Məhkəmə qərarları › İş №2(103)-6120/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6120/2023

09.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6120/2023 09.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (“borc”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddia ərizəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1656/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı "Azərsu” ASC Cavabdeh qarşı "borc” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 872,77 manat məbləğində borcun (abonent kodu: **********250) və 30 manat dövlət rüsumu üzrə xərclərin "Azərsu” ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1656/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 425, 445.1; "Su təchizatı və tullantı suları haqqında” Qanunun 30-cu maddəsinin 1 -ci bəndinə; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 88-ci maddələrinə istinadən) iddia tələbinin təmin edilməsi,Cavabdeh 872,77 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "Azərsu” ASC-nin hesabına ödənilməsi qət edilmişdir.

3. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - "Azərsu” ASC tərəfindən Cavabdeh (abonent kodu: **********250) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilmişdir. Cavabdehin əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə xx.xx.2023-cü il tarixinə 872,77 manat borcu yaranmışdır. "Azərsu” ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2022-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. xx.xx.2023-cü il tarixli abonentin ödəniş kartına əsasən, xx.xx.2007-ci il tarixli, 10914601 saylı xidməti müqavilə üzrə Cavabdeh ümumilikdə 872,77 manat məbləğində borcu vardır (səh.6-8). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. Cavabdeh apellyasiya şikayəti verərək, Yasamal rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 2(004)-1656/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin tam şəkildə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə "Su təchizatı və tullantı suları haqqında” Qanunun 61.1 və 62; Mülki Prosessual Məcəllənin 88, 284-5.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə heç bir araşdırma aparmadan, məhkəmə iclasının vaxtı və yeri barədə məlumat vermədən, yalnız iddiaçının təqdim etdiyi bildiriş və xəbərdarlıqlara istinadən iddianı təmin etmişdir. Halbuki, iddiaçının guya 872,77 manat məbləğində su təchizatı və tullantı sularının axıdılması ilə bağlı xidmət göstərdiyini iddia etdiyi ünvanda 2012-ci ildən etibarən yaşayış mövcud deyildir. Bu hal hazırkı şikayətə əlavə edilmiş Azərişıq və Azəriqaz tərəfindən verilmiş sənədlərlə də öz təsdiqini tapır. "Su təchizatı və tullantı suları haqqında” Qanunun 61.1-ci maddəsinə əsasən, Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Su təchizatı və tullantı suları haqqında” Qanunun 62-ci maddəsinə əsasən,Su təchizatı müəssisəsi su təchizatı müəssisəsinin istehlakçıya verdiyi suyun hesabı istehlakçıya su təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə istehlakçının su təchizatını dayandıra bilər. Belə olan halda, məhkəmə iddia olunan 872,77 manatın hansı dövrü əhatə etməsini və iddiaçının hansı səbəbdən külli miqdarda “borc” yarandığı halda xidmət göstərməkdə və su satmaqda davam etməsini aydınlaşdırmalı, buna dair sübut və dəlilləri tələb etməli, sonradan məhz bu maddi hüquq normasını tətbiq etməli idi. Faktiki olaraq 2012-ci il tarixdən sözügedən mənzildə yaşayış yoxdur və bunu təsdiq edən arayışları şikayətə əlavə etmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

5. Mülki Prosesual Məcəllənin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 394-1.4. İş materiallarında olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır.

6. Cavabdeh şikayətinin dəlil - sübutu kimi “Azərişıq ASC abunə haqqında” çıxarışlar təqdim etmiş və qeyd edilən sənədlə cavabdehin ayrı-ayrı zamanlarda sərfiyyatının olduğu müəyyən edilmişdir. Apellyasiya baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

8. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunun 12, 30-33, 60-62, 65; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262-265, 543; Cinayət Məcəlləsinin 177, 189-1; Mülki Məcəllənin 385.1, 425.1, 427.3, 442, 550-554,1096,1097; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə və müqavilə (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, mübahisə edilən hissədə apellyasiya şikayətinin subyektiv mülahizə səciyyəli və sübutedici əsası olmayan dəlillərinə əsasən qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün maddi və prosessual hüquqi əsaslar müəyyən edilmir. Belə ki, cavabdehin şikayətinin əsası ünvanda yaşamaması olmuş, lakin bunu mötəbər sübutlarla təsdiq edən təfərrüatlar müzakirəyə təqdim edilməmiş, habelə bunun dəlil - sübutu kimi “Azərişıq ASC abunə haqqında” çıxarışlar təqdim etsə də, qeyd edilən sənədlərlə cavabdehin adı çəkilən ünvanda 2012-ci ildən etibarən yaşayışın mövcud olmadığı qəti olaraq müəyyən edilməmiş, əksinə ayrı-ayrı zamanlarda sərfiyyatın olduğu müəyyən edilmişdir.

9. “Su təchizatı və tullantı suları haqqında" Qanunun 61-ci maddəsinin 1-ci bəndinə əsasən, “Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olubolmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır”.

10. “Su təchizatı və tullantı suları haqqında" Qanunun 62-ci maddəsinə əsasən, Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir.Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır.

11. "Sudan istifadə qaydalarının” 4.1.3-cü bəndinə əsasən, bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçinlməsini təmin etmək istehlakçının vəzifəsidir.

12. Mülki Prosessual Məcəllənin 146-cı maddəsinə əsasən, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 1128.1. Malın, işin və ya xidmətin konstruksiya, resept və ya digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq, ödəməlidirlər. Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda yalnız o şərtlə tətbiq edilir ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin digər əmlak öz təyinatına görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun.1128.3. Əgər məhsul bütün hallar nəzərə alınmaqla ondan gözlənilən etibarlığı təmin etmirsə, keyfiyyətsiz məhsul sayılır. 1128.4. Məhsul yalnız sonradan dövriyyəyə daha yaxşı məhsulun daxil edilməsi nəticəsində keyfiyyətsiz sayılmır. 1128.5. Bu Məcəlləyə görə istənilən daşınar əşya digər daşınar və ya daşınmaz əşyanın bir hissəsi olduqda da, habelə elektrik cərəyanı məhsul sayılır. Əkinçilik nəticəsində əldə edilmiş və hələ emal olunmamış kənd təsərrüfatı məhsulları, heyvandarlıq, arıçılıq və balıqçılıq məhsulları (natural kənd təsərrüfatı məhsulları) məhsullara aid edilmir. Ov yolu ilə əldə edilmiş məhsullar barəsində də eyni qayda tətbiq edilir.1128.6. Bu Məcəlləyə görə son məhsulu, məhsulun əsas ünsürünü və ya hissəsini istehsal etmiş şəxs istehsalçı sayılır. Öz adından, əmtəə nişanı ilə və ya digər fərqləndirici nişanla istehsalçı kimi çıxış edənlərin hamısı istehsalçı sayılırlar. 1128.8. Əgər istehsalçını müəyyənləşdirmək mümkün deyildirsə, hər hansı məhsul göndərən (bu barədə tələb verildikdən sonra bir ay ərzində onun istehsalçı barəsində zərərçəkənə məlumat verdiyi hallar istisna olmaqla) və ya ona bu məhsulu göndərmiş şəxs istehsalçı sayılır. İstehsalçının adı məlum olsa da, məhsulu ilk satanın kim olduğunu müəyyənləşdirmək mümkün olmadıqda idxal malına da bu qayda tətbiq edilir. 1129.1. Malın qüsurları nəticəsində vurulmuş zərərin əvəzini zərərçəkənin seçimi üzrə məhsulun satıcısı və ya istehsalçısı ödəməlidir. 1129.2. İşin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərərin əvəzini işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı) ödəməlidir. 1129.3. Mal (iş, xidmət) haqqında tam və ya düzgün informasiya verilməməsi nəticəsində vurulmuş zərərin əvəzini bu Məcəllənin 1129.1 və 1129.2-ci maddələrində göstərilmiş şəxslər ödəməlidirlər. 1129.4. Keyfiyyətsiz məhsulun nəticəsində vurulmuş zərəri məhsulun satıcısı ödədiyi halda bu Məcəllənin 1114.2-ci maddəsinin müddəaları tətbiq edilir. 1131.Malın satıcısı və ya istehsalçısı, işin və ya xidmətin icraçısı zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya istehlakçının maldan, işin, xidmətin nəticələrindən istifadə və onları saxlama qaydalarını pozması nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. 1132. Malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərər üçün məsuliyyət halında sübutetmə yükü zərərçəkənin öhdəsinə qoyulur.

14. Mülki Məcəllənin 560.1, 560.2 və 560.3.4-ci maddələrinə əsasən: Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi xüsusən hüquqdan sui-istifadə kimi nəzərdə tutulmuşdur. Məcəllənin 1096.1-1096.2 əsasən: Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

15. Mülki Prosessual Məcəllənin 9.3 və 14.2-ci maddəsinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 77.1-ci maddəsinə əsasən: hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 106.1-106.2-ci maddələrinə müvafiq: işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.

16. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərcləri (şikayətin əsassızlığı nəzərə alınaraq) onu ödəyən şəxsə aid edilməlidir. Mübahisələndirilən hissədə iddianın qiyməti 5000 (beş min) manatdan az olan əmlak xarakterli iddialar üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. 17.Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1656/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar