Məhkəmə qərarları › İş №2(103)-6122/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6122/2022

20.09.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6122/2022 20.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sərdarova (Cəfərova) Şəfaqət Səmədxan qızına qarşı “mənzilə köçürülmə və maneənin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4478/2021 saylı, 01 sentyabr 2021-ci il tarixli qətnaməsindən iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(010)-4844/2017 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh X3 qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakların bölünməsi” tələbinə dair iddiası təmin edilmiş, Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “D” y/s, 28 nömrəli evin 6 nömrəli mənzili, Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “D” y/s, 28 nömrəli evin 49 nömrəli mənzili və Masallı rayonu İsi kəndində 0,03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı 82,99 m2 yaşayış, 45,68 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evinin İddiaçı ilə cavabdeh X2 birgə mülkiyyəti hesab edilməsi və onlar arasında bərabər bölünməklə həmin daşınmaz əmlakların ½ hissəsinə İddiaçı, ½ hissəsinə X2 mülkiyyət hüququnun tanınması, 30 manat dövlət rüsumunun cavabdeh X1 alınaraq İddiaçı verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Cəmilova, A.Hüseynov, İ.Xəlilov) xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdeh X2 apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi qismən - “Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “D” y/s, 28 nömrəli evin 49 nömrəli mənzilinin ½ hissəsinə İddiaçı, ½ hissəsinə X2 mülkiyyət hüququnun tanınması” hissəsində ləğv edilmiş, iddia həmin hissədə qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “D” y/s, 28 nömrəli evin 49 nömrəli mənzilinin ¼ hissəsinə İddiaçı, ¾ hissəsinə isə cavabdeh X2 mülkiyyət hüququ tanınmış, qətnamə qalan hissələrdə dəyişiklik edilmədən saxlanılmış, cavabdeh X4 tərəfindən ödənilmiş 15 manat dövlət rüsumu ona aid edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3492/2018 saylı Qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(103)- 475/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Sərdarova (Cəfərova) Şəfaqət Səmədxan qızına qarşı mənzilə köçürülmə və maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "D" y/s, 28 saylı evin, 49 saylı mənzilinə, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "D" y/s, 28 saylı evin, 6 saylı mənzilinə və Masallı rayonu, İsi kəndinə 0,03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 82,99 kv.m yaşayış sahəsi, 45,68 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə köçürülməsi, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "D" y/s, 28 saylı evin, 49 saylı mənzilinə, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "D" y/s, 28 saylı evin, 6 saylı mənzilinə və Masallı rayonu, İsi kəndinə 0,03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 82,99 kv.m yaşayış sahəsi, 45,68 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evindən istifadə edilməsinə cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdən mülkiyyətçisi və passport qeydiyyatında olduğu, sonuncu dəfə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” y/s, 28 saylı evin 49 saylı mənzilinə cavabdeh tərəfindən buraxılmır. Bu qanunsuz hərəkət mülkiyyətində olan bütün əmlaklara da edilir. Dəfələrlə cavabdehdən bu özbaşnalığa son qoyulmasını tələb etsə də, nəticəsi olmamışdır. Odur ki, qeyd edilənlərə əsasən iddiasının təmin edilməsini xahiş edir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4478/2021 saylı, 01 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "D" y/s, 28 saylı evin, 49 saylı mənzilinə, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "D" y/s, 28 saylı evin, 6 saylı mənzilinə və Masallı rayonu, İsi kəndinə 0,03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 82,99 kv.m yaşayış sahəsi, 45,68 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evindən İddiaçı tərəfindən istifadə edilməsinə Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4, 157.8-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandıraraq, belə nəticəyə gəlmişdir ki, iddiaçının əmlaklarla bağlı hissəvi mülkiyyət hüququ vardır və o bu hüququna əsaslanmaqla cavabdehdən yaradılan maneənin aradan qaldırılmasını tələb etməkdə haqlıdır. Maneənin növünə gəldikdə isə məhkəmə qeyd edir ki, bu maneə müxtəlif cür ola bilər. Məsələn iddiaçının evə buraxılmaması, onun əmlakdan istifadəsinin hər hansı şəkildə qarşısının alınması, məhkəmə hesab edir ki, mübahisəli əmlaklarla bağlı cavabdeh iddiaçıya qarşı birgə yaşayış qaydalarına zidd hesab edilə bilən hərəkətlərdən çəkinməlidir. İddia tələbinin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "D" y/s, 28 saylı evin, 49 saylı mənzilinə, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "D" y/s, 28 saylı evin, 6 saylı mənzilinə və Masallı rayonu, İsi kəndinə 0,03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 82,99 kv.m yaşayış sahəsi, 45,68 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə köçürülməsi hissəsi ilə bağlı məhkəmə hesab edir ki, tələb bu hissədə təmin edilə bilməz. Çünki, eyni zamanda üç əmlaka köçürülmə mümkün deyil. Belə bir tələbin fiziki mənada icrası mümkünsüzdür. Ona görə də, tələb bu hissədə əsassızdır. Apellyasiya instansiyası məhkəməsində icraat Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki: - şəxsin mülkiyyət hüququ qanunla dövlət reyestrində qeydə alındıqdan sonra yaranır və iddiaçının əsaslandığı məhkəmə aktı hələ icra olunmamış və DƏDRX-də əmlaklar hələ ki, cavabdehin xüsusi mülkiyyətindədir. Bu o deməkdir ki, iddiaçının həmin əmlaklara mülkiyyət hüququ yaranmamışdır. - 3 uşağın Bakı Apellyasiya Məhkəməsinin icraatında olan mülki işlə bağlı həmin işə baxılıb yekun qərar çıxarılanadək birinci instansiya məhkəməsi işin icraatını dayandırmalı idi. Çünki uşaqların hər üç mənzilə mülkiyyət hüquqları tanınarsa iddiaçının iddia etdiyi qanuni qüvvədə olan məhkəmə aktı əhəmiyyətini itirəcəkdir. - məhkəmə tərəfindən istinad edilən hüquq normasının tələbləri və cavabdehin bu maddələrlə qorunan mülkiyyət hüquqları pozulmuşdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdi. İşə baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin “iddianın təmin edilmiş” hissələrində yoxlanılması təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: - 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. - 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. - 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülki Prosessual Məcəllə: - 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. - 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. - 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iş üzrə tərəflərin arasında olmuş əvvəlki məhkəmə mübahisələrinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktları mövcuddur və məhkəmələr tərəfindən iddiaçının hazırki işin mübahisə predmeti olan əmlaklar üzrə mülkiyyət hüquqları tanınmışdır. Hazırki mübahisənin mahiyyətini də məhz həmin əmlaklar üzrə tanınmış hüquqların icra edilməsinə yönəlmiş maneələrdən ibarətdir. Cavabdehin isə belə maneələri qoyması qanunla iddiaçının mülkiyyət hüquqlarını həyata keçirə bilməməsinə gətirib çıxarır. “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 27 sentyabr 2007-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumiprinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Həmin qərarda qeyd edilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. “İnsan hüquqları haqqında Ümumi Bəyannamənin” 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Cavabdehin digər dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, digər şəxslərin də mübahisəli mənzillərə mülkiyyət hüququnun tanınması cavabdehə hazırki iş üzrə iddiaçı üçün maneələr yaratmağa və ya qətnamənin icrasının qəsdən yubadılmasına əsas verə bilməz. Bundan başqa cavabdehin üçüncü dəlilinə münasibətdə isə Kollegiya qeyd edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Göründüyü kimi, apellyatorun dəlilləri formal mülahizələrə əsaslanmışdır və birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, hazırki apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4478/2021 saylı, 01 sentyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar