Məhkəmə qərarları › İş №2(103)-6136/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6136/2025

03.02.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6136/2025 03.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının və ödənilməmiş əmək haqqının ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29 avqust 2025-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı özünün və vəkili (nümayəndəsi) Vəkil, Cavabdeh qanuni təmsilçisi (direktor) X2 iştirakı ilə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, ödənilməmiş əmək haqqına görə 294,53 manat, ödənilməmiş əmək haqqının gecikdirilməsinə görə hər gün üçün 1% olaraq 64,80 manat, əmək funksiyalarından əlavə işə cəlb olunmağına görə əmək haqqı olaraq 750 manat, bu məbləğin ödənilməməsinə görə hər gün üçün 1% olaraq 390 manat, mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi məqsədi ilə ödənilmiş 50 manat, hüquqi yardımın göstərilməsi məqsədi ilə vəkilə ödənilmiş 320 manat pulun cavabdeh MMC-dən tutularaq ona ödənilməsi, onunla MMC arasında bağlanmış "xxxx" ləğv edilməsi haqqında MMC üzrə verilmiş xx.xx.2025-ci il tarixli, X02/25 saylı əmrin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa olunması, xx.xx.2025-ci il tarixdən işə bərpa olunduğu tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi öhdəliyin MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, xx.xx.2025-ci il tarixdən etibarən MMC-də (əvvəlki adı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) "xxxx" vəzifəsində çalışmışmağa başlasa da, MMC, onunla iddia arasındakı “Əmək müqaviləsini” iddiaçının xəbəri olmadan adına açılmış “ASAN imza” vasitəsilə bu barədə iddiaçıya məlumat vermədən və iddiaçıdan razılıq almadan xx.xx.2025-ci il tarixlə rəsmiləşdirmişdir. Göründüyü kimi iddiaçı 3 gün müddətində qanunsuz olaraq işə cəlb edilmiş, buna baxmayaraq ona həmin günlər üçün ona 294,53 manat məbləğində əmək haqqı hesablanmamış və ödənilməmişdir. Logistika müdiri vəzifəsində işləyən iddiaçının adına açılmış “ASAN imza” iddiaçıda deyil, şirkətində çalışan digər işçilər tərəfindən istifadə olunmuş və müqavilə gücləndirilmiş elektron imza ilə qeyri-qanuni şəkildə aktivləşdirilmişdir. Bundan başqa iddiaçı iş saatlarından kənar vaxtlarda və qeyri-iş günlərində işə cəlb edilmiş, buna baxmayaraq ona müvafiq ödənişlər verilməmiş, ona, onun rəsmi vəzifə təlimatına aid olmayan hüquqi sənədlərin hazırlanması, dövlət orqanlarına məktubların yazılması, müqavilələrin tərcüməsi, hüquqi məsələlərin icrası, eləcə də digər işçilərin (məsələn, Elnarə Musayevanın) şikayətlərinin geri götürülməsi üçün “təlim müqaviləsi” kimi hüquqi baxımdan əsassız sənədlərin hazırlanması tapşırılmışdır. İşlədiyi dövrdə, iddiaçı, MMC-nin işçilərinin gözü qarşısında MMC-nin rəhbəri Mania Najafzadə tərəfindən təhqirə, mənəvi və fiziki təzyiqlərə məruz qalmışdır. Bunları və cavabdeh MMC-də baş verən digər qanun pozuntularını görən iddiaçı bunlara reaksiya verdiyindən MMC-nin rəhbəri olan Mania Najafzadə və MMC-nin əksər əməkdaşları iddiaçıya qarşı qərəzli mövqe tutmuşlar. Mania Najafzadə iddiaçı ilə bağlanmış "xxxx" xx.xx.2025-ci il tarixdə qəbul etdiyi əsassız əmrlə heç bir əsas olmadan, iddiaçıya bu barədə məlumat vermədən Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam vermişdir. Mania Najafzadə MMC ilə iddiaçı arasında bağlanmış "xxxx" müddətinin ötürülməməsi və müqaviləyə qeyd edilən maddə ilə xitam veriləcəyi barədə iddiaçıya əvvəlcədən xəbərdarlıq məktublarının göndərildiyi bildirsə də, bunlar geri tarixlə olmuşdur. b) cavabdehin iddiaya qarşı etirazı barədə məlumat

3. Cavabdeh MMC-nin təmsilçisi (direktor) Mania Najafzadə iddia tələbinə etiraz edərək, Rayon Məhkəməsinə verdiyi etirazda bildirmişdir ki, təmsil etdiyi Şirkət logistika sahəsində 44 ildir ki, fəaliyyət göstərir. İddiaçı ilə 30 gün müddətinə bağlanmış "xxxx" əsasən iddiaçı logistika direktoru vəzifəsinə işə qəbul olunmuşdur. Logistika direktorunun vəzifələri ilə bağlı təlimat mövcuddur. E-təmsilçi vasitəsilə direktorun bütün vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi barədə etibarnamə verilmişdir. İşçini işə götürmədən öncə onlarda sınaq müddəti 30 gündür. Sonradan 3-6 aylıq müqavilə bağlanır və işçi öz işini necə yerinə yetirməsini bu müddət ərzində göstərir. O özü (Mania Najafzadə) və MMC-nin təsisçisi Azərbaycanda daima yaşamadıqlarına görə və iddiaçı logistika direktoru olaraq işə işçi qəbul edib, işdən azad etmək səlahiyyətində olduğundan iddiaçıya “Asan imza” verilmişdir və “Asan imza” daima iddiaçının özündə olmuşdur. İddiaçı bu kimi məsul vəzifəyə işə götürülsə də, gah qızının məhkəmə işi, gah öz şəxsi işləri, gah da başqa bəhanələr ilə işdən yayınır, bu azmış kimi, Şirkətdə işləyən bəzi işçiləri də işdən yayınmağa sövq edir, normal iş ab-havasını pozurdu. Bundan başqa, iddiaçı, "xxxx" mövcud olmasından sui-istifadə etməyə də cəhd edib, MMC-nin bank hesablara müdaxilə etmək üçün banka getmiş, lakin bankın əməkdaşları buna imkan verməmiş və MMC-yə zəng edərək, bu barədə MMC-yə məlumat vermişlər. İddiaçı, iş saatlarından kənar vaxtlarda və qeyri-iş günlərində işə cəlb edildiyini, ona onun vəzifəsinə aid olmayan işlərin tapşırıldığını, təhqir olmasını bildirsə də, bu həqiqətə olmayan məlumatlardır. İddiaçıya onun vəzifəsindən kənar iş tapşırılmamış, iddiaçı, iş saatlarından əlavə işə cəlb olunmamış, iddiaçını heç kimi, o cümlədən o özü təhqir etməmiş, iddiaçını alçatmamışdır. Əksinə, iddiaçı işdə demək olar ki, olmadığından öz işini belə lazımi qaydada görmürdü. İddiaçı işçilərin yanında onun özünün və onun ərinin ünvanına narkoman, Şirkətin isə narkotik alveri ilə məşğul olduğunu demişdir. İddiaçı, onunla bağlanmış "xxxx" xitam verilməsi ilə bağlı ona məlumat vermədiyini bildirir. Lakin bu da həqiqətə uyğun deyil. Belə ki, iddiaçıya bu barədə yazılı məlumat kuryer vasitəsi ilə göndərilsə də, lakin iddiaçı həmin sənədi almaqdan imtina etmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə, iddianı qismən təmin edilməsini, iddiaçı ilə bağlanmış "xxxx" xitam verilməsi haqqında MMC üzrə xx.xx.2024-cü il tarixdə qəbul edilmiş X02/25 nömrəli əmrin ləğv edilməsini, iddiaçının əvvəlki vəzifəsinə bərpa olunmasını, işdən azad olunduğu gündən işə bərpa olunduğu günə qədər məcburi işburaxmaya görə əmək haqqının iddiaçıya ödənilməsi öhdəliyinin MMC-nin üzərinə qoyulmasını, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçının çəkdiyi xərcin əvəzinin – mediasiya prosesi üçün ödədiyi 50 manat mediasiya xərci və hüquqi yardıma görə iddiaçının vəkilə ödədiyi 320 manat məbləğində pulun MMCdən tutularaq iddiaçıya ödənilməsini, iddianın qalan hissəsinin təmin edilməməsini qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, MMC-nin qəbul etdiyi xx.xx.2025-ci il tarixli, X02/25 saylı əmrdə Əmək Məcəlləsinin müvafiq bəndinə sadəcə istinad edilməklə iddiaçı ilə bağlanmış "xxxx" xitam verilsə və iddiaçının karyerasına son qoyulsa da, əmr əmək qanunvericiliyin tələbinə əsasən düzgün şəkildə tərtib edilməmiş, əmr kifayət qədər əsaslandırılmamışdır. Buna görə də, iddianın “əmrin ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması, xx.xx.2025-ci il tarixdən işə bərpa olunduğu tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi öhdəliyin MMC-nin üzərinə qoyulması haqqında” hissəsi əsaslı hesab edilərək, təmin edilməlidir. Buna baxmayaraq məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddianın qalan hissələri sübuta yetmir. Buna görə də, iddianın qalan hissəsi təmin edilməməlidir. d) apellyasiya şikayəti barədə məlumat

6. Cavabdeh MMC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayətində hazırkı qətnamənin 3-cü bəndində qeyd edilən hallara istinadən bildirilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı, işəgötürənə məlumat vermədən 3 gün işə gəlməmişdir. İşdə olduğu müddətdə isə MMC-nin rəhbərliyini və işçiləri şantaj etməklə məşğul olmuşdur. İddiaçının hərəkətləri Şirkətin normal iş mühitini pozmuş, digər işçilərin əmək fəaliyyəti ilə məşğul olmasına maneə yaratmışdır. xx.xx.2025-ci il tarixdə də, iddiaçı iş yerinə gələrək, mübahisə etməyə başlamış, normal iş ab-havasını pozmuşdur. Həmin gün işçilərin işləməsi mümkün olmadığından işçilər icazə alaraq işdən daha erkən getməli olmuşlar. İddiaçı bu kimi hərəkətlərə xx.xx.2025-ci il tarixdə də, yol vermişdir. Bununla bağlı Şirkətin işçiləri tərəfindən xx.xx.2025-ci il tarixli akt tərtib edilmişdir. Aktda qeyd edilmişdir ki, iddiaçı xx.xx.2025-ci il tarixdə iş saatı ərzində işdən kənar mövzulara yönəlmiş, iş yerinə uyğun olmayan davranışlar göstərmiş, işçilər üçün narahatlıq törətmiş, Şirkət və Şirkətin rəhbərliyi haqqında nalayiq fikirlər səsləndirmişdir. İddiaçı bu kimi hərəkətlərə xx.xx.2025-ci il tarixdə, MMC-nin təsisçisi işdə olduğu zaman da yol vermişdir. Lakin işə baxmış Rayon Məhkəməsi bunları nəzərə almamışdır. e) apellyasiya icraatında iş üzrə tərəflərin verdikləri izahatlar barədə məlumat

8. Cavabdeh MMC-nin təmsilçisi (direktor) Mania Najafzadə apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi. O əlavə olaraq bildirdi ki, MMC-nin əməkdaşları, əsasən də cavabdeh yaşlı qadın əməkdaşları iddiaçının işə bərpa olmasının əleyhinədirlər, çünki, onların dediklərinə görə, iddiaçı onlara qarşı xaşagəlməz (qeyri-etik) hərəkətlər etmişdir.

9. İddiaçı və onun vəkili (nümayəndə) Vəkil apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdilər. f) hazırkı iş üzrə apellyasiya baxışının həddi barədə məlumat

10. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə iddianın qismən təmin edilməsini qət etsə də, iş üzrə iddiaçı Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmiş, iddia tələbinin bir qisminin təmin edilməməsi ilə razılaşmışdır.

11. Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan və MMC-nin təmsilçisinin izahatından müəyyən edilmişdir ki, MMC də iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin nəticəsini mübahisələndirmir, MMC, iddia tələbinin bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin mövqeyi ilə razılamır.

12. Odur ki, bunları, mübahisə predmetinin bölünməz olmadığını və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-ci maddəsinin tələbini nəzərə almış Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Çünki həmin maddənin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

13. Apellyasiya baxışının həddini nəzərə alan Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə, qismən ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.

14. Belə ki, iddiaçı ilə Cavabdeh MMC (əvvəlki adı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) arasında xx.xx.2025-ci il tarixdə bağlanmış “Əmək müqaviləsindən” və işdə olan digər sənədlərdən görünür ki, iddiaçı həmin tarixdən etibarən 30 gün müddətinə MMC-də "xxxx" vəzifəsinə işə qəbul edilmişdir.

15. İş üzrə tərəflərin məhkəmələrə verdikləri yazılı və şifahi məlumatlardan, habelə işdə olan sənədlərdən görünür ki, işçi olan iddiaçı ilə əmək kollektivi arasında normal işgüzar münasibətləri yaranmamış, hətta "xxxx" sonuna yaxın müddətdə MMC-nin əmək kollektivi ilə iddiaçı arasında narazılıq yaranmış və bununla bağlı iş ofisinə hətta polis əməkdaşları da gəlmişlər.

16. MMC tərəfindən iddiaçıya elektron qaydada ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçı ilə 30 gün müddətinə bağlanmış "xxxx" müddəti xx.xx.2025-ci il tarixdə bitir. İddiaçı, əmək fəaliyyəti dövründə sərgilədiyi qeyri-etik davranışlar və daxili intizam qaydalarının pozduğuna görə "xxxx" müddəti uzadılmayacaqdır. İddiaçı tərəfindən Şirkətə qarşı həyata keçirilmiş təhdid, şantaj, gizli səs yazılarının qeydə alınması, məlumatların icazəsiz əldə olunması və digər kobud qayda pozuntuları ilə bağlı hüquqi prosedurlar başlanmışdır. Qeyd edilən hallar MMC ilə iddiaçı arasındakı əmək münasibətlərinə son verilməsini zəruri etmişdir.

17. MMC tərəfindən iddiaçıya ünvanlanmış digər məktublardan görünür ki, MMC, iddiaçının etdiyi xoşağəlməz hərəkətlərinə (işçilərin razılığı olmadan onların səslərinin gizli yazılması, onların razılığı olmadan onların gizli qaydada videogörüntülərinin çəkilməsi, MMC-nin digər işçiləri və rəhbərliyi ilə əsassız yerə mübahisə etməsi, onların ünvanlarına təhqiredici sözlər deməsi, MMC-yə aid məlumatları özündə əks etdirən daşıyıcıların icazəsiz kopyalayaraq ofisdən kənara çıxarması, işə götürənə məlumat vermədən işə gəlməməsi və sair hərəkətlərinə) görə onunla bağlanmış "xxxx" müddətini uzatmaq fikrində deyil və əksinə müqaviləyə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə xitam vermək fikrindədir.

18. MMC-nin bir sıra əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, iddiaçı, xx.xx.2025-ci il tarixdə iş yerinə gələrək, iş saatları ərzində işdən kənar mövzulara yönəlmiş, iş yerinə uyğun olmayan davranışlar göstərmiş, işçilərə narahatlıq törətmiş, Şirkət və Şirkətin təsisçi haqqında nalayiq fikirlər səsləndirmişdir. Bundan başqa, iddiaçı, xx.xx.2025-ci il tarixdə Şirkət və Şirkətin rəhbəri Mania Najafzadənin haqqında təhqiredici sözlər demiş, Mania Najafzadənin ərinin ünvanına narkoman, Şirkətin isə narkotik alveri ilə məşğul olduğunu demişdir. İddiaçının yaratdığı narahatlıq səbəbi ilə işçilər icazə alıb işdən iş günü başa çatmamış getmişlər.

19. MMC üzrə xx.xx.2025-ci il tarixdə verilmiş X02/25 nömrəli əmrdən görünür ki, əmr, iddiaçı ilə bağlanmış "xxxx" Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) həmin tarixdən xitam verilmişdir.

20. İşdə olan sənədlərdən görünür ki, iddiaçı, hazırkı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etməmişdən əvvəl, onunla MMC arasında yaranmış əmək mübahisəsinin məhkəmədən kənar həlli məqsədi ilə müvafiq mediasiya təşkilatına müraciət etmiş, mediator MMC-yə ilkin mediasiya sessiyasında iştirak etmək üçün bildiriş göndərmiş, lakin MMC-nin nümayəndəsi ilkin mediasiya sessiyasına gəlməmiş, bunla da həmin əmək mübahisəsi məhkəmədən kənar qaydada öz həllini tapmamışdır.

21. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli nəticəsində Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı ilk növbədə qeyd edir ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətlərində işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətləri (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) mövcuddur. Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir. Əmək münasibətlərində iqtisadi cəhətdən zəif tərəf olan işçinin işə qəbulu və işdən azad edilməsi üçün ədalətli şəraitin təmin edilməsi, o cümlədən işçinin iradəsindən və təqsirindən asılı olmayan səbəblərdən əmək müqaviləsinə xitam verilərkən, bunun işçi, habelə onun ailəsi üçün yarada biləcəyi maddi çətinlikləri azaltmaq, gəlirdən tamamilə məhrum olmalarının qarşısını almaq məqsədilə qanunvericilikdə müəyyən təminatlar nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinin məhdud əsasları müəyyənləşdirilmiş, eləcə də həmin Məcəllənin on birinci fəsli ilə əmək müqavilələrinə xitam verilərkən işçilər üçün təminatlar təsbit olunmuşdur.

22. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli "xxxx" əsasən iddiaçı MMC-də logistika üzrə direktor vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsi 30 gün müddətinə (son gün xx.xx.2025-ci il tarix) bağlanmışdır. "xxxx" sonuncu günüdə isə MMC üzrə verilmiş əmrlə həmin müqaviləyə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilmişdir.

23. Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndindən görünür ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilə bilər.

24. Əmək Məcəlləsinin “Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar” adlı 72-ci maddəsində isə nəzərdə tutulmuşdur ki, aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi (bənd “a”); alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması (bənd “b”); təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması (bənd “c”); təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması (bənd "xxxx"); dövlət, kommersiya və (və ya) vergi sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi (bənd “d”); əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi (bənd “e”); əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması (bənd “ə”); iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi (bənd “f”); “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən konfidensial hesab edilən xüsusi kateqoriyalı fərdi məlumatların yayılması (bənd “g”).

25. Məhkəmə qeyd edir ki, işçi ilə bağlanmış "xxxx" yuxarıda qeyd edilən əsaslarla xitam verilməsi işçinin gələcəkdə iş karyerasında müəyyən və ciddi məhdudiyyətlər yarada bilər ki, həmin məhdudiyyətlər həmin şəxsin maddi rifahında öz mənfi təsirini göstərə bilər. Məhz buna görə də, Əmək Məcəlləsinin 84-cü maddəsində nəzərdə tutulmuşdur ki, əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrininməzmununda bir sıra (maddədə dəqiq sadalanıb) məlumatlar ilə yanaşı əmək müqaviləsinə xitam verilməsinin əsası və əmək müqaviləsinə xitam verilməsi barədə əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir (hissə 1.). Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər (hissə 2.).

26. Lakin iddiaçı ilə bağlanmış "xxxx" xitam verilməsi haqqında cavabdeh MMC tərəfindən qəbul edilmiş əmrdən görünür ki, əmrdə əmək müqaviləsinə xitam verilməsinin əsası və əmək müqaviləsinə xitam verilməsi barədə əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməmişdir.

27. Buna görə də, Məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq hesab edir ki, işə baxmış Rayon Məhkəməsi həmin əmrin ləğv edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlilləri əsasızdır.

28. Buna baxmayaraq Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün MMC tərəfindən iddiaçıya əmək haqqının ödənilməsi nəticəsinə gəlməkdə iş üzrə səhv və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlilləri əsaslıdır.

29. Belə ki, yuxarıda artıq qeyd edildiyi kimi, iddiaçı ilə cavabdeh MMC arasında 30 gün müddətinə bağlanmış xx.xx.2025-ci il tarixli "xxxx" müddəti xx.xx.2025-ci il tarixdə bitmişdir. MMC tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda isə qeyd edilmişdir ki, MMC, "xxxx" müddətin uzatmaq niyyətində deyil.

30. Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə görə, müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır (hissə 1., cümlə 1 və 2).

31. Bu maddi hüquq normasının tələbindən qətnamənin 29-cü bəndində qeyd edilənlərə yanaşdıqda müəyyən edilir ki, iddiaçının işə bərpa edilməsi üçün hüquqi əsas yoxdur. Lakin işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamışdır.

32. Buna görə də, Məhkəmə, iş üzrə gəldiyi hər iki ("xxxx" xitam verilməsi haqqında əmrin əsasız olması və "xxxx" müddətinin bitməsi səbəbindən iddiaçının işə bərpa edilməsi üçün hüquqi əsasın olmaması barədə) nəticəni nəzərə alaraq hesab edir ki, iddiaçı ilə bağlanmış "xxxx" Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilməsinin əsası dəyişdirilməli və həmin müqavilənin xitam verilməsinin əsası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndi ("xxxx" müddətinin bitməsi) kimi qəbul edilməlidir. h) apellyasiya baxışının nəticəsi

33. Beləliklə də apellyasiya baxışının nəticəsi ilə müəyyən edilir ki, işə baxmış Rayon Məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış "xxxx" xitam verilməsi haqqında MMC üzrə verilmiş əmrin ləğv edilməsi barədə nəticəyə gəlsə də, iddiaçını işə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının MMC tərəfindən iddiaçıya ödənilməsi barədə nəticəyə gəlməkdə haqlı olmamışdır.

34. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 385, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29 avqust 2025-ci il tarixli qətnamənin apellyasiya baxışının predmeti olan – İddiaçı ilə Cavabdeh arasında bağlanmış "xxxx" xitam verilməsi haqqında Cavabdeh üzrə verilmiş xx.xx.2025-ci il tarixli, X02/25 saylı əmrin ləğv edilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçının çəkdiyi xərcin əvəzinin – mediasiya prosesi üçün ödədiyi 50 (əlli) manat mediasiya xərci və hüquqi yardıma görə iddiaçının vəkilə ödədiyi 320 (üç yüz iyirmi) manat məbləğində pulun Cavabdehndən tutularaq İddiaçı ödənilməsi hissəsi dəyişdirilmədən saxlanılsın. Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29 avqust 2025-ci il tarixli qətnamənin apellyasiya baxışının predmeti olan qalan hissəsi, yəni İddiaçı əvvəlki vəzifəsinə - Cavabdehnə "xxxx" vəzifəsinə bərpa edilməsi və işdən azad edildiyi tarixdən işə bərpa ediləcəyi tarixə kimi ona əmək haqqının ödənilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdehnə qarşı irəli sürdüyü iddianın “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbi barədə” hissəsi təmin edilməsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış "xxxx" xitam verilməsinin hüquqi əsası dəyişdirilərək, xitamın əsası Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi (əmək müqaviləsinin müddətinin qurtarması) kimi müəyyən edilsin. Müəyyən edilsin ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 29 avqust 2025-ci il tarixli qətnamənin qalan hissəsi, yəni iddia tələbinin bir qisminin təmin edilməməsi hissəsi hazırkı apellyasiya baxışının predmeti olmamışdır. İddiaçın hazırkı qətnamənin iddianın “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbi barədə” hissəsinin təmin edilməməsi hissəsindən, Cavabdeh isə hazırkı qətnamənin “əmrin ləğv edilməsi barədə” hissəsindən, qətnamə onlara rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilərlər. Onlar qətnamənin qalan hissələrindən kassasiya şikayəti verə bilməzlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar