Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6141/2022 18.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququ olmayan hesab edilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli qərardadından cavabdehin nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququ olmayan hesab edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (məhkəmə) 16 may 2022-ci il tarixli qərardadı ilə baxılmamış saxlanılmış, həmin qərardadın ləğvi barədə iddiaçının verdiyi ərizə 23 may 2022-ci il tarixli qərardadla təmin olunaraq qərardad ləğv edilmişdir. Cavabdehin nümayəndəsinin 23 may 2022-ci il tarixli qərardaddan verdiyi şikayət məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 395-ci maddəsinə görə işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: bu Məcəllədə göstərilən hallarda; məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Məcəllənin 264.0.7-ci maddəsinə görə isə, ayrıca akt şəklində qəbul edilən qərardadda həmçinin əgər qərardaddan şikayət verilə bilərsə, şikayət vermə qaydası və müddəti göstərilməlidir. Mülki prosessual qanunvericiliyin sadalanan müddəalarının mənasından göründüyü kimi məhkəmənin işə baxarkən qəbul etdiyi bütün qərardadlardan şikayət verilməsi imkanı nəzərdə tutulmamışdır. Yalnız Mülki Prosessual Məcəllədə birbaşa göstərilən hallarda, həmçinin qərardad işin sonrakı hərəkətinə mane olduqda qəbul edilmiş qərardadlardan şikayət verilə bilər. Bu baxımdan, Mülki Prosessual Məcəllə işin baxılmamış saxlanılması barədə qərardadın ləğvi ilə əlaqədar çıxarılan qərardaddan şikayət verilməsi imkanını təsbit etmir. Həmçinin, belə qərardad işin sonrakı hərəkətinə mane olacaq xarakterli də deyildir. Beləliklə, işə baxan birinci instansiya məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etməməklə, MPM-in 264.0.7-ci maddəsinin ziddinə olaraq qəbul etdiyi qərardaddan şikayət verilməsi imkanının nəzərdə tutulduğunu göstərmiş, eləcə də verilmiş şikayətə baxmaqla onu həll edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Buna görə də, şikayətə apellyasiya qaydasında baxılması və müvafiq olaraq da apellyasiyanın mümkünlüyü üçün prosessual əsaslar mövcud deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququ olmayan hesab edilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli qərardadından cavabdehin nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-6141/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6141/2022
18.08.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver