Məhkəmə qərarları › İş №2(103)-6134/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6134/2023

25.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6134/2023 25.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı ərizə ilə əlaqədar iş üzrə (Açar sözlər: Hüquqi faktlar, “Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X6 ştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı "Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3238/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayışa əsasən 12 may 1989-cu il təvəllüdlü Ərizəçi Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir.

2. Gürcüstan Səfirliyi tərəfindən təqdim edilmiş arayışın notarial qaydada təsdiq və tərcümə edilmiş nüsxəsindən görünür ki, Ərizəçi 12 may 1989-cu ildə Gürcüstanda doğulmuşdur. Verilmiş arayışda sonuncunun Gürcüstan vətəndaşı olmadığı qeyd olunmuşdur.

3. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş məlumata əsasən, 12 may 1989-cu il təvəllüdlü Ərizəçioviç 16 oktyabr 2008-ci il tarixdə Azərbaycan Respublikasına məxsus KO8676 nömrəli vətənə qayıtma haqqında şəhadətnamə ilə dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmışdır. Azərbaycan Respublikasına məxsus KO8676 nömrəli vətənə qayıtma haqqında şəhadətnamənin surətinin təqdim edilməsi texniki cəhətdən mümkün olmamışdır.

4. İş materiallarında olan qətnamələrdən görünür ki, ərizəçinin anası Piriyeva Başxanım Məhyəddin qızının 13 aprel 1969-cu il tarixdə Ermənistan Respublikası, Kalinin rayonu, Soyuqbulaq kəndində anadan olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi qət edilmiş, sonuncunun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1996-cı ildən Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi qət edilmişdir. Eyni zamanda, Şabran Rayon Məhkəməsinin qətnaməsi ilə ərizəçinin bacısı X1 22 yanvar 1997-ci il tarixdə Bakı şəhərində doğulması faktının müəyyən edilməsi qət edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə X3 Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsi ünvan 1 ünvanında qeydiyyata alınması vəzifəsinin cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli 2(011)-3237/2023 saylı qətnaməsinə əsasən hazırkı mülki iş üzrə ərizəçinin qardaşı - 10 dekabr 1993-cü il təvəllüdlü X5 heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1996-cı ildən Azərbaycan Respublikasında daimi yaşaması faktı müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

6. Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, onun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1996-cı ildən Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin anası Piriyeva Başxanım Məhyəddin qızı 13 aprel 1969-cu ildə Ermənistan SSR Kalinin rayonu, Soyuqbulaq kəndində anadan olmuşdur və azərbaycanlıdır. Ermənistan SSR Kalinin rayon VVAQ şöbəsi tərəfindən anasına doğum haqqında şəhadətnamə verilmişdir. Ermənilərin azərbaycanlılara qarşı pis münasibətinin nəticəsi olaraq anası ailəsi ilə birlikdə Ermənistandan Gürcüstan SSR-ə köçüb getmişdir. Orada o, 27 fevral 1988-ci ildə X11 ilə rəsmi nikaha daxil olmuşdur. Nikahları Gürcüstan SSR Dmanisi rayonu VVAQ şöbəsində qeydə alınmışdır. Birgə nikahdan 12 may 1989-cu il təvəllüdlü özü və 10 dekabr 1993-cü il təvəllüdlü qardaşı X8 anadan olmuşdur. 1996-cı ildə ailəlikcə Azərbaycan Respublikasına köçüb gəlmişlər. 22 yanvar 1997-ci ildə Bakı şəhərində bacısı X7 ev şəraitində doğulmuşdur. Anası 23 may 1997-ci ildən Şabran rayonu Gəndab kəndində qeydiyyatda olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. ünvan 3arixli qətnaməsinə əsasən ərizəçinin bacısı X4 22 yanvar 1997-ci il tarixdə Bakı şəhərində doğulması faktının müəyyən edilməsi qət edilmiş, həmin qətnaməyə əsasən bacısına doğum haqqında şəhadətnamə verilmişdir. Bundan sonra bacısına Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsi üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə müraciət etmişlər. Sonuncu bundan imtina etdiyinə görə bacısı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı "şəxsiyyət vəsiqəsinin verilməsi və qeydiyyata alınması vəzifəsinin qoyulması” tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin 2-1(82)-2932/2015 saylı 30 oktyabr 2015-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi, iddiaçı X3 Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsi ünvan 1 ünvanında qeydiyyata alınması vəzifəsinin cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Polis İdarəsi tərəfindən ərizəçinin bacısına Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilmiş və ünvan 1 ünvanına qeydiyyata alınmışdır. Doğum haqqında şəhadətnaməni itirdiyinə görə anası 13 aprel 1969-cu il tarixdə Ermənistan Respublikası, Kalinin rayonu, Soyuqbulaq kəndində anadan olması faktının müəyyən edilməsi barədə ərizə ilə Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin 22 may 2019-cu il tarixli 2(011)-4564/2019 saylı qətnaməsi ilə ərizəçinin anasının 13 aprel 1969-cu il tarixdə Ermənistan Respublikası, Kalinin rayonu, Soyuqbulaq kəndində anadan olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi qət edilmişdir. Qətnaməyə əsasən anasına doğum haqqında şəhadətnamə verilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2347/2021 saylı 07 sentyabr 2021-ci il tarixli qətnaməsinə əsasən anası Piriyeva Başxanım Məhyəddin qızının heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi qət edilmişdir. Ərizəçinin anası Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmuş və ona şəxsiyyət vəsiqəsi verilmişdir. Qeyd edilənlərlə sübuta yetirilir ki, ərizəçi 1996-cı ildən Azərbaycan Respublikasında yaşamışdır. Şəxsiyyət vəsiqəsi olmadığından ərizəçi heç bir müəssisədə işləyə bilmir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin arayışında ərizəçinin Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir.

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3238/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, ərizəçi 12 may 1989-cu il təvəllüdlü Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1996-cı ildən Azərbaycan Respublikasında daimi yaşaması faktı müəyyən edilməsi, Ərizəçi ödədiyi 100 manat dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. (hakim X9)

9. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, hazırkı iş üzrə ərizəçinin 2008-ci ildə Azərbaycan ərazisinə giriş etməsi hazırkı ərizənin təmin edilməsini mümkün etmişdir. Məhkəmə istinad edilən halı araşdıraraq qeyd edir ki, ərizəçi 12 may 1989-cu il təvəllüdlü olmaqla 2007-ci ildə yetkinlik yaşına çatmışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən və məhkəmə qətnamələrindən görünür ki, ərizəçinin anası və qardaşı-bacıları ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qətnamələri və qərarları mövcuddur. İstinad olunan qərarlara əsasən onun ailə üzvlərinin 1996-cı ildən, bacısı olan X1 isə 22 yanvar 1997-ci il tarixdə Azərbaycanda anadan olması faktı işin mübahisə olunmayan hallarındandır. Maraqlı şəxsin nümayəndəsi məhz ərizəçinin 2008-ci ildə ölkəyə girməyini əsas gətirərək ərizənin təmin edilməməsini xahiş etsə də, araşdırma zamanı ərizəçinin 2008-ci ilə qədər ölkədən çıxması ilə bağlı hər hansı sübuta rast gəlinməmişdir. Ərizəçi yetkinlik yaşına çatana qədər ölkə hüdudlarını tərk etmiş olsaydı belə o, bunu ailə üzvləri ilə birlikdə etməli idi. Hazırkı hala da araşdırma zamanı rast gəlinməmişdir. Məhkəmə qeyd edir ki, ərizçinin sərbəst şəkildə ölkəni tərk edə bilməsi üçün onun ən azından yetkinlik yaşında olması mütləq tələbdir. Nə qədər ki, onun ailə üzvlərinin 1996-cı ildən daimi olaraq Azərbaycan Respublikasında yaşaması halı öz təsdiqini tapır və ərizəçi də 2007-ci ilə qədər müstəqil şəkildə, yəni ailəsinin iştirakı olmadan ölkəni tərk etmək iqtidarında olmamışdır və bunun əksini sübuta yetirəcək hər hansı dəlil araşdırma zamanı məhkəmə tərəfindən aşkar edilməmişdir, məhkəmə hesab edir ki, ərizəçinin ərizəsi təmin edilməli və onun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1996-cı ildən Azərbaycan Respublikasında daimi yaşaması faktı müəyyən edilməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 119.1-ci, 305.1.1-ci, 307.2.10-1ci, 308-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 saylı Qərarının 12-ci bəndinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Maraqlı şəxs Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hazırki mübahisə üzrə hüququn tətbiqində səhvə yol vermişdir. Halbuki, sözügedən şəxsin xx.xx.2008-ci i! tarixdə Azərbaycan Respublikasının sərhəddindən keçidi qeydə alınmışdır. Belə ki, Ərizəçi 2008-ci ildə ölkə ərazisinə daxil olduğundan qeyd olunan AR Vətəndaşlığı haqqında qanunun 14-cü maddəsinin tələbləri ona münasibətdə tətbiq edilə bilməz (həmin maddəyə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir). Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunanları nəzərə almadan, tam aydınlaşdırmadan iş üzrə qətnamə qəbul etmişdir. Bu Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı məcburidir. Hesab edirlər ki, iş materiallarında olan sübutlar düzgün qiymətləndirilməmişdir. Sübutların düzgün qiymətləndirilməsi isə qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşayır. Məhkəmənin qətnaməsi o zaman əsaslı olar ki, o məhkəmə iclasında mülki məhkəmə icraatının prinsiplərinə və mülki prosesual qaydalara əməl olunmaqla hərtərəfli və tam araşdırılmış iş üçün vacib olan hallara əsaslansın. Məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq qiymətləndirməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Ərizəçi tərəfindən apellyasiya şikayətinə qarşı təqdim edilən yazılı etiraz iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni və ədalətli olduğuna dəyişdirilmədən saxlanılmasının və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, ərizəçi vətənə qayıtma şəhadətnaməsinə əsasən 2008-ci ildə ölkəyə gəlmişdir. Hətta, anası da ölkəyə 2008-ci il tarixdə giriş etmişdir.

15. Məhkəmə iclasında ərizəçi apellyasiya şikayətinə etiraz edərək izahatında göstərmişdir ki, o, 1996-cı ildən Azərbaycan Respublikasında yaşayır. Sadəcə doğum haqqında şəhadətnaməsi var. Pasportu olmadığı təqdirdə xarici ölkəyə necə keçə bilərdi ki, 2008-ci ildə də qayıtsın. Verilən suallara cavab olaraq ərizəçi bildirmişdir ki, o, 5-6-cı sinifi 191 saylı məktəbdə, sənədsiz oxumuşdur. Gürcüstan vətəndaşı olmaması barədə arayışı var. 2008-ci ildə 19 yaşı olmuş, Azərbaycanda olduğu müddətdə fəhlə kimi işləmişdir. Qeyd edilənlərə əsasən şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Vətəndaşlığı haqqında Qanunun: 14-cü maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 saylı Qərarının: 12-ci bəndinə əsasən, məhkəmələr Azərbaycan Respublikası MPM-nin 307.2.10-1ci maddəsinə əsasən "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktını müəyyən edərkən mütləq mövcud qanunvericiliyin tələblərini rəhbər tutmalıdırlar. Sözügedən Qanunun 14-cü maddənin 4-cü hissəsində göstərilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda, keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 saylı Qərarının: 12-ci bəndinə əsasən, məhkəmələr Azərbaycan Respublikası MPM-nin 307.2.10-1ci maddəsinə əsasən "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktını müəyyən edərkən mütləq mövcud qanunvericiliyin tələblərini rəhbər tutmalıdırlar. Sözügedən Qanunun 14-cü maddənin 4-cü hissəsində göstərilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda, keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.2-ci maddəsinə əsasən, bu Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı məcburidir. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

20. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

21. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, ərizənin təmin edilməməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı "Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsi” barədə ərizəsi təmin edilməməlidir.

23. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Hazırkı işin faktiki hallarına əsasən Ərizəçi 12 may 1989-cu ildə Gürcüstan Respublikasında anadan olmuşdur. Ərizəçinin bildirməsinə görə 1996-cı ildən Azərbaycan Respublikasında yaşayır, ona məxsus olan sadəcə doğum haqqında şəhadətnaməsi mövcuddur. Hal-hazırda isə onun heç bir dövlətin vətəndaşlığına mənsub olmamasının və 1996-cı ildən Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsini tələb edir.

25. Maraqlı şəxs Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin nümayəndəsinin izahatına əsasən isə Ərizəçi ərizəsinin təmin edilməsi üçün onun onun ölkəyə girişi 2006-cı il yanvarın 1-dək qeydə alınmalıdır. Halbuki, sözügedən şəxsin xx.xx.2008-ci il tarixdə Azərbaycan Respublikasının sərhəddindən keçidi qeydə alınmışdır. Belə olan halda da Ərizəçi 2008-ci ildə ölkə ərazisinə daxil olduğundan qeyd olunan Azərbaycan Respublikası Vətəndaşlığı haqqında qanunun 14-cü maddəsinin tələbləri ona münasibətdə tətbiq edilə bilməz.

26. Yuxarıda qeyd edilən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 saylı Qərarının 12-ci bəndinin məzmunundan da göründüyü kimi, şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılması üçün aşağıdakı şərtlərin eyni zamanda mövcud olması zəruridir:

1. Şəxs Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşamalıdır.

2. Heç bir dövlətin vətəndaşlığına mənsub olmamalıdır.

3. Şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmamalıdır.

27. Yalnız bu şərtlərin birlikdə mövcudluğu qeyd olunan kateqoriyadan olan hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə işə məhkəmə tərəfindən baxılması və ərizənin təmin edilməsi üçün əsas ola bilər. Qalan hallarda bu kateqoriyadan olan hüquqi əhəmiyyətli faktlar məhkəmə tərəfindən müəyyən edilə bilməz.

28. Birinci instansiya məhkəməsi isə ərizəçinin ərizəsini təmin edərkən ona istinad etmişdir ki, nə qədər ki, onun ailə üzvlərinin 1996-cı ildən daimi olaraq Azərbaycan Respublikasında yaşaması halı öz təsdiqini tapır və ərizəçi də 2007-ci ilə qədər müstəqil şəkildə, yəni ailəsinin iştirakı olmadan ölkəni tərk etmək iqtidarında olmamışdır və bunun əksini sübuta yetirəcək hər hansı dəlil araşdırma zamanı məhkəmə tərəfindən aşkar edilməmişdir. İşdən olan sənədlərdən isə görünür ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş məlumata əsasən, 12 may 1989-cu il təvəllüdlü Ərizəçioviç 16 oktyabr 2008-ci il tarixdə Azərbaycan Respublikasına məxsus KO8676 nömrəli vətənə qayıtma haqqında şəhadətnamə ilə dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumatın qeydə alındığı göstərilmiş, bununla da ərizəçinin 2008-ci il tarixdə Azərbaycan Respublikasının sərhəddindən keçidi təsdiq edilmiş olur. Lakin eyni zmamanda, maraqlı şəxsin nümayəndəsinin də təqdim etdiyi dövlət sərhədkeçmə məlumatlarından göründüyü kimi, ərizəçinin anası Piriyeva Başxanım Məhyəddin qızı da məhz ərizəçi ilə birlikdə eyni tarixdə, xx.xx.2008-ci il tarixdə ölkəgə Rusiya Federasiyasından Yalama sərhər buraxlış məntəqəsindən giriş etmişdir. Göründüyü kimi, Ərizəçi ərizəsi “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinin tələblərinə cavab vermir. Bu da öz növbəsində onun ərizəsinin təmin edilməməsini şərtləndirir.

29. Məhkəmə kollegiyasının qənaətinə əsasən ərizəçinin irəli sürdüyü faktlar onun ərizəsinin qanuni əsası kimi nəzərdən keçirilməsi mümkün olan qanunvericilik müddəalarının dispozisiya şərtləri ilə uzlaşmamaqdadır.

30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3238/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ərizə təmin edilməməlidir.

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Maraqlı şəxs Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3238/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı "Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsi” barədə ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar