Məhkəmə qərarları › İş №2(103)-6130/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6130/2023

12.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6130/2023 12.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı kompensasiyanın ödənilməsi barədə mülki iş üzrə (açar sözlər: kompensasiyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X11 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı kompensasiyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 2(006)-2538/2023 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı 12 yanvar 2010-cu il tarixdə anadan olmuş X3 anasıdır.

2. "xxxx" ASC (bank) ilə X12 (əmanətçi) arasında bağlanmış 06 avqust 2015-ci il tarixli, PTD.233773.001 nömrəli “Güvən” əmanət müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən “Bank” “Əmanətçi”dən 16000 ABŞ dolları məbləğində pul vəsaitini Azərbaycan Respublikasının vətəndaşı olan X9 xeyrinə AZ25AMRA******************** saylı hesaba qəbul edərək, müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanət məbləğini “Əmanətçi”yə qaytarmağı və onun üçün illik 12 faiz dərəcəsi ilə faizlər ödəməyi öhdəsinə götürür. Bu müqavilə 36 ay müddətinə, 07 avqust 2018-ci il tarixinədək bağlanır. Əgər müqavilənin müddətinin sonuncu günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtardığı gün sayılır. Bu müqaviləyə əsasən xeyrinə əmanət qoyulmuş üçüncü şəxs bu hüquqlara əsaslanan ilk tələbini banka verdiyi və ya belə hüquqlardan istifadə etmək niyyətini başqa üsulla banka bildirdiyi andan əmanət üzrə sərəncam vermək hüququ qazanır və bu müqavilə üzrə “Əmanətçi”yə aid bütün hüquq və vəzifələr ona aid edilir. Həmin vaxtdan bu müqaviləni bağlamış şəxs əmanət üzrə sərəncam vermək hüququndan məhrum olur və artıq müqavilə üzrə “Əmanətçi” hesab edilmir. Bu müqavilənin müddəti sona çatdıqdan sonra Əmanətçi əmanəti geri götürmürsə və bankla yeni əmanət müqaviləsi bağlamırsa, bu müqavilə 2.2-ci bənddə göstərilən müddətə, lakin bankda mövcud olan şərtlərlə uzadılmış hesab edilir. Bu zaman əmanət üzrə faizlər uzadılma tarixinə bankda qüvvədə olan faiz tariflərinə müvafiq olaraq hesablanır. Əvvəlki müddətdə hesablanmış faizlər əmanət məbləğinə əlavə olunmur.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2019-cu il tarixli, 2(006)- 1150/2019 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, "xxxx" ASC ilə X12 və X9 arasında bağlanmış 02 oktyabr 2015-ci il tarixli 021015/138523/G nömrəli əmanət girovu müqaviləsi və "xxxx" ASC ilə X12 və X9 arasında bağlanmış 14 oktyabr 2015-ci il tarixli 141015/138523/G nömrəli əmanət girovu müqaviləsinin etibarsız hesab edilməsi, 06 avqust 2015-ci il tarixli “Güvən” əmanət müqaviləsi əsasında X3 xeyrinə açılmış əmanət hesabından "xxxx" ASC tərəfindən 16.000 ABŞ dolları məbləğində pul vəsaitinin silinməsinin qanunsuz hesab edilməsi və həmin məbləğin X3 əmanət hesabına qaytarılması, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli, 2(103)-13395/2019 nömrəli qətnaməsi ilə cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 mart 2019-cu il tarixli qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4311/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə cavabdeh "xxxx" ASC-nin kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 dekabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. İddiaçı tərəfindən ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ünvanlanmış 09 avqust 2022-ci il tarixli ərizəyə əsasən övladının səhhətinə, həyat yoldaşı rəhmətə getdiyinə, tək ana olduğuna və özü şəhid bacısı olduğuna görə depozitin növbəsiz qaytarılmasını xahiş etmişdir.

7. Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı ünvanlanmış 14 dekabr 2022-ci il tarixli **********231 nömrəli cavab məktubuna əsasən Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli 2-3(103)-130/2020 saylı qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və iflas proseduruna başlanılmış, eyni qərarla Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)-1150/2019 saylı qətnaməsinə, Nəsimi rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarına əsasən xx.xx.2022-ci il tarixdə X3 depozit hesabına qaytarılmış və kreditor tələblərinin reyestrinə daxil edilmişdir. X3 tələbi “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 82ci maddəsində göstərilmiş növbəlilik qaydasında həyata keçiriləcəkdir.

8. İddiaçı tərəfindən ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ünvanlanmış 01 mart 2023-cü il tarixli ərizəyə əsasən övladı X6 məxsus "xxxx" ASC-də AZ67AMRA******************** nömrəli depozit hesabda olan 16000 ABŞ dolları məbləğində əmanətə görə kompensasiyanın (faizlər də daxil olmaqla) rekvizitləri ərizəyə əlavə olunan bank hesabına ödənilməsinin təmin edilməsini xahiş etmişdir.

9. Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı ünvanlanmış 03 aprel 2023-cü il tarixli **********941 nömrəli cavab məktubuna əsasən Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli 2-3(103)-130/2020 saylı qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və iflas proseduruna başlanılmış, eyni qərarla Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilmişdir. Nəsimi Rayon Məhkəməsinin 15 mart 2019-cu il tarixli 2(006)-1150/2019 saylı icra sənədinin icrası LPO "xxxx" ASC tərəfindən 28 iyun 2022-ci il tarixdə tam olaraq icra edilmiş və “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qəbul edilmiş tələblər siyahısına daxil edilmişdir. X3 tələbi “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 82-ci maddəsində göstərilmiş növbəlilik qaydasında həyata keçiriləcəkdir.

10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 oktyabr 2017-ci il tarixli, 2(006)- 7899/2017 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, iddiaçı X3 xeyrinə bağlanmış “Güvən” əmanət müqaviləsi üzrə onun əmanətçi hüquqlarının tanınması, əmanət müqaviləsindən irəli gələn bütün hüquqların, o cümlədən əmanətçi hüquqlarının qeydə alınması və rəsmiləşdirilməsi vəzifəsinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin 30 yanvar 2018-ci il tarixli, 2(103)-1161/2018 nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-7899/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsinin cavabdeh "xxxx" ASC-yə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsi, 16000 ABŞ dolları əmanət və həmin əmanətə görə hesablanmış 3200 ABŞ dolları faizlər olmaqla, cəmi 19200 ABŞ dolları vəsaitin qorunan əmanət hesab edilməsi və həmin 19200 ABŞ dolları pulun, hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş 200 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 187,92 manat pulun cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X12 arasında bağlanmış 06 avqust 2015-ci il tarixli, PTD.233773.001 nömrəli “Güvən” əmanət müqaviləsinə əsasən, X12 16000 ABŞ dolları məbləğində pul vəsaitini əmisi qızı X3 xeyrinə AZ67AMRA******************** nömrəli depozit hesaba qoymuşdur. Müqavilənin 2.1 və 2.2-ci bəndlərindən göründüyü kimi, Əmanət 36 ay müddətinə, yəni 07 avqust 2018-ci il tarixədək və illik 12% dərəcəsi ilə hesaba yerləşdirilmişdir. Müqavilənin 6.1-ci bəndinə müvafiq olaraq həmin tarixdə əmanət götürülmədiyindən, müqavilə daha 36 ay müddətə, yəni 07 avqust 2021-ci il tarixədək uzadılmışdır. Lakin 01 oktyabr 2018-ci il tarixdə Əmanət Bank tərəfindən depozit hesabından qanunsuz olaraq silinmişdir. Bununla bağlı İddiaçı tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunmuş və həmin məhkəmənin 15 mart 2019-cu il tarixli, 2(006)-1150/2019 nömrəli qətnaməsi ilə Bank tərəfindən 16000 ABŞ dolları vəsaitin silinməsi qanunsuz hesab edilərək həmin vəsaitin Əmanətçinin hesabına qaytarılması qərara alınmışdır. Bank tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş və beləliklə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin sözügedən qətnaməsi 22 sentyabr 2020-ci il tarixdən etibarən qanuni qüvvəyə minmişdir. X18 Heyətinin 28 aprel 2020-ci il tarixli qərarı ilə Bankın bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyası ləğv edilmiş və Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli, 2-3(103)-130/2020 nömrəli qərarı ilə Bank müflis elan edilərək, Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. 09 avqust 2022-ci il tarixdə iddiaçı tərəfindən Fonda depozitin qaytarılması üçün ərizə ilə müraciət edilmiş və Fond tərəfindən verilən xx.xx.2022-ci il tarixli cavab məktubunda vəsaitin 28 iyun 2022-ci il tarixdə Əmanətçinin depozit hesabına qaytarıldığı bildirilmişdir. Lakin məktubda tələbin kreditor tələblərinin reyestrinə daxil edildiyi və “Banklar haqqında” Qanunun 82-ci maddəsində göstərilən növbəlilik qaydasında həyata keçiriləcəyi qeyd edilmişdir. Daha sonra iddiaçı 01 mart 2023-cü il tarixdə Fonda yenidən müraciət edərək, Əmanət qorunan əmanət olduğundan ona əmanətə görə kompensiyanın ödənilməsini xahiş etmişdir. Fond tərəfindən 03 aprel 2023-cü il tarixdə yenidən oxşar məzmunlu cavab verilərək, kompensasiyanın ödənilməsindən imtina edilmişdir. Əmanət qorunan (sığortalanmış) əmanətə aiddir. Qeyd edilməlidir ki, sığorta hadisəsi baş verdiyi tarixdə, yəni 28 aprel 2020-ci ildə Müqavilə qüvvədə olmuşdur. Müqavilənin 5.1-ci bəndinə əsasən, Fondun iştirakçısı kimi Bankın həmin Müqaviləyə əsasən cəlb etdiyi Əmanət “Əmanətlərin sığortalanması haqqında” Qanun ilə müəyyən edilmiş qaydada, həcmdə və şərtlərlə sığortalanır. Hazırkı iş üzrə Əmanət “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.2-ci maddəsində təsbit edilmiş qorunan əmanətlərə aid edilməyən əmanətlərin heç birinə aid deyil. Müqavilənin 2.1-ci bəndindən göründüyü kimi, Əmanət cəlb edildiyi günə, yəni 06 avqust 2015-ci il tarixə Əmanətin illik faiz dərəcəsi 12% təşkil etdiyi üçün həmin tarixdə X5 müəyyən etdiyi illik faiz dərəcəsi həddini aşmamışdır. Göründüyü kimi, Əmanətin qorunan əmanətə aid olmasını istisna edən hər hansı bir hal mövcud deyildir. Odur ki, sığorta hadisəsi baş verdiyi tarixdə Əmanət həm Müqavilənin bəndlərinə, həm də qanunvericiliyin tələblərinə əsasən qorunan (sığortalanmış) əmanət statusunda olmuşdur. Qorunan əmanətə görə Fond tərəfindən kompensasiya ödənilməlidir. Qorunan əmanətlə bağlı kompensasiya tələbləri “Banklar haqqında” Qanunun 82-ci maddəsində nəzərdə tutulan kreditor tələbləri kimi növbəlilik qaydasında deyil, əmanətçinin müraciəti əsasında ən geci 90 gün ərzində ona ödənilməlidir. Sığorta hadisəsi baş verdiyindən Əmanətçiyə Fond tərəfindən 19200 ABŞ dolları məbləğində (16000 ABŞ dolları məbləğində əmanət və 3200 ABŞ dolları məbləğində faizlər) kompensasiya ödənilməlidir. İddiaçı bankdan əmanət üzrə illik faizlər üzrə hesablanan məbləği 3 il müddətində (06 avqust 2018-ci il tarixədək) əldə etmişdir. Müqavilədən görünür ki, əmanət 16000 ABŞ dolları təşkil edir. Əmanət üzrə faizlər isə illik 12% və buna müvafiq olaraq aylıq 1% dərəcə ilə hesablanmaqla, 3200 ABŞ dolları təşkil edir. Belə olan halda 06 avqust 2018-ci il tarixdən sığorta hadisəsinin baş verdiyi günədək, yəni 28 aprel 2020-ci il tarixədək 1 il 8 ay (20 ay) ərzində aylıq 160 ABŞ dolları (16.000:100x1=160) olmaqla, cəmi 3200 (160x20=3200) ABŞ dolları faizlər hesablanmalıdır. Odur ki, Fond tərəfindən Əmanətçiyə 16.000 ABŞ dolları məbləğdə Əmanətə görə, 3.200 ABŞ dolları məbləğdə isə faizlərə görə olmaqla, cəmi 19.200 ABŞ dolları məbləğində kompensasiya ödənilməlidir. Kompensasiya Əmanətçinin valideyni olan İddiaçı ödənilməlidir. Əmanətçi olan X9 məhdud fəaliyyət qabiliyyətli olduğundan və İddiaçı onun valideyni (anası) kimi əmanət hesabı üzərində sərəncam vermək hüququna malik olduğundan kompensasiya İddiaçı ödənilməlidir. Hazırki işlə əlaqədar, İddiaçı tərəfindən hüquqi xidmətlərin göstərilməsinə görə vəkilə 200 manat ödəniş edilmişdir. Eyni zamanda, müvafiq iddia ərizəsi verilməsi üçün İddiaçı tərəfindən 187.92 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Odur ki, göstərilən hüquqi yardıma görə vəkilə ödənilmiş 200 manat pulun, habelə dövlət rüsumu olaraq ödənilmiş 187.92 manat pulun cavabdehlərdən tutularaq İddiaçıya ödənilməsi barədə tələbin təmin edilməsi məhkəmədən xahiş olunmuşdur.

14. Cavabdeh Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsinə etiraz təqdim edərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, iddia tələbində birbaşa fonddan pul vəsaitinin tutulması xahiş edilmişdir. Lakin sığorta hadisəsi baş verən anadək olan dövr ərzində əmanət qorunmayan hesab edildiyi üçün Əmanətlərin Sığortalanması Fonduna ödənilməli olan haqlar belə ödənilməmişdir. Qanuna əsasən ödənilə də bilməzdi. Bundan əlavə, əmanət 12 faizlə yerləşdirilmiş və əmanət üzrə müddət bitdikdən sonra əmanət eyni şərtlərlə uzadılmışdır. Bank, müqavilənin əsas şərtlərindən biri olan faiz dərəcəsində əmanət yerləşdirənin iradə ifadəsi olmadan birtərəfli qaydada dəyişiklik həyata keçirə bilməzdi. Həmçinin, hazırki iş üzrə iddiaçı subyektiv hüquqa malik deyildir. Belə ki, iş üzrə iddiaçı məhz X7r. Xüsusatlara və qanunvericiliyin müvafiq müddəalarına əsasən iş üzrə ümumiyyətlə aidiyyət düzgün müəyyənləşdirilməmişdir. Bakı Apellyasiya Məhkəməsində baxılmalı olan və tələb banka qarşı olmalıdır. Belə ki, hazırki iddia tələbi üzrə ləğv prosesində olan Bankla əmanətçi arasında olan münasibətlər tənzimlənir, çünki əmanət bankda sığorta hadisəsi baş verdiyi dövrdə qüvvədə olan qanunvericiliyə əsasən qorunmayan statusda olmuşdur. Ləğv prosesində olan Banka qarşı kreditor tələbinə Apellyasiya Məhkəməsində baxıldığından aidiyyəti üzrə sözügedən məhkəməyə yönəldilməsi tərəfə tövsiyyə olunmalıdır. Göstərilənləri nəzərə alaraq, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı kompensasiyanın ödənilməsi və s. tələbinə dair 2(006)-2538/2023 nömrəli iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir.

15. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 2(006)- 2538/2023 nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.

16. Qətnamə onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X12 arasında bağlanmış 06 avqust 2015-ci il tarixli, PTD.233773.001 nömrəli “Güvən” əmanət müqaviləsinə əsasən, bank X4 16000 ABŞ dolları məbləğində pul vəsaitini X3 xeyrinə qəbul edərək, müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanət məbləğini X8 qaytarmağı və illik 12 % dərəcəsi ilə faizlər ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə 36 ay müddətinə, 07 avqust 2018-ci il tarixinədək bağlanmışdır. Müqavilə bağlanarkən əmanət qorunan əmanət olmuşdur. Müqavilə qüvvədə olduğu müddətdə xx.xx.2016-cı il tarixdən etibarən Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 3 % müəyyən edilmişdir. Bu zaman iddiaçı tərəf (əmanətçi) müqavilənin şərtlərinin dəyişdirilərək əmanətin qorunan əmanət hesab edilməsi üçün banka müraciət etməmişdir. Müqavilənin müddəti 07 avqust 2018-ci il tarixdə bitmiş, əmanətçi tərəfindən əmanətin qaytarılması barədə müraciət olmadığından müqavilənin müddəti 36 ay müddətinə, xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən xx.xx.2019-cu il tarixdən etibarən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi xarici valyutada 2,5 % müəyyən edilmişdir. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-3(103)-130/2020 nömrəli qərarı ilə "xxxx" ASC müflis elan edilərək, Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilmişdir. Hazırda iddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilənin müddətinin uzadıldığı 07 avqust 2018-ci il tarixdən bankın lisenziyası ləğv edilən tarixə qədər olan dövrdə də əmanətin qorunan əmanət olması əsası ilə ona kompensasiya verilməsini məhkəmədən xahiş edir. Cavabdeh tərəf isə müqavilənin müddətinin uzadıldığı 07 avqust 2018-ci il tarixdə iddiaçının banka müvafiq müraciətinin olmaması səbəbindən müqavilənin bağlandığı şərtlərlə uzadıldığını, həmin şərtlər çərçivəsində isə əmanətin qorunan əmanət olmadığını bildirir. 06 avqust 2015-ci il tarixli müqavilə üzrə illik 12 % dərəcəsi ilə banka xarici valyutada qoyulan əmanətin qorunan əmanət olması, müqavilənin qüvvədə olduğu müddət ərzində, yəni xx.xx.2016- cı il tarixdə Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 3 % müəyyən edilməsi, lakin bu zaman iddiaçı tərəfin (əmanətçinin) müqaviləyə dəyişiklik edilməsi barədə banka müraciət etməməsi, 07 avqust 2018-ci il tarixdə müqavilənin müddətinin bitməsi və yenidən 36 ay müddətinə, yəni xx.xx.2021-ci il tarixədək uzadılması, müqavilə qüvvədə olduğu müddətdə isə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-3(103)-130/2020 nömrəli qərarı ilə "xxxx" ASC-nin müflis elan edilməsi ilə sığorta hadisəsinin baş verməsi işin mübahisəsiz halını təşkil edir. Əmanət müqaviləsinin bağlanması üçün həmin müqaviləni fiziki şəxslə bankın səlahiyyətli şəxsi (əgər bankın filialıdırsa, o zaman bankın verdiyi etibarnamə əsasında filial müdiri) tərəfindən imzalanması tələb olunur. Bankın səlahiyyətli şəxsləri tərəfindən əmanətin fiziki şəxsdən qəbul edilməsi barədə mədaxil qəbzinin tərtib edilərək, bankın müvafiq möhürü ilə təsdiq edildiyi andan bankın Mülki Məcəllənin 947.2-ci maddəsinə əsasən əmanəti qaytarmaq öhdəliyi yaranmış olur. Eyni zamanda, qeyd edilməlidir ki, müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlılığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları Mülki Məcəllənin 421-424-cü maddələrinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Qanunvericilik əmanətlərin tam sığortalanmış əmanətlər statusuna keçmə anını bu müqavilələrdəki illik faiz dərəcələrinin Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsinə uyğunlaşdırılmasına dair dəyişikliyin edildiyi tarixə bağlamışdır. Müqaviləyə dəyişikliklərin edilməsi isə Mülki Məcəllənin 423.1-ci maddəsində müəyyən edilmiş qaydada buna dair yazılı şəkildə qarşılıqlı razılığın imzalanması yolu ilə edilir. Nəhayət, qorunan əmanət kimi kompensasiya ödənilməsi barədə tələbin Fonda qarşı yönəlməsi üçün əmanət qorunan əmanət olmalı və müqavilə müddəti ərzində sığorta hadisəsi baş verməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab etmişdir ki, tələb əsassızdır.

17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1, 390.1, 390.2, 405.1, 421.1, 421.2, 423.1, 883.1, 922.1, 944.1-ci maddələrinə, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2, 2.1.11, 3, 4.1, 5, 8.1.20-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

18. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, e-2(006)-2538/2023 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Şikayətin dəlillərinə görə, məhkəmə “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.2.6-cı maddəsini düzgün təfsir etməmiş və həmin normanı işin hallarına səhv tətbiq etmişdir. Əmanətin “cəlb edilmə anı” düzgün müəyyənləşdirilməmişdir. Belə ki, məhkəmə qətnamədə qeyd etmişdir ki, əmanət müqaviləsi eyni tarixə uzadıldığından “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.2.6-cı maddəsində nəzərdə tutulan depozitin “cəlb edildiyi gün” müqavilənin uzadıldığı gün hesab olunur. Əks halda, qeyd edilən Qanunun 8.1.20-ci maddəsi (qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi müəyyən edilir) əhəmiyyətini itirmiş olardı. Halbuki, əmanətin cəlb edilmə anı müqavilənin uzadıldığı tarix deyil, müqavilənin bağlandığı tarixdir. Belə ki, Mülki Məcəllənin 944.1-ci maddəsinin məzmununa əsasən “əmanətin cəlb edilməsi” dedikdə əmanətin banka daxil olması, başqa sözlə, əmanət qoyan tərəfindən vəsaitin banka təqdim edilməsi başa düşülür. Yəni həmin maddəyə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Konstitusiya Məhkəməsi Plenumunun “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.2.6-cı maddəsinin “Banklar haqqında” Qanunun 47-ci və 48-ci maddələri baxımından şərh edilməsinə dair” 10 avqust 2020-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyindən də görünür ki, Mülki Məcəlləsinin 944.1-ci maddəsinə uyğun olaraq, əmanət müqaviləsinin bağlanma vaxtı həmin müqaviləsi üzrə sonrakı hər hansı hərəkətlərin həyata keçirildiyi, o cümlədən əmanətin miqrasiya edildiyi tarix deyil, ilkin (əsas) bank əmanəti müqaviləsinin bağlandığı və əmanətçinin əmanəti banka verdiyi an qəbul olunmalıdır və şərtləri dəyişdirilmiş əmanətlər də Qanunun 2.1.2.6-cı maddəsinə uyğun olaraq qorunan əmanətlər hesab edilməlidir. Qeyd edilməlidir ki, müqavilə şərtlərinə və xarakterinə əsasən əmanətin cəlb edilməsi (banka təqdim edilməsi) və geri qaytarılması prosesi bir dəfə baş verir. Faizlərin ödənilməsi isə müqavilənin qüvvədə olduğu müddətdə davam edir. Yəni, 2018-ci ildə müqavilənin müddətinin uzadılması bank tərəfindən faizlərin ödənilməsinin davam etdirilməsinə əsas olmuşdur. 06 avqust 2018-ci tarixdə əmanət qoyan tərəfindən vəsaitin yenidən banka təqdim edilməsi (cəlb edilməsi) baş verməmiş, həmin tarixdə baş verən hadisə (müqavilənin uzadılması) əmanət üzrə faizlərin ödənilməyə davam edilməsi ilə nəticələnmişdir. Bu baxımdan əmanətin cəlb edildiyi tarix bank hesabına vəsaitin mədaxil edildiyi 06 avqust 2015-ci il tarixdir, müqavilənin uzadıldığı 06 avqust 2018-ci il tarix isə əmanətin cəlb edilməsi tarixi hesab edilə bilməz. Məhkəmə tərəfindən əmanətin “cəlb edilmə anı” düzgün müəyyənləşdirilmədiyindən əsassız və qanunsuz olaraq əmanət və onun faizləri qorunan əmanət hesab edilməmiş və kompensasiya tələbi təmin edilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. İddiaçı apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi.,

22. Cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək təmin olunmamasını məhkəmədən xahiş etdi.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir; Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır; Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır; Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır; Maddə 944.1. Bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

25. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1.2. Qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu (bundan sonra – Fond) tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir; Maddə 2.1.2.6. Cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir; Maddə 2.1.11. Kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir; Maddə 3. Bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 2021-ci il 5 aprel tarixinədək tam sığortalanır; Maddə 4.1. Qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır; Maddə 5. Əmanətlərin Sığortalanması Fondunun iştirakçı banklarında sığorta hadisəsi baş verdikdə tam sığortalanmış əmanət üzrə kompensasiya əmanətin 100 faizi həcmində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulan şərt tətbiq edilmədən ödənilir. Bu Qanunun 3-cü maddəsində nəzərdə tutulmuş müddət bitdikdən sonra tam sığortalanmış əmanətlər üzrə kompensasiyaların həcmi “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən müəyyən edilir; Maddə 8.1.20. Qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya şikayəti ilə qətnamənin ləğv olunaraq iddianın təmin olunması tələb edildiyindən, qətnamə apellyasiya şikayəti və dəlillər üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

28. Apellyasiya şikayətinin hüquqi əsası kimi iddiaçı Konstitusiya Məhkəməsi Plenumunun “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.2.6-cı maddəsinin “Banklar haqqında” Qanunun 47-ci və 48-ci maddələri baxımından şərh edilməsinə dair” 10 avqust 2020-ci il tarixli qərarına istinadən qeyd etmişdir ki, Mülki Məcəlləsinin 944.1-ci maddəsinə uyğun olaraq, əmanət müqaviləsinin bağlanma vaxtı həmin müqaviləsi üzrə sonrakı hər hansı hərəkətlərin həyata keçirildiyi, o cümlədən əmanətin miqrasiya edildiyi tarix deyil, ilkin (əsas) bank əmanəti müqaviləsinin bağlandığı və əmanətçinin əmanəti banka verdiyi an qəbul olunmalıdır və şərtləri dəyişdirilmiş əmanətlər də Qanunun 2.1.2.6cı maddəsinə uyğun olaraq qorunan əmanətlər hesab edilməlidir. Qərarın nəticəvi hissəsində qeyd olunan bu cümlənin məzmunundan da görünür ki, əmanət müqaviləsinin bağlanma tarixi ilkin (əsas) bank əmanəti müqaviləsinin bağlandığı və əmanətçinin əmanəti banka verdiyi an qəbul olunmalıdır. Lakin hazırkı iş üzrə müqavilənin bağlanma anı mübahisə predmeti deyildir, hər 2 tərəf müqavilənin 06 avqust 2015-ci il tarixdə, yəni, illik 12 % dərəcəsi ilə banka xarici valyutada qoyulan əmanətin qorunan əmanət olduğu dövrdə bağlandığını mübahisələndirmir.

29. Mübahisənin əsasını o təşkil edir ki, müqavilənin qüvvədə olduğu müddət ərzində, yəni 02 mart 2016-cı il tarixdə Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 3 % müəyyən edilmiş, lakin bu zaman iddiaçı tərəfin (əmanətçinin) müqaviləyə dəyişiklik edilməsi barədə banka müraciət etməmişdir.

30. Birinci instansiya məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, qanunvericilik əmanətlərin tam sığortalanmış əmanətlər statusuna keçmə anını bu müqavilədəki illik faiz dərəcələrinin Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsinə uyğunlaşdırılmasına dair dəyişikliyin edildiyi tarixə bağlamışdır. Müqaviləyə dəyişikliklərin edilməsi isə Mülki Məcəllənin 423.1-ci maddəsində müəyyən edilmiş qaydada buna dair yazılı şəkildə qarşılıqlı razılığın imzalanması yolu ilə edilir. Lakin tərəflər arasında bu məsələnin tənzimlənməsi ilə bağlı hər hansı bir sənəd mövcud deyildir və bununla bağlı iddiaçının müraciət etməməsi işin mübahisələndirilməyən halını təşkil edir.

31. Məhkəmə kollegiyası qeyd edir ki, depozitin faiz dərəcəsi bu növ müqavilələr üçün mühüm şərtdir və bank müqavilənin mühüm şərtini birtərəfli qaydada dəyişməyə səlahiyyətli deyildir. Müqavilənin müddəti bitdikdən sonra müqavilə tərəflərin razılığı ilə dəyişdirilə və sığortalı faiz dərəcəsi tətbiq oluna bilərdi. Müddət müqavilənin müvafiq bəndinə əsasən uzadılmışdır və eyni şərtlərlə uzadıldığından artıq depozit məbləği sığortalı hesab oluna bilməzdi.

32. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

33. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, e-2(006)- 2538/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, e-2(006)- 2538/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar