Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-614/2024 16.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, Məmmədova Nərmin Nəzər qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4986/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdehnə (bundan sonra, cavabdeh) qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) məhkəməyə müraciət edərək, qazdan qeyri-qanuni istifadəyə görə cavabdeh tərəfindən əsassız hesablanmış 8824,80 manat borc məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun Bakı şəhəri Nardaran qəsəbəsi Ləhic bağları dalan 12 ünvanında yerləşən bağ evində qohumları yaşayır. Qohumları evi tərk edərkən ona məlum olmuşdur ki, xx.xx.2022-ci ildə Cavabdeh tərəfindən "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" ******* nömrəli akt tərtib edilmişdir. xx.xx.2022-ci ildə ziyanın bərpasına dair tələbnamə verilmiş və həmin tələbnamədə ******* nömrəli akt əsasında 73440 kub.m qaz itkisi hesablandığı göstərilmişdir. Cavabdeh tərəfindən 8824,80 manat əsassız borc hesablanmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli, 2(008)- 4986/2023 saylı qətnaməsi ilə (hakim Vidadi Qasımov) iddia qismən təmin edilərək, Cavabdeh tərəfindən İddiaçı hesablanmış 8711,71 manat məbləğində borcun silinməsi, iddianın 113,09 manat borcla bağlı hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh, qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması, iddiaçı tərəfindən kənar xətt vasitəsilə qazdan qanunsuz istifadə edilməsi, aktın qanuni olması, iddanın rədd olunmalı olması və s. kimi əsaslandırmışdır. İzahatlar, prosessual məsələlər: İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməməslərinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İlkin olaraq qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilməlidir. Belə ki, işdə olan iddiaçının adına olan abonentin saldosunda onun akt üzrə 2022-ci ilin dekabr ayına 73440 kub.m qaza görə borcunun 8812,80 manat təşkil etdiyi göstərilmişdir. Həmin borc qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 kub.m/saat, QSSQ-nin maksimal saatlıq qaz sərfi 3 kub.m/saat, 2 ədəd dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 kub.m/saat, İran sobasının maksimal saatlıq qaz sərfi 1,5 kub.m/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün (73440 kub.m x 0,12 manat = 8812,80 manat) hesablanmışdır. İşdə olan, xx.xx.2022-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Ləhiç bağları dalan 12 ünvanında istehlakçı İddiaçı məxsus yaşayış sahəsində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılarkən müəyyən olunmuşdur ki, abonent mənzildə sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edir. İşdə olan xx.xx.2022-ci il tarixli "Dəymiş ziyanın bərpasına dair tələbnamə"dən görünür ki, xx.xx.2022-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" əsasında dəymiş ziyanın məbləği 8812,80 manat təşkil etmişdir. Məhkəmə kollegyası apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 1.3-cü bəndinə əsasən (bundan sonra, Qaydalar) qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli Əlavə) əlavə edilir. Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. «Qaz təchizatı haqqında» Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Göründüyü kimi, mövcud qanunvericilik, fiziki şəxs olan istehlakçıya münasibətdə bütün hallarda, o cümlədən qaz sağacının cavabdehliyini və plombların qorunmasını birmənalı şəkildə qaz paylayıcısının üzərinə qoymuş və bu işlərin onun hesabına həyata keçirilməsini müəyyən etmişdir. Bu məqsədlə, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir. Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. İddiaçının abonent hesabına borcun hesanlanmasına dair əsaslar cavabdeh qurum tərəfindən tərtib edilmiş akt olduğundan, həmin aktın tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğunu sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Lakin, birinci instansiya məhkəməsinin də müəyyən etdiyi kimi, iddiaçı tərəf qazdan qanunsuz istifadə (kənar qoşulma) faktını etiraf etmişdir, bu səbəbdən də cavabdeh həmin halın sübut edilməsi yükündən azaddır (iddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, bu halla razılaşmışdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçıya məxsus ünvanda “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq akt tərtib etməklə, bunun nəticəsində dəymiş zərərin ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Belə olan halda isə yoxlanılmalı olan növbəti hal, akta əsasən hesablanmış əlavə sərfiyyatın düzgünlüyünün müəyyən edilməsidir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, cavabdeh xx.xx.2022-ci ildə iddiaçının qazdan qanunsuz istifadə etməsini aşkar etdiyi zaman vurulmuş ziyanı hesablayarkən həmin normanın tələbinə əsasən altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməli olduğunu və bu səbəbdən ziyanın yalnız texniki baxışın keçirilməli olduğu son tarixdən sonrakı müddət üçün hesablana biləcəyini nəzərə almamışdır. xx.xx.2022- ci ildən əvvəl texniki baxışın məhz hansı tarixdə keçirilməsi barədə məlumat mövcud olmasa da, müəyyən edilir ki, sayğacın quraşdırıldığı tarix xx.xx.2022-ci il olduğuna görə texniki baxış ən geci xx.xx.2022-ci ildə keçirilmiş olmalıydı. Həmin gündən pozuntunun aşkar edildiyi günədək (xx.xx.2022-ci il) ötən müddət 9 gün təşkil edir. Deməli, qanunsuz istifadəyə görə hesablama yalnız 9 gün üçün aparıla bilərdi. İşdən göründüyü kimi, akt tərtib olunan anda yaşayış sahəsinə sayğacın quraşdırıldığı son tarix xx.xx.2022-ci il olmuşdur. Belə olan halda isə cavabdehin dəymiş ziyanın 360 gün üçün hesablaması özüözlüyündə əsassız olmuşdur. Yəni, cavabdehin əməkdaşları tərəfindən yeni sayğac xx.xx.2022-ci il tarixdə quraşdırıldığı və həmin vaxtı belə bir hal müəyyən olunmaduğu halda, kənar qoşulma faktının zaman baxımından ən azı həmin tarixdən sonra olması mümkündür. Lakin, birinci instansiya məhkəməsinin əlavə sərfiyyatın yalnız 9 gün üçün hesablanmalı olması barədə mövqeyi də qanunvericiliyin tələbləri ilə uzlaşmır. Birinci instansiya məhkəməsi maddi hüquq norması kimi Qaydaların 2.7-ci bəndinə istinad etmişdir. Həmin normanın akt tərtib edildiyi vaxtı qüvvədə olmuş redaksiyasına əsasən - FHN-in və EN-in səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qazdan səmərəli istifadəni, məişət qaz qurğularının təhlükəsiz və etibarlı istismar edilməsini təmin etmək məqsədi ilə həmin qurğulara, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməlidirlər. İşdən göründüyü kimi, sayğac quraşdırıldıqdan 6 ay 09 gün sonra baxış keçirilməklə müvafiq akt tərtib olunmuşdur. Belə olan halda, dəymiş ziyana görə əlavə sərfiyyatın nəyə görə məhz 9 gün üçün hesablanmalı olması analşılmaz olmaqla, əsaslandırılmamışdır. Bu hal, qazdan qanunsuz istifadə edən şəxslərin məsuliyyətdən kənarda qalmasına, eyni zamanda itirilmiş qazın bərpası yönündə ədalətli tarazlığın pozulması ilə nəticələnə bilər. Bu səbəbdən də, iddiaçıya kənar xəttdən istifadəyə görə əlavə sərfiyyat 360 gün üçün deyil, onun yarısını təşkil edən 180 gün (6 ay) üçün hesablanmaqla, 4406,4 manat (8812,80 : 2 = 4406,40) müəyyən edilməlidir. İddiaçı isə bunun əksini təsdiq edən hər hansı sübutu (zərərin daha az olması və s.) məhkəməyə təqdim edə bilməmişdir. MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007ci il tarixli qərarında da göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-in 384.0 və 384.0.3-cü maddələrinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə (“Cavabdeh tərəfindən İddiaçı hesablanmış 8711,71 manat məbləğində borcun silinməsi” hissədə) dəyişdirilməli, Cavabdeh tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən hesablanmış əlavə sərfiyyat üzrə silinməli olan pul vəsaitinin məbləgi 4406,40 manat müəyyən edilməldir. MPM-in 402.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İşdən göründüyü kimi, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan (həm təmin olunan, həm də rədd olunan hissələr üzrə iddianın qiyməti 5000 manatdan azdır) qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.3, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4986/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4986/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi yoxlanılan hissədə (“Cavabdeh tərəfindən İddiaçı hesablanmış 8711,71 manat məbləğində borcun silinməsi” hissədə) dəyişdirilsin, Cavabdeh tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən hesablanmış əlavə sərfiyyat üzrə silinməli olan pul vəsaitinin məbləgi 4406,40 (dörd min dörd yüz altı manat 40 qəpik) manat müəyyən edilsin. Qətnamədən çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-614/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-614/2024
16.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver