Məhkəmə qərarları › İş №2(103)-6127/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6127/2022

26.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6127/2022 26.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-6127/2022 (Açar sözlər: pul tələbi) Bakı şəhəri 26 oktyabr 2022-ci il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı2 nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh və onun nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-105/2022 saylı 21 fevral 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 26 oktyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı2 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 129 kvadrat metr olan 3 otaqlı 492 saylı mənzilin təmiri ilə bağlı sifarişçi İddiaçı1 (həyat yoldaşı) ilə podratçı “B.E.Art Group” tikinti şirkəti arasında xx.xx.2020-ci il tarixli 30/0320 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən podratçı sifariş əsasında təsdiq olunmuş qiymətə uyğun olaraq fəaliyyət göstərdiyi təmir işlərini yerinə yetirməyi öz öhdəsinə götürür. Podratçı müqavilədə nəzərdə tutulan bütün işləri yerinə yetirməli və onların müqavilədə nəzərdə tutulmuş müddətdə tam başa çatmış şəkildə təhvil verilməlidir. Podratçı sifarişçinin ilkin ödənişindən sonra beş iş günü ərzində işə başlayır. Podratçı işə başladığı gündən etibarən 90 gün ərzində işi təhvil verməlidir.

2. Müqaviləyə 0001 nömrəli əlavənin surətindən görünür ki, icraçı təşkilat “BE ART X1” tərəfindən sifarişçi İddiaçı2 evində aparılmalı olan təmir işlərinin dəyəri 27.000 manat məbləğində müəyyən edilmişdir, bunlardan material xərcləri üçün 15.400 manat, cəmi əmək haqqı üçün 8.400 manat, dizayn və layihə işləri üçün 0 manat, nəqliyyət, fəhlə və nəzərdə tutulmayan xərclər üçün 1.200 manat, şirkət gəlirləri üçün 2.000 manat. Əlavənin qeyd hissəsində göstərilmişdir ki, aksesuarlar qiymətə daxil deyil, divar kağızının qiyməti 15 manat, laminatın qiyməti 14 manat, kafel-metlaxın qiyməti 14 manat, giriş qapısı 700 manat, otaq qapılarının dəyəri 500 manata qədərdir. Həmin əlavədə əl ilə yazılmış qeydlərdən məlum olur ki, Cavabdeh 1100 manat dizayn işlənən zaman verilmiş, xx.xx.2020-ci il tarixdə 12.400 manat verilmiş, xx.xx.2020-ci il tarixdə 7.000 manat verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı cavabdehdən 20500 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, pul vəsaitini qanunsuz saxladığına görə 3.000 manat və mənəvi zərərə görə 5.000 manat məbləğində kompensasiyanın iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı2 xx.xx.2016- cı il tarixdə "xxxx" ASC-dən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 129 kvadrat metr olan 3 otaqlı 492 saylı mənzil almışdır. Həmin mənzil təhvil verildikdən sonra mənzildə təmir işlərinin aparılması məqsədi ilə müvafiq elanları nəzərdən keçirmiş və təxminən 2019-cu ilin dekabr ayının sonlarında “Facebook” sosial şəbəkəsində “B.E.Art Group” tikinti şirkəti adı ilə qeydiyyata alınmış səhifəni görmüş və onlarla əlaqə saxlamışdır. Daha sonra şirkətin rəhbəri kimi özünü təqdim edən Cavabdeh ilə razılaşmış və qeyd edilən mənzilin təmir işlərinin aparılması üçün şirkətin yerləşdiyi “X3” 01 aprel 2020-ci il tarixdə müqavilə bağlamışdır. Həmin müqavilə İddiaçı2 xahişi ilə İddiaçı1 tərəfindən bağlanılmışdır. Müqaviləyə əsasən təmir işləri başladığıandan 90 gün ərzində təhvil verilməli, işlərinin həcmi 27.000 manat müəyyən olunmuş, həmin məbləğin 50% əvvəlcədən ödənilməlidir. Müqaviləyə görə dizayn layihəsinin dəyəri də həmin məbləğə daxildir. Müqavilə bağlanan kimi 1.100 manat, xx.xx.2020-ci ildə isə 12.400 manat, cəmi 13.500 manat, yəni 50% ödənilmişdir. Növbəti dəfə xx.xx.2020-ci il tarixdə Cavabdeh 7.000 manat ödənilmişdir. Razılaşmaya əsasən Cavabdeh hazırladığı dizayn layihəsinə uyğun təmir işləri aparılmalı və mənzil İddiaçı2 xx.xx.2020-ci il tarixə kimi təhvil verilməli idi. Daha sonra təmir işlərinin gedişatına baxmaq üçün İddiaçı2 mənzilə getdikdə orada Sərdar adında bir şəxsi görmüş və bildiyinə görə mənzildə prorab olaraq işlərə nəzarət edirdi. Sonradan həmin şəxs də Cavabdehla mübahisə edərək işçiləri ilə birlikdə təmir işlərinin aparılmasından imtina etmişdir. Mənzilə gəlib baxdıqdan sonra təmir işlərinin dizayn layihəsinə tamamilə uyğun olmadığını görəndən sonra Cavabdeh öz narazılığını bildirmişdir. Lakin, o İddiaçı2 inandırdı ki, tezliklə bütün işlər bərpa olunacaq və dizayna uyğun olacaq. Buna baxmayaraq növbəti dəfə İddiaçı2 mənzilə gəldikdən sonra yenə də bərbad, yararsız vəziyyətdə olduğunu görüb Cavabdehla mübahisə etmişdir. Sonuncu dəfə noyabr ayının 23-də mənzildə artıq işlərin getmədiyini gördükdə mənzilin açarlarını Cavabdeh geri götürmüş və pulun qaytarılmasını tələb etmişdir. Daha sonra məlum oldu ki, “B.E.Art.Group” tikinti şirkəti mövcud deyil. Cavabdeh özü də bunu etiraf edərək fərdi sahibkar olduğunu bildirmişdir. Cavabdeh İddiaçı2 aldadaraq özünü şirkətin rəhbəri kimi təqdim etmiş, saxta müqavilə bağlamaqla pulları mənimsəmişdir. Özünə inam yaratmaq üçün də ofisini tanınmış binada - “X3” yerləşdirmişdir. İddiaçı2 dəfələrlə cavavdehdən 20.500 manat pulun qaytarılmasını tələb etsə də, cavabdeh hər cür bəhanələrlə qaytarmaqdan boyun qaçırmışdır. Ona görə də İddiaçı2 onun hərəkətlərindən Xətai rayon polis idarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Cavabdeh polisə verdiyi izahatında iddiaçıya olan borcu etiraf etmişdir. Daha sonra iddiaçıdan şikayət etməməsi üçün xahiş etmiş və tez zamanda təmir işlərinin bərpa edərək mənzilin layihəyə uyğun hazırlamasına söz vermişdir. Lakin, Cavabdeh təkrar olaraq iddiaçını aldatmış, təmir işlərinə başlamamış, pulları da qaytarmaqdan imtina etmişdir. Xətai RPİ tərəfindən İddiaçı2 şikayəti əsasında toplanmış material üzrə xx.xx.2020-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, eyni zamanda mülki qaydada məhkəməyə müraciət olunmasına tövsiyyə edilmişdir. Cavabdeh İddiaçı2 qaytarılmalı olduğu məbləği bir ildir ki qanunsuz özündə saxlayır. Hesab edirik ki, pul vəsaitini qanunsuz saxlamaqla onu qaytarmaqdan boyun qaçırdığına görə cavabdehdən 3.000 manat tutularaq İddiaçı2 ödənilməlidir. Bundan əlavə, Cavabdeh hərəkətsizliyi nəticəsində pul öhdəliyi icra etmədiyinə görə İddiaçı2 mənəvi zərər vurmuşdur. Belə ki, uzun müddət keçməsinə baxmayaraq bu günə kimi kimi pulun qaytarılmaması İddiaçı2 dəfələrlə mənəvi iztirab və sarsıntılar vermişdir. Artıq uzun müddətdir ki psixi gərginlik şəraitində yaşayır. Ona görə də hesab edirik ki, cavabdeh İddiaçı2 mənəvi zərərə görə 5.000 manat məbləğində kompensasiya ödəməlidir. İddiaçılar hesab edirik ki, Cavabdeh 20.500 manat məbləğində pul vəsaitini İddiaçı2 qaytarmalı, pul vəsaitinin qanunsuz saxlamaqla onu qaytarmaqdan boyun qaçırdığına görə 3.000 manat və mənəvi zərərə görə 5.000 manat məbləğində kompensasiya ödəməlidir. Bundan əlavə, Cavabdeh tərəfindən mövcud olmayan şirkət adı ilə saxta müqavilə bağlamaqla pul vəsaitinin mənimsəməsinə görə onun barəsində cinayət təqibi başlanılması və cinayət məsuliyyətinə cəlb edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə göndərilməklə xüsusi qərardad çıxarılmalıdır.

5. Daha sonra iddiaçı iddia tələblərinin artırılması haqqında ərizə ilə müraciət edərək məhkəmədən Cavabdeh 20.500 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, mənzilin təhvil müddətinin gecikdirildiyi üçün 14.742 manat məbləğində cərimə və mənəvi zərərə görə 5.000 manat məbləğində kompensasiyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etdi.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli e-2(011)- 105/2022 saylı qətnaməsi ilə (hakim Əminə Abbasova) iddianın qismən təmin edilməsi, cavabdehdən iddiaçının xeyrinə 18.581 manat, cərimə borcuna görə 500 manat, mənəvi zərərə görə 500 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin tutulması, ekspertiza tədqiqatının dəyərinə görə 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 443.1, 443.2, 448.1, 448.2, 462.1, 467, 752.1, 759.1, 759.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apelyasiya şikayətində göstərilmişdir ki, cavabdeh və iddiaçı arasında xx.xx.2020 tarixində Podrat Müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə cavabdehə 2 dəfə olmaqla cəmi 19.400 manat ödəniş etmişdir. Ödənişlər ilk gündən müqavilə şərtlərinə uyğun ödənilməmişdir. Cavabdeh 2020-ci ilin aprel ayından 2021-ci ilin mart-aprel aylarına qədər müvafiq mənzildə işlər görmüşdür. Cavabdeh iddiaçının verdiyi ödənişdən artıq məbləğdə işlər görmüşdür və digər xərcləri öz hesabına çəkmişdir. Cavabdehin müxtəlif vaxtlarda öz vəsaiti hesabına gördüyü işlər (xərclər) iddiaçı tərəfindən ödənilmədiyinə görə işlər tam yekunlaşmamışdır. Buna baxmayaraq iddiaçı cavabdehə müqavilə şərtlərinə müvafiq işləri başa çatdırmağa süni şəkildə imkan verməmiş və bir neçə dəfə əsassız şikayətlər və narazılıq edərək onu evdən qovmağa çalışmışdır ki, görülən işlərin dəyəri ödənilməsin və qazanclı olsun. Belə ki, birinci dəfə kafelin alınması üçün hər iki iddiaçı və cavabdeh Çanaqqala Seramik dükanına gedilmiş, iddiaçı öz tanışlarından kafel alınmışdır. Kafellər iki sıra vurulduqdan sonra istehsal qüsuru ortaya çıxmış qaytarmaq istəmiş, lakin iddiaçılar buna razılaşmayıb vurdurmuşlar. Sonradan vurulandan sonra qüsur aşkar görünəndə onlar sökülməyi tələb etmişlər və bu zaman etirazını bildirmişdir. Həmin ərəfədə isə iddiaçı İlhamə Qədəşli onu ağır şəkildə təhqit etmiş və üstünə başqa-başqa insanları hədə qorxu ilə göndərmişdir. Daha sonralar isə onun vasitəsilə tanış olduğu və işdə şahid kimi keçən X2 ilə tanış olmuş və onu işin başına gətirmişdir. Bundan sonra tavan-alçıpan işinin bəyənib təhvil almışlar (bütün bunlar məhkəməyə təqdim etdikləri votsapp yazışmalarında var idi). Növbəti dəfə isə döşəmədə bəzi yerlərdə problemlər çıxmış, bunu isə özlərinin gətirdiyi ustaya ödənişi etməklə o, şəxsən (cavabdeh) aradan qaldırmışdır. Daha sonra da iddiaçı İlhamə Qədəşli ona bildirmişdir ki, "sən təkrarən kafeli dəyiş, divar kağızlarını biz özümüz vurarıq". İşin hallarına baxarkən müqavilə üzrə ödənişlərin (ilkin 50%, sonra isə 40%) düzgün və vaxtında verilmədiyinin şahidi olurlar. Təbii ki, o, buna etiraz etmiş, lakin iddiaçı onu inandırmışdır ki, bu məsələ tezliklə həll olunacaq və o, işə başlasın. Eyni zamanda cavabdeh müştəri məmnuniyyəti üçün müştəriyə ciddi etiraz etməmişdir və ona inanmışdır. Belə olan halda müqavilənin şərtlərinin kobud pozuntusuna ilk öncə iddiaçı yol verib. Bu hal isə işlərin vaxtında başa çatdırılmasına birbaşa əngəl olub. Eyni zamanda aşkar görünür ki, iddiaçı tərəf cavabdehə ödəməli olduğu qalıq məbləği də, yəni 7.000 manat da verməmişdir. Qalıq ödənişin edilməməsi də işlərin normal aparılmasına ciddi mane olmuşdur. xx.xx.2020-ci il tarixdi Podrat müqaviləsindən görünür ki, təmir işləri üzrə dizayn xidmətləri müqaviləyə daxil deyildir və dizayn üçün müqavildən kanar 1.100 manat ödəniş edilmişdir. Bu müqavilənin 1 saylı Əlavəsindən də aşkar görünür. İşin hallarından, habelə Xətai RPİ-nin xx.xx.2020-ci il tarixli Qərarından da görünür ki, iddiaçı dizayn işlərini özü tam bəyənmişdi. Deməli dizaynın tərtibində heç bir qüsura yol verilməmişdir və dizayn xidmətləri iddiaçı tərəfindən qəbul edilmiş, buna uyğun ödəniş də edilmişdir. Bu halda isə dizayn işləri üçün ödənilən 1.100 manat məbləğin tələb edilməsi tam əsassızdır. Müqavilə üzrə ödənişlər az verildiyindən işlər bir müddət uzansa da iddiaçı bunu görmüş, bildimiş və aralarından olan danışıqlar əsasında bunu tənzimləmişlər. Məhz buna görə də işlərin görülməsi iddiaçının istəyinə uyğun olaraq 2021-ci ilin əvvəlinə qədər davam etdirilmişdir. İşlərin belə uzanması isə bazarda tikinti materiallarının qiymətinin qalxması ilə nəticələnib və bu əsnada da cavabdehə ziyan dəyib. Bütün bu qiymət artımından isə iddiaçının xəbəri olmuş və o, bunların kompensasiya edilcəyinə söz vermişdir. İşlərin görülməsi zamanı cavabdeh bir neçə dəfə eyni işi görməyə məcbur edilmişdir. Konkret olaraq kafelin alışı iddiaçı tərəfindən özünün istəyi ilə həyata keçirilmişdir. Bundan sonra evə gətiriləndə cavabdeh bir neçə katel yapışdırandan sonra həmin katellərin yararsız, eyni ara məsafisinin düzgün olmaması, kənarlarının düzgün oturmamasını deyib va bunların mütləq dəyişdirilməli olmasını bildirmişdir. Lakin iddiaçi buna qəti etiraz etmiş va vurulmasını tələb etmişdir. Vurulub qurtarandan sonra isə iddiaçı həmin kafellərin sökülməsini tapşırmışdır. Bu kimi hallar podrat işlərinin bir çox mərhələsində baş vermişdir ki, bu da müqavilənin yekunlaşmasını mümkünsüz etmişdir. İddia ərizəsində qeyd edilir ki, guya iddiaçı cavabdehə ikinci ödənişi tez etmişdir. Halbuki ki, bu belə deyil. İddiaçı həqiqətən də görmüşdür ki, cavabdeh iş görür, verilən məbləğ çatışmır və buna görə də özü könüllü şəkildə, aldadılmadan ikinci ödənişi etmişdir. İşin gedişində müəyyən yubanmalar olsa da bu heç də cavabdehin təqsirindən baş verməmiş, həmin vaxt ölkədə tətbiq edilən karantin rejimindən qaynaqlanmışdır. Habelə bir neçə dəfə bəzi işçilər, fəhlələr işi buraxıb getsələr belə cavabdeh dərhal yeni işçi tapmış və işləri yeni işçilərlə davam etdirmişdir. İşin hallarından və təqdim etdikləri etirazdan görünür ki, işlərin gecikməsinin əsas səbəbi iddiaçı olmuşdur. Bununla baglı tərəflər arasında votsap proqramı ilə yazışmalar aparılmış, iddiaçı özü bir neçə dəfə cavabdeh və onun ustaların evdən qovmuş və işləməyə şərait yaratmamışdır. Bununla baglı məhkəməyə yazışmalar təqdim edilmişdir. İddiaçı özünə dəymiş maddi zərərin məbləğini özünün təqdim etdiyi heç bir sübutla təsdiq edə bilməmişdir. İddiaçı ən azından evin təmirini müqavilədən kənar öz vəsaiti ilə başqa ustaya çəkdiyi xərcləri üzrə hər hansı müqavilə, çek, qəbz, bank sənədi taqdim edə bilməmişdir. İş üzrə ifadə verən şahid isə yalnız əlavə cüzi işlər görüdüyünü təsdiq etmiş və aldığı məbləği bir neçə yüz manat olmuşdur. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmənin tərəflərin arasındakı real faktiki münasibətlərin araşdırılması və qiymətləndirilməsi ilə bağlı bir öhdəliyi vardır. Məhz bu məqsədlə işə aid olan və ədalətli, obyektiv qətnamə çıxarılmasına səbəb ola biləcək qarşılıqlı yazışmalar, danışıqlar barədə votsap proqramından çıxarışlar təqdim edilmişdir. Həmin yazışmaları qarşı tərəf də etiraz etmiş və o da analoji yazışmalar təqdim etmişdir (təbii ki, öz xeyrinə olan hissələrdən çıxarışlar verməklə). Məhkəmə isə qətnamədə qeyd etdiyi kimi bu sübutları işə aid olan sübut kimi nəzərə almamış və qəbul etməmişdir. Bu qəbildən olan ikinci sübutları isə işlərin görülməsi ilə bağlı məhz həmin dövrdə alınmış tikinti və inşaat mallarının işgüzar dövriyyədə tətbiq edilən qaimələr, qəbzləri, çeklər olmuşdur. Məhkəmə bu kimi xərc sənədlərini də sübut kimi qəbul etməkdən əsassız imtina etmişdir ki, guya bunların mənbəyini, aidliyini müəyyən etmək mümkün deyil. Halbuki, müvafiq sənədlərdə alınmış malların adı, növü, sayı, çəkisi, tarixi əks olunmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. İddiaçıların nümayəndəsi-vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz verərək, apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli e-2(011)-105/2022 saylı qətnaməsini dəyişdirmədən saxlanılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayətinə etiraz onunla əsalandırılmışdır ki, cavabdehin apellyasiya şikayətində göstərilənlər həqiqətə uyğun deyil və məsuliyyətdən yayınmaq üçün məhkəməyə yalnış dəlillər bildirir, hansı ki iş materialları ilə tam təkzib edilir.

c) Proses iştirakçılarının izahatı

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiçıların nümayəndəsi-vəkili apelyasiya şikayətinə etirazin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh və onun nümayəndəsivəkili apelyasiya şikayətini müdafiə edib, onun dəlillərinə uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdilər.

14. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər iddiaçı məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

15. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

16. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

17. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. Maddə 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

19. Maddə 443.2 Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

20. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

21. Maddə 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

22. Maddə 462.1 Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

23. Maddə 467 Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

24. Maddə 756.1. Əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur.

25. Maddə 759.2 Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.

26. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

27. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

34. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsi iddianın rədd edilməsi xahiş edilsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh yalnız iddianın təmin olunması hissəsində qətnaməni mübahisələndirmişdir. Ona görə də qətnamə həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

36. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək iddianı qismən təmin etməkdə haqlı olmuşdur.

37. Belə ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn hüquq münasibətlərinin yaranması, cavabdeh tərəfin isə həmin müqaviləyə əsasən müəyyən olunmuş muzdun bir hissəsini aldığı halda, üzərinə götürdüyü öhdəlikləri tam və vaxtında icra etməməsi, yəni razılaşdırılmış işlərin müəyyən olunan müddətdə yerinə yetirməməsi işin mübahisələndirilməyən hallarıdır.

38. Düzdür, o da xüsusi ilə qeyd olunmalıdır ki, cavabdeh tərəf müqaviləni imzalayarkən özünü “BE ART X1”-nin direktoru kimi qələmə vermiş, halbuki iş materialları ilə təqdiqlənir ki, belə bir şirkət (hüquqi şəxs) ümumiyyətlə mövcud olmamış və cavabdeh “şirkətin” direktoru da təyin edilməmişdir.

39. Məhkəmə kollegiyası qeyd edir ki, apelyatorun dəlilləri iş materialları ilə təkzib olunmaqla işin halları və məhkəmə iclasında aparılmış araşdırma zamanı öz təsdiqini tapmamamışdır.

40. Belə ki, “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı2 müraciətində göstərilən xüsusatlar mülki xarakterli olduğundan və toplanılmış materiallar üzrə Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Qərardan görünür ki, Cavabdeh polis şöbəsində verdiyi izahatında göstərmişdir ki, fərdi qaydada dizayn, təmir və tikinti işləri ilə məşğul olur. Rəsmi olaraq fiziki şəxs kimi vergi ödəyicisidir. Təhminən 2019-cu ilin dekabr ayında “Facebook” Sosial şəbəkəsində İddiaçı2 adlı qadın ilə tanış olmuşdur. xx.xx.2020-ci il tarixində o, şəriki Ruslan ilə birlikdə İddiaçı2 mənzilində görüş keçirmişdirlər və hesabatlar apararaq dizayn və təmir işləri üçün 27.000 manat pul istəmişdirlər. İlhamə xanım onunla razılaşmış və ilkin olaraq İlhamə xanımın elektron ünvanına mənzilin dizayn işlərini işləyərək göndərmişdir. İddiaçı2 işlədiyi dizaynı bəyənmiş və mənzildə təmir aparılmasına qərar vermişdir. Təmirə başlamaq üçün ilkin olaraq İddiaçı2 dizayn işləri daxil 13.500 manat məbləğində pul almış və ustalar ilə razılaşaraq işlərə başlamışdır. Bir müddət sonra İddiaçı2 7.000 manat pul almış və təmir işlərini davam etmişdir. Daha sonra onun mənzilində işləyən ustalar ilə arasında müxtəlif problemlər yaranmış, şəriki Ruslana pul vermişdir ki, usta Sərdara versin. Sərdar isə pulu götürərək ortadan itmişdir. Bu problemlərə görə yubanmışdır. Hal-hazırda işləri davam etdirməyə hazırdır. Ümumi olaraq İddiaçı2 20.500 manat məbləğində pul almış və həmin pulun müqabilində evində təmir işləri aparmışdır. Hal-hazırda evdə divar kağızları və laminant vurulmalıdır.

41. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/4509 nömrəli, xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən müəyyən edilir ki, Bakı şəhəri, Məhəmməd Hadi küçəsi, ümumi sahəsi 129 kv.m. olan 3 otaqlı 58 nömrəli evin 492 nömrəli mənzilində aparılmış təmir-tikinti işləri yarımçıq olduğu üçün tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 30/0320 nömrəli Müqaviləyə və Dizayn layihəsinə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmadı. Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ümumi sahəsi 129 kv.metr olan 3 otaqlı 58 nömrəli evin 492 nömrəli mənzilində Cavabdeh tərəfindən aparılmış tikinti-təmir işləri baxış zamanı əldə olunmuş iş materiallarında olan fotoşəkillərində və videogörüntülərdə öz əksini tapmış məlmatlarına əsasən, həmin təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 13834,0 manat məbləğində müəyyən olunmuşdur. Tədqiq olunan mənzildə aparılmış tikinti-təmir işlərinin nədən ibarət olması, həmin tikinti işləri nəticəsində istifadə olunmuş materialların və əmək haqqının ayrı-ayrılıqda dəyəri rəyin tədqiqat hissəsində göstərilən smetada ətraflı göstərilmişdir. Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ümumi sahəsi 129 kv.m. olan 3 otaqlı 58 nömrəli evin 492 nömrəli mənzilində Cavabdeh tərəfindən aparılmış təmir-tikinti işlərinin (tavanında vurulmuş alçipanın və döşəmənin altında yığılmış taxta konstruksiyası) tikinti texnologiyasında uyğun aparılmamışdır. Lakin istifadə olunmuş materialların keyfiyyətli olub olmamasının müəyyən olunması tikinti ekspertinin səlahiyyətlərin aid deyildir. Tədqiq olunan mənzildə yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı təmir və bərpa işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təmir işləri zamanı irəli gələn əlavə söküntü işlərindən, tərəflər arasında razılaşdırılmış əmək haqqı məbləğindən və istifadə olunmuş materiallardan asılı olaraq müəyyən oluna bilər. Ekspert tərəfindən qeyd olunur ki, tikililərə yanğın nəticəsində dəymiş ziyanın dəyəri təmir zamanı istifadə olunacaq tikinti materiallarından və tikintiyə sərf ediləcək xidmət haqqından asılı olaraq müəyyən edilə bilər. Eyni zamanda, qeyd olunur ki, yaşayış evinin otaqlarına mövcud olan qüsurları nəzərə alaraq, həmin qüsurların aradan qaldırılması üçün təmirinə sərf edə biləcək xərcin ümumi dəyəri 10200 manat məbləğində (102,0 m2 x 100 manat) müəyyən olunur.

42. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh İddiaçı2 20500 manat məbləğində pul almış, lakin İddiaçı2 məxsus mənzildə cəmi 12119 manat dəyərində işlər görmüşdür (mənzilin təmiri üzrə kombi sisteminin quraşdırılması, dekorativ daşların vurulması, divar və tavanın boya ilə rənglənməsi işləri Cavabdeh tərəfindən icra edilməmişdir). Həmin işlərdən bir sıra işlərin İddiaçı2 tərəfindən təkrar görüldüyü, həmçinin, cavabdeh tərəfindən müqavilə üzrə işlərin keyfiyyətli görülmədiyinə görə mövcud olan qüsurların aradan qaldırılması üçün ekspert tərəfindən müəyyən edilmiş sərf edilə biləcək xərci nəzərə alaraq, kollegiya belə qənaətə gəlir ki, 18581 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qanuni, əsaslı və ədalətlidirlidir.

43. Belə ki, yuxarıda qeyd olunan ekspert rəyindən də göründüyü kimi, iddiaçıların mənzilində Cavabdeh tərəfindən aparılmış tikinti-təmir işləri baxış zamanı əldə olunmuş iş materiallarında olan fotoşəkillərində və videogörüntülərdə öz əksini tapmış məlumatlarına əsasən, həmin təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 13834,0 manat məbləğində müəyyən olunmuşdur. Həmçinin, qeyd olunmuşdur ki, yaşayış evinin otaqlarına mövcud olan qüsurları nəzərə alaraq, həmin qüsurların aradan qaldırılması üçün təmirinə sərf edə biləcək xərcin ümumi dəyəri 10200 manat məbləğində müəyyən olunur.

44. Beləliklə, təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri olan 13834,0 manatdan kombi sisteminin quraşdırılması (800 manat), dekorativ daşların vurulması (300 manat), divar və tavanın boya ilə rənglənməsi işləri (456 manat) və boyanın qiyməti (159 manat) çıxıldıqda nəticədə 12119 manat qalır (13834-800-300-456- 159= 12119).

45. Cavabdehə təmir üçün verilmiş 20500 manat məbləğindən 12119 manat (cavabdehin gördüyü işlərin dəyəri) çıxıldıqda isə nəticədə 8381 manat qalır. (20500 – 12119 = 8381). Rəydə qeyd edilən qüsurların aradan qaldırılması üçün təmirinə sərf edə biləcək xərcin ümumi dəyəri 10200 manat məbləğin üzərinə 8381 manat əlavə edilir və nəticədə zərərin məbləği 18581 manat təşkil edir (10200+8381=18581 manat).

46. Dizayn işlərinə gorə ödənilmiş 1100 manatın ümumi məbləğdən çıxılması ilə bağlı dəlilə münasibətdə kollegiya qeyd edir ki, bu dəlil də iş materialları və tərəflərin izahatı ilə öz təqdiqin tapmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qeyd olunan məbləğ (1100 manat) tərəflər arasında bağlanmış müqavilədəki əlavədə qeyd olunduğu kimi, dizayn işlərinə görə deyil, dizayn işlənən zaman verilmişdir. Həmçinin, tərəflərin izahatından da müəyyən edilmişdir ki, tərəflər arasında dizayn işlərinə görə ayrıca məbləğ müəyyən edilməmişdir.

47. Məhkəmə kollegiyası cavabdehdən cərimə məbləğinin tutulması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Bunun əsası isə tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndində öz əksini tapmışdır.

48. Kollegiya, həmçinin, cavabdehdən mənəvi zərərin əvəzi olaraq 500 manatın tutulmasını da əsaslı hesab edir. Çünki, cavabdeh tərəfindən yuxarıda qeyd edilən müqavilənin pozulması nəticəsində iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı keçirtdiyi stress vəziyyəti ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, yuxarıda qeyd olunan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi və ”Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər.

49. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir.

51. Digər tərəfdən iş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı2 xx.xx.2021-i il tarixindən bu günə qədər mütəmadi olaraq PSYLand- Psixologiya və İnkişaf Mərkəzinin psixoloji konsultasiya xidmətini alır. Bu müddət ərzində İddiaçı2 depresiv əhval, yuxu pozuntuları kimi hallar müşahidə olunub və bununla bağlı psixoloji müdaxilə işə həyata keçirilib.

52. Məhkəmə kollegiyası, həmçinin, iş materiallarına əlavə edilmiş tərəflər arasında olan yazışmaları (“whatsapp” səs və video) tədqiq edərək qeyd edir ki, həmin yazışmalarda da cavabdehin dəlillərini əsaslı hesab ediləcək hallar müəyyən olunmamış, əksinə müqavilə üzrə cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada icra edilməməsi müəyyən edimişdir.

53. Beləliklə kollegiya, belə qənaətə gəlir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.

54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-105/2022 saylı iş üzrə 21 fevral 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar