Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6133/2023 19.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: aktın ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “’əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-3476/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə ünvanında yerləşən fərdi yaşayış ev İddiaçı (bundan sonra iddiaçı) istifadə və sahibliyindədir. Onunla Cavabdeh (dundan sonra cavabdeh) arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən həmin ev cavabdeh tərəfindən maye qazla təchiz edilmiş və qaz xəttinin üzərində xx.xx.2023-cü il tarixdə sayğac quraşdırılmaqla həmin evə **********03159 nömrəli abonent kodu verilmişdir. Abonent barədə məlumatlara əsasən həmin evdə təbii qazla işləyən cihaz qismində 1 ədəd 4 gözlü qaz plitəsi (PQ-4) istifadə edilir. İddiaçıya abonent kodu verildikdən sonra qazdan qanunsuz istifadə nəticəsində vurulmuş zərər olaraq onun abonent hesabına 4.406,40 manat məbləğində cərimə hesablanmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi və tələbin dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Sabunçu Rayon Qaz İstismar idarəsinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtib etdiyi xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 4,406,40 məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cəlilabad rayonu, Privolnoye kəndində qeydiyyatda olsa da, faktiki olaraq Bakı şəhəri, Sabunçu rayonu, Şuşa şəhərciyi adlanan Ramana qəsəbəsidə yaşayır və **********03159 saylı kod üzrə qaz istehlakçısıdır. Yaşadığı ev mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin evin öz qaz xətti və öz sayğacı var. Qaz sayğacı evinə xx.xx.2023-cü il tarixdə qoyulmuşdur. O, ilk ay olaraq fevral ayında 12,24 manat ödəniş etmişdir. Sayğac qoyulduqdan bir neçə gün sonra Cavabdeh Sabunçu Rayon Qaz İstismar idarəsinin əməkdaşları tərəfindən sayğacın üzərinə plomb vurulmuşdur. Son bir ay ərzində qaz borcunu ödəyərkən ona məlum olmuşdur ki, onun Cavabdehnə guya 4.406, 40 manat borcu vardır. O, borcun nədən yarandığını öyrənmək üçün Cavabdeh Sabunçu Rayon Qaz İstismar idarəsinə getmiş və orda ona bildirmişlər ki, əvvəlki illərdə qazdan qanunsuz istifadə etdiyi üçün xx.xx.2022-ci il tarixdə iştirakı olmadan 91 nömrəli akt tərtib edilmişdir. Belə ki, ZENNER G4T MEXANİKİ markalı, **********3 nömrəli sayğac Cavabdeh Sabunçu Rayon Qaz İstismar idarəsi tərəfindən qoyulmuşdur və həmin vaxt sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi deşilməmişdir və sayğaca hər hansı bir xarici müdaxilə olsaydı bu barədə tərtib etdikləri xx.xx.2022-ci il tarixli, 91 nömrəli aktın “sayğacın və plombların toxunulmazlığına cavabdeh şəxs” qrafasında qeyd edərdilər və bu barədə ona hər hansı bir məlumat verərdilər. Bundan başqa qaz sayğacı həyətindən kənarda yerləşdiyindən qaz sayğaclarının təhlükəsizliyinə və işlək vəziyyətdə saxlanmasına Azərbaycan Respublikası Nazirlər Kabinentinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarının “Qazdan istifadə Qaydaları”nm 4.8 bəndinə və qaz təchizatı haqqında digər qanunvericilik aktlarına görə fiziki şəxs olaraq o, yəni istehlakçı yox, paylayıcı məsuliyyət daşıyır. Təqsirli şəxs müəyyən edilmədən, qanunsuz olaraq Dövlət Laboratoriya rəyinə əsasən Cavabdeh Sabunçu Rayon Qaz İstismar idarəsi tərəfindən ona həmin akt üzrə cərimə aktı tərtib edilmişdir. Aktın tərtib edilməsindən xəbəri belə olmadığı halda həmin akta “istehlakçının nümayəndəsi” yerinə İddiaçı qeyd etmişlər. Cərimə aktına əsasən dəymiş ziyanın bərpasına dair tələbnamə sənədi tərtib edilmiş, Dövlət laboratoriya aktı “əsas səbəb” kimi götürülərək, təqsirli şəxs müəyyən edilmədən, 78 gün üçün ona 36.720 m3 həcmində itirilmiş qaz, yəni 4.406,40 manat məbləğində cərimə tətbiq edilmişdir. Bundan başqa qaz sayğacının üzərində plomb ola-ola o, qaz sayğacına necə müdaxil edə bilər. Aydın məsələdir ki, bu mümkün deyil.
4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)- 3476/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən hеsablanmış borcun 4.204.80 manat hissəsinin abonеnt hеsabından silinməsi qət edilmişdir. (hakim X8)
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən cavabdehə maddi zərər vurulması faktı təsdiq olunsa da zərər məbləği şişirdilmişdir. Dəymiş ziyanın həcminin hesablanması zamanı еvdə 1 ədəd PQ-4 tipli qaz plitəsi, 1 ədəd QSSQ, 1 ədəd dəmir soba, 1 ədəd iran sobası vasitəsi ilə qazdan istifadə еdilməsi nəzərə alınsa da, lakin cavabdеh tərəf iddiaçıya məxsus еvdə sadalanan qaz işlədicilərinin olması barədə hər hansı sübut təqdim еtməmişdir. Bunun əksinə cavabdеh tərəfindən hazırlanmış **********00078 və **********03159 nömrəli abonent saldolarında isə iddiaçıya məxsus еvdə yalnız 1 ədəd 4 gözlü qaz plitəsi ilə təbii qazdan istifadə еdildiyi təsdiq еdilmişdir. Cavabdеh tərəf еyni zamanda qaz işlədicilərinin orta günlük iş rejimini 24 saat və hesabat müddətini 180 gün olaraq aparsa da, iş rеjiminin və hesabat müddətinin bu qaydada aparılmasını əsaslandıra bilməmişdir. Məhkəmə hеsab еtmişdir ki, iddiaçının еvinə çəkilmiş xətti ləğv еtməklə yaranabiləcək zərərin qarşısını almaq üçün ağlabatan tədbirlər görməli olan cavabdеh müvafiq hərəkətləri еtməyərək zərərin yaranmasına kömək göstərdiyindən, o, itirilmiş qazın bərpası üzrə iddiaçıya sərfiyyatı 180 gün üçün əsassız hеsablamışdır. Məhkəmə qеyd еdilənləri və sərfiyyat üçün 30 günlük hеsabat dövrünün olduğunu nəzərə alaraq, borcun 4.268.16 manat hissəsinin iddiaçıya əsassız hеsablandığı nəticəsinə gəlmişdir. Məhkəmə təbii qazdan qеydiyyatsız istifadənin ilin soyuq fəslində olduğunu, iddiaçının isə еvini isitməsi üçün başqa yanacaq və ya qurğudan istifadə еtməsi barədə sübut təqdim еdə bilmədiyini nəzərə alaraq iddiaçının ilin soyuq fəslində еvinin isidilməsində 1 ədəd dəmir soba və 1 ədəd iran sobasından istifadə еtməsi nəticəsinə gəlmiş, еyni zamanda, 1 ədəd PQ-4 tipli qaz plitəsinin təyinatını nəzərə alaraq, həmin cihazın sutka ərzində ən çoxu 8 saat işlədilməsini, digər qaz işlədicilərin isə 8 saatlıq yuхu vaхtı çıхılmaqla 16 saat işlədilməsini ağlabatan saymış və dəymiş ziyanın həcminin hesablanması zamanı еvdə iş rеjimi 8 saat olan 1 ədəd PQ-4 tipli qaz plitəsi, iş rejimləri 16 saat olan 1 ədəd dəmir soba və 1 ədəd iran sobası vasitəsi ilə qazdan istifadə еdilməsi, maksimal saatlıq qaz sərflərinin müvafiq olaraq 1.2 m3 /saat, 1.4 m3 /saat və 1.5 m3 /saat, hesabat müddətinin 30 gün qəbul edilməklə aparılması qənaətinə gəlmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 21.3-cü, 458.1-ci, 1096-ci, 1097-ci, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2ci, 77-ci, 217.4-cü, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü, “Qaz təchizatı” Azərbaycan Respublikası Qanununun 6-cı maddələrinə, “Qazdan istifadə Qaydaları”nın 4.2-ci, 4.8-ci, 4.9-cu, 5.5-ci, 6.1.4-cü, 6.5-ci, “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 77-ci bəndlərinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin təmin edilən hissədə ləğv edilməsini və iddianın həmin hissədə də təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş akt və iş materiallarında olan digər sübutlar Birliyə vurulmuş zərəri sübut edir. Akt tərtib olunarkən çəkilən fotoşəkillərdən də açıq və aşkar şəkildə görünür ki, iddiaçıya məxsus ünvanda sayğacdan kənar qeyriqanuni birləşmə vasitəsi ilə qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Belə olan halda, Cavabdeh ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək və sair hüququnun olmasına, həmçinin iddiaçı tərəfindən qaz xəttinə qanunsuz qoşulmaya dair sübutların olmasına baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gəlmiş, maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. İddiaçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən İddiaçı məhkəmə iclasına gəlməmiş, Cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
12. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 6-2-ci maddəsinin 1-ci hissəsinə əsasən qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir; 11-ci maddəsinin 6-cı hissəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir; 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
14. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir; 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
15. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 5.2-ci maddəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 5.6-cı maddəsinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir; 6.5-ci bəndinə əsasən (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar etdikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
17. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Hazırkı apellyasiya şikayətində qətnamənin qismən, yəni iddianın təmin edilən hissəsində ləğv olunması və iddianın həmin hissədə də təmin edilməməsi xahiş olunduğundan, qətnamə yalnız iddianın təmin edilən hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
20. Məhkəmə kollegiyası iddianın təmin edilməyən hissəsinin mübahisələndirilməməsini nəzərə alıb, həmin hissəni yoxlamır və apellyasiya şikayətinin dəlillərinə, habelə işin hallarına istinadən qeyd edir ki, iddiaçı qanunsuz qoşulma halına yol vermədiyini, onun evinə sayğacın xx.xx.2023-cü il tarixdə quraşdırıldığını bildirir. İddiaçının belə bir əmələ yol vermədiyini iddia etdiyi bir halda, onun tərəfindən qanunsuz qoşulma halına reallıqda yol verilməsini sübut etmək məhz bu hadisəni rəsmiləşdirən cavabdehin üzərinə düşür. Cavabdeh tərəf isə apellyasiya şikayətində bununla bağlı hər hansı dəlil göstərməsə də, birinci instansiya məhkəməsindəki icraat zamanı izahatında iddiaçıya məxsus evdə qaz sayğacının olmaması və iddiaçının abonent olaraq qeydə alınmaması səbəbindən 2022-ci ilin noyabr ayında tərtib edilmiş akt üzrə hesablanmış 4.406,40 manat borcun itirilmiş qazın bərpası qaydasında abonent X4 abonent koduna uyğun açılmış hesaba yazıldığını, lakin həmin borcun qazı istehlak etmiş şəxs olaraq iddiaçı tərəfindən ödənilməli olduğunu bildirir.
21. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, bu sahəni tənzimləyən qanunvericilikdə qaz sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı tərəfindən həmin sayğaclarının zədələnməsi, habelə təbii qazdan sayğacdan kənar (qanunsuz qoşulma yolu ilə) istifadə edilməsi hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmiş və bu işlərin görülməsi (sayğacın işlək vəziyyətdə saxlanılmasına və təbii qazdan düzgün istifadə edilməsinə nəzarət edilməsi də daxil olmaqla) cavabdehin səlahiyyətlərinə aid edilməklə, aşkar edilmiş pozuntulara istehlakçı tərəfindən yol verilməsini sübut etmək vəzifəsi də məhz cavabdehin üzərinə qoyulmuşdur.
22. Eyni zamanda, sayğaca müdaxilə halları aşkar edilərkən bunun rəsmiləşdirilməsi proseduru, o cümlədən görülməli olan tədbirlər və tərtib edilməli olan sənədlər “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci hissəsində təsbit edilmiş və nəticədə qaz paylayıcısı tərəfindən ona vurulmuş zərərin ödənilməsinin istehlakçıdan tələb edilməsinin mümkünlüyü bu prosedurdan asılı edilmişdir. Başqa sözlə, həmin maddədə müəyyən edilmiş prosedura riayət edilməməsi vurulmuş zərərin ödənilməsinin istehlakçıdan tələb edilməsini, o cümlədən hər hansı məbləğdə cərimənin hesablanıb iddiaçının (istehlakçının) abonent saldosuna daxil edilməsini istisna edir.
23. Lakin cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə akt tərtib edilərkən qeyd edilən prosedura riayət edilməmiş, akt nəinki iddiaçıya təqdim edilməmiş, ümumiyyətlə həmin aktın iddiaçıya hər hansı aidiyyəti olmamışdır. Belə ki, həmin akt abonent kodu **********00078 olan Quliyeva Xədicə adlı şəxs barəsində tərtib edilmişdir. Halbuki, həmin vaxt iddiaçının abonent kodunun olmaması aktın bu şəxs, yəni digər abonent barəsində tərtib edilməsi üçün əsas yaratmır. Hər bir halda, yuxarıda qeyd edilən Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində bu halların rəsmiləşdirilməsi qaydası göstərilmişdir. Lakin belə bir rəsmiləşdirmə qaydası təsbit edilməmişdir.
24. Hüquqi nəticə etibarı ilə iddiaçı barəsində hər hansı akt tərtib edilməmişdir. Sadəcə olaraq onun ünvanına sayğac quraşdırıldıqdan və ona abonent kodu verildikdən sonra qeyd edilən şəxsin abonent koduna hesablanmış borc məbləği iddiaçının abonent hesabına köçürülmüşdür. Halbuki, iddiaçının həmin vaxt abonent olmaması, o cümlədən abonent koduna malik olmaması həmin Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinin tələblərinə uyğun olaraq tədbirlərin görülməsini nə istisna, nədə ki qeyri-mümkün edirdi.
25. Bununla belə, iddiaçının qanunsuz qoşulma halına yol verdiyini iddia edən cavabdeh tərəfindən onun barəsində bu sahəni tənzimləyən qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirmə aparılmamış (ümumiyyətlə iddiaçı barəsində hər hansı rəsmiləşdirmə aparılmadan, qanunsuz qoşulmaya yol verməyən abonent barəsində akt tərtib edilməklə) və iddiaçının istifadə və sahibliyində olan evə qaz sayğacı quraşdırıldıqdan və ona abonent kodu verildikdən sonra itirilmiş təbii qazın bərpası qaydasında başqa bir abonent barəsində tərtib edilmiş aktda göstərilən 4.406,40 manat, cərimə məbləği qismində onun abonent hesabına yazılmışdır. Bu səbəbdən mövcud vəziyyətdə bu məbləğ hər hansı əsas olmadan onun abonent hesabına yazılan məbləğ kimi qiymətləndirilməli və onun abonent hesabından silinməlidir.
26. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri həddində yoxlanılmasını nəzərə alıb hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
27. Məhkəmə kollegiyası vurğulayır ki, hazırkı iş üzrə iddianın qiyməti məbləğ etibarı ilə 5.000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-3476/2023 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdehnə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.