Məhkəmə qərarları › İş №2(103)-6131/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6131/2021

09.08.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6131/2021 09.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı, vəkili X1, cavabdeh "xxxx" ASC-nin vəkili X3 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(011)-1207/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-nin "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin 09.07.2020-ci il tarixli 52/k nömrəli əmrin ləğv olunması, işlədiyi vəzifəyə bərpa edilməsi və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(011)-1207/2021 nömrəli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, "xxxx" MMC-də 03.08.2009-cu il tarixdən çalışmış, çalışdığı dövr ərzində rəhbərlik tərəfindən heç bir intizam tənbehi və qanunvericiliklə nəzərdə tutulmuş digər cəzalar almamışdır. Lakin 09 iyul 2020-ci il tarixdə heç bir məlumatı olmadan onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin tarixdə ona rəhbərlik tərəfindən işdən azad olduğu bildirilmişdir. Çalışdığı müəssisədən işdən hansı əsaslarla azad olunmağının səbəbini araşdırdıqda rəhbərlik tərəfindən ona çalışdığı ştatın ləğv olunduğunu bildirdilər. O, buna etiraz etdikdə və əmrin qanunsuz olduğunu bildirdikdə onlar ona etirazının əsassız olduğunu bildirərək əlavə heç bir məlumat vermədilər. Xətai rayon məhkəməsi araşdırmanı birtərəfli apararaq yalnız cavabdeh tərəfin təqdim etdiyi saxta sübutlara əsaslanmışdır. Belə ki, ƏM-in 77-ci maddəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olduqda bu Məcəllərin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməli, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir günü əmək funksiyasının icrasından azad edilir. Məhkəmədə cavabdeh tərəf yalan ifadə verərək bildirir ki, guya onu bütün qanuni prosedurlara uyğun işdən azad etmiş, iclas keçirərək bu barədə onu xəbərdar etmiş, cavabdeh tərəfindən məhkəməyə saxta şahidlər dəvət edilmiş və onlar da, məhkəmədə yalan ifadə vermişlər. Lakin həmin şahidlər güya “keçirilmiş iclasda” iştirak etmişdir. Məhkəmə araşdırması zamanı onların yalan ifadə verməsini üzə çıxara biləcək suallarına şahidlər cavab verə bilməmişlər. İddia ərizəsində də bildirdiyi kimi o, heç bir müddətdə xəbərdarlıq olunmamış və heç vaxt əmək funksiyanın icrasından azad olunmamışdır. Belə ki, işdən qanuni şəkildə azad edilsəydi həm də, qanunvericiliyin tələb etdiyi kimi təhvil təslim baş verməli idi, lakin heç bir təhvil təslim aktı mövcud olmamışdır. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, ona atıcı vəzifəsi təklif edilməyib. İş materiallarında olan sənədlər sonradan tərtib edilib. Ona iş təklif edilsəydi, qəbul edərdi. Çünki, işsiz qalmışdır. Cavabdeh tərəf 2 il əvvəl 2018-ci ildə belə bir niyyətləri olarkən ona xəbərdarlıq məktubları göndərilmişdi. Lakin 2020-ci il tarixə aid heç bir xəbərdarlıq məktubu ona göndərilməyib. Əgər göndərilsəydi bunu etiraf edərdi. Məhkəmə iclasında iddiaçının vəkili X2 bildirdi ki, işdən çıxan zaman heç bir təhvil-təslim olmayıb. Təmsil etdiyi şəxsə xəbərdarlıq da edilməyib. Barışıq üçün vaxt verilməsinə ehtiyac yoxdur. Məhkəmə iclasında cavabdehin vəkili X4 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işdən görünür ki, "xxxx" ASC-nin "xxxx" MMC-nin 52/k saylı 09.07.2020-ci il tarixli əmri ilə "xxxx" MMC-nin 7 saylı mühafizə qrupunun rəisi İddiaçı əmək müqaviləsinə 09.07.2020-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmiş və Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən ona orta aylıq əmək haqqının 2 misli miqdarında işdənçıxma müavinəti və son haqq-hesab ödənilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, iddiaçı cavabdeh təşkilatda qarovul rəisinin köməkçisi vəzifəsinə qəbul olunmuş, əmək müqaviləsinə xitam verilərkən iddiaçı mühafizə qrupunun rəisi vəzifəsində işləmişdir, həmin ştat ləğv edilmiş, iddiaçının ştatı yeni ştat cədvəlində nəzətdə tutulmamışdır, ona cavabdeh tərəfindən müvafiq olan böyük atıcı vəzifəsi təklif edilmişdir, iddiaçı tərəfindən həmin təklif qəbul edilməmişdir, iddiaçının tutduğu vəzifənin ixtisar olunması səbəbi ilə ona 9 həftəlik xəbərdarlıq müddəti və əmək haqqı saxlanılmaqla 1 iş günü əmək funksiyasının icrasından azad olmaq hüququ barədə xəbərdarlıq edilmişdir, müəssisənin Həmkarlar İttifaqı Komitəsinin əmək müqaviləsinə xitam verilməsinə razılığı olmuşdur, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir, ona orta aylıq əmək haqqının 2 misli məbləğində işdənçıxma müavinəti ödənilmişdir. Bununla belə əmək müqaviləsinin ləğv olunmasını istisna edən, həmçinin cavabdehin qərəzli davranışına dair hallar məhkəmə tərəfindən müəyyən olunmadı. İddiaçı “əmək müqaviləsinə xitam verilərkən işəgötürənin qərəzli olması” barədə irəli sürdüyü dəlillərə hüquqi qiymət verərək, həmin dəlilləri əsassız hesab edir. Belə ki, iddiaçı iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, işəgötürən ona qarşı qərəzli olmaqla onu işdən azad etmişdir. Lakin iddiaçı qeyd olunanlar arasında səbəbli əlaqənin olması ilə əlaqədar məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş, həmçinin belə hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. İddiaçının “işlədiyi ştatın ləğv edilməsi barədə müvafiq xəbərdarlığın edilməməsi, ona yeni iş təklif edilməməsi və əmək müqaviləsinə xitam verilərkən xəbərdarlıq müddətinin verilməməsi” barədə dəlillərinə münasibətdə qeyd edir ki, iş materialları, o cümlədən şahid ifadələri ilə, əmək müqaviləsinə xitam verilərkən iddiaçının lazımi qaydada xəbərdarlıq edildiyi, müvafiq iş ştatlarının ləğv edilməsi və yeni ştat cədvəlinə uyğun iş təklif edilməsi barədə ona bildirişin cavabdeh tərəfindən təqdim edildiyi öz təsdiqini tapır. Belə olan halda məhkəmə hesab edir ki, işəgötürən tərəfindən iddiaçının işlədiyi ştat vahidinin ləğv edilməsindən sonra iddiaçıya yeni iş yeri təklif olunduğundan və iddiaçı yeni iş təklifinə razı olmadığından cavabdeh iddiaçı ilə olan əmək müqaviləsinə xitam verməkdə haqlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməməsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsi düzgün olmuşdur. Əvvəla, iddiaçı 09 iyul 2020-ci il tarixdə heç bir məlumatı olmadan onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyini, həmin tarixdə ona rəhbərlik tərəfindən işdən azad olduğu bildirildiyini, çalışdığı müəssisədən işdən hansı əsaslarla azad olunmağının səbəbini araşdırdıqda rəhbərlik tərəfindən ona çalışdığı ştatın ləğv olunduğunu bildirdiklərini göstərsə də bu dəlillər əsaslı hesab edilə bilməz. Çünki, Əmək Məcəlləsinin 77-ci maddəsinin tələbinə əsasən ştatlar ixtisar olunduğuna görə həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə əmək müqaviləsini ləğv etməzdən əvvəl cavabdeh tərəfindən iddiaçıya əmək stajının müddətinə uyğun doqquz təqvim həftəsi əvvəl rəsmi xəbərdarlıq edilməsinə və xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədilə bir iş günü əmək funksiyasının icrasından azad edilməsinə və ona böyük atıcı vəzifəsi təklif etməsinə dair iş materialında sübutlar mövcuddur(bax i.v.47-50). İddiaçı həmin sənədləri saxta sübutlar hesab etsə də beş nəfər şəxs tərəfindən tərtib edilmiş həmin aktların saxta olması da inandırıcı və ağlabatan olmalıdır. İş üzrə dindirilmiş iki şahid də ştatların ixtisar olunacağından və buna görə də ona yeni iş təklif edilməsindən iddiaçının məlumatlı olduğunu təsdiq etmişlər. Hətta şahid Ayaz Abbasov bu barədə iddiaçı ilə müzakirə apardığını da demişdir. Ona görə də ştatların ixtisarına görə əmək müqaviləsinə xitam verilməsindən işdən azad olunduğu gün məlumatı olduğu barədə iddiaçının göstərdikləri özü inandırıcı və ağlabatan deyildir. İkincisi, iddiaçı hazırki iddiasının təmin edilməsi üçün əsas kimi cavabdeh tərəfindən Əmək Məcəlləsinin 77 və 80-ci maddələrinin tələblərinin pozulduğunu göstərir. Yuxarıda 77-ci maddə ilə bağlı iddiaya və apellyasiya şikayətinin dəlillərinə münasibət bildirildi. 80-ci maddənin tələblərinə cavabdeh tərəfindən riayət edilməsinə dair də işdə sübutlar mövcuddur(bax.i.v.70-72).Ancaq apellyasiya şikayətində əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alındığını iddiaçı mübahisələndirməmişdir. Bununla yanaşı, həmin maddənin tələblərinin də pozulduğu iş materialları ilə təkzib edilir. Üçüncüsü, iddiaçı cavabdeh tərəfindən Əmək Məcəlləsinin 77-ci maddəsinin tələbləri pozulduğuna görə əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsini tələb edir. Demək, onun işlədiyi vəzifə ştatının ləğv olunduğu mübahisələndirilmir. Ləğv edilmiş ştat üzrə vəzifəyə bərpa olunma üçün isə hüquqi mexanizm olmalıdır. Ancaq belə bir imkan olmasa da iddiaçı məhz bunu istəyir. Belə çıxır ki, iddiaçı Əmək Məcəlləsinin 77-ci maddəsinin tələblərinə cavabdeh tərəfindən riayət edildiyinə inanmış olsaydı, yəqin ki, əmək müqaviləsinə bu əsasla xitam verilməsinə razı olardı yaxud ona təklif edilən aşağı vəzifəni qəbul edərdi. Ancaq cavabdehin məhz bu tələbləri pozduğuna əmin olduğu üçün hazırki iddianı irəli sürərək məhz əvvəlki vəzifəsinə bərpa olunmaqda israrlıdır. Apellyasiya baxışı zamanı da tərəflərə məhkəmə baxışını barışıq sazişi ilə tamamlamaq təklif edilsə də iddiaçı yalnız hal-hazıradək işləmədiyi dövr üçün əmək haqqının ona veriləcəyi təqdirdə təklif edilən atıcı vəzifəsinə işə bərpa olunmağa razılaşacağını billdirdi, cavabdeh tərəfin isə hər hansı bir məbləğ ödəmədən atıcı vəzifəsinə işə bərpa edəcəklərinə razı ola biləcəkləri müəyyən olundu. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin də cəhdlərinə baxmayaraq tərəflər məhkəmə baxışını barışıq sazişi ilə tamamlaya bilmədilər. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə mübahisələndirdiyi hissədə nəticə etibarı ilə düzgün olduğundan yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(011)- 1207/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar