Məhkəmə qərarları › İş №2(103)-6135/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6135/2022

14.09.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6135/2022 14.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: mənzilə köçürülmə) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2895/2022 saylı 30 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 14 sentyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4540/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək, X4 ilə İddiaçı arasında xx.xx.2013-cü il tarixdə Hacıqabul Rayon Qeydiyyat Şöbəsində bağlanmış və 100 nömrə ilə qeyd edilmiş nikahın pozulması, 24 avqust 2013-cü il təvəllüdlü X6 və 03 mart 2017-ci il təvəllüdlü X3 anaları X1 yanında saxlanılması və 24 avqust 2013-cü il təvəllüdlü X6 və 03 mart 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər biri üçün 175 manat, cəmi 350 manat sabit pul məbləğində alimentin cavabdeh İddiaçı tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir.

2. Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 30 saylı mənzil mülkiyyət hüququ üzrə xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə "xxxx" MMC-nin adına qeydiyyata alınmışdır.

3. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışdan görünür ki mənzil tam mülkiyyət hüququ üzrə xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə X1 adına qeydiyyata alınmışdır. Həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, mənzil X1 adına ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli çıxarış ilə qeydiyyata alınmışdır.

4. Mübahisəli mənzil Satıcı - "xxxx" MMC, İpoteka saxlayan - "xxxx" ASC, Alıcı (ipoteka qoyan) - X4 və Birgə borcalan İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli «Güzəştli mənzilin alşı-satqı və ipoteka müqaviləsi» əsasında "xxxx" ASC-nin kredit vəsaiti hesabına əldə edilmişdir. Müqaviləyə görə, mənzilin satış qiyməti 52.252 manat təşkil etmiş, bundan 5.500 manat alıcı-ipoteka qoyan tərəfindən, 46.752 manat isə kreditlə ödənilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən 30 saylı mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, cavabdeh ilə 27 mart 2013-cü il tarixdə Hacıqabul rayon Qeydiyyat şöbəsində akt qeydi ilə qeydə alınmış nikah bağlamışdır. Birgə nikahdan 24 avqust 2013-cü il tarixdə X6 və 03 mart 2017-ci il tarixdə isə X7 doğulmuşdur. Birgə nikah dövründə 2019-cu il tarixdə mübahisəli mənzili almışlar. Həmin mənzil birgə nikah dövründə əldə olunduğundan onların birgə əmlakıdır. Bundan sonra cavabdehlə aralarında narazılıqlar yarandığı üçün Yasamal rayon məhkəməsinin 06 dekabr 2021-ci il tarixli 2(004)-4540/2021 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Lakin cavabdeh onu mənzilə buraxmamışdır. Hazırda kirayədə yaşayır. Uşaqların alimentini verməkdə çətinlik çəkir. Həmin mənzilin alınmasında ilkin ödənişi və digər ödənişləri özü ödəmişdir. Lakin həmin mənzildən yaşamaq hüququndan məhrum olmuşdur.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 30 iyun 2022-ci il tarixli 2(004)-2895/2022 saylı qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia təmin edilmiş, İddiaçı ünvan 1 ünvanında yerləşən 30 saylı mənzilə köçürülməsi qət edilmişdir.

8. Məhkəmə hesab etmişdir ki, mübahisəli mənzil tərəflərin birgə nikah müddətində əldə edildiyindən və birgə nikah müddətində əldə edilmiş əmlaklara dair tərəflər arasında hər hansı razılaşma olmadığından, habelə onların aralarında nikah sazişi olmadığından və bununla da tərəflər arasında əmlakların bölünməsinə dair başqa qaydalar nəzərdə tutulmadığından, tərəflərin birgə nikah müddətində əldə etdikləri əmlak olan mübahisəli mənzil onların ümumi mülkiyyətidir. Buna görə də iddiaçı öz mülahizəsinə görə mübahisəli mənzilə dair sahiblik və istifadə hüququna malikdir. Lakin, cavabdeh onu mübahisəli mənzilə buraxmaması nəticəsində göstərilən hüquqlarını həyata keçirə bilməmişdir. Odur ki, iddiaçı özünün mübahisəli mənzilə köçürülməsini tələb etməkdə haqlıdır.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, 43-cü maddəsinə, Mülki Məcəllənin 152.1,152.5, 153.4, 225.1, Ailə Məcəlləsinin 32.1, 32.2.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri

10. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apelyasiya şikayətində göstərilmişdir ki, o şəhid ailəsi statusuna malik olduğu üçün mənzilin alınması üçün ona ipoteka krediti ayrılmışdır. Əgər onun belə bir statusu olmasaydı həmin evin alınması üçün ipoteka krediti ayrılmaz, həmin mənzilin alınması mümkün olmazdı. Hazırki halda mənzil ipoteka ilə yüklüdür. Mənzilin alınması üçün götürülmüş kredit tərəfindən ödənilməkdədir. Əgər kredit ödənişlərini vaxtında ödəməsə mənzil açıq hərracda satılacaq, satışdan əldə olunmuş gəlir hesabına kredit borcu bağlanacaqdır. Belə olduğu halda əmlak onların yox, banka məxsusdur. Banka məxsus olan əmlaka Bankın münasibətini öyrənmədən kiminsə köçürülməsi mülki qanunvericiliyin tələblərinə ziddir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apelyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi.

14. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

15. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

16. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

17. Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir

18. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

Azərbaycan Respublikası Ailə Məcəlləsi

19. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

20. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

24. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apelyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

27. Cavabdeh tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

29. İşin mübahisəsiz halıdır ki, mübahisəli mənzil tərəflərin birgə nikahda olduqları dövrdə "xxxx" MMC-dən güzəştli ipoteka krediti vasitəsilə alqı-satqı yolu ilə əldə edilmiş, 5.500 manat ilkin ödəniş tərəflərin birgə ailə vəsaiti hesabına ödənilmişdir. Alıcı (ipoteka qoyan) cavabdeh olsa da, tərəflər birgə borcalan olmuşlar.

30. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, mübahisəli mənzil cavabdehlə iddiaçının birgə nikahları müddətində əvəzli şəkildə, ilkin ödəniş edilməklə güzəştli ipoteka krediti vasitəsilə alqı-satqı yolu ilə əldə edildiyindən, göstərilən mənzil tərəflərin ümumi birgə mülkiyyətidir.

31. Cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassızdır. Tərəflərin ümumi birgə mülkiyyəti olduğundan iddiaçı mübahisəli mənzilə köçürülməsini tələb etməkdə haqlı olmuşdur.

32. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2895/2022 saylı iş üzrə 30 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar