Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6126/2023 05.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 2(004)-2608/2023 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" İKB ASC ilə İddiaçı arasında 08 iyun 2018-ci il tarixli, 1288 nömrəli əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinin 4.2-ci bəndinə əsasən işçiyə işəgötürənin daxili qaydalarına əsasən mükafat verilə bilər.
2. 08 iyun 2018-ci il tarixli, 1288 nömrəli Əmək müqaviləsinə 01 may 2020-ci il tarixli əlavənin surətindən görünür ki, müqavilənin 4.1-ci bəndinə dəyişiklik edilmiş və İddiaçı əmək haqqı 01 iyun 2020-ci il tarixdən 31 dekabr 2020-ci il tarixədək hər ay qanunvericilikdə nəzərdə tutulmuş vergilər və digər məcburi ödənişlər daxil olmaqla 1840 manat məbləğində müəyyən edilir və 01 yanvar 2021-ci il tarixdən etibarən əmək haqqı hər ay qanunvericilikdə nəzərdə tutulmuş vergilər və digər məcburi ödənişlər daxil olmaqla 2300 manat məbləğində müəyyən edilir.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(006)- 4149/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməsi haqqında 01 iyul 2020-ci il tarixli, 128/A nömrəli əmri və əmrə əsasən ******* nömrəli əmək kitabçasının 27-ci səhifəsindəki 29-cu qeyd nömrəsi ilə yazılmış “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilsin” qeydinin etibarsız sayılması, İddiaçı əvvəlki işinə bərpa edilməsi, onun 01 iyul 2020-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı və əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə xəstə olduğu müddətdə xəstəlik vərəqəsi üzrə ödənilməli olan məbləğin ödənilməsi qət edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin 14 dekabr 2020-ci il tarixli, 2(103)-8540/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(006)-4149/2020 nömrəli qətnaməsi qüvvədə saxlanılmışdır.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02 avqust 2021ci il tarixli, 2(102)-2974/2021 nömrəli qərarı ilə Cavabdeh ASC-nin kassasiya şikayəti təmin edilməmiş, İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, iş Bakı Apellyasiya Məhkəməsinə yeni baxışa qaytarılmışdır.
6. Bakı Apellyasiya Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2(103)-9642/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh ASC-yə qarşı əmrin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(006)-4149/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmış və apellyasiya şikayəti qismən təmin edilmişdir.
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 mart 2022-ci il tarixli, 2(102)-1014/22 nömrəli qərarı ilə Cavabdeh ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 oktyabr 2021-ci il tarixli, 2(103)-9642/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru Səvxan Abbasovun 13 sentyabr 2022-ci il tarixli qərarına əsasən müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2(103)-9642/2021 nömrəli icra vərəqəsi icra edilmədən həmin məhkəməyə geri qaytarılmışdır. Qərarının məzmunundan görünür ki, icraat zamanı Cavabdeh ASC tərəfindən 05 may 2022-ci il tarixində icra vərəqəsinin icrasının təmin edilməsi barədə əmr verilmiş, İddiaçı 43133,98 manat məbləğində vəsait köçürülmüş və onun barəsində qeydə alınmış 01 iyul 2020-ci il tarixli bildirişin etibarsız hesab edilməsi məqsədilə X6 Xidmətinə müraciət edilmişdir. X6 tərəfindən 01 iyul 2020 tarixli bildiriş 07 iyun 2022-ci il tarixdə etibarsız hesab edilmiş, Bank tərəfindən 07 iyun 2022-ci il tarixdə İddiaçı işə çıxmasına dair bildiriş göndərilmiş, 07 iyun 2022-ci il tarixli məktubla 08 iyun 2022-ci il tarixdə Bankın baş ofisinə dəvət edilmişdir. Lakin İddiaçı işə çıxmamış, işə bərpa edildiyi “28 May” filialının əvvəl işlədiyi “8 saylı” filial olmadığını iddia etmiş, hərəkətsizliyi ilə icra sənədinin icrasına maneçilik törətmişdir. Bununla belə, İddiaçı əməkhaqqı ödənilmiş və o, vəsaiti qəbul etmişdir. Həmçinin o, Bakı Apellyasiya Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli qətnaməsinə izah verilməsi üçün həmin məhkəməyə müraciət etmiş, Bakı Apellyasiya Məhkəməsinin 17 avqust 2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmiş, habelə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tələbkarın əvvəl işlədiyi Bankın “8 saylı” filialı hazırda ünvan 1 ünvanında “28 May” filialı kimi fəaliyyət göstərir, yəni “8 saylı” filial ləğv olunmamış, fəaliyyətini yeni ad və ünvan üzrə davam etdirir. Bakı Apellyasiya Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, 2(103)-9642/2021 nömrəli qərarı ilə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Səvxan Abbasovun 13 sentyabr 2022-ci il tarixli qərarının ləğv olunması barədə İddiaçı şikayəti təmin edilməmişdir.
Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdeh "Yelo Bank” ASC-yə qarşı iddia ərizəsi və iddia predmetinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin əmək müqaviləsinə qanunsuz və əsassız xitam verməsi nəticəsində vurduğu ziyanın (əldən çıxmış fayda) əvəzi olaraq 57125 manat və iddia qaldırmaq üçün mediasiya təşkilatına iddiaçı tərəfindən ödənilmiş rüsumun əvəzi olaraq 50 manat məbləğində pul vəsaitinin cavabdeh "Yelo Bank” ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia onunla əsaslandırmışdır ki, Cavabdeh ASC ilə iddiaçı arasında bağlanmış 31 may 2013-cü il tarixli əmək müqaviləsinə əsasən o, "xxxx" ASC-də 8 saylı filialın müdir müavini vəzifəsinə işə qəbul edilmişdir. 29 noyabr 2016-cı il tarixli, 1100 K nömrəli əmr ilə həmin filialın müdiri vəzifəsinin müvəqqəti icraedicisi və 22 may 2017-ci il tarixli 61/1T nömrəli əmr ilə filialın müdiri vəzifəsinə təyin edilmişdir. 04 iyun 2018-ci il tarixli, 54/A nömrəli əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. O, 5 il fasiləsiz olaraq işləmişdir. Daha sonra cavabdeh iddiaçıya müddətli əmək müqaviləsi təqdim etmiş, iddiaçı isə ailəsini fikirləşərək məcburiyyət qarşısında qaldığından müddətli müqavilə imzalamışdır və 08 iyun 2018-ci il tarixli, 53/Q nömrəli əmr ilə yenidən 8 saylı filialın müdiri vəzifəsinə təyin edilmişdir. Baxmayaraq ki, o, 03 iyun 2013-cü il tarixdən bankın əməkdaşı idi, cavabdeh tərəfindən əmək müqaviləsi yenidən müddətli bağlanmış və hər dəfə qısa müddətlərə (3-6 ay) artırılmışdır. Cavabdeh ASC tərəfindən iddiaçı ilə bağlanmış 08 iyun 2018-ci il tarixli əmək müqaviləsinə 01 iyul 2020-ci il tarixli, 128/A nömrəli əmrlə xitam verilmişdir. 29 iyul 2020-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən işin halları araşdırılaraq 15 sentyabr 2020-ci il tarixli, 2(006)- 4149/2020 nömrəli qətnamə ilə iddia qismən təmin edilmişdir. İddia tələbi tam təmin olunmadığından apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 14 dekabr 2020-ci il tarixli, 2(103)-8540/2020 nömrəli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. İddiaçı həmin qərarla da razılaşmayaraq Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02 avqust 2021-ci il tarixli, 2(102)-2974/2021 nömrəli qərarı ilə iş yeni baxışa göndərilmişdir. Yeni baxışla bağlı Bakı Apellyasiya Məhkəməsi tərəfindən 08 oktyabr 2021-ci il tarixli, 2(103)-9642/2021 nömrəli qətnamə qəbul edilmişdir. Həmin qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 mart 2022-ci il tarixli, 2(102)- 1014/22 nömrəli qərarı ilə Cavabdeh ASC-nin kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 oktyabr 2021-ci il tarixli, 2(103)-9642/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən ona ünvanlanan və qoşması Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 15 mart 2022-ci il tarixli, 2(102)-1014/22 nömrəli qərarı olan 01 aprel 2022ci il tarixli məktubu rəsmi şəkildə 08 aprel 2022-ci il tarixdə almışdır. Qətnamə qüvvəyə mindiyindən 16 aprel 2022-ci il tarixli icra vərəqəsi qətnamənin icrası məqsədilə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə göndərilmişdir. Bununla sübut olunmuşdur ki, cavabdeh tərəfindən qanunvericiliyin tələbləri və hüquqları kobud şəkildə pozulmuşdur. Əmək Məcəlləsinin 195, 196 və 197-ci maddələrinə əsasən tərəfindən Cavabdeh ASC-nin rəhbərliyinə işəgötürən kimi ona vurduğu ziyana görə maddi məsuliyyət daşıdıqları ilə bağlı 27 mart 2023-cü il tarixdə müraciət etmiş və qanunvericliyin tələblərinə uyğun olaraq müraciətinin araşdırılması və bununla bağlı qərar qəbul edilərək onu məlumatlandırmalarını xahiş etmişdir. Müraciətinə cavab olaraq bankın ona ünvanladığı məktubda bankın heç bir maddi ziyan vurmadığını bildirilmişdir. Məlumat üçün bildirir ki, yuxarıda qeyd olunan və qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli qətnaməsi bu günə kimi hələ də tam icra edilməmişdir. Öz işinə buraxılmadığı halda, 08 iyun 2022-ci il tarixində guya işə bərpa olunduğu görüntüsü yaratmışlar və 26 iyul 2022-ci il tarixdə Əmək Məcəlləsinin 69-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən qanunazidd olaraq təkrar işdən azad edilmiş və bununla bağlı əmrin ləğv edilməsini məhkəmədə mübahisələndirmişdir. İşəgötürən əmək münasibətləri prosesində əmək müqaviləsinə qanunsuz və əsassız xitam verilməsi nəticəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduqda, işçiyə vurulan ziyana görə tam məsuliyyət daşıyır. Vurulmuş ziyanı 57125 manat məbləğində qiymətləndirir və aşağıdakı kimi əsaslandırır. O, filial müdiri vəzifəsində işləyəndə ştat cədvəlinə əsasən aylıq tarif (vəzifə) maaşından başqa əmək müqaviləsində nəzərdə tutulmuş əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaiti (bonus) alırdı. 08 iyun 2020-ci il tarixli əmək müqaviləsinə qanunazidd olaraq xitam verildiyinə görə 01 iyul 2020-26 iyul 2022-ci il tarixləri arası dövrdə (məcburi iş buraxma) həmin bonusları ala bilməmiş, yəni əldən çıxmış qazancdan faydalana bilməmişdir. Bununla da ona maddi ziyan vurulmuşdur. Qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli qətnaməsinin tələbinə uyğun olaraq məcburi iş buraxma dövrünə görə ona aylıq tarif (vəzifə) maaşı ödənilmişdir. Əmək müqaviləsinə əlavəyə əsasən 2020-ci ilin iyul-dekabr aylarında aylıq taarif maaşı 1840 manat və 2021-ci ildən isə aylıq taarif maaşı 2300 manat təşkil edir. Əmək müqaviləsinə xitam verilən tarixdən əvvəlki 2 ay üzrə hesablanmış əmək haqqı may ayında 4710,11 manat, iyun ayında isə 3397,80 manat (20 iş günü) təşkil etmişdir. Qanunvericiliyin tələblərinə (Əmək Məcəlləsinin 177-ci maddəsi) uyğun olaraq hesablandıqda, əmək müqaviləsinə qanunazidd olaraq xitam verilən tarixə onun 1 günlük əmək haqqısı 219,13 manat təşkil etmişdir. Məcburi işburaxma dövründə əmək haqqı saxlanılan iş günlərinin sayı cəmi 500 gün təşkil etmişdir. Beləliklə, həmin dövr üzrə əldə çıxmış fayda məbləği 57125 (219,13x500 gün) təşkil edir.
11. Cavabdeh "Yelo Bank” ASC-nin nümayəndəsi X7 iddia ərizəsinə etiraz verərək bildirmişdir ki, İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərkən “müddətli əmək müqaviləsinin etibarsızlığı, əmək müqaviləsinin müddətsiz hesab edilməsi, işə bərpa, xəstəlik vərəqəsi üzrə ödənişin, məcburi iş buraxma müddəti günləri üçün əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi” tələbi ilə müraciət etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(006)-4149/2020 nömrəli qərarı ilə ilə iddia tələbi maddi və mənəvi ziyanın ödənilməsi hissəsində ləğv edilmişdir. İşçi ilə əmək münasibətlərinə xitam verilməsinin qanunsuz hesab edilməsi barədə məhkəmə qətnaməsinin mövcud olması hələ işəgötürənin, hazırkı halda İddiaçı maddi ziyanın vurulmasını təsdiq etmir. Həmçinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli qərarında qanunvericilikdə sadalanan bütün hallar ətraflı olaraq araşdırılmış, məhz maddi və mənəvi ziyanın ödənilməsi hissəsində işəgötürən tərəfindən işçiyə dəymiş ziyanın olmadığı müəyyən edilərək qərar qəbul edilmiş və həmin qərar da qanuni qüvvəyə minmişdir. Bakı Apellyasiya Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2(103)-9642/2021 nömrəli icra vərəqəsi 04 may 2022-ci il tarixdə Cavabdeh ASC-yə daxil olmuşdur. 05 may 2022-ci il tarixdə Cavabdeh ASC tərəfindən həmin icra vərəqəsinin icrasının təmin edilməsi barədə əmr verilərək İddiaçı 43133,98 manat məbləğində vəsait ödənilmişdir. Bundan əlavə 05 may 2022-ci il tarixdən sonrakı hər gün üçün hesablanmalı olan əmək haqqı məbləği işdən çıxma dövrünədək hər ayın sonu müvafiq əmək haqqı onun hesabına köçürülmüşdür. Göstərilənləri nəzərə alan Balkı şəhəri Yasamal rayon İcra şöbəsinin böyük icra məmuru S.Abasov 08 oktyabr 2021-ci il tarixdə “İcra haqqında” Qanunun 23.1.5-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2(103)-9642/2021 nömrəli icra vərəqəsini icra edilmədən həmin məhkəməyə geri qaytarılması barədə qərar qəbul etmiş, həmin qərardan İddiaçı tərəfindən şikayət verilmiş, şikayətə baxan Bakı Apellyasiya Məhkəməsi 13 dekabr 2022-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş, icra məmurunun qərarını qüvvədə saxlamışdır. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2(103)-9642/2021 nömrəli qətnaməsi Cavabdeh ASC tərəfindən gecikməyə yol verilmədən dərhal icra olunmuş, müvafiq ödəmələr İddiaçı köçürülmüş, iddiaçı əvvəlki işinə bərpa olunmuş, lakin o, işə çıxmaqdan və vəzifəsinin icrasına başlamaqdan imtina etmiş, bu səbəbdən onun Cavabdeh ASC ilə olan əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı təqdim etdiyi iddia ərizəsində Cavabdeh ASC-yə ünvanladığı 27 mart 2023-cü il tarixli müraciətini qeyd edir, lakin nə məktubunda, nə də iddia ərizəsində ona dəymiş ziyanın nədən ibarət olmasını bildirilmir. Halbuki, Əmək Məcəlləsinin 192-ci maddəsinə əsasən, tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. İddiaçı iddia ərizəsində qeyd etdiyi “bonus” larla bağlı bildirir ki, iddiaçıya dəfələrlə işə çıxmağı ilə bağlı Cavabdeh ASC tərəfindən edilmiş müraciətləri nəzərə almadan niyə işə çıxmaması və Bakı Apellyasiya Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli qətnaməsinin tam icra olunmasına suni maneələr yaratması sual olunmalıdır. Əmək Məcəlləsinin 154-cü maddəsinə əsasən əmək haqqı dedikdə müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusu, mükafat dedikdə isə Əmək Məcəlləsinin 157-ci maddəsinə əsasən əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaiti anlaşılır. Belə nəticəyə gəlinir ki, əmək haqqının ödənilməsi ödənilməsi işəgötürən üçün məsuliyyət yarada bilər, lakin mükafatın verilməsi isə işəgötürənin mülahizəsindən asılı olduğu üçüb belə bir məsuliyyətə səbəb ola bilməz. Qeyd olunanları əsas tutaraq, İddiaçı təqdim etdiyi ərizədə qanunvericilikdə maddi ziyanla bağlı mövcud olan normaları əks etdirib, lakin həmin normaları işin faktiki halları ilə əlaqələndirməməsini, maddi zərərin əvəzinin ödənilməsi barədə iddia ərizəsinin hüquqi əsasının olmamasını nəzərə alıb iddia rədd edilməlidir.
12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 2(004)- 2608/2023 nömrəli qətnaməsi ilə iddia rədd olunmuşdur.
13. Qətnamənin əsaslarına görə, "xxxx" İKB ASC və İddiaçı arasında bağlanmış 08 iyun 2018-ci il tarixli, 1288 nömrəli Əmək müqaviləsinin 4.2-ci bəndinə əsasən müəyyən olunur ki, mükafatın verilməsi müqavilədə imperativ norma kimi müəyyən olunmamışdır və bu hal işəgötürənin mülahizəsindən asılıdır. Həmçinin, bonus - əmək münasibətində real əmək sərf edən işçiyə verilən mükafatdır. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı tərəfindən göstərilən tarix aralığında real əmək sərfi olunmamışdır. Belə olan halda ona bonus verilə bilməz. Bundan əlavə, iddiaçı tərəfindən Mülki Məcəllənin 21, 1096, 1115-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə bununla bağlı qeyd edir ki, mülki qanunvericliyin zərərlə bağlı müddəaları mülki dövriyyə iştirakçıları arasındakı münasibətlərə şamil olunur, Mülki Məcəllənin 21-ci maddəsi hazırki mübahisəyə birbaşa tətbiq oluna bilməz, əmək münasibətləri mülki dövriyyə hesab edilmir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 156-cı maddəsinin 1-ci hissəsinə, 157-ci maddəsinin 2-ci və 6-cı hissələrinə, 158-ci maddəsinin 1-ci hissəsinə, 195-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə iclası iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
15. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunan X2 06 aprel 2019-cu il tarixli, Protokol № 07 ilə təsdiqlənmiş Qərarının (“8 saylı” Filialın direktoru üçün bonusun hesablanması) surəti və X2 06 dekabr 2019-cu il tarixli Protokol № 21 ilə təsdiqlənmiş Qərarının (Filialın direktoru və müavinlərin həvəsləndirilməsi sistemi) surətindən də görünür ki, növbəti ildə, yəni 2019-cu ildə Maliyyə-Təsərrüfat Failiyyəti zamanı gəlirliyin artırılması məqsədilə əməkdaşların həvəsləndirilməsi üçün (motivasiyalarının artırılması) Fond yaradılması və həmin Fonda 500000 manat vəsaitin ayrılması (proqramın 11.1-ci bəndi) nəzərdə tutulmuşdur. Hətta nəzərdə tutulmuşdur ki, həmin məbləğ artırıla da bilər. Eyni zamanda hər ilin son kvartalında növbəti il üçün büdcə layihəsi hazırlanarkən belə Fond (fərqli məbləğlərdə) yaradılması nəzərdə tutulurdu və buna uyğun olaraq da əməkdaşlara bonuslar (mükafatlar) verilirdi. Qeyd olunduğu kimi, iddiaçı cavabdeh Bankın 8 saylı Filialının direktoru vəzifəsində çalışmışdır. İddiaçının təqdim etdiyi sənədlərdən də bəlli olduğu kimi, 8 saylı Filialın direktoruna ayrıca bonusların (mükafatların) verilməsi nəzərdə tutulurdu və ayda 2 dəfə ödənilirdi. Hətta bəzi hallarda yaxşı gəlir gətirdiyinə görə 8 saylı filialın kollektivinə bonusların (mükafatların) verilməsi zamanı fərdi yanaşılırdı. Beləliklə, məhkəmə tərəfindən Əmək Məcəlləsinin 195-ci maddəsində nəzərdə tutulan hüquq norması mübahisəyə düzgün tətbiq olunmamışdır. İş üzrə sübut qismində təqdim etdiyim sənədlər əlaqəli şəkildə tam və obyektiv tədqiq olunmamış, bununla da qanunsuz qərar qəbul edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etirazın dəlillərinə əsasən, əmək məcəlləsinin “İşçiyə dəymiş maddi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi qaydası” adlanan 196-cı maddəsinin 1-ci hissəsinə görə, həmin məcəllənin 195-ci maddəsində göstərilmiş hallar işçi tərəfindən aşkar edilərək müəyyən olunduqda, habelə müvafiq səlahiyyətli vəzifəli şəxsin (orqanın) - müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayan təftişçinin, auditorun, habelə auditor təşkilatının, müvafiq icra hakimiyyəti orqanının və onların vəzifəli şəxslərinin qərarı, rəyi, arayışı, habelə məhkəmənin hökmü (qətnaməsi, qərarı) ilə müəyyən olunduqda, işçiyə dəyən maddi ziyan ödənilir. Əmək Məcəlləsinin 191ci maddəsinin 1-ci hissəsinə görə, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə həmin məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyır. Həmin maddənin 2-ci hissəsinə görə, aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanuna zidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən göründüyü kimi, işçi ilə münasibətlərinə xitam veriməsinin qanunsuz hesab edilməsi barədə məhkəmə qətnaməsinin mövcud olması hələ işçiyə, hazırki halda İddiaçı maddi ziyanın vurulmasını təsdiq etmir. Belə ki, işdə olan sənədlərdən məlum olur ki, Bakı Apellyasiya Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli 2(103)- 9642/2021 nömrəli icra vərəqəsinə əsasən İddiaçı ilə “Yelo Bank" ASC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməsi haqqında 01 iyul 2020-ci il tarixli 128/A nömrəli əmrin və əmrə əsasən ******* nömrəli əmək kitabçasının 27-ci səhifəsindəki 29-cu qeyd nömrəsi ilə yazılmış “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b ” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilsin” qeydi etibarsız sayılmalı, İddiaçı əvvəlki işinə bərpa edilməli, İddiaçı 01 iyul 2020-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı və əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə xəstə olduğu müddətdə xəstəlik vərəqəsi üzrə ödənilməli olan məbləğ ödənilməli, tərəflər arasında bağlanmış əmək müqaviləsi müddətsiz bağlanılmış hesab edilməli, Cavabdeh ASC-dən ödənilmiş dövlət rüsumu olan 30 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Sözügedən icra vərəqəsi 04 may 2022-ci il tarixdə Cavabdeh ASC-yə daxil olmuşdur. 05 may 2022-ci il tarixdə Cavabdeh ASC tərəfindən həmin icra vərəqəsinin icrasının təmin edilməsi barədə əmr verilərək İddiaçı 43133,98 manat məbləğində (məhkəmə qərarına əsasən işə bərpa olunma müddətindən başlayaraq, yəni 01 iyul 2020ci il – 10 iyul 2020-ci il tarixləri üzrə xəstəlik vərəqəsinə əsasən 8 gün hesablanmış məbləğlə birlikdə 11 iyul 2020-ci il tarixdən 04 may 2022-ci il tarixinədək 438 gün üçün ödənilmiş əmək haqqı məbləği, cəmi 446 gün üçün ödənilmiş məbləğ) vəsait ödənilmişdir. Bundan əlavə 05 may 2022-ci il tarixdən sonrakı hər gün üçün hesablanmalı olan əmək haqqı məbləği işdən çıxma dövrünədək hər ayın sonu müvafiq əmək haqqı onıın hesabına köçürülmüşdür. Yuxanda göstərilənləri nəzərə alan Yasamal rayon İcra Şöbəsinin böyük icra məmuru S.Abasov 08 oktyabr2021-ci il tarixdə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.5-ci maddəsinə (tələbkar öz hərəkətləri ilə icra sənədinin icrasına mane olduqda) əsasən Bakı Apellyasiya Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli 2(103)- 9642/2021 nömrəli icra vərəqəsini icra edilmədən həmin məhkəməyə geri qaytarılması barədə qərar qəbul etmişdir. Həmin qərarından şikayət vermişdir. Şikayətə baxmış Bakı Apelyasiya Məhkəməsi, iş üzrə qəbul etdiyi 13 dekabr 2022-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş, icra məmurunun qərarını qüvvəsində saxlamışdır. Göründüyü kimi. Bakı Apelyasiya Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli 2( 103)- 9642/2021 nömrəli qətnaməsi Cavabdeh ASC tərəfindən gecikməyə yol verilmədən dərhal tam icra olunmuş (istisna: əmək kitabçasındakı qeydin etibarsız, hesab edilməsinə dair əlavə qeyd əmək kitabçasına qeyd edilməmişdir, çiinki tələbkar əmək kitabçasını Banka təqdim etməkdən imtina etmişdir), müvafiq ödəmələr İddiaçı köçürülmüş, iddiaçı əvvəlki işinə bərpa olunmuş, lakin o işə çıxmaqdan və vəzifəsinin icrasına başlamaqdan imtina etmiş, bu səbəbdən onun Cavabdeh ASC ilə olan əmək münasibətlərinə xitam verilmişdir. Göründüyü kimi, məcburi işburaxma müddəti üçün bütün ödənişlər Cavabdeh ASC tərəfindən İddiaçı ödənilmişdir. İddiaçı iddia ərizəsində qeyd etdiyi bonuslarla bağlı isə bildirirlər bonuslar işçi tərəfindən görülən işin keyfiyyətinə və nəticəsinə və işçinin göstərdiyi fəaliyyət və əmək funksiyalarının icrası nəticəsində Banka verdiyi xeyirə görə hər bir işçiyə fərdi qaydada hesablanan və ödənilən pul vəsaitidir. İddiaçı və "xxxx" İKB ASC arasında bağlanmış 08 iyun 2018-ci il tarixli 1288 nömrəli əmək müqaviləsinin 4.2-ci bəndinə görə, işçiyə mükafatın verilməsi imperativ şərt kimi deyil, dispozitiv şərt kimi müəyyən olunmuşdur. Bu isə o deməkdir ki, hər hansı haldan asılı olmayaraq işiçiyə mükafatın (bonus) verilib-verilməməsi məsələsinin həlli yalnız və yalnız işəgötürən Bankın mülahizəsindən və qərarından asılıdır. Bundan başqa, bonus - əmək münasibətində real əmək sərf etmiş işçiyə verilən mükafat növüdür. İşdə olan sənədlərdən, habelə İddiaçı özünün də verdiyi məlumatdan məüəyyən edilir ki, o, iddia ərizəsində qeyd etdiyi tarixlərdə işə çıxmamış. Bankda işləməmiş və onun tərəfindən real əmək sərfi olmamışdır. Bu baxımdan hesab edirik ki. İddiaçı bonus şəklində pul hesablanıb ödənilməməlidir. Çünki, İddiaçı həmin tarixlərdə işə özü çıxmamışdır. Onun işə çıxmamasında Bankın təqsiri yoxdur. İşdə olan Yasamal rayon İcra şöbəsinin icra məmuru Səvxan Abbasovun 13 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 08 oktyabr 2022-ci il tarixli 2(l03)-9642/2021 ömrəli icra vərəqəsi işə bərpa olunma hissəsində icra edilmədən məhkəməyə qaytarılmışdır. Həmin qərarı İddiaçı məhkəmə qaydasında mübahisələndirsə də sözügedən qərar qüvvədə saxlanılmışdır. Məhkəmə həmin qərarın ləğvi barədə İddiaçı şikayətini rədd etmişdir. İcra məmurunun həmin Qərarda göstərilir ki, icra sənədinin icrası zamanı Cavabdeh ASC tərəfindən 05 may 2022-ci il tarixində icra vərəqəsinin icrasının təmin edilməsi barədə əmr verilmiş. İddiaçı 43.133,98 manat məbləğində pul köçürülmüş, barəsində qeydə alınmış 01 iyul 2020-ci il tarixli bildirişin etibarsız hesab edilməsi üçün X6 Xidmətinə müraciət olunmuşdur. X6 tərəfindən 01 iyul 2020 tarixli bildiriş 07 iyun 2022-ci il tarixdə etibarsız hesab edilmiş, Bank tərəfindən 07 iyun 2022-ci il tarixdə İddiaçı işə çıxmasına dair bildiriş göndərilmiş, 07 iyun 2022-ci il tarixli məktubla 08 iyun 2022-ci il tarixdə Bankın baş ofisinə dəvət edilmişdir. Lakin İddiaçı işə çıxmamış, işə bərpa edildiyi “28 May” filialının əvvəl işlədiyi “8 saylı” filial olmadığını iddia etmiş, hərəkətsizliyi ilə icra sənədinin icrasına maneçilik törətmişdir. Bununla belə, İddiaçı əmək haqqı ödənilmiş və o, vəsaiti qəbul etmişdir. Bundan başqa, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli qətnaməsinə izah verilməsi barədə ərizə ilə həmin Məhkəməyə müraciət etmiş, Məhkəməsinin 17 avqust 2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tələbkar İddiaçı əvvəl işlədiyi Bankın “8 saylı” filialı hazırda ünvan 3 ünvanında “28 May” filialı kimi fəaliyyət göstərir, yəni “8 saylı” filial ləğv olunmamış, fəaliyyətini yeni ad və ünvan üzrə davam etdirir. Bakı Apellyasiya Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli 2( 103)-9642/2021 nömrəli qərardadı ilə Yasamal rayon İcra şöbəsinin 13 sentyabr 2022-ci il tarixli qərarının ləğv olunması barədə İddiaçı şikayəti təmin edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. İddiaçı və onun nümayəndəsi apelyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
19. cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinə verilən etirazla eyni məzmunlu izahat verdi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 156.1. Əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir; Maddə 157.2. Əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər; Maddə 157.6. Mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. Maddə 158.1. Əməyin ödənilməsi növləri, sistemləri, tarif (vəzifə) maaşları, ona edilmiş əlavələr, mükafatlar, digər həvəsləndirici ödənclərin miqdarı kollektiv müqavilələrlə, əmək müqavilələri ilə müəyyən edilir, kollektiv müqavilənin bağlanmadığı hallarda əmək müqaviləsi ilə və ya işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasında razılaşmalarla müəyyən edilir. Maddə 195. İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır: a. əmək müqaviləsinə qanunsuz və əsassız xitam verilməsi nəticəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda işəgötürən işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya şikayəti ilə qətnamənin tam ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
24. İddiaçı iddiasını onunla əsaslandırır ki, o, filial müdiri vəzifəsində işləyəndə ştat cədvəlinə əsasən aylıq tarif (vəzifə) maaşından başqa əmək müqaviləsində nəzərdə tutulmuş əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaiti (bonus) alırdı. 08 iyun 2020-ci il tarixli əmək müqaviləsinə qanunazidd olaraq xitam verildiyinə görə 01 iyul 2020-26 iyul 2022-ci il tarixləri arası dövrdə (məcburi iş buraxma) həmin bonusları ala bilməmiş, yəni əldən çıxmış qazancdan faydalana bilməmişdir. Bununla da ona maddi ziyan vurulmuşdur.
25. Göründüyü kimi, iddiaçı məcburi iş buraxma dövrü ərzində ona hesablanacaq bonus məbləğlərin tutulmasını xahiş edir və bu pulun əldən çıxmış fayda olduğunu iddia edir.
26. İddiaçının şikayətinin dəlilləri də ondan ibarətdir ki, onun işlədiyi filialın direktoruna ayrıca bonusların (mükafatların) verilməsi nəzərdə tutulmuşdur və həmin bonuslar ayda 2 dəfə ödənilirdi.
27. Kollegiya iddiaçının şikayətinin dəlillərinə tənqidi yanaşaraq qeyd edir ki, şikayətin dəlilləri işin halları ilə öz təsdiqini tapmır.
28. Birinci instansiya məhkəməsinin də haqlı olaraq qeyd etdiyi kimi, "xxxx" İKB ASC və İddiaçı arasında bağlanmış 08 iyun 2018-ci il tarixli, 1288 nömrəli Əmək müqaviləsinin 4.2-ci bəndində mükafatın verilməsi müqavilədə imperativ norma kimi müəyyən olunmamışdır və bu hal işəgötürənin mülahizəsindən asılıdır.
29. Bundan əlavə, bonus əmək münasibətində real əmək sərf edən işçiyə verilən mükafatdır və iddiaçının qeyd etdiyi tarix aralığında əmək prosesində iştirak etmədiyi işin mübahisəsiz halıdır.
30. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən, əldən çıxmış fayda növündə zərərin mövcudluğundan o halda danışmaq olar ki, şəxsin hüququ pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər öz təsdiqini tapsın.
31. Bonus - mükafat sistemi isə işçinin real olaraq işlədiyi işin keyfiyyətindən asılı olaraq işəgötürənin mülahizəsinə asılı olaraq verilən həvəsləndirici tədbir olduğundan, işəgötürənin iddiaçı qarşısında bonusların ödənilməsi ilə bağlı əmək müqaviləsindən irəli gələn hər hansı birbaşa öhdəliyi olmadığından, məcburi iş buraxma dövründə hesablanacaq bonusları 21.2-ci maddəsinin məzmunu baxımından əldən çıxmış fayda hesab etmək olmaz.
32. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı rədd etməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
33. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 2(004)- 2608/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 2(004)- 2608/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasimov
Fuad Abdıyev
Xəyal Sarıyev