Məhkəmə qərarları › İş №2(103)-6130/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6130/2020

20.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6130/2020 20.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, maraqlı şəxs – Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyinin tabeliyində Dövlət X3 nümayəndəsi X1 iştirakları ilə Ərizəçi “yetkinlik yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu faktının müəyyən edilməsi” məzmunlu ərizəsi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyi yanında Dövlət X5 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxxx 1967-ci il tarixdə Ermənistanın Quqark rayonunda anadan olduğunu, 1988-ci ildə məlum hadisələrlə əlaqədar ailəsi ilə birlikdə Bakı şəhərində məskunlaşdığını, uşaqlıqdan gözünün birində görmə qabiliyyətinin olmadığını və gözdən əlil kimi əziyyət çəkdiyini, 18 yaşınadək sağlamlıq imkanlarının məhdud olmasının Ermənistanda müəyyən edildiyini, bu səbəblə də orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yararlı hesab olunmayaraq hərbi xidmətə çağırılmadığını, 1988-ci ildə zəlzələ və münaqişə zəminində yaşadıqları yerləri məcburi tərk edərkən bu barədə sənədləri itirdiyini, Azərbaycan Respublikasına gəldikdən sonra sağlamlıq imkanlarının uşaqlıqdan olmamasının və hərbi xidmətə yararsızlığının yenidən araşdırıldığını və təsdiq edildiyini, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov Rayon İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli arayışda onun “xx xxx 1990-cı ildə Nərimanov Rayon Hərbi Komissarlığı nəzdindəki hərbi həkim komissiyası tərəfindən xəstəliklər cədvəlinin İ qrafasının 92 “b” maddəsinə (SSRİ Müdafiə Nazirliyinin 1987-ci il tarixli, 260 nömrəli qərarı) əsasən dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edildiyinin” göstərildiyini, hazırda gözdən ömürlük İİ qrup əlil kimi Əmək və X2 Nazirliyi yanında Dövlət X3 Nərimanov Rayon şöbəsində qeydiyyatda olduğunu, lakin 18 yaşınadək sağlamlıq imkanlarının məhdud olmasını təsdiq edən sənədləri başqa cür əldə edə bilmədiyini irəli sürmüş, buna görə də 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə ərizə təmin olunmuşdur. Qətnamədən Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyinin tabeliyində Dövlət X3 nümayəndəsiapellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmiş, şikayətini məhkəmənin işin hallarına uyğun gəlməyən qətnamə çıxarması, maddi hüquq normasını düzgün tətbiq etməməsi, Ali Məhkəmənin Plenum qərarında göstərilən tövsiyyələrə əməl etməməsi arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən apellyatorun nümayəndəsi şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, ərizəçi isə məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası apellyatorun nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə ərizənin təmin olunmamasına dair yeni qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qanunun mənasından göründüyü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını isə öz növbəsində iki qrupa bölmək olar - hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx.xx.2019-cu il tarixli Qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, “...müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir”. Belə olan halda kollegiya hesab edir ki, ərizəçinin ərizəsinin təmin edilməsi üçün Mülki Prosessual Məcəllənin 308-ci maddəsində nəzərdə tutulmuş dispozitiv şərtlər mövcud olmamışdır; pensiya təyin edən orqanın, onun 18 yaşına çatanadək sağlamlıq imkanlarını itirmiş olması barədə sənədləri təsdiq etməməsi isə, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov Rayon İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli arayışda qeyd olunan faktın məhkəmə qaydasında yenidən müəyyən edilməsi üçün deyil, Dövlət X3 hərəkətinin (hərəkətsizliyinin) müvafiq məhkəmədə mübahisələndirilməsi üçün əsas təşkil edə bilər. Beləliklə kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticəsi işin hallarına uyğun gəlmir; bu isə Mülki Prosessual Məcəllənin 385.1.4-cü maddəsinə əsasən qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1102/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv olunsun. Ərizəçi ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar