Məhkəmə qərarları › İş №2(103)-613/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-613/2024

03.09.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-613/2024 03.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: özbaşına tikilinin sökülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X4 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil3, Cavabdeh nümayəndəsi-vəkili Vəkil4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması, özbaşına tikililərin sökülməsi və ərazinin ilkin vəziyyətinin bərpa edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-221/2022 saylı, 15 dekabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh adına qeydə alınmışdır.

2. BŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsinin 2014-cü il tarixli, 14/243 saylı Ayrıc aktına əsasən, BŞİH başçısının xx.xx.2014-cü il tarixli, 166 saylı sərəncamı ilə N.Yusifbəyli, Xan Şuşinski, M.Sənani və Azadlıq prospekti ünvanında, sahəsi 1.2509 hektar ərazi İddiaçı MTK-nın istifadəsinə verilib.

3. Bakı Şəhəri İcra Hakimiyyəti başçısının 15 aprel 2014-cü il tarixli, 166 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, N.Yusifbəyli, Xan Şuşinski, M.Sənani və Azadlıq prospektlərinin əhatə etdiyi 954-cü məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerlərində yüksək mərtəbəli yaşayış binalarının tikintisinin aparılması İddiaçı MTK-ya həvalə edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı MTK Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında Cavabdeh tərəfindən zəbt olunmuş torpaq sahəsinin boşaldılması, həmin sahədə inşa edilmiş özbaşına tikililərin sökülməsi və ərazinin ilkin vəziyyətinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri İcra Hakimiyyəti başçısının 15 aprel 2014-cü il tarixli, 166 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, N.Yusifbəyli, Xan Şuşinski, M.Sənani və Azadlıq prospektlərinin əhatə etdiyi 954-cü məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerlərində yüksək mərtəbəli yaşayış binalarının tikintisinin aparılması İddiaçı MTK-ya həvalə edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 14/243 nömrəli “Ayrıc aktı” ilə yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi nəzərdə tutulmuş sahənin hüdudları müəyyən edilmişdir. İddiaçı tərəfindən hazırki vaxta kimi qeyd olunan ərazidə yerləşən bir sıra yaşayış və qeyri-yaşayış obyektləri hüquqmüəyyənedici sənədlər əsasında qanuni sahiblərindən alınaraq sökülmüş, onların yerində yeni və müasir yüksəkmərtəbəli binalar inşa edilmiş, ərazi abadlaşdırılmışdır. Halhazırda İddiaçı MTK tərəfindən BŞİH başçısının 15 aprel 2014-cü il tarixli, 166 nömrəli sərəncamının icrası ilə bağlı görülən işlər çərçivəsində həmin ərazidə yerləşən və sahiblərindən satın alınmış digər yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi və həmin sahələrin kommunal təchizatlarının kəsilməsi istiqamətində işlər aparılır. Son vaxtlar BŞİH başçısının 15 aprel 2014-cü il tarixli 166 nömrəli sərəncamı ilə əhatə olunan ərazidə yerləşən bəzi yaşayış və qeyri-yaşayış sahələrinin istifadəçilərinin qanunsuz hərəkətləri nəticəsində iddiaçı tərəfindən aparılan işlərə maneələr yaradılmağa başlanılmışdır. Bəzi sakinlər tərəfindən özbaşına tikinti işlərinin aparılması, piyadalar üçün nəzərdə tutulmuş yolların zəbt edilməsi, evlərin təyinatının özbaşına dəyişdirilməsi və s. bu kimi hallar ciddi qanun pozuntusuna səbəb olmaqla yanaşı, qanuni fəaliyyətlərinə də mane olmuşdur. Hazırki iddia ərizəsi üzrə cavabdeh Ələkbərov X3 rayonu, Xan Şuşinski küçəsində piyadalar üçün nəzərdə tutulmuş səkinin bir hissəsinin zəbt edərək orada özbaşına iaşə obyekti inşa etmişdir. Dəfələrlə cavabdehdən qanunsuz hərəkətlərinə son qoyulması, özbaşına tikilini sökərək ərazinin əvvəlki vəziyyətinin bərpa edilməsi və piyadaların hərəkət hissəsinin boşaldılması tələb edilsə də, heç bir nəticə əldə edilməmişdir. İddiaçı MTK tərəfindən cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsinə dair şikayət ərizəsi ilə Nərimanov Rayon Polis İdarəsinə müraciət edilmişdir. Nərimanov Rayon Polis İdarəsi tərəfindən müvafiq araşdırma aparılmış, şikayətlə əlaqədar sənədlər əldə edilmiş və cavabdehdən izahat alınmışdır. Təqdim olunmuş sənədlərə əsasən müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında ümumi sahəsi 204,26 kv.m olan qeyri-yaşayış sahəsi “Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış”a əsasən mülkiyyət hüququ ilə xx.xx.2020-ci il tarixində Cavabdeh adına daşınmaz əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. Cavabdeh ona məxsus olan qeyri-yaşayış sahəsinə bitişik ərazidə əlavə olaraq 80 kv/m yaxın torpaq sahəsini zəbt edərək orada özbaşına tikili inşa etmişdir.

6. Cavabdeh iddiaya etiraz edərək qeyd etmişdir ki, iddiaçının da qeyd etdiyi kimi sözügedən ünvandakı əmlak onun xüsusi mülkiyyətindədir. Ailə üzvləri ilə birgə həmin evdə yaşayır, evin bir hissəsi qanunvericiliyə uyğun olaraq qeyri-yaşayış sahəsinə çevrilmişdir, o, 1988-ci ildən etibarən həmin yerdə sahiblkarlıq faəliyyəti ilə məşğul olmuşdur. Ona sözügən daşınmaz əmlaka hüquqları barədə ARİN yanında ƏMDX tərəfindən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən müvafiq çıxarış verilmişdir. Həmin çıxarışa əlavə olunan tikilinin planında da iddiaçının sökülməsini tələb etdiyi tikili mülkiyyət hüququ ilə qeydə alınmış evin bir hissəsi kimi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının sökülməsi ilə bağlı iddia qaldırdığı qeyri-yaşayış sahəsi onun mülkiyyətindədir və onun hüququ dövlət tərəfindən tanınmışdır. Qeyd edilənlərdən əlavə, həmin qeyri-yaşayış sahəsində sahibkarlıq faəliyyətinin aparılması üçün aidiyyəti dövlət orqanlarından müvafiq icazələr alınmışdır. Qeyd edilən ərazidə zəruri abadlıq işləri aparmaqla obyektin ərazinin memarlıq quruluşuna uyğunlaşdırılmasını da təmin etmişdir. Bu halda onun həmin tikiliyə mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadığını ehtimal etsələr də, bu etiraza əlavə edilmiş sənədlərdən də görünür ki, onun həmin qeyri-yaşayış sahəsindən istifadəsi və ora sahibliyi dövlət tərəfindən tanınmışdır. 20 ildən artıq müddətdə onun həmin qeyri-yaşayış sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olması, aidiyyəti dövlət orqanlarında müvafiq icazələr alması, qeydiyyatın aparılması onun həmin qeyri-yaşayış sahəsinə qanuni gözlənti hüququnu yaradır. Digər diqqət çəkən məqam isə, iddiaçının iddianın əsası kimi BŞİH başçısının 15 aprel 2014-cü il tarixli, 166 nömrəli Sərəncamına istinad edərək, ərazidə söküntü işləri aparması, “Yeni və müasir yüksəkmərtəbəli binaların tikilməsi, ərazinin abadlaşdırılması”nı imperativ müddəa kimi təqdim etməsidir. Halbuki sözügedən Sərəncamın 1.1-ci bəndinə əsasən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi qarşılıqlı razılaşma əsasında həyata keçirilməlidir.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/4298 nömrəli ekspert rəyinə əsasən müəyyən olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş ********** nömrəli çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanı, ümumi sahəsi 204.26 kv/m ibarət qeyri-yaşayış sahəsinin 19, 20 və 21 saylı tikililərin arasında olan arakəsmələr götürülmüş, yerində sahəsi 22.4 kv/m olan tikili inşa edilmişdir. Digər tikililərin texniki pasportda qeyd olunan texniki ölçüləri hazırki faktiki ölçülərə uyğundur. Baxış zamanı ünvan 1 ünvanında rəsmi dövlət qeydiyyatına alınmış tikilidən başqa inşa edilmiş hər hansı tikiliyə rast gəlinməmişdir.

8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-221/2022 saylı 15 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı qanunsuz olduğunu iddia etdikləri tikilinin sökülməsini tələb etməkdə subyektiv hüquqlarının mövcudluğu baxımından haqlı olmamışlar, çünki tikili onların hüquqlarını pozmursa, onlar, Mülki Məcəllənin 180-ci maddəsində göstərilən maraqlı tərəf sayıla bilməzlər.

10. Həmçinin qeyd etmişdir ki, iş üzrə keçirilmiş ekspertizanın şərh olunmuş rəyində göstərildiyi kimi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş ********** nömrəli çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanı, ümumi sahəsi 204.26 kv/m ibarət qeyri-yaşayış sahəsinin 19, 20 və 21 saylı tikililərin arasında olan arakəsmələr götürülmüş, yerində sahəsi 22.4 kv/m olan tikili inşa edilmişdir. Digər tikililərin texniki pasportda qeyd olunan texniki ölçüləri hazırki faktiki ölçülərə uyğundur. Baxış zamanı ünvan 1 ünvanında rəsmi dövlət qeydiyyatına alınmış tikilidən başqa inşa edilmiş hər hansı tikiliyə rast gəlinməmişdir. İş üzrə aparılmış ekspertizanın nəticəsi olaraq, tərəflərin faktiki istifadəsində olan sahələrin birinin digərinə maneçilik törətməsi, təhlükə yaratması müəyyən edilməmişdir.

11. Məhkəmə hesab etmişdir ki, hazırkı mübahisə üzrə qiymət verilməli olan məsələ, qanunsuz olduğu iddia edilən tikinti və yenidənqurma işlərinin iddiaçının mənafelərinə toxunub-toxunmadığıdır. Verilmiş iddia üzrə tərəf subyektiv hüquqa malik olmadığından iddia tələbi rədd olunmalıdır.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5, 157.4, 157.8, 165.1 və 180-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

13. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-221/2022 saylı 15 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın təmin olunmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehə məxsus sahədə tikinti və abadlıq işlərinin aparılmasına dair səlahiyyətlərini nəzərə almayaraq, həmçinin bu işdə maraqlı olan dövlət qurumlarını işə cəlb etməyərək iş üzrə subyektiv hüquqlarının olması məsələsinə düzgün hüquqi qiymət verməmişdir. İş üzrə təyin olunmuş ekspertizanın rəyində də qeyd olunur ki, mübahisəli tikilinin cavabdeh tərəfindən konstruksiyası dəyişdirilərək ümumi sahəsi 204.26 kv/m ibarət qeyri-yaşayış sahəsinin 19, 20 və 21 saylı tikililərin arasında olan arakəsmələr götürülmüş, yerində sahəsi 22.4 kv/m olan tikili inşa edilmişdir. O bununla da qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinin dəyişdirilməsinə, nəticədə isə gələcəkdə bu halın söküntü proseslərinə əngəl yaradacağı göz qabağındadır. Belə ki, cavabdeh qeyd olunan tikiliyə əlavə olaraq küçədə piyadalar üçün nəzərdə tutulmuş səkinin böyük bir hissəsini zəbt etmiş və oranı iaşə obyekti kimi istifadə edir. Belə çıxır ki, mübahisəli ünvanda olan onlara verilmiş tikililər sökülsə belə, ona bitişik şəkildə inşa edilmiş səkidə olan tikili boşa qalacaq? Məhkəmə hesab etmişdir ki, onlar qanunsuz olduğunu iddia etdikləri tikilinin sökülməsini tələb etməkdə subyektiv hüquqlarının mövcudluğu baxımından da haqlı olmamışlar. Çünki tikili onların hüquqlarını pozmur. Nəzərə alınmalıdır ki, sözügedən ərazi Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 14/243 nömrəli “Ayrıc aktı” ilə onlara verilmişdir və orda tikinti və abadlıq işlərinin aparılması üçün onlar məsuldur və ərazinin abadlaşdırılması, köhnə tikililərin müasir binalarla əvəz olunmasına öhdəlik daşıyırlar. Məhkəmə baxışı zamanı yerli icra hakimiyyəti orqanları dəvət olunmamış, rəylər öyrənilməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil3 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, 2014-cü il tarixində bu ərazi veriləndə MTK öz biznes planına uyğun olaraq düşünmüşdür ki, təqribi 500 kv.m-lik tikililər söküləcək və gələcəkdə orada şəhərin baş planına uyğun olaraq yüksəkmərtəbəli binalar tikiləcəkdir. Həmin məhəllələr köhnə və şəhərin ümumi memarlıq görünüşünə xələl gətirən tikililərdir. Bakı şəhəri İcra Hakimiyyətinin sərəncamına əsasən sahə onlara verilmişdir və daha sonraki dövrdə MTK tərəfindən müşahidə olunmuşdur ki, vətəndaşlar orada müəyyən artırmalar həyata keçiriblər, səkilərə çıxıblar və tikililərin sayını artımağa çalışıblar. Sökülməli olan tikili yaşayış sahəsidir və təqribi 30 kv.m əlavə səkiyə çıxarılıbdır. Qarşı tərəf çıxarışı 2021-ci il tarixində almışdır, sərəncam isə 2014-cü il tarixində verilmişdir. Sərəncam verilən zaman artırılmış tikililər mövcud idi.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi-vəkili Vəkil4 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, torpaq sahəsi icra hakimiyyəti tərəfindən verilən zaman orada konkret olaraq göstərilir ki, bu torpaq sahələri qarşılıqlı razılıq əsasında vətəndaşlara dəyəri qabaqcadan ödənilməklə alğı-satqı müqaviləsi əsasında alınmalıdır və bununla bağlı kompensasiya ödənilməlidir. İddiaçının cavabdehin həmin torpaq sahəsindən çıxarılması ilə bağlı iddia tələbi ilə müraciət etmək üçün subyektiv hüququ yoxdur. İcra Hakimiyyətinin sərəncamında qeyd edilir ki, həmin əmlakların dəyəri qabaqcadan ödənilməlidir, özbaşına tikili olsa belə. Qarşı tərəf sübut edə bilmir ki, həmin tikili 2014-cü ildən sonra tikilmişdir. İddia tələbinin özü natamamdır. Özbaşına tikilinin nədən ibarət olduğu qeyd olunmamışdır. Qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətində qeyd edilən hallar əsassızdır. Sökülməli olan obyekt DƏDRX-də qeyri-yaşayış sahəsi kimi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Torpaq sahəsinə qarşı tərəfin hüquqları da dövlət qeydiyyatına alınmamışdır, sadəcə İcra Hakimiyyətinin Sərəncamına əsaslanırlar. Həmin sahə hüquqlarını müdafiə etdiyi şəxsin həyat yoldaşına məxsus olmuşdur, o rəhmətə getdikdən sonra Cavabdeh adına vərəsəlik qaydasında keçmişdir.

Apellyasiya baxışının hədləri

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

21. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

22. 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqlarınməhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 23.152-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

24. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 25.157.4-ci maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

26. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 27.158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 28.159-cu maddəsinə əsasən, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 29.163.1-ci maddəsinə əsasən, sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. 30.164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.

31. 165.1-ci maddəsinə əsasən, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər.

32. 166.3-cü maddəsinə əsasən, yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. 33.180.1-180.3-cü maddələrinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 34.68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

35. 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

36.4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 37.14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 38.81-ci maddəsinin tələblərinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39.Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 40.İddia ərizəsindən görünür ki, MTK ünvan 1 ünvanında cavabdeh tərəfindən zəbt olunmuş torpaq sahəsinin boşaldılması, həmin sahədə inşa edilmiş özbaşına tikililərin sökülməsi və ərazinin ilkin vəziyyətinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. MTK tələbinin əsası kimi Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün 14/243 saylı ayrıc aktı ilə MTK-ya verilmiş 1,2509 ha torpaq sahəsinin hüdudları daxilində cavabdehin qanunsuz tikili inşa etməsinə istinad etmişdir.

41. İddianı rədd edən birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı qanunsuz olduğunu iddia etdiyi tikilinin sökülməsini tələb etməkdə subyektiv hüquqlarının mövcudluğu baxımından haqlı olmamışdır. Həmçinin iş üzrə tərtib olunmuş ekspert rəyindən göründüyü kimi, ünvan 1 ünvanında rəsmi dövlət qeydiyyatına alınmış tikilidən başqa inşa edilmiş hər hansı tikiliyə rast gəlinməmişdir. Tərəflərin faktiki istifadəsində olan sahələrin birinin digərinə maneçilik törətməsi, təhlükə yaratması müəyyən edilməmişdir.

42. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın əsassız olması barədə qənaəti düzgün olmuşdur. Buna baxmayaraq qeyd olunan nəticəyə gəlmək məqsədilə hazırki iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılması zərurətindən kollegiya yenidən məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsini labüd hesab etmiş, əldə olunmuş ekspert rəyinə əsasən aşağıda göstərilən formada əlavə araşdırma aparmışdır.

43. Belə ki, 14/243 saylı ayrıc aktı ilə MTK-ya ayrılmış 1,2509 ha torpaq sahəsinin MTK tərəfindən hansı vəziyyətdə qəbul edilməsi, həmin ərazidə cavabdehə mülkiyyət hüququ ilə məxsus olan tikilidən başqa, müvafiq qaydalara zidd şəkildə özbaşına tikili inşa edilibedilməməsi, inşa edildiyi təqdirdə mübahisədə adı keçən torpaq sahəsinin qəbul edilmə anında mövcud olub-olmaması, mövcud olduğu halda iddiaçının həmin ərazini özbaşına tikili ilə qəbul edib-etməməsi, yaxud həmin tikilinin cavabdeh tərəfindən sonradan, yəni torpaq sahəsinin iddiaçı tərəfindən qəbul edildiyi vaxtdan sonra inşa edilməsi halları müəyyən edilməlidir.

44. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16\2-10\9953 nömrəli ekspert rəyinə əsasən müəyyən edilən hallardan göründüyü kimi, Əmlak Məsələləri Dövlət Komitəsi yanında "Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş ********** nömrəli çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 204,26 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin texniki pasportda əks olunan texniki ölçüləri hazırda mövcud olan faktiki ölçülərə uyğun deyildir. Belə ki, çıxarışda göstərilən ümumi sahəsi 16.9 kv.m olan 17, 18 və 19 saylı tikililərin arasındakı arakəsmələr sökülmüş, mövcud vəziyyəti üzrə həmin sahə 22.4 kv.m təşkil edir. Bununla yanaşı çıxarışda göstərilən 1, 2, 3, 4, 5 və 6 saylı tikililərin üzərində əlavə ikinci mərtəbə inşa olunmuşdur.

45. ünvan 1 ünvanında yerləşən 204,26 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin dövlət qeydiyyatı haqqında xx.xx.2020-ci il tarixli çıxarışı ilə əhatə olunmayan artırmalar və çıxarışda göstərilən 1, 2, 3, 4, 5 və 6 saylı tikililərin üzərində əlavə ikinci mərtəbə inşa edilməsinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xx.xx.2015-ci il tarixli, 20/01-001 №-li Qərarına əsasən AzDTN 1.6-2 "Tikintinin təşkili" haqqında Qanunun tələblərinə uyğun olmadığı müəyyən edilmişdir.

46. Həmçinin Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 204,26 kv.mdən ibarət qeyri-yaşayış sahəsinin mövcud vəziyyəti üzrə 213.0 kv.m olan sahənin (texniki pasportda əks olunan vəziyyət və faktiki vəziyyət nəzərə alınmaqla) "xxxx" MTK-ya yüksəkmərtəbəli yaşayış binalarının tikintisi üçün Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 14/243 nömrəli, 2014-cü il tarixli "Ayrıc akti" ilə ayrılmış sahə (1.2509 ha) ilə 190.6 kv.m hissəsi üst-üstə düşdüyü, qalan 22.4 kv.m hissənin isə piyada üçün nəzərdə tutulmuş ümumi gediş-gəliş yolunun üzərinə düşdüyü müəyyən edilmişdir.

47. xx.xx.2020-ci il tarixdə verilmiş ********** nömərli çıxarışa əsasən X2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 204.26 kv.m-dən ibarət qeyi-yaşayş sahəsindən əlavə həmin çıxarışla əhatə olunmayan özbaşına tikilinin mövcud olması, həmin tikililərin gələcəkdə İddiaçı MTK tərəfindən tikilməsi nəzərdə tutulan yüksəkmərtəbəli binadan və 14/243 nömrəli, 2014-cü il tarixli "Ayrıc aktı"na əsasən həmin binaya aid edilən yol və səki hissəsindən istifadəsinə maneəçilik törədə bilər. "xxxx" MTK tərəfindən tikilməsi nəzərdə tutulan yüksəkmərtəbəli bina və ya 14/243 nömrəli, 2014-ci tarixli "Ayrıc aktına əsasən həmin binaya aid edilən yolun hərəkət hissəsində, yəni səkidə inşa edilmiş mübahisəli tikili mövcud vəziyyəti üzrə piyadaların hərəkətinə mane olur, gələcəkdə ara məsafəsinin və yanğın təhlükəsizliyinin qaydalarının pozulmasına səbəb ola biləcəyi qeyd edilmişdir.

48. Beləliklə xx.xx.2024-cü il tarixli, 3-16-16\2-10\9953 nömrəli ekspert rəyinə əsasən cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 204.26 kv.m-dən ibarət qeyriyaşayş sahəsindən əlavə adına tərtib olunmuş çıxarışla əhatə olunmayan tikilinin mövcud olması halı öz təsdiqini tapmışdır.

49. Bununla əlaqədar məhkəmə kollegiyası Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Yaşayış binalarının layihələndirilməsi haqqında” 166 nömrəli 15 aprel 2014-cü il tarixli sərəncamının məzmununa əsaslanaraq qeyd etməyi zəruri sayır ki, Bakı şəhəri, Nərimanov rayonu, N.Yusifbəyli, X.Şuşinski, M.Sənani və Azadlıq prospektinin əhatə etdiyi 954-cü məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında İddiaçı Mənzil-Tikinti Kooperativinin (MTK) istifadəsinə verilmişdir. Sərəncamın 1.1-ci bəndinə görə ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən MTK tərəfindən həll edilməlidir. Sərəncamın 2.2-ci bəndinə görə isə MTK sahəni yerində qəbul etməlidir.

50. Göründüyü kimi, iddiaçının istinad etdiyi Bakı şəhər İcra Hakimiyyəti Başçısının 166 nömrəli 15 aprel 2014-cü il tarixli sərəncamına görə MTK sahəni yerində qəbul etməlidir. Bu baxımdan iddiaçı sübuta yetirməlidir ki, mübahisədə adı keçən özbaşına tikili 14/243 saylı ayrıc aktı ilə iddiaçıya ayrılmış 1,2509 ha torpaq sahəsinin tərəfindən qəbul edilməsi anında mövcud olmamış, yəni torpaq sahəsi qəbul edildiyi vaxtdan sonra inşa edilmişdir. Yaxud da tikilinin mövcud olduğu halda MTK həmin ərazini özbaşına tikili ilə qəbul etməmişdir.

51. Halbuki iş materiallarından göründüyü kimi iddiaçı hazırki iddia üzrə müəyyən edilməli olan halları sübüt etmək yükünü daşımasına baxmayaraq, qeyd edilən halları təsdiq edən müvafiq sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-nin 14.2, 81, 217.3 və 217.4-cü maddələrinə əsasən, mahiyyəti üzrə işə baxan məhkəmənin qətnaməni yalnız tərəflərin təqdim etdikləri mümkün sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarmalı olduğunu nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı, təmin etməməklə düzgün nəticəyə gəlmişdir.

52. Belə olan halda da kollegiya vurğulayır ki, Sərəncamın 1.1-ci bəndinə görə ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən MTK tərəfindən həll edilməlidir. Beləliklə də, iddiaçı tərəfindən hər hansı kompensasiya məbləği ödənilmədən, başqa sözlə, qarşılıqlı razılaşma əldə olunmadan hazırkı iddianın təmin edilməsi əsaslı sayıla bilməz.

53. Belə ki, “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyun 2021-ci il tarixli Qərarında qeyd etmişdir ki, özbaşına tikili ilə qanuni əsaslarla əldə edilən əmlak üçün kompensasiyanın həcminin eyni meyarlara əsasən hesablanması bu sahədə sui-istifadələrin artmasına, ədalət prinsipinin pozulmasına gətirib çıxarar.

54. Göründüyü kimi, Konstitusiya Məhkəməsi kompensasiyanın həcminin onun özbaşına tikilliyə və qanuni əsaslarla əldə edilən əmlaka görə eyni meyarlara əsasən hesablanmasını düzgün saymamaqla, özbaşına tikiliyə görə də kompensasiyanın ödənilməsini istisna etməmiş, yalnız kompensasiyasının həcminin eyni meyarlara əsasən hesablanmasının düzgün olmadığını vurğulamışdır. Başqa sözlə, özbaşına tikilinin onu inşa etmiş şəxs üçün iqtisadi dəyərə malik olması istisna edilmir.

55. İşin müəyyən edilmiş hallarına görə cavabdeh inşa etdiyi tikilidən yaşayış və qeyriyaşayış sahəsi kimi istifadə edir. Bu baxımdan da, Konstitusiya Məhkəməsinin Plenumunun qeyd edilən işdə əks edilən hüquqi mövqeyini nəzərə almadan, yəni iddiaçının kompensasiya təkilif etmədən cavabdehin onun üçün iqtisadi dəyər daşıyan əmlakını sökməsi yolverilməzdir.

56. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının16-cı maddəsinin İ hissəsinə görə Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.

57. Azərbaycan Respublikası Konstitusiyasının istinad edilən norması geniş anlamda hər bir vətəndaşa düçar olduğu məhrumiyyətin əvəzinin ödənilməsinə təminat verir. Buna görə də cavabdehin inşa etdiyi tikilinin özbaşına tikili olması müəyyən edilsə də, tikilinin inşa edilməsinin vaxtı, tikilinin kommunal xidmətlərlə təchiz edilib-edilməməsi, cavabdehin ondan istifadəsinə dövlət və ya bələdəyyə orqanları tərəfindən hər hansı etirazın bəyan edilib-edilməməsi və s. bu kimi işin hallarına aydınlıq gətirmədən iddiaçının kompensasiya təklif etməyərək cavabdehin onun üçün iqtisadi dəyər daşıyan əmlakının sökülməsi tələbini irəli sürməsi və həmin tələbin təmin edilməsi hər bir vətəndaşın layiqli həyat səviyyəsinə təminat verən konstitusion hüquqlarına xələl gətirərdi. 58.Birinci instansiya məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq və işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir. 59.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 60.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-221/2022 saylı 15 dekabr 2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar