Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6140/2022 04.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" MMC-yə, "xxxx" MMC-yə və LPO "xxxx" ASC-yə qarşı iş üzrə (Açar sözlər: hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğvi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" MMC-yə, "xxxx" MMC-yə və LPO "xxxx" ASC-yə qarşı hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğvi və s. tələbinə dair e-2(005)- 1688/2022 saylı mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 iyun 2022ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 fevral 2010-cu il tarixli 2(011)-117 saylı icra sənədinə əsasən, "xxxx" ASC ilə İddiaçı2 arasında bağlanmış 25 sentyabr 2008-ci il tarixli KMFS 719 nömrəli kredit müqaviləsi ləğv edilməli, İddiaçı2 60769,25 manat əsas, 19213,32 manat faiz borcu, cəmi 79982,57 manat məbləğində borc "xxxx" ASC-nin xeyrinə tutulmalı, tələb İddiaçı1 məxsus Bakı şəhəri Nizami rayonu Nəsimi küçəsində yerləşən 25 nömrəli evin 9 nömrəli mənzilinə yönəldilməli, həmin mənzil açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borc "xxxx" ASC-yə ödənilməlidir.
2. Bakı şəhəri Nizami rayon məhkəmə icraçıları şöbəsinin məhkəmə icraçısının “İcraata başlamaq haqqında” 05 may 2010-cu il tarixli qərarına əsasən, icra üzrə icraata başlanmışdır.
3. "xxxx" MMC-nin 29 sentyabr 2010-cu il tarixli 677 saylı əmlakın qiymətləndirilməsi barədə hesabatına əsasən, İddiaçı1 Ramiz qızına məxsus həmin mənzilin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 62000 manat təşkil edir.
4. Hərracın yekunları barədə 21 iyun 2011-ci il tarixli 66/02 nömrəli protokola əsasən, İddiaçı1 Ramiz qızına məxsus olan mənzilin ilkin satış qiyməti 62000 manat, təkrar hərracdakı ilkin satış qiymətindən 25% aşağı olan dəyəri 39525 manat məbləğində müəyyən edilərək "xxxx" MMC tərəfindən hərraca çıxarılmış və tələbkar "xxxx" ASC tərəfindən əldə edilmişdir.
a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami rayonu Nəsimi küçəsində yerləşən 25 nömrəli evin 9 nömrəli mənzilinə dair "xxxx" MMC tərəfindən verilmiş 29 sentyabr 2010-cu il tarixli 677 saylı əmlakın qiymətləndirilməsi barədə ekspert rəyinin, habelə həmin mənzilə dair "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələrinin, o cümlədən 21 iyun 2011-ci il tarixli 63/02 nömrəli hərracın yekunlarına dair protokolun və "xxxx" ASC ilə “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi" MMC arasında imzalanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, mənzilin ipoteka yüklülüyündən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC İddiaçı2 və İddiaçı1 qarşı kredit borcunun tutulması və sair tələblərə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 03 fevral 2010-cu il tarixli 2(011)-117/10 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, "Azərbaycan Kredit Bankı” ASC ilə İddiaçı2 arasında bağlanmış 25 sentyabr 2008-ci il tarixli KM FŞ 719 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh İddiaçı2 60769,25 manat əsas borc, 19213,32 manat faiz borcu olmaqla, cəmi 79982,57 manat məbləğində pulun tutulması, tələbin İddiaçı1 məxsus Bakı şəhəri Nizami rayonu Nəsimi küçəsində yerləşən 25 saylı evin 9 nömrəli mənzilinə yönəldilməsi, mənzilin açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borcun "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Xətai Rayon Məhkəməsinin sözügedən qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Xətai Rayon Məhkəməsinin 03 fevral 2010-cu il tarixli 2(011)-177/10 saylı icra vərəqəsi və Nizami rayon İcra şöbəsinin 22 oktyabr 2010-cu il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri üzrə ixtisaslaşdırılmış “Daşınar və Daşınmaz Əmlaklarının Satışı üzrə Hərrac Mərkəzi" MMC tərəfindən 21 iyun 2011-ci il tarixdə sözügedən əmlak hərraca şıxarılmışdır. Hərracın yekunu olaraq İddiaçı1 məxsus həmin mənzil “Azərbaycan Kredit Bankı" ASC-yə təklif olunmuşdur. Hazırda “Azərbaycan Kredit Bankı" ASC həmin mənzilin mülkiyyətçisi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Lakin nə "xxxx" ASC-nin cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sair tələbinə dair iddia ərizəsindən, nə həmin iddia əsasında başlanmış mulki işdən, məhkəmə proseslərindən, iş üzrə qəbul edilmiş Xətai Rayon Məhkəməsinin 03 fevral 2010-cu il tarixli qətnaməsindən, qətnamənin icraya yönəldilməsindən, nə də ki İddiaçı1 məxsus mənzilin hərraca çıxarılaraq satılmasından iddiaçıların məlumatı olmamışdır. Bütün bu proseslərdən iddiaçılar icra məmurundan məlumat almışlar. Bundan sonra iddiaçılar ərizə ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, məhkəmənin 03 fevral 2010-cu il tarixli 2(011)-177/10 saylı qətnaməsinin təqdim edilməsini xahiş etmişlər. Həmin qətnamə iddiaçılara 2022-ci ilin yanvar ayında rəsmi olaraq təqdim olunmuşdur. Hazırda iddiaçılar sözügedən qətnamədən apellyasiya şikayəti vermişlər. Xətai Rayon Məhkəməsinin icra sənədinə əsasən hərracdan satışa çıxarılmış İddiaçı1 məxsus ünvan 1 ünvanındakı 9 nömrəli mənzilin satış qiyməti düzgün müəyyən edilməmişdir. Belə ki, mənzilin hazırkı bazar qiyməti yüksək olsa da, “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti" MMC tərəfindən 29 sentyabr 2010-cu il tarixdə verilmiş 677 saylı “Əmlakın qiymətləndirilməsi barədə ekspert rəyində" mənzilin qiyməti cəmi 62000 manat məbləğində müəyyən edilmişdir. Qiymətləndirici tərəfindən mənzilin qiymətinin müəyyən edilmə metodları düzgün seçilməmişdir. Digər tərəfdən mənzilin hərracdan satışını həyata keçirən "xxxx" MMC tərəfindən təşkil edilərək həyata keçirilmiş nə ilkin, nə də ki təkrar hərracların keçirilmə yeri və vaxtı barədə iddiaçılara lazımi qaydada məlumat verilməmiş, həmin hərraclarda iddiaçıların iştirakı təmin edilməmiş, əmlakın əldə edilməsində iddiaçıların üstünlük hüququ pozulmuşdur. Bunlardan başqa, icra şöbəsindən əldə olunmuş sənədlərin surətindən görünür ki, mənzillə bağlı ilkin və təkrar hərraclar baş tutmadığına görə, "xxxx" MMC tərəfindən tələbkar "xxxx" ASC-yə təklif göndərilmişdir. Həmin təklifdə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən 30 təqvim günü ərzində ilkin satış qiymətindən 25% aşağı, yəni 39525 manata əldə olunması "Azərbaycan Kredit Bankı” ASC-yə təklif olunmuşdur. Təklifdə həmçinin mənzilin 30 təqvim günü ərzində əldə olunmadığı halda ipotekaya xitam veriləcəyi barədə Bank xəbərdar olunmuşdur. Həmin təklif məktubunun surəti eyni zamanda məlumat üçün İddiaçı2 və İddiaçı1, habelə icra hərəkətlərini həyata keçirən Nizami Rayon İcra Şöbəsinə göndərilmişdir. Lakin təklif məktubunun surətini İddiaçı2 və İddiaçı1 almamışlar. Lakin Nizami Rayon İcra Şöbəsində əldə olunmuş sənəddən görünür ki, həmin məktub İcra Şöbəsinə 18 yanvar 2021-ci il tarixdə daxil olmuş və 139 nömrə ilə qeydiyyatdan keçmişdir. "xxxx" MMC-nin xx.xx.2011-ci il tarixli 63/02 nömrəli protokoluna əsasən, "xxxx" ASC-nin etibarnamə əsasında səlahiyyətli nümayəndəsi ünvan 2 ünvanındakı 9 nömrəli mənzilin 39525 manata əldə olunmasına razılıq vermişdir. "xxxx" MMC-nin mənzilin 30 təqvim günü ərzində əldə olunmalı olması barədə təklif məktubunun (yanvar 2011-ci il) və mənzilin "xxxx" ASC tərəfindən əldə olunması barədə protokolun tarixləri arasındakı tarix fərqi 5 ay təşkil edir. "xxxx" MMC-nin yanvar 2011-ci il tarixli təklif məktubunun "xxxx" ASC-yə nə vaxt daxil olması barədə iddiaçılara məlumat təqdim olunmasa da, həmin məktubun Nizami Rayon İcra Şöbəsinə artıq 18 yanvar 2011-ci il tarixdə daxil olması, onu deməyə əsas verir ki, həmin təklif Banka da elə 2011-ci ilin yanvar ayında daxil olmuşdur. Qeyd olunan hallar iddia tələbinin əsaslı olmasına dəlalət edir.
7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1688/2022 saylı mülki iş üzrə 14 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim X1)
8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, mübahisəli əmlaka dair keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilməmiş, bununla bağlı iddia müddəti ötürülmüşdür. Digər tərəfdən, İddiaçı1 Ramiz qızının mülkiyyətində olan mənzil İddiaçı2 "xxxx" ASC qarşısında yaranmış öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklər İddiaçı2 tərəfindən lazımi qaydada yerinə yetirilməmiş və "xxxx" ASC-nin ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 317, 319, 354, 372, 415-ci maddələrinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34, 39, 41, 42, 44, 53-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişlər.
11. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğundur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 319.1-ci maddəsinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 414.4-cü maddəsinə hərrac auksion və ya müsabiqə formasında keçirilir. Həmin Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən azı otuz gün qalmış bilməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası və s. məlumatlar olmalıdır. Həmin Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu:
“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Tutma yönəldilən ipoteka predmetinin satış üsullarından biri olan hərracların keçirilmə qaydaları, hərracın baş tutmamış elan edilməsi, bu halda təkrar hərracın keçirilməsi qaydaları və nəticələri “İpoteka haqqında” Qanunun 42 və 43-cü maddələri ilə tənzimlənir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1 Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
15. Hazırkı apellyasiya şikayətində qətnamənin tam ləğv olunub iddianın təmin olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır.
17. İş materiallarından göründüyü kimi, İddiaçı2 "xxxx" ASC ilə aralarında bağlanmış 25 sentyabr 2008-ci il tarixli KMFS 719 nömrəli kredit müqaviləsi üzrə yaranmış kifayət qədər yüksək olan kredit borcunu hazırkı günə qədər ödəməmişdir. Kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən 03 fevral 2010-cu il tarixli 2(011)-117/10 saylı qətnamə qəbul olunmuşdur. İddiaçılar həmin qətnamənin çıxarılmasından məlumatlı olmadıqlarını və qətnamədən apellyasiya şikayəti verdiklərini bildirsələr də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişlər. Bundan əlavə, elektron məhkəmə sistemində olan məlumatlara əsasən, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən 03 fevral 2010-cu il tarixli 2(011)-117/10 saylı qətnaməsindən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti daxil olmamışdır. Bundan əlavə, iddiaçılar hərracın keçirilməsi barədə məlumatlı olmadıqları, habelə iddia ərizəsində göstərilən hallarla bağlı məhkəməyə ümumiyyətlə sübut təqdim etməmişlər. Hərracdan sonra mənzilin əldə edilməsi üçün cavabdeh banka göndərilmiş təkliflə mənzilin əldə olunması barədə protokolun arasında 5 aydan artıq tarix fərqinin olması barədə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, təklifin banka nə vaxt daxil olması barədə iddiaçı tərəf məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəf öz iddia tələblərinin əsası kimi istinad etdikləri hallarla bağlı kifayət qədər sübut təqdim etmədiyinə görə birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
19. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıların apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır.
20. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçılar İddiaçı1 və İddiaçı2 oğlunun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1688/2022 saylı mülki iş üzrə 14 iyun 2022-ci il tarixli qətnaməsi iddiaçıların apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorlara aid edilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.