Məhkəmə qərarları › İş №2(103)-6132/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6132/2024

27.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6132/2024 27.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-nə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abdullayeva Çiçək Pərviz qızının katibliyi ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1459/2024 nömrəli 07 avqust 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli 30 mart 2018-ci il tarixli aktın surətindən görünür ki, sayğacın qayka flyans plombunun qırıq olduğu aşkar olunmşdur.

2. 30 mart 2018-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, ******* nömrəli 30 mart 2018-ci il tarixli akta əsəsan itirilmiş qaz sərfiyyatının 2133 m3 olması hesablanmışdır

3. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, 30 aprel 2018- ci il tarixli aktın görünür ki, sayğacın qayka flyans plombunun qırıq olduğu aşkar olunmşdur.

4. 30 aprel 2018-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, ******* nömrəli, 5812585-ci il tarixli akta əsəsan itirilmiş qaz sərfiyyatının 2196 m3 olması hesablanmışdır.

5. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, 30 dekabr 2020-ci il tarixli aktın surətindən görünür ki, qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar edilmişdir.

6. 30 dekabr 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, ******* nömrəli, 30 dekabr 2020-ci il tarixli akta əsəsan itirilmiş qaz sərfiyyatının 26568 m3 olması hesablanmışdır

7. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, 26 fevral 2021- ci il tarixli aktından görünür ki, qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar edilmişdir.

8. 26 fevral 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, ******* nömrəli, xx.xx.2021-ci il tarixli akta əsəsan itirilmiş qaz sərfiyyatının 3528 m3 olması hesablanmışdır.

9. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, 31 mart 2021-ci il tarixli aktdan görünür ki, qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar edilmişdir.

10. 31 mart 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, ******* nömrəli, 31 mart 2021-ci il tarixli akta əsəsan itirilmiş qaz sərfiyyatının 3960 m3 olması hesablanmışdır.

11. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, 30 aprel 2021- ci il tarixli aktdan görünür ki, qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar edilmişdir.

12. 30 aprel 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, ******* nömrəli 30 aprel 2021-ci il tarixli akta əsəsan itirilmiş qaz sərfiyyatının 3528 m3 olması hesablanmışdır.

13. **********00000 saylı abonentin saldosundan görünür ki, X1 2021-ci ilin avqust ayının sonu üçün cəmi 3758.40 manat məbləğində borc hesablanmışdır. Qeyd edilən borcun 2656.80 manat olan hissəsi 2020-ci ilin dekabr ayında, 352.80 manat olan hissəsi 2021-ci ilin fevral ayında, 396 manat olan hissəsi 2021- ci ilin mart ayında və 352.80 manat olan hissəsi isə 2021-cilin aprel ayında qalıq və aktlar üzrə hesablanmışdır.

14. **********00000 saylı abonentin saldosundan görünür ki, X2 2018-ci ilin mart ayında 426.60 manat və 2018-ci ilin aprel ayında isə 219.60 manat qalıq və aktlar üzrə borc hesabalnmış olduğu görünsədə, saldodan qeyd edilən borcun 598.80 manat olan hissəsi Azəriqaz İB tərəfindən silinmiş, qalıq qalmış 47.40 manat olan hissəsi isə abonenet tərəfindən ödənmişdir.

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 may 2024-cü il tarixli, 3-16-16/2-3/527 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir.Qaz sayğacına kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Aparılmış tədqiqatın dəyəri 65 manat müəyyən edilmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

16. İddiaçı Cavabdeh İB-nə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən evin hesab koduna akt əsasında əsassız hesablanmış 4404,60 (dörd min dörd yüz dörd manat, altmış qəpik) manat məbləğin kod (**********00000) silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

17. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "Azəriqaz“ İB-nin nümayəndələri tərəfindən 30 mart 2018-ci il tarixdə ünvan 1 ünvanında yerləşən ona məxsus evin qaz xəttinə baxış keçirilmişdir. Baxış keçirilən zamanı qeyd olunan ünvanda sayğacın qayka flyans plompunun qırıq olduğu aşkar olunması barədə "Azəriqaz“ İB-nin nümayəndələri tərəfindən xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında onun imzası olmadan hesab koduna (**********00000) əsassız, olaraq 426,60 (dörd yüz iyirini altı manat altmış qəpik) manat dəymiş ziyan hesablanmışdır. Bundan başqa "Azəriqaz“ İB-nin nümayəndələri tərəfindən 30 aprel 2018-ci il tarixdə qeyd olunan ünvana yenidən baxış keçirilmiş sayğacın qayka flyans plompunun olmadığı aşkar olunması barədə 30 aprel 2018- ci il tarixli, ******* saylı akt əsasında onun imzası olmadan hesab koduna əsassız olaraq 219.60 (iki yüz on doqqıız manat altı altmış qəpik) manat dəymiş ziyan hesablanmışdır. Bundan başqa, "Azəriqaz“ İB-nin nümayəndələr tərəfindən 30 dekabr 2020-ci il tarixdə qeyd olunan ünvana yenidən baxış keçirilmiş sayğacdan kənar istifadə olunması barədə ******* saylı akt əsasında onun imzası olmadan hesab koduna əsassız olaraq 2656,80 (iki altı yüz əlli altı manat səksən qəpik) manat dəymiş ziyan hesablanmışdır. Bundan başqa "Azəriqaz“ İB-nin nümayəndələri tərəfindən xx.xx.2021-ci il tarixdə qeyd olunan ünvana yenidən baxış keçirilmiş sayğacdan kənar təbii qazdan qeyriqanuni istifadə olunması barədə ******* saylı akt əsasında onun imzası olmadan hesab koduna əsassız olaraq 396 (üç yüz doxsan altı) manat dəymiş ziyan hesablanmışdır. Bundan başqa "Azəriqaz“ İB-nin nümayəndələri tərəfindən 31 mart 2021–ci il tarixdə qeyd olunan ünvana yenidən baxış keçirilmiş sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə olunması barədə ******* saylı akt əsasında onun imzası olmadan hesab koduna əsassız olaraq 352.80 (üç yüz əlli iki manat səksən qəpik) manat dəymiş ziyan hesablanmışdır. Akt tərtib olunarkən “Azəriqaz" İB-yi tərəfindən ona məlumat verilməmiş, onun imzası olmadan tərtib olunmuşdur. "Azəriqaz;“ İB-nin ərazi üzrə nəzarətçiləri hər ay sayğaca və qaz xəttinə baxış keçirərək orada olan göstəriciləri bazaya işləyirlər. Əgər sayğacdan kənar təbii qazdan istifadə olunurdusa bununla bağlı tədbir görülməli idi. Maliyyə arayışında göründüyü kimi onun tərəfindən hər ay qaz kartına pul vurmaqla təbii qazdan istifadə olunmuşdur.

18. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1459/2024 nömrəli 07 avqust 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh İB tərəfindən **********00000 saylı abonent X2 ******* nömrəli 30 dekabr 2020-ci il tarixli akta əsasən hesablanmış 2656.80 manat, ******* nömrəli, 26 fevral 2021-ci il tarixli akta əsasən hesablanmış 396 manat, ******* nömrəli, 26 fevral 2021-ci il tarixli akta əsasən hesablanmış 352.8 manat, ******* nömrəli, 30 aprel 2021-ci il tarixli akta əsasən hesablanmış 352.80 manat, cəmi 3758.4 manat borc silinməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir.

19. Birinci instansiya məhkəməsinin hakimi belə qənaətə gəlmişdir ki, ilk öncə iddia tələbinin xx.xx.2018-ci il tarixli ******* nömrəli və xx.xx.2018-ci il tarixli ******* nömrəli aktlar əsasında yazılmış 646.20 manat cərimənin silinməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, mülki iş matriallarına əlavə edilmiş saldodan görünür ki, qeyd edilmiş aktlar əsasında yazılmış cərimənin 598.80 manat olan hissəsi Azəriqaz İB tərəfindən silinmiş, 47.40 qəpik olan hissəsi isə iddiaçı tərəfindən ödənildiyindən yəni sözügedə aktlar üzrə cərimə olmadığından iddia tələbi həmin hissədə təmin edilə bilməz. Bundan sonra məhkəmə iddia tələbinin xx.xx.2020-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli və xx.xx.2021-ci il tarixli ******* saylı aktalar üzrə yazılmış cərimələrin silinməsi hissəsinə münasibət bildirərək sözügedən aktlarda iddiaçının imzasının olmadığını, dolayısı ilə ona məxsus evə baxış keçirilsə də, iştirakının təmin edilməməsini nəzərə alır. Bundan əlavə, işdə olan fotoşəkillərin çəkilmə tarixi göstərilmədiyindən hansı aktları əsaslandırdığını müəyyənləşdirmək qeyri-mümkün olması, babelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-3/527 nömrəli ekspertiza rəyini nəzərə alaraq məhləmə hesab edir ki, iddia tələbi bu hissələrdə təmin edilməli sözügedən aktalr üzrə iddiaçıya hesablanmış cərimə silinməlidir

20. Məhkəmə öz mövqeyini “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14-cü, 21-ci, 1096,1097-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.6, 4.7, 4.8, 4.9-cü maddələrinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü, 18-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 124.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

21. Qətnamədən Cavabdeh İB apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsi və iddia tələbinin təmin edilən hissədə ləğv edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayətində göstərilmişdir ki, başqa şəxsə zərər vurulması mülki vəzifələrin əmələ gəlməsinin əsaslarından hesab olunur və zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan digər sübutlar (fotoşəkillər, tələbnamə, rəy, abonent saldosu və s) Birliyə vurulmuş zərəri sübut edir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktların bir nüsxəsi istehlakçıya (nümayəndəsinə) təqdim edilmişdir və istehlakçının həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq əməkdaşlarımız tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdən də açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Belə olan halda Cavabdeh İB-nin ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququnun olmasına, həmçinin iddiaçı tərəfindən qaz xəttinə qanunsuz qoşulmaya dair sübutların olmasına baxmayaraq, 1-ci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. İddia tələbi tamamilə əsassız olduğu və cavabdeh tərəf olaraq da bu halı sübuta yetirdiyimiz halda 1-ci instansiya məhkəməsi iddia tələbini hər hansı bir əsas olmadan qismən təmin etmişdir. 1-ci instansiya məhkəməsi sübutların faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Əgər məhkəmə qeyd olunan prosessual normanın tələblərini düzgün tətbiq etmiş olsa idi iddia tələbini rədd edərdi. Həmçinin Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktların bir nüsxəsi istehlakçıya (nümayəndəsinə) təqdim edilmişdir və istehlakçının həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Odur ki, Məhkəmənin gəldiyi hazırki nəticə göstərilən prosessual hüquq normalarının pozulmasıdır. İş materiallarında yer almış və tərəfimizdən təqdim olunan sübutlar iddia tələbinin tamamilə əsassız olmasını təsdiq etdiyi halda 1-ci instansiya məhkəməsi mötəbər olmayan sübutlara istinad etməklə səhv nəticəyə gələrək, iddia tələbini qismən təmin etmişdir. İş materiallarından da məlum olduğu kimi məhkəmə tərəfindən təyin edilmiş ekspertiza üzrə Azərbaycan RespublikasıƏdliyyə Nazirliyi Məhkəmə EkspertizasıMərkəzi tərəfindən verilmiş məhkəmə-trasoloji ekspertizasının rəyinə qeyd edilmişdir ki, təqdimata təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Məhkəmə də qeyd olunan ekspert rəyinə istinad edərək iddia tələbini təmin etmişdir. Bununla da birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normaları ilə bağlı da pozuntuya yol verilmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

24. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə iddiaçı öz nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” 6.5-ci bənd. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

26. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.

27. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

31. Cavabdeh tərəfindən qətnamə iddia tələbinin təmin olunan hissəsində ləğv edilməsini xahiş edildiyindən, qətnamə o hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

33. Belə ki, hazırkı işdə əməlin baş verib-vermədiyi, cavabdehin hüquqazidd hərəkət etməsi və bu zaman təqsirli olmasının yoxlanması zamanı ilk növbədə sübutetmə yükünün düzgün müəyyən edilməsi zəruridir. Məhkəmə qeyd edir ki, sayğaca kənar müdaxilə edilməklə qaz itkisinin baş verməsinin məhz cavabdehin təqsiri üzündən baş verməsini təsdiq edən sübutları təqdim etmək vəzifəsi həm Mülki Prosessual Məcəllənin 77-ci maddəsi, həm də qeyd olunan Qaydaların 4.9-cu bəndinin 2-ci cümləsinə görə məhz iddiaçı Cavabdeh İB-nin üzərinə düşür.

34. “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 13-cü maddəsinin 6-cı və 8-1-ci hissəllərinin tələbinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmalı, eləcə də istehlakçı qaz paylayıcısının işçilərini müayinə keçirilməsi üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə və ya müayinənin keçirilməsinə şərait yaratmadıqda qazın verilməsi dayandırılmalıdır.

35. Mülki mübahisənin yaranmasına səbəb Cavabdeh tərəfindən tərtib edilmiş aktın olmasını və həmin aktın tərtib edilməsinə əsaslar cavabdeh tərəfindən təbii qazdan kənar xətt vasitəsilə istifadə etməsi faktının müəyyən edilməli olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, həmin aktın tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halın məhz iş üzrə cavabdeh tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni iddiaçının üzərinə düşür. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın tələblərinə əsasən şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

36. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərindən də görünündüyü kimi qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməli, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

37. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), təqdim etməlidir. Hazırki işdən isə müyyən edilir ki, həmin akt tərtib edilərkən bir nüsxəsi nə akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), təqdim edilməsi barədə cavabdeh tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının (istehlakçının) abonent hesabına hesablanmış borc da əsaslı hesab edilməməklə silinməlidir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin xx.xx.2018-ci il tarixli ******* nömrəli və xx.xx.2018-ci il tarixli ******* nömrəli aktlar əsasında yazılmış 646.20 manat cərimənin mülki iş matriallarına əlavə edilmiş saldodan görünür ki, qeyd edilmiş aktlar əsasında yazılmış cərimənin 598.80 manat olan hissəsi Azəriqaz İB tərəfindən silinmiş, 47.40 qəpik olan hissəsi isə iddiaçı tərəfindən ödənildiyindən yəni sözügedə aktlar üzrə cərimə olmadığından iddia tələbi həmin hissədə təmin edilə bilməz. İddia tələbinin xx.xx.2020-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli və xx.xx.2021-ci il tarixli ******* saylı aktlar üzrə yazılmış cərimələrin silinməsi hissəsinə münasibət bildirərək sözügedən aktlarda iddiaçının imzasının olmadığını, dolayısı ilə ona məxsus evə baxış keçirilsə də, iştirakının təmin edilməməsini nəzərə alır. Bundan əlavə, işdə olan fotoşəkillərin çəkilmə tarixi göstərilmədiyindən hansı aktları əsaslandırdığını müəyyənləşdirmək qeyri-mümkün olması, babelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-3/527 nömrəli ekspertiza rəyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birin instansiya məhkəməsi haqlı olaraq iddia tələbini bu hissələrdə təmin etməklə sözügedən aktalr üzrə iddiaçıya hesablanmış cərimə silinməsi nəticəsinə gəlmişdir.

39. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1459/2024 nömrəli 07 avqust 2024-cü il tarixli qətnaməsi apellyasiya şikayəti təmin edilməməklə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

40. Hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1459/2024 nömrəli 07 avqust 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar