Məhkəmə qərarları › İş №2(103)-6134/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6134/2024

27.11.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6134/2024 27.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: mənzilə köçürmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X5 ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-2711/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-800/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli qətnaməsinə əsasən, iddia tələbi qismən təmin edilərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1682/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla cavabdeh X6 İddiaçı xeyrinə 16 sentyabr 2008-ci il təvəllüdlü X2 və 04 iyul 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 190,0 manat olmaqla, cəmi 380,0 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-800/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli qətnaməsindən müəyyən olunur ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1682/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək birgə nikahdan doğulmuş 16 sentyabr 2008-ci il təvəllüdlü X2 və 04 iyul 2010-cu il təvəllüdlü X3 anaları İddiaçı yanında saxlanılması hər uşağa görə 125,0 manat olmaqla, cəmi 250,0 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin cavabdeh X6 İddiaçı xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-800/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli qətnaməsindən daha sonra müəyyən olunur ki, İddiaçı iddia ərizəsində son vaxtlar cavabdeh X18 tərəfindən yaşadıqları evin işıqları, qazı söndürüldüyündən o, məcbur olub bacısıgilə sığınmalı olmasını göstərmişdir. Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli AZ-İİ 363720 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X30 oglu xx.xx.2023-cü il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 779 saylı akt qeydi tərtib olunmuşdur. Lerik rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AZ-İİ 926990 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X22 oglu xx.xx.2018-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 40 saylı akt qeydi tərtib olunmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16 sentyabr 2008-ci il təvəllüdlü X9 və 04 iyul 2010-cu il təvəllüdlü X10 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Şimal Qress qəsəbəsi, Dənizkənarı 76 ərazisində yerləşən, hazırda əmlaklarının olduğu fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun qaynıdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1682/2020 saylı, xx.xx.2020-ci il qətnaməsi ilə birgə nikahdan doğulmuş 16 sentyabr 2008-ci il təvəllüdlü X9 və 04 iyul 2010-cu il təvəllüdlü X10 anası İddiaçı yanında saxlanılması, cavabdeh X6 İddiaçı xeyrinə, 16 sentyabr 2008-ci il təvəllüdlü X9 və 04 iyul 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 18 may 2020-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 125 manat olmaqla, cəmi 250 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Uşaqların atası və faktiki nikahda olduğu X18 mübahisəli fərdi yaşayış evini 2002-ci ildə tikmişdir. O da gəlin kimi 23 dekabr 2006-cı il tarixdə həmin evə gəlmişdir. Bunu sübut edən video disk də mövcuddur. Birlikdə yaşadıqları dövrdə onlar həmin evdə əlavə otaqlar və mətbəx tikmişlər. Uşaqların atası və faktiki nikahda olduğu X18 uzun sürən xəstəlikdən sonra xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. 2022-ci ilin oktyabr ayından uşaqlarla birlikdə davadalaşdan sonra zorla həmin evi tərk etməli olmuş və daha sonra cavabdeh - qaynı Cavabdeh onu evə buraxmamışdır. Hazırkı tarixədək onun bütün cehiz əmlakları həmin ünvandadır. Cehiz əşyaları, ona məxsus əmlaklar cavabdehin səhlənkarlığı ucbatından və baxımsızlıqdan korlanmaq üzrədir. Hazırda onun və uşaqlarının yaşamaq üçün başqa yaşayış yerləri yoxdur. Məhkəmə iclasında İddiaçı izahatında iddia tələbinin dəlillərini müdafiə edərək əlavə olaraq bildirmişdir ki, 23 dekabr 2006-cı il tarixdə X18 ilə qeyri-rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Həmin tarixdən etibarən də o, Bakı şəhəri, Xəzər rayonu, Şimal Qress qəsəbəsi, Dənizkənarı 76 ərazisində yerləşən, hazırda əmlaklarının olduğu fərdi yaşayış evinə köçmüşdür. V.İbrahimovla olan qeyri-rəsmi nikahlarından iki uşaqları doğulmuşdur. V.İbrahimovla yaşadıqları dövrdə, yəni 2015-ci ildə evdə öz hesablarına artırmalar edərək, əlavə iki otaq və sanuzel tikmişlər. Belə ki, evə köçəndə onlara aid bir otaq olmuşdur. Evlər ayrı-ayrı bir damın altında yerləşir. Hazırda cehiz əşyaları, eləcə də ona məxsus digər əşyalar da həmin evdədir. 2020-ci ildə V.İbrahimovla aralarında olan söz-söhbətdən sonra məcburi şəkildə evdən çıxmışdır. Lakin 2022-ci ilə qədər ara-sıra evə gedib gəlmişdir. Hazırda cavabdeh - qaynı Cavabdeh onu və uşaqlarını evə buraxmır. Onların isə Bakı şəhəri, Xəzər rayonu, Şimal Qress qəsəbəsi, Dənizkənarı 76 ərazisində yerləşən evdən başqa yaşamaq üçün evləri yoxdur. Göstərilənlərə əsasən iddiaçı tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsinə təqdim etdiyi etirazın dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirmişdir ki, iddiaçının köçmək istədiyi evin yerləşdiyi torpaq sahəsi onun atasına məxsus olmuşdur. Lakin bu barədə rəsmi sənədləri mövcud deyildir. Bununla belə torpaq sahəsində 1999-cu ildən başlayaraq bir neçə ilə atası tərəfindən mübahisəli ev inşa edilmişdir. İddiaçı 2006-cı ildən mərhum qardaşı V.İbrahimovla qeyri-rəsmi nikaha daxil olaraq həmin evdə yaşamışdır. Lakin sonradan aralarında söz-söhbət düşdüyündən onlar həyətdən çıxıb başqa yerdə qalmışlar. Təxminən 2016-cı ildə mərhum qardaşı ilə iddiaçı həmin evdə bir otaq tikmişlər. Qardaşı otaq artıranda o da usta kimi kömək etmişdir. İddiaçı 2020-ci ilə kimi qeyd olunan evdə ara-bir yaşamış, 2022-ci ilin sonundan bu günə qədər isə mübahisəli evdə yaşamamışdır. Hazırda iddiaçının yaşamaq üçün başqa yeri vardır. Qeyd olunanlara əsasən eləcə də mübahisəli evin qardaşı tərəfindən deyil, atası tikildiyini də nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında dindirilən şahid X13 ifadəsində göstərmişdir ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şimal Qress qəsəbəsi, Dənizkənarı 76 ərazisində yerləşən evə 2006-cı ildə gəlin köçmüş, əvvəl iddiaçı ilə mərhum yoldaşı V.İbrahimov həmin evdə bir otaqda qalmış, uşaqları dünyaya gəldikdən sonra Vahid və Həcərin birgə yaşadıqları dövrdə onlar yenə otaq artırmış, ev Vahid tərəfindən tikilmiş, evin tikilməsinə qonşular da kömək etmiş, hətta işığın çəkilməsinə qonşu Elxan köməklik etmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında dindirilən şahid X7 ifadəsində göstərmişdir ki, iddiaçı mübahisəli evə 2006-cı ildə gəlin köçmüş, 17 il həmin evdə yaşamış, ev Vahidin olmuş, həmin ev Vahidin özü tərəfindən tikilmişdir. Onlara gəlibgetdikdə cavabdehi orada görməmişdir. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında dindirilən şahid X14 ifadəsində göstərmişdir ki, o, cavabdehin bacısıdır, 2011-ci ilə qədər mübahisəli evdə yaşamış, ailə həyatı qurduqdan sonra evdən çıxmış, ev atası tərəfindən tikilmişdir. Vahidin hər hansı köməkliyi olmamışdır. Vahid ailəli olduqda isə bir otaq və hamam otağı artırmışdır. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında dindirilən şahid X15 ifadəsində göstərmişdir ki, cavabdehin anası ilə qohumdur. Daha sonra qızını cavabdehə ərə vermişdır, yəni onun həmin ailə ilə həmişə gediş-gəlişi olmuşdur. Bu səbəbdən də evdə baş verən məsələlərdən xəbəri olmuşdur. Mübahisəli evlə bağlı onu qeyd edir ki, ev cavabdehin atası tərəfindən tikilmişdir. Hətta evin tikilməsində o da usta kimi köməklik etmişdir. Vahid özü sonradan 1 bir otaq artırmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-2711/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilərək İddiaçı, övladları - 16 sentyabr 2008-ci il təvəllüdlü X9 və 04 iyul 2010-cu il təvəllüdlü X10 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Şimal Qress qəsəbəsi, Dənizkənarı 76 ərazisində yerləşən fərdi yaşayış evinə köçürülmələri qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə X30 oglu xx.xx.2006-ci il tarixdə qeyri-rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Həmin nikahdan 16 sentyabr 2008-ci il təvəllüdlü X9 və 04 iyul 2010-cu il təvəllüdlü X10 doğulmuşdur. Məhkəmə tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Şimal Qress qəsəbəsi, Dənizkənarı 76 ərazisində yerləşən ünvana keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, ünvanda yerləşən mübahisəli ev 1 qonaq otağı, 2 yataq otağı, mətbəx və sanuzeldən ibarət olmaqla 3 otaqdan ibarətdir. Həmçinin iddiaçıya məxsus əşyalar evin bir otağındadır. Evin vizual görünüşündən müəyyən edilir ki, evə əlavə otaqlar artırılmışdır. Yerli baxış zamanı 2 otaq, dəhliz və sanuzelin iddiaçının faktiki nikahda olduğu dövrdə iddiaçı və mərhum Vahidin vəsaiti hesabına inşa edildiyi həm iddiaçı, həm də cavabdeh tərəfindən təsdiq edilmişdir. Beləliklə işin faktiki hallarından müəyyən edildiyi kimi iddiaçı ilə X30 oglu xx.xx.2006-ci il tarixdə qeyri-rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şimal Qress qəsəbəsi, Dənizkənarı 76 ərazisində yerləşən evə köçmüşdür. Həmin nikahdan 16 sentyabr 2008-ci il təvəllüdlü X9 və 04 iyul 2010-cu il təvəllüdlü X10 doğulmuşdur. Həmçinin işin faktiki hallarından görünür ki, mübahisəli ev iddiaçının gəlin köçdüyü vaxta qədər tikili olmaqla yaşayışa yararlı olmuşdur. Bununla yanaşı işin mübahisəsiz hallarından görünür ki, iddiaçı X30 oglu ilə qeyri-rəsmi nikaha daxil olaraq mübahisəli evə gəldikdən sonra evdə müəyyən artırmalar edilmiş və həmin artırmalar iddiaçının və mərhumun vəsaiti hesabına həyata keçirilmişdir. Bu hal məhkəmə iclasında iddiaçı və cavabdeh tərəfindən dindirilmiş şahid ifadələri, eləcə də cavabdehin izahatı ilə də təsdiq edilmişdir. Göründüyü kimi Bakı şəhəri, Xəzər rayonu, Şimal Qress qəsəbəsi, Dənizkənarı 76 ərazisində yerləşən fərdi yaşayış evi özbaşına tikili olmuş, iddiaçı həmin evə gəlin köçmüş, cehiz əşyaları eləcə də ona aid olan əmlaklar həmin evdədir. Eyni zamanda iddiaçı faktiki nikahda olduğu V.İbrahimovla birlikdə həmin tikilidə müəyyən artırmalar etmişlər. İddiaçı 2020-2022-ci illər aralığında həmin evə arasıra gedib gəlmiş, lakin hazırda cavabdeh iddiaçıya və azyaşlı uşaqlarına həmin evdə yaşamağa maneə törədir. Məhkəmə qeyd etmişdir ki, tikilinin özbaşına tikili statusunda olmasının ondan uzun illər ərzində yaşayış sahəsi kimi istifadə etmiş şəxsin həmin sahəyə köçürülməsinin qarşısını ala bilməz. Özbaşına tikililərdə yaşayan şəxsin orada yaşamaqdan məhrum edilməsi müəyyən hüquqi nəticələr doğurur və göstərilən məsələyə əks yanaşma ictimai münasibətlərdə qeyri-sabitliyə səbəb ola bilər. Belə ki, bu halın mövcudluğu artıq qanunu pozmaqla özbaşına tikintini aparmış şəxsə növbəti qanunsuzluqlar etməyə, yəni, özbaşına tikilidə yaşayan şəxsləri qanuni əsas olmadan oradan çıxartmağa və digər bu kimi hərəkətlər etməyə şərait yarada bilər. Ona görə də bu kateqoriya mübahisələr həll edilərkən mənzildən məhrumedilənin deyil, mənzildən məhrumedənin mənzilə hüququnun olub-olmadığı araşdırılmalıdır, yəni, əgər məhrumedənin mənzilə hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, məhrumedilən mənzilə köçürülməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, İddiaçı V.İbrahimovla faktiki nikaha daxil olmaqla həmin evdə yaşamış, bu müddət ərzində iddiaçı V.İbrahimovla birlikdə evdə artırmalar etmişlər. Həmin ev faktiki olaraq mövcuddur və hazırda yaşayış sahəsi kimi istifadə olunur. İddiaçının və azyaşlı uşaqları istisna olmaqla cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının və azyaşlı uşaqlarının həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bunun əksi yanaşma, yəni iddiaçının və azyaşlı uşaqlarının evə köçürülməsindən həmin evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Belə olan halda iddiaçının və azyaşlı uşaqlarının da həmin evdə yaşamasını təmin etmək məqsədi ilə İddiaçı, 16 sentyabr 2008-ci il təvəllüdlü X9 və 04 iyul 2010-cu il təvəllüdlü X10 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Şimal Qress qəsəbəsi, Dənizkənarı 76 ərazisində yerləşən tikiliyə köçürülməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyanın 25, 43-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 180.1.,180.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, iş № e- 2(003)-2711/2024 saylı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qanunsuz və əsassız olduğundan ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, işin faktiki halları ondan ibarətdir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsində İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinə köçürülməyə dair” iddia tələbi üzrə mülki işə baxılmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, iş № e-2(003)-2711/2024 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, iddiaçının və iki yetkinlik yaşına çatmamış uşaqlarının həmin evə köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi ona əsaslanmışdır ki, guya mübahisəli, Bakı şəhəri, Xəzər rayonu, Şimal Qres qəsəbəsi, Dənizkənarı 76 ünvanında yerləşən fərdi yaşayış evi 2002-ci ildə və həmin evə artırma tikililəri 2015-ci ildə yalnız iddiaçının qeyri-rəsmi həyat yoldaşı, onun da qardaşı mərhum X18 tikmiş, həmin evə əlavə edilmiş tikililəri də mərhum qardaşı Vahid tikmiş, bütün bunların əslində həmin evi tikmiş xx.xx.2018-ci il tarixdə həmin evdə vəfat etmiş mərhum ataları X4, həmin evdə yaşayan şikayətçiyə, bacıları X12, X8 və guya heç bir aidiyyatı olmamış, də guya iddiaçının və uşaqlarının həmin evdən çıxarılmasını və onların qayıtmasının qarşısının alınması cavabdeh, yəni şikayətçi tərəfindən edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(003)-2711/2024 saylı qətnaməsi aşağıdakılara əsasən əsassız və qanunsuzdur, ona görə də ləğv edilməlidir. Birincisi, ona görə ki, İddiaçı nə iddia ərizəsində, nə də məhkəmə proseslərində məhkəməyə təqdim etdiyi izahahlarda istinad etdiyi əsas halların heç birini sübut edə bilməmişdir. Birinci instansiya məhkəməsi isə işi tam və qanuni yolla araşdırmadan, tərəflərin və şahidlərin məqsədyönlü şəkildə dindirilməsini və çəkişmələrini təşkil edə bilməmiş, izahatları onun ziyanına, iddiaçının xeyrinə yozaraq qeyd etmiş, birtərəfli və sanki qərəzli mövqe tutaraq, heç bir əsası olamadan, sübutlara düzgün qiymət vermədən, bunlarla da maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, əsasən öz yalnız mülahizələrinə söykənərək, qanunsuz qətnamə çıxarmışdır. Ona görə ki, iddiaçının qeyri-rəsmi həyat yoldaşı olmuş onun mərhum qardaşı Vahidlə ondan başqa valideynlərinin iki nəfər qızı da var. X1, xx.xx.1999cu il tarixdə vəfat etmişdir. Şahidlərin də təsdiq etdiyi kimi sözügedən mübahisəli ev 2000ci ilin yayında mərhum ataları X11 (xx.xx.2018-ci il tarixdə həmin evdə vəfat etmiş) tərəfindən öz maddı vəsaiti hesabına tikilmiş və ona məxsus qanunsuz tikilidir, evdir. Analarının vəfatından sonra ataları və onlar orada yaşamışlar. Ev mülkiyyətdə olmasa da, atalarından miras qalmış evdir və qardaş-bacılara məxsusdur. Hələ Vahidin başqa qadından X17 adlı qızı da vardır. Həmin evdə iddiaçının və uşaqlarının qeydiyyatı yoxdur, iddiaçının Vahidlə rəsmi nikahı yoxdur. Kommunal xətlər də mərhum atalarının vaxtından çəkilmiş, onlar da şikayətçinin və Vahidin adına olmuş, məhkəməyə təqdim etdiyi müqavilələrə və ödəmə qəbzlərinə də əsasən, kommunal xərcləri onunla Vahid ödəmişlər. Şahidlərin də təsdiq etdiyi kimi həmin evi onun atasının tikdiyi məlum olduğu, kommunallara görə sənədlər hər ikisinə aid olduğu halda iddiaçı yalan məlumat verə bilir, birinci instansiya məhkəməsi bu cür qanunsuz qətnamə çıxara bilir. Həmin artırma tikilini də nə iddiaçı ilə Vahid, nə də təkcə Vahid deyil, qardaş olaraq adətən birlikdə yaşayıb dolandıqlarına görə onunla Vahid birlikdə, onun pul vəsaiti ilə tikiblər. Bunu və digər qeyd etdiklərini sübutetmə vəzifəsi ən əvvəl iddiaçının vəzifəsidir, hansı ki, istinad etdiyi heç bir halı sübut edə bilməmişdir, şahidləri də təsdiq edə bilərlər. İkincisi, İddiaçı məhkəməyə təqdim edilən etirazda da qeyd etdiyi kimi məhkəməni əsas məsələdən yayındırmaq məqsədi güdmüşdür, o Vahid xəstə olduğuna görə 2020-ci ildə onu köməksiz vəziyyətdə qoyub getmişdir. Ona və uşaqlarına qarşı heç kim, o cümlədən Vahid də, bacıları da, şikayətçi də heç kobud rəftar etməmişdir, onları evdən qovmamış, onların qayıtmalarına heç bir maneə törətməmişdir. Əgər belə bir hal olsaydı, o bu 4 il ərzində heç olmasa bir dəfə polisə, prokurorluğa və məhkəməyə şikayət və ya müraciət etmiş olardı. Belə bir hal isə yoxdur, ola da bilməz. Sual olunur, onun dedikləri hansı sənədlə, hansı şahidlərin izahatları ilə təsdiq edilir, sübut olunur. Heç bir. Nəyə görə məhkəmə sübutlara və ədalətə deyil, öz yalnış mülahizələrinə əsasən Azərbaycan Respublikasının adından belə bir bərbad qətnamə çıxarır. Birinci instansiya məhkəməsi ən əsası ona xüsusi diqqət yetirə bilməmişdir ki İddiaçı iddia ərizəsində və məhkəmə prosesləri zamanı izahatlarında (o cümlədən onun şahidləri) məhkəməyə sübutlar deyil, sadəcə əsası olmayan yanlış məlumatlar vermişlər. İddiaçı iddia ərizəsində bildirmişdir ki, mübahisəli, Bakı şəhəri, Xəzər rayonu, Şimal Qres qəsəbəsi, Dənizkənarı 76 ünvanında yerləşən fərdi yaşayış evini, 2002-ci ildə, guya həyat yoldaşı, onun da qardaşı, mərhum X18 tikmişdir. Bundan sonra o bildirmişdir ki, Vahid İbrahimovla birlikdə yaşayarkən həmin evə əlavə otaqlar və mətbəx tikmişlər. Bundan sonra bildirir ki, 2020-ci ildə Vahid İbrahimovla aralarında olan sözsöhbətdən sonra məcburi şəkildə evdən çıxmışdır. Bütün bunlar ağ yalan və böhtandır. Yenə də sual oluna bilər ki, bu nağıllar nə ilə sübut edilmiş olur. İddiaçı öz dediyi kimi necə “2020-ci ildə Vahid İbrahimovla aralarında olan söz-söhbətdən sonra məcburi şəkildə? evdən çıxır” kim onu məcbur etmişdir. Məcburetmə nə ilə izah olunur. Hakim bunları nədən araşdırmamış. Ər-arvad arasında guya olmuş “söz-söhbət”in ona nə dəxli var. Kim, nə vaxt onu və ya uşaqları evdən çıxarmış və ya qayıtmaqlarına qadağa qoymuşdur. Nə əcəb indiyə kimi şikayətçi və ya iddiaçı olmamışdır. Hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işi tam araşdıraraq qanuni qətnamə çıxarmaq üçün birinci instansiya məhkəməsinin buraxdığı nöqsanları təkrar etməməli, işi tam olaraq araşdırmalı, bunun üçün qətnaməni diqqətlə oxumalı, buraxılmış nöqsanları və onları yaradan səbəbləri görməli, onu, qarşı tərəfi, hər iki tərəfin şahidlərini, yuxarıda bildirdiklərinin hamısının yoxlanılması üçün, yenidən dindirməli, tərəflərdən əlavə sübutlat tələb etməli, zəruri halda polisə, DƏDRX-nə sorğular verməli, mövcud sübutlara və əldə edilmiş nəticələrə qanuni hüquqi qiymət verərək qanuni qətnamə çıxarmalıdır. Məhkəmə bir tərəfin yalnız söz yığınağına və öz yalnış mülahizələrinə deyil, mövcud qanunvericiliyin tələblərinə əsasən qətnamə çıxarmalıdır. İş materiallarından da göründüyü kimi, şikayətçi qarşı tərəf buna qanuni əsaslarla layiq olmadığına baxmayaraq, ona mərhum qardaşı Vahidin və onun iki qız uşağının xətrinə 12.000 manat pul, hətda Bakı şəhərində iki yerdə ev təklif etmişdir, lakin o nədənsə əsassız olraq razılaşmamışdır. Belə çıxır ki, onun məqsədi ev, pul və sair deyil, şikayətçinin və ailəsinin evini dağıtmaqdır. Yeri gəlmişkən, məhkəmə bu məqama da diqqət etməlidir ki, qanuni qətnamə çıxarılmasa, yəni iddiaçı tərəf qanunsuz yolla həmin evə köçürülsə, gələcəkdə qarşı tərəfdən münaqişə başlana bilər. Odur ki, əgər qanunların tələbləri iddiaçı tərəfin həmin evə köçürülməsini nəzərdə tutursa, həmin qətnaməni çıxarmalı, əks halda birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməli, iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarmalıdır. O onsuz da həmin vədini yerinə yetirəcək. Məlum olduğu kimi, iddiaçının vərəsəlik yolu ilə də onlardan və ya sözügedən evdən nə isə əldə edə bilməsi ehtimalı yoxdur. Yalnız uşaqların belə bir hüquqları var deyə, onlar bu haqda tələb edə və ya iddia qaldıra bilərlər. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək izahatında cavabdehin evə görə ona boş torpaq sahəsi, əvvəll 8000 manat, daha sonra 12000 manat pul təklif etməsini, o, isə 25000 manata razılaşa biləcəyini cavabdehə deməsini bildirmiş, mübahisəli evin onun övladları ilə birlikdə yeganə yaşayış sahəsi olmasını göstərib apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqramm ünvanlayaraq səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, xəstəliyi ilə bağlı hər hansı bir sübutunu məhkəməyə təqdim etmədiyindən Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 43.Mənzil hüququ İ.Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi İ. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. İİİ. Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir. Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Maddə 127. Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Maddə 129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu Maddə 1.0.10. qanunun analogiyası - konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiq edilməsi. Maddə 1.0.11. hüququn analogiyası - yalnız konkret ictimai münasibətləri deyil, həm də oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə qanunvericiliyin məğzinin, hüququn ümumi prinsiplərinin və ya hüququn konkret sahələrinə aid prinsiplərin tətbiq edilməsi. Maddə 13.1. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Maddə 13.2. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Maddə 13.3. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir. Maddə 13.4. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarını tapmaq mümkün olmadıqda hüququn analogiyasından istifadə edilir. Bu zaman Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarda təsbit edilmiş hüququn konkret sahələrinə aid prinsiplərdən və hüququn ümumi prinsiplərindən istifadə olunur. Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ İ.Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Maddə 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu yekun hüquqi mövqeyini belə ifadə etmişdir ki, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverməzdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarları “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarı Bənd 2.2. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir; Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024-cü il tarixli 1/2024 nömrəli Qərarı Bənd 4.11. Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia təmin olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tərəflərin təqdim etdikləri sübutlar üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara düzgün hüquqi qiymət verilmişdir. Belə ki, tərəflərin təqdim etdikləri sübutlardan müəyyən olunur ki, iddiaçı 2006-cı ildən Bakı şəhəri, Xəzər rayonu, Şimal Qress qəsəbəsi, Dənizkənarı 76 ərazisində yerləşən özbaşına inşa edilən fərdi yaşayış evinə cavabdehin qardaşı olan X30 oglu ilə faktiki nikah münasibətlərinə daxil olaraq köçmüş, özünə məxsus cehiz əşyalarını bu ünvana gətirmiş, bu ünvanda övladları - 16 sentyabr 2008-ci il təvəllüdlü X9 və 04 iyul 2010-cu il təvəllüdlü X10 anadan olmuş, iddiaçı bu ünvanda yaşadığı müddət ərzində birgə təsərrüfat apardığı X30 oglu ilə birlikdə həmin üvanda əlavə tikililər inşa etmiş, bu fakt birinci instansiya məhkəməsində didirilən təkcə iddiaçının deyil, cavabdehin şahidlərinin ifadəsi ilə də təsdiq olunmuşdur. Belə ki, cavabdehin bacısı və qaynatası olan şahidləri Vahidin ailə qurduqdan sonra həmin ünvanda bir otaq inşa etməsini təsdiq etmişlər. Daha sonra birinci instansiya məhkəməsi tərəfindən tərəflərin iştirakı ilə Bakı şəhəri, Xəzər rayonu, Şimal Qress qəsəbəsi, Dənizkənarı 76 ərazisində yerləşən ünvana keçirilmiş yerli baxış zamanı mübahisəli evin 1 qonaq otağı, 2 yataq otağı, mətbəx və sanuzeldən ibarət olmaqla 3 otaqdan ibarət olması, iddiaçıya məxsus əşyaların evin bir otağında yerləşməsi, evin vizual görünüşündən evə əlavə otaqlar artırılması müəyyən edilmişdir. Yerli baxış zamanı 2 otaq, dəhliz və sanuzelin iddiaçının faktiki nikahda olduğu dövrdə iddiaçı və mərhum Vahidin vəsaiti hesabına inşa edildiyi həm iddiaçı, həm də cavabdeh tərəfindən təsdiq edilmişdir. 2020-ci ildək həmin ünvanda daimi yaşamış iddiaçı faktiki nikah münasibətlərində yaşadığı X30 oglu ilə münasibətləri pozulduğundan alimentin təyin edilməsi, 2023-cü ildə isə alimentin məbləğinin artırılması tələbi ilə məhkəməyə müraciət etmiş, mübahisəli evdə yaşamasına manelər yaradılsa da, iddiaçı həmin ünvana gedib-gəlmiş, hal-hazıradək iddiaçıya məxsus əşyalar həmin ünvanda yerləşir, X30 oglunun ölümündən sonra cavabdeh iddiaçıya həmin ünvanda yaşamasına maneələr yaratmışdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, evə və evin yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin olmamasını bildirən cavabdeh apellyasiya şikayətində evin mərhum atası tərəfindən inşa edilməsinə başlanılmasını, artırma tikilinin nə iddiaçı ilə Vahid, nə də təkcə Vahid deyil, qardaş olaraq adətən birlikdə yaşayıb dolandıqlarına görə onun Vahid ilə birlikdə inşa edilməsini, Vahid xəstə olduğuna görə iddiaçının 2020-ci ildə onu köməksiz vəziyyətdə qoyub getməsini, iddiaçıya mərhum qardaşı Vahidin və onun iki qız uşağının xətrinə 12.000 manat pul, hətta Bakı şəhərində iki yerdə ev təklif etməsini göstərmişdir. Göründüyü kimi cavabdehin özünün də birinci instansiya məhkəməsində verdiyi izahatında qeyd olunan faktlarla yanaşı apellyasiya şikayətində göstərdiyi faktlar da iddiaçının mübahisəli evdə uzun müddət övladları, fakti nikah münasibətlərində olduğu əri ilə yaşaması, sonuncu ilə birgə təsərrüfat aparması, yeni tikililərin inşa olunmasında iştirak etməsi təsdiq olunur. Cavabdeh apellyasiya şikayətində iddiaçının mübahisəli evdən çıxarılmamasını qeyd etsə də, elə həmin şikayətində iddiaçının evə köçürüləcəyi halda birgə yaşamalarının mümkün olmayacağını, iddiaçıya pul və başqa yaşayış sahəsi almasını təklif etməsini qeyd etməklə iddiaçının həmin evdə yamasına manelərin yaradılmasının mövcud olmasını təsdiq etmişdir. Kollegiya cavabdehin şahidlərin təkrar dindirilməsi, sorğular verilməsi və s. dair apellyasiya şikayətində qeyd etdiklərinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsində aparılmış tədqiqatda iştirak edən, prosessual hüquqlarından istifadə edə bilməsi üçün hər bir imkanı olan, tərtib olunan məhkəmə iclas protokolları ilə razılaşmadığı halda onlara qeydlər vermək hüququ və imkanı olan cavabdehin bu dəlilləri də əsassızdır, artıq tədqiq olunan sübutların yenidən tədqiq edilməsinə isə zərurət yoxdur. İstinad olunanlara əsasən kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşıraq qeyd edir ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının bu normasının göstərişi xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni əsas qanunun bu tələbi insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Belə ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında, yalnız qanun dayanmalıdır. Beləliklə də, Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda istinad olunan tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də cavabdeh tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-2711/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar