Məhkəmə qərarları › İş №2(103)-6127/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6127/2023

18.10.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6127/2023 18.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə və Bakı şəhəri Təhsil İdarəsinə qarşı iş üzrə (Açar sözlər: işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu, (sədrlik edən və məruzəçi), X2 və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin vəkili X3 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 18 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı AR Təhsil Nazirliyi Bakı şəhər Təhsil İdarəsinin xx.xx.2017-ci il tarixli K-941 nömrəli əmri ilə Bakı şəhəri 169 saylı orta məktəbə dirtektor müavini vəzifəsinə, 22 aprel 2019-cu il tarixdən isə direktor vəzifəsinə təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə F- 268 saylı AR Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “İntizam Tənbehinin tətbiq edilməsi barədə” əmr imzalanmış, xx.xx.2022-ci il tarixdə İddiaçı ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə və Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Təhsil Nazirinin K-693/1 nömrəli, 22 iyul 2022-ci il tarixli və cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin 10 avqust 2022-ci il tarixli K-973 saylı əmrinin müvafiq hissəsinin ləğv edilərək məcburi işburaxmaya görə əmək haqqı ödənilməklə işə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, onunla bağlanmış əmək müqaviləsinə qanunsuz xitam verilmiş, Bakı şəhər Təhsil İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə son haqq hesab köçürülməmiş və əmək kitabçası iddiaçıya təqdim edilməmişdir. Əmrdə qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdən əmək müqaviləsinə xitam verilsin. O, Bakı şəhəri 169 saylı orta məktəbdə direktor vəzifəsi ilə yanaşı müəllim kimi də çalışmış, lakin cavabdehlər tərəfindən bunların heç biri nəzərə alınmamışdır. Bir əmr imzalamaqla 2 əmək müqaviləsinə birdəfəlik xitam vermişdir.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-916/2023 saylı, 30 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim M.Əfəndizadə) iddia təmin olunmuşdur.

5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43, 45, 46, 49, 68, 73, 76-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının təhsil naziri ilə iddiaçı arasında əmək müqaviləsi bağlanmış və müqavilənin müddəti tərəflərin razılığı ilə müəyyən edilmişdir. Əmək müqaviləsi bağlanılarkən ƏƏSMN-nin X1 Sisteminə yerləşdirilmişdir. Əmək müqaviləsinin müddətinin qurtarması - əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. Məhkəmə maddi hüquq normlarının tətbiqində yanlışlığa yol vermişdir. Belə ki, məhkəmə əmək bildirişinin sistemə daxil edilmə tarixini müddətli əmək müqaviləsinin müddəti kimi qəbul etmiş və əsassız olaraq iddia tələbini təmin etmişdir. Məhkəmə qətnaməsində tətbiq edilən maddi hüquq normaları işin faktiki hallarına uyğun gəlmir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

10. İddiaçı və nümayəndəsi isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdilər.

11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən digər cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Əmək Məcəlləsi

12. Maddə 43, hissə 2, bənd “d”. Əmək müqaviləsinin müddəti əmək müqaviləsində mütləq göstərilməlidir. 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

13. Maddə 46, hissə 6. Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər.

14. Maddə 49, hissə 1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.

15. Maddə 68, hissə 2, bənd “b”. Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır.

16. Maddə 73, hissə 1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

17. Maddə 76, hissə 2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.

18. Maddə 83, hissə 1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

19. Maddə 83, hissə 2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

21. Hazırkı işdə iddia təmin olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

23. İddiaçı ilə əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən ləğv edilmişdir.

24. 68-ci maddənin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır.

25. Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 7ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.

26. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən isə görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müqavilə müddətinin bitməsi əsası ilə 21 iyul 2022-ci il tarixdən xitam verilsə də, bildiriş elektron informasiya sisteminə 19 oktyabr 2022-ci il tarixdə daxil edilmişdir.

27. Bu o dəməkdir ki, ididaçı ilə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı hüquqi nəticələr də xx.xx.2022-ci il tarixdən yaranmışdır.

28. Əmək Məcəlləsinə əsasən 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur (maddə 73, 1-ci hissə).

29. Müqavilə müddəti bitdikdən sonrakı bir həftə ərzində cavabdeh tərəfindən müqaviləyə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə yerləşdirilmədiyindən, əmək müqaviləsinə xitam verilməsi barədə əmr hüquqi qüvvəyə minməmiş, əmək münasibətləri davam etdirilmişdir. Bununla da, tərəflər arasında bağlanmış əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunmuşdur ki, həmin müqavilənin qüvvədə olduğu müddətdə cavabdeh tərəfindən əmək müqaviləsinə müqavilənin müddətinin bitməsi əsası ilə xitam verilməsi qanunsuz olmuşdur.

30. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı 22 aprel 2019-cu il tarixdə direktor vəzifəsində müddətli əmək müqaviləsi ilə əmək fəaliyyətinə başlasa da, əmək müqavilələrinin elektron bildiriş sistemində 2019-cu ildən 2022-ci ilədək əmək müqavilələrinin heç biri müəyyən olunmamışdır. Yəni, cavabdeh 2020-ci il və 2021-ci il üçün əmək müqavilələrinin uzadılması barədə müvafiq bildirişləri sistemə daxil etməyib. Digər tərəfdən, ikin müddətli əmək müqaviləsi 22 aprel 2019-cu il tarixdə bağlandığı halda, hansı əsasla əmək müqaviləsinin müddətinin 15 iyul 2022-ci il tarixdə bitməsi anlaşılan deyil. Cavabdeh tərəf əmək müqaviləsinin qurtardığı tarixin dəyişdirilməsi barədə iddiaçının razılığının olub-olmamasına dair məhkəməyə sübut təqdim etməmişdir. Həmçinin, cavabdeh tərəf ilkin əmək müqaviləsini və iddiaçının əmək kitabçasını nə birinci instansiya məhkəməsində işə baxılarkən, nə də apellyasiya baxışı zamanı işə baxan məhkəməyə təqdim etməmişdir. Qeyd edilməlidir ki, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübutetmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən əmək və icra intizamı ilə əlaqədar bütün sənədləşdirmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. Hazırkı əmək mübahisəsindən və iş materiallarından göründüyü kimi iddiaçının tələblərini təkzib edəcək hər hansı mötəbər sübutlar mövcud deyil.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

32. Birinci instansiya məhkəməsi yuxarıda göstərilənləri nəzərə alaraq bu qənaətə gəlmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin “b” bəndi ilə xitam verilməsi barədə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirinin xx.xx.2022-ci il tarixli, K-867 saylı əmri və bu əmrin əsasında Bakı şəhəri Təhsil İdarəsi tərəfindən verilmiş 10 avqust 2022-ci il tarixli, K-973 saylı əmr qanuni hesab edilə bilməz, həmin əmrlər ləğv edilməli və iddiaçı əvvəlki iş yerinə bərpa edilməlidir.

33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmənin gəldiyi bu nəticə işin həqiqi hallarına uyğun olmaqla əsaslıdır.

34. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, iddiaçı əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə işdən azad olunmuşdur. Şikayətin dəlilləri isə işdən azad olunma barədə əmrin əsaslarına aid olmamaqla qanunvericiliyin normaları və iş materiallarına istinadla əsaslandırılmamışdır.

35. Apellyasiya şikayətinin dəlilləri iddiaya etirazın dəlilləri ilə üst-üstə düşdüyündən Kollegiya həmin dəlilləri bir daha təkrarlanmaya zərurət görmür.

36. Məhkəmə kollegiyasının qənaətinə görə yuxarıda qeyd olunanlar iddiaçının işdən qanunsuz azad edilməsi barədə qənaətə gəlmək üçün birmənalı əsas verir və bu baxımdan birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur.

37. MPM-ə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (maddə 385.2).

38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 30 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar