Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6124/2023 03.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “mənzillərin iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-1374/2023 saylı qərardadından iddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edrək "xxxx" MMC tərəfindən Bakı şəhəri,Yasamal rayonu, Şərifzadə 12 ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasının 5 giriş (blok) 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 134,9 kv.m olan 3 otaqlı 96 saylı, ümumi sahəsi 96,5 kv.m olan 2 otaqlı 100 saylı və ümumi sahəsi 160 kv.m olan 3 otaqlı 97 saylı mənzillərin ona təhvil verilməsi öhdəliyinin "xxxx" MMC-nin üzərinə qoyulması və mülkiyyət hüququna yaradılmış bütün məhdudiyyətlərin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının ərizəsi ilə cavabdeh "xxxx" MMC əsl Cavabdeh MMC ilə əvəz edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 2(004)- 1374/2023 saylı qətnaməsi ilə iddia təmin olunmuşdur. Həmin qətnamədən Cavabdeh MMC-nin nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-1374/2023 saylı qərardadı ilə qanunvericiliklə müəyyən edilmiş müddət keçdikdən sonra verildiyinə görə geri qaytarılmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, qətnamə xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-yə göndərilmiş, xx.xx.2023-cü il tarixdə Həsənova Fəridə tərəfindən xəbərnaməyə imza edilməklə qəbul edilmişdir. Bununla da qətnamə rəsmi qaydada verilmiş hesab olunmuş və həmin tarixdən də müvafiq prosessual müddətin axımı başlanmışdır. Bundan əlavə, məhkəmə iclasının vaxtı barədə bildirişlər cavabdehin ünvanına göndərilərkən səlahiyyətli nümayəndəsi (səh. 84, səh. 91) Həsənova Fəridə tərəfindən imza edilməklə qəbul edilmişdir. Bu da onu göstərir ki, cavabdeh tərəf həm keçirilmiş məhkəmə iclasları və qətnamə barədə xəbərdar olmuşdur. Göründüyü kimi, cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayəti verilməsi müddətini ötürmüş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1374/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət keçdikdən sonra xx.xx.2023-cü il tarixdə vermiş, lakin apellyasiya şikayətinə müddətin bərpasına dair vəsatət əlavə edilməmişdir. Daha sonra cavabdehin nümayəndəsi-vəkili xx.xx.2023-cü il tarixdə məhkəməyə təkrarən apellyasiya şikayəti ünvanlamış, eyni zamanda vəsatət verərək qətnamədən apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpa olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1374/2023 saylı 24 avqust 2023cü il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1374/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi cavabdehin ünvanına göndərilmiş, 15 may 2023-cü il tarixdə xəbərnaməyə “Həsənova” imza edilməklə qəbul edilmişdir. Cavabdehin vəkili xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək cavabdehin vəkili və nümayəndəsi kimi elektron sistemə əlavə edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili sözügedən qətnaməni özünün sistemə əlavə edilməsindən sonra əldə etdiyindən apellyasiya şikayəti verərkən müddətin həmin tarixdən hesablanmasını xahiş etmiş, eləcə də cavabdehin ünvanından xəbərnaməyə imza edilməklə qətnaməni qəbul etmiş Həsənova Fəridə ilə əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilməsi məhkəməyə aydın olmuşdur. Cavabdeh tərəfindən 03 avqust və 08 avqust tarixlərində verilmiş apellyasiya şikayətləri forma və məzmuna riayət edilmədiyindən və müddətin ötürülməsi səbəbindən məhkəmə qərardadları əsasında geri qaytarılmışdır. Məhkəmə işçi Fəridə Həsənova ilə əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilməsini nəzərə alaraq, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1374/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddəti üzrlü hesab edərək bərpa edilməsi və apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməli olması qərara gəlmişdir. Həmin qərardaddan iddiaçının nümayəndəsi-vəkili Vəkil1 şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC məhkəməyə qədər tərəfindən ünvalanlanan pretenziya məktublarını vaxtında almışdır. Həmin məktublar müəssisənin səlahiyyətli şəxsləri tərəfindən qəbul edilərkən onların heç bir etirazı daxil olmamışdır. Hesab edir ki, cavabdeh təşkilat məhkəməyə qədər tərəfindən ünvanlanmış sənədləri və məhkəmə tərəfindən göndərilmiş məhkəmə bildirişlərini və digər zəruri sənədləri də vaxtında almışdır. Cavabdehin nümayəndəsi müddətin üzrlü hesab edilməsi üçün istinad etdiyi dəlil əsassız hesab edilməli və məhkəmə tərəfindən müddətin ötürülməsinin üzrlü hesab edilməsi kimi qəbul edilməməlidir. Ona görə də hesab edir ki, cavabdehin müddətin bərpasına dair ərizəsi əsassız olduğundan rədd edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1374/2023 saylı, 04 sentyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və ərizə rədd edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə görə, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə görə, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxslərin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə, müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya tərəfindən geri qaytarılır. Belə ki, mülki işin materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-1374/2023 saylı qətnaməsi cavabdehin hüquqi ünvanına göndərilmiş, cavabdehin adından məhkəmə qətnaməsini Fəridə Həsənova adında şəxs xx.xx.2023-cü il tarixdə çatdırılma qəbzini imzalamaqla qəbul etmiş, həmin qətnamədən apelyasiya şikayəti isə məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Bununla da qətnamədən apelyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddət cavabdeh tərəfindən ötürülmüşdür. Cavabdeh prosessual müddətin ötürülməsinin üzrlü səbəbi kimi işçi Fəridə Həsənova ilə əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmiş olduğunu göstərməklə apelyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hüquqi ünvanı üzrə göndərilən məhkəmə sənədlərinin onunla əmək münasibətlərində olmayan şəxs tərəfindən qəbul edilməsi ilə bağlı olan uyğunsuzluqlar MMC-nin risk dairəsinə daxil olan məsələlərdir və o bu hallar üçün özü məsuliyyət daşımalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin çoxsaylı qərarlarına görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxiləyə haqq qazandıra biləcək əsasların mövcudluğu Konvensiyanın 6-cı maddəsinin pozuntusunun baş vermədiyi nəticəsinə gəlmək üçün özü-özlüyündə kifayət etmir. Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir (bax. Raihani Belçikaya qarşı qərarına, № 12019/08, §37). Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (bax. Raihani Belçikaya qarşı qərarına, §38). “Akif Həsənov Azərbaycana qarşı” məhkəmə işi üzrə qəbul etdiyi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin göstərmişdir ki, “Hətta Bakı Apellyasiya Məhkəməsi onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir.” Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən apelyasiya şikayəti vaxtında verilmədiyindən, şikayəti vermə müddətinin buraxılmasının üzrlü səbəbdən baş verdiyini isə müəyyən etmək mümkün olmadığından Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1374/2023 saylı 24 avqust 2023-cü il tarixli qərardadı ləğv edilməli, apelyasiya şikayətinin verilmə müddətinin bərpasına dair ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının nümayəndəsi-vəkili Vəkil1 tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1374/2023 saylı 24 avqust 2023cü il tarixli qərardadı ləğv edilsin. Cavabdeh MMC-nin nümayəndəsi Vəkil2 tərəfindən verilmiş qətnamədən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa olunması barədə ərizə rədd edilsin. İş sonrakı prosessual hərəkətlərin aparılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-6124/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6124/2023
03.10.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver