdir. Mətbəx mebeli və yataq dəstləri də evdə olmuşdur. Təxmini 2017-ci ildə evi 74.000 manata İddiaçı satmışdır. Həmin torpaq sahəsini alanda orada yarıtikili ev olmuşdur. Yaşamağa tam yararlı vəziyyətə gətirdikdən sonra, divar kağızları vurulmuş, mebellər ilə təchiz olunmuş, hamamı hazır vəziyyətdə və həyəti tamet daşları ilə döşənmiş şəkildə satmışdır. Həmin dövrdə bu işlə məşğul idi. Namiq Məmmədov adlı şəxsi tanımır.
31. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16 rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
32. Azərbayan Respublikasının Mülki Məcəlləsi Maddə 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Maddə 160. Əgər sahib əşyanı məhdud əşya və ya şəxsi sahiblik hüququnun həyata keçirilməsi üçün kiməsə vermişsə, onların hər ikisi sahibdirlər. Onlardan birincisi vasitəli, ikincisi isə vasitəsiz sahibdir. Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Maddə 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: Maddə 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; Maddə 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); Maddə 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb... Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Apellyasiya baxışının hədləri
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. Hazırkı işdə iddia təmin edilmədiyindən və qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir.
37. Belə ki, işə baxan birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tədbiqində səhvə yol vermiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, nəticədə işin hallarına uyğun olmayan qətnamə qəbul etmişdir.
38. İşə apellyasiya qaydasında baxılarkən araşdırma nəticəsində müəyyən olunmuşdur ki, X26 ərazisində 3.0 ha torpaq sahəsi xx.xx.2008-ci ildən başlayaraq X7 99 il müddətinə 1260 nömrəli müqavilə əsasında icarəyə verilmiş, həmin torpaq sahəsinin 200 kv.m hissəsi etibarnamə əsasında faktiki olaraq özgəninkiləşdirilmişdir. Belə ki, X10 ilk olaraq xx.xx.2012-ci il tarixdə etibarnaməni X14, sonuncu xx.xx.2014-cü il tarixdə X11, sonuncu xx.xx.2017-ci il tarixdə X12, sonuncu xx.xx.2017-ci il tarixdə X18, sonuncu isə iddiaçıya vermişdir.
39. Məhkəmə tərəfindən iş üzrə mübahisə predmeti barəsində üçüncü şəxs qismində cəlb edilmiş X2 iclasında həmin torpaq sahəsini sürücüsü X22 vasitəsilə satdığını, üçüncü şəxs X24 isə sözügedən torpaq sahəsində fərdi yaşayış evi inşa edərək təmirli və mebel ilə təchiz edilmiş şəkildə İddiaçı 74.000 manata satdığnı təsdiq etmişlər.
40. Cavabdehin özü tərəfindən təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflər qeyd olunan fərdi yaşayış evinin nisyə alqı-satqısına dair razılığa gəlmişlər və bunu yazılı formada rəsmiləşdirmişlər. Razılığa əsasən cavabdeh evin dəyərini təşkil edən 50.000 ABŞ dolları məbləğində vəsaiti 3 il müddətinə hər ay 700 ABŞ dolları olmaqla hissə-hissə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin üzərinə götürdüyü öhdəliyi tam icra edə bilməmiş, 2022-ci ilin may ayından başlayaraq hər ay iddiaçıya 700 ABŞ dolları məbləğində vəsait ödəməyi vəd etsə də, buna əməl etməmişdir. Tərəflər arasında borc münasibətləri də olmuş, cavabdehin iddiaçıya fərdi yaşayış evinə görə 26.200 ABŞ dollar, borc müqaviləsi üzrə 13.755 manat borcu qalmışdır.
41. Məhkəmə kollegiyasının iclasında cavabdeh evə dair iddiaçının mülkiyyət hüququnu təsdiq edən sənəd olmadığından, iddiaçı tərəfindən aldadıldığından evin dəyərindən 32.000 ABŞ dollarını ödədiyini, qalan hissəsini isə ödəmədiyini bildirmişdir.
42. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının sahibliyində olan fərdi yaşayış evi dövlət reyestrində qeydiyyata alınmadığından, onun qanunvericiliyin tələblərinə uyğun olaraq alqı-satqısının notariat qaydasında rəsmiləşdirilməsi qeyri-mümkündür. Belə ki, Mülki Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.
43. Bununla belə, qanunvericilikdə dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlaka dair sərəncam verilməsi ilə bağlı müddəalar nəzərdə tutulmasa da, Mülki Məcəllənin 11.5-ci maddəsinə əsasən mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz.
44. Ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Mənzil qanunvericiliyində müəyyən münasibətlərin tənzimlənməməsi, öz əlamətlərinə görə mülki hüququn predmetinə aid mülki münasibətlərin mövcudluğu və mülki qanunvericilikdə oxşar münasibətləri tənzimləyən normanın olması bütövlükdə dövlətin iradəsinin ifadəsindən çıxış edərək boşluğun tamamlanması məqsədi ilə qanunun analogiyasının tətbiqi üçün əsas götürülə bilər (R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli qərarı).
45. Kollegiya qeyd edir ki, tərəflər iddiaçının sahibliyində olan fərdi yaşayış evinin alqı-satıqısına dair üzərlərinə qarşılıqlı öhədliklər götürmüş və bunu yazılı formada rəsmiləşdirmişlər. İddiaçı tərəfindən fərdi yaşayış evi cavabdehə təhvil verilsə də, cavabdeh evin dəyərini iddiaçıya razılaşdırılmış qaydada tam ödəməmişdir. İddiaçının isə verilmiş fərdi yaşayış evinin dəyərinin ödənilməsini və ya evin qaytarılmasını tələb etmək hüququ vardır.
46. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin üç il ərzində evə dair ödənişlər etməsi, sonradan ödənişlə bağlı iddiaçıdan müddətin uzadılmasını xahiş etməsi kimi işin halları onu deməyə əsas verir ki, onun evə dair hüquqmüəyyənedici sənədlərin olmadığından xəbərsiz olması, iddiaçının onu aldatması inandırıcı deyil.
47. O da qeyd edilməlidir ki, cavabdeh birinci instansiya məhkəməsində işə baxılarkən qarşılıqlı iddia verərək iddiaçıdan ödədiyi vəsaiti tələb etsə də, sonradan qarşılıqlı iddiasını geri götürmüşdür.
48. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mübahisəli fərdi yaşayış evinin faktiki sahibi olduğundan onun hazırki iddianı qaldırmağa subyektiv hüququ olmuşdur.
49. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı fərdi yaşayış evindən cavabdehlə yanaşı ailə üzvlərinin də çıxarılması tələbini irəli sürmüşdür. Lakin həmin tələb qeyri-müəyyən şəxslər dairəsinə ünvanlanmış, iddiaçı həmin şəxsləri müəyyən edib cavabdeh kimi işə cəlb etməmişdir. Halbuki, MPM-in 149.2-ci maddəsinə əsasən iddia ərizəsində tələbin yönəldiyi şəxslərin - cavabdehlərin soyadı, adı, atasının adı, şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, o cümlədən, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir.
50. Bundan başqa qeyd edilməlidir ki, Cavabdeh fərdi yaşayış evindən çıxarılmasına dair iddia tələbinin təmin edilməsi, eyni zamanda onun yetkinlik yaşına çatmayan ailə üzvləri X21 və X6 yaşayış yerləri cavabdehin yanı olduğundan faktiki olaraq həmin evdən çıxmaları ilə nəticələnəcəkdir.
51. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-4247/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul etməklə iddia qismən təmin edilməli, Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X26 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmalıdır.
52. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırki iş üzrə araşdırma zamanı proses iştirakçılarının əməllərində cinayətin əlamətləri aşkar olunmadığından cavabdehin xüsusi qərardadın çıxarılması barədə vəsatəti təmin edilməməlidir.
53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)- 4247/2023 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X26 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun 50 manatı, və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun 25 manatı Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: