Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6142/2025 22.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı mülki iş üzrə (Açar sözlər: “müddətli əmək müqaviləsi”) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil Firudin oğlunun, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Məlikova Səbinə İmran qızının iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əmrin ləğvi və sair” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3190/2025 saylı 8 sentyabr 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh "xxxx" ASC arasında xx.xx.2020-ci il tarixində müddətli əmək müqaviləsi bağlanmaqla əmək münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən işçi 3 ay sınaq müddəti olmaqla 1 il müddətinə (xx.xx.2020-ci tarixindən işə başlamaqla) "xxxx" ASC-də Şirvan filialının regional inkassasiya şöbəsinin mütəxəssis-xəzinadarı, daha sonra (xx.xx.2021-ci tarixindən) isə Gəncə filialının regional inkassasiya şöbəsinin aparıcı mütəxəssis-xəzinadarı vəzifəsinə təyin edilmişdir. xx.xx.2025-ci il tarixli, 36-x nömrəli əmri ilə iddiaçının tərəf olduğu əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən xitam verilmişdir. Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh «Azərbaycan Beynəlxalq Bankı” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2025-ci il tarixli əmrinin ləğv edilməsi; onun "xxxx" ASC-nin Gəncə filialı, Əsas, Regional inkassasiya şöbəsinin aparıcı mütəxəssis-xəzinədarı vəzifəsinə bərpa edilməsi; qanunsuz olaraq işdən çıxarıldığı müddətdə – məcburi işburaxma dövrü üçün əmək haqqının hesablanaraq cavabdehdən tutularaq ona ödənilməsi; onun hüquqi mənafeyinin müdafiəsi üçün çəkilmiş hüquqi yardım xərci – 325 manat və notarial etibarnamənin rəsmiləşdirilməsi üçün ödənilmiş 17,25 manat olmaqla, ümumilikdə 342,25 manat məhkəmə xərclərinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə görə, o, cavabdeh "xxxx" ASC-nin Şirvan regional inkassasiya şöbəsinin mütəxəssisxəzinədarı vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 2.1-ci bəndinə görə əmək müqaviləsi 1 il müddətinə bağlanmışdır. Əmək müqaviləsi üzrə müəyyən olunmuş müddət başa çatdıqdan sonra tərəflərin heç biri müqaviləyə xitam verilməsini tələb etməmiş, bu səbəbdən əmək münasibətləri əvvəlki şərtlərlə davam etdirilmişdir. Bu qaydaya əsasən, onun əmək müqaviləsi hər dəfə müddət bitdikdə avtomatik uzadılmaqla, faktiki olaraq əmək münasibətləri fasiləsiz davam etmişdir. Bununla belə, cavabdehin xx.xx.2025-ci il tarixli əmrinə əsasən, onunla bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən xitam verilmişdir. Lakin, qeyd olunan əmrin hüquqi əsası yoxdur və ləğv edilməlidir. Belə ki, onunla cavabdeh arasında əmək münasibətləri fasiləsiz olaraq 5 il 1 gün davam etmişdir. 12 fevral 2025-ci il tarixində, o, işə çıxmış, əmək funksiyalarını yerinə yetirmiş və əmək münasibətləri faktiki olaraq davam etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən X2 X1 Filialı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli rəsmi məktubunda da bu hal təsdiq olunmuşdur və əmək müqaviləsinin 5 ildən artıq davam etdiyi bildirilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.5-ci maddəsinə əsasən, “əgər müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, bu müqavilə müddətsiz əmək müqaviləsi hesab olunur”. Nəzərə alınmalıdır ki, onunla cavabdeh arasında mövcud əmək münasibətləri bu müddəti aşdığından, tərəflər arasında bağlanmış əmək müqaviləsi müddətsiz əmək müqaviləsi statusu almışdır. Bu baxımdan, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin “b” bəndinə (müddətli əmək müqaviləsinin müddətinin başa çatması) əsasən xitam verilməsi qanunsuz və əsassız olmuşdur. Digər tərəfdən Əmək müqaviləsinin 2.3-cü bəndinə əsasən bu əmək müqaviləsi 47/f tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə (Az Res. Əmək Məcəlləsi) bəndində qeyd olunan səbəbə görə 12.02 2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək 3 il 1 gün müddətinə bağlanmışdır. İşçi xx.xx.2020-ci il tarixindən işə başlayır. Əmək qanunvericiliyinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır (Əmək Məcəlləsinin 45-cimaddəsinin 4-cü hissəsi). Belə tənzimetmə ilə qanunverici dövlətin Konstitusiyanın 35-ci maddəsinin Vİİİ hissəsindən irəli gələn öhdəliklərinin icrasının təmin edilməsi məqsədini güdür. Belə ki, əməyin, məşğulluğun fərdi və ictimai rifahda rolu nəzərə alınaraq işsizliyin aradan qaldırılması, daimi məşğulluğun təmin edilməsi məqsədilə yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda müddətliəmək müqaviləsinin bağlanması mümkün hesab edilmişdir. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, müddətli əmək müqaviləsinin bağlanması ümumi qayda olaraq yolverilməzdir. Bu qaydadan istisnalar isə Əmək Məcəlləsinin 47-ci maddəsi ilə müəyyən olunmuşdur. Bu əsaslardan biri də Əmək Məcəlləsinin 47-ci maddəsinin f bəndində nəzərdə tutulmuş tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə olmasıdır. Hazırkı halda isə onun yerinə yetirdiyi işin daimi xarakterə malik olduğu, əmək funksiyalarının fasiləsiz yerinə yetirildiyi, tərəflərin niyyətinin isə daimi əmək münasibətlərinin qurulmasına yönəldiyi açıq-aşkar şəkildə sübut olunur. Bununla da iş funksiyaları daimi xarakter daşıdığından əmək müqaviləsinin müddətli bağlanması əsaslandırılmamışdır. Onun əmək müqaviləsini imzaladığı vaxt əsas məqsədi daimi əmək münasibətlərinin qurulması olmuş, lakin cavabdehin təşəbbüsü ilə əmək müqaviləsi müddətli şərtlərlə təqdim edildiyindən, o, həmin şərtlərlə əmək münasibətlərinə daxil olmuşdur. Halbuki, onun əmək funksiyaları Əmək Məcəlləsinin 47-cimaddəsində nəzərdə tutulmuş müddətli müqavilə bağlanmasına əsas verən hallara uyğun gəlmir. Belə olan halda, hesab etmişdir ki, bağlanmış əmək müqaviləsi faktiki olaraq müddətsiz əmək müqaviləsi kimi qiymətləndirilməli və bu əsasla əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin hüquqi qüvvəsi ləğv edilməlidir.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3190/2025 saylı, 8 sentyabr 2025ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
5. Məhkəmə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini və əmək qanunvericiliyinin bu sahəni tənzimləyən müddəalarını nəzərə alaraq, iddia tələbinə ilk növbədə iddia müddətinin tətbiq edilməli olub-olmaması aspektindən qiymət verilməsini zəruri hesab etmişdir. Qeyd etmişdir ki, iddiaçı ona ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan onunla bağlanmış əmək müqaviləsinin uzadılmayacağı xx.xx.2025ci il tarixdə əmək müqaviləsinə xitam veriləcəyi barədə məlumatlandırılmışdır. İddiaçıya ünvanlanmış ƏƏSMN yanında DƏMX Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli məktubun məzmunundan bəlli olur ki, o, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə həmin idarəyə müraciət etməklə hüquqlarının pozulduğunu hesab etmişdir. Bundan sonra, xx.xx.2025-ci il tarixdə mediasiya prosesinin tətbiqi barədə cavabdehə təklif məktubu göndərilmiş, xx.xx.2025-ci il tarixdə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmiş, iddiaçı xx.xx.2025-ci il tarixdə işə bərpa barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir.
6. Məhkəmə həmçinin qeyd etmişdir ki, müqavilədə tərəflər arasında münasibətlərin xitam edilməsinə dair müddət olaraq bir il olmaqla son tarixin xx.xx.2025-ci il tarixinin müəyyən olunması qanunvericiliyin tələbinə və müqavilə şərtlərinə uyğun gəlir. İddiaçının “müqavilə münasibətlərinin fasiləsiz olaraq 5 il 1 gün davam etməsi və bununla da müqavilənin müddətsiz hesab edilməli olması” dəlillərinin heç bir hüquqi əsası mövcud deyildir. Beləki, iddiaçıya xx.xx.2025-ci il tarixdə əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam veriləcəyi barədə bildiriş göndərilmişdir.
7. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, «Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmamış, cavabdeh tərəfindən iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsi, bu barədə xx.xx.2025-ci il tarixdə əmrin verilməsi əmək qanunvericiliyinin göstərilən tələblərinə uyğun olmuşdur.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 26.1 və 35.2-ci maddələrinə; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1, 11.1, 45.1, 45.5, 47, 68.2, 73.1 və 83.2-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2024-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3190/2025 saylı, 8 sentyabr 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında göstərilən tarixlərə diqqət yetirdikdə açıq şəkildə görünür ki, o, eyni iş yerində fasiləsiz olaraq 5 il 1 gün müddətində əmək funksiyalarını vicdanla və ardıcıl şəkildə icra etmişdir. Bununla belə, müəssisə tərəfindən onun əmək münasibətlərinə guya “müddətli əmək müqaviləsinin müddətinin bitməsi" əsası ilə xitam verilməsi həm faktiki vəziyyətə, həm də əmək qanunvericiliyinin tələblərinə ziddir. Əmək müqaviləsinin 2-ci bəndinin 3-cü yarımbəndində aydın şəkildə göstərilir ki, müqavilə xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək, yəni 3 il 1 gün müddətinə bağlanmışdır. Bu, həm müqavilə müddətinin hesablanma qaydasını, həm də işəgötürənin həmin prinsipi öz növbəti müqavilələrində də tətbiq etdiyini nümayiş etdirir. Bu fakt onu da sübut edir ki, xx.xx.2020-xx.xx.2023 tarixləri aralığı 3 il 1 ayı təşkil etdiyi kimi, xx.xx.2020-xx.xx.2025-ci il tarixləri aralığı da 5 il 1 günü təşkil edir. Başqa sözlə, iddiaçının işə başladığı gündən xx.xx.2020-ci il tarixindən etibarən əmək funksiyalarını sonuncu iş gününədək xx.xx.2025-ci il tarixədək yerinə yetirməsi, onun həmin vəzifədə 5 il 1 gün müddətində çalışdığını vǝ bu əmək münasibətlərinin müddətsiz xarakter daşıdığını sübuta yetirir. İş üzrə cavabdeh tərəf indiyədək məhkəmə iclaslarında onun xx.xx.2025-ci il tarixində iş yerində olduğunu inkar etmişdir. Lakin xx.xx.2025-ci il tarixində cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş yazılı izahatda ilk dəfə olaraq etiraf edilmişdir ki, “İddiaçı həmin tarixdə bankın inzibati binasında olmuş, lakin guya əmək funksiyalarını icra etməmişdir". Cavabdeh bu bəyanatı məsuliyyətdən yayınmaq məqsədi ilə təqdim etmişdir və verilmiş məlumatın düzgünlüyü ciddi şübhə altındadır. Belə ki, onun xx.xx.2025-ci il tarixində bankın inzibati binasında olması faktı, əslində onun əmək funksiyalarını yerinə yetirdiyini göstərən əsaslı göstəricilərdən biridir. Lakin yaranmış qeyrimüəyyənliyin tam aradan qaldırılması və obyektiv həqiqətin müəyyən edilməsi məqsədilə xx.xx.2025-ci il tarixində bankın inzibati binasında fəaliyyət göstərən təhlükəsizlik kameralarına aid video görüntülərin əldə olunması və məhkəməyə təqdim edilməsi zəruri idi. Lakin cavabdeh tərəf bu video görüntülərin təqdim edilməsindən yayınmış, bununla da özü faktiki olaraq video materialların onun mövqeyini təsdiq edə biləcəyini dolayısı ilə etiraf etmişdir. Daha sonra onun prosessual hüquqlarının təmin olunması məqsədilə Məhkəməyə vəsatət verilmiş və Məhkəmədən cavabdehin qeyd olunan video görüntüləri təqdim etməsi barədə sübutların təmin edilməsi qaydasında qərardad çıxarılması xahiş olunmuşdur. Lakin Məhkəmə bu vəsatəti təmin etməmişdir. Bu hal bir daha sübut edir ki, Məhkəmə onun xx.xx.2025-ci il tarixində bankın inzibati binasında olarkən əmək funksiyalarını icra edib-etməməsi məsələsini obyektiv araşdırmamış, yalnız cavabdeh tərəfin subyektiv və şifahi mülahizələrinə əsaslanmaqla qərar vermişdir. Beləliklə, məhkəmə tərəfindən işin faktiki halları tam, hərtərəfli və obyektiv şəkildə araşdırılmamış, hüquqi nəticə doğura biləcək vacib sübutların əldə edilməsinə yönəlmiş hər hansı prosessual tədbir görülməmişdir. Bundan başqa Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən X2 Gəncə X4 Filialı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli rəsmi məktubunda da bu hal təsdiq olunmuşdur və əmək müqaviləsinin 5 ildən artıq davam etdiyi bildirilmişdir. Deməli, toplanmış sübutlar, o cümlədən X2 təqdim etdiyi rəsmi məktub, iş materiallarındakı tarixlər və cavabdehin özü tərəfindən verilmiş yazılı izahatlar bir mənalı şəkildə göstərir ki, onunla cavabdeh arasında yaranmış əmək münasibətləri 5 ildən artıq davam etmişdir, müddətsiz xarakter daşıyır və bu münasibətlərə "müddətli müqavilə" bəhanəsi ilə xitam verilməsi hüquqi əsasdan məhrumdur. Məhkəmə iddia ərizəsində əmək müqaviləsinin əslində müddətsiz xarakter daşıması və Əmək Məcəlləsinin 47-ci maddəsinin "f" bəndinə uyğun olmadığına dair iddialarına kifayət qədər diqqət yetirməmiş, bu barədə Konstitusiya Məhkəməsinin Plenumunun mövqeyini əsas götürməmişdir. Münasibətin bu formada davamlı olaraq təzələnməsi və uzunmüddətli olması, işəgötürən tərəfindən müəyyən üstünlüklər əldə etmək məqsədi ilə müddətli olması və inun hazırki gün müddətli müqavilə ilə razı olması və bunu mübahisələndirməsi açıq-aydın formada tərəflərin həqiqi iradə ifadəsininin müddətli əmək müqaviləsi ilə pərdələndiyini göstərir. Əmək müqaviləsini imzaladığı vaxt əsas məqsədi daimi əmək münasibətlərinin qurulması olmuş, lakin cavabdehin təşəbbüsü ilə əmək müqaviləsi müddətli şərtlərlə təqdim edildiyindən, o, həmin şərtlərlə əmək münasibətlərinə daxil olmuşdur. Halbuki, onun əmək funksiyaları Əmək Məcəlləsinin 47-ci maddəsində nəzərdə tutulmuş müddətli müqavilə bağlanmasına əsas verən hallara uyğun gəlmir. Belə olan halda, bağlanmış əmək müqaviləsi faktiki olaraq müddətsiz əmək müqaviləsi kimi qiymətləndirilməli və bu əsasla əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin hüquqi qüvvəsi ləğv edilməlidir. Əmək funksiyası Əmək Məcəlləsinin 47-ci maddəsində nəzərdə tutulan hallara uyğun gəlməmişdir. Bu isə müddətli müqavilənin bağlanmasını əsassız edir və nəticə etibarilə əmək müqaviləsinin müddətsiz hesab olunmalı olduğunu göstərir. Hazırkı işdə müqavilənin müddətli bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində nəzərdə tutulan hallar müəyyən edilməmişdir. Eyni zamanda, yuxarıda qeyd olunduğu kimi, o, 2020-ci ildən davam edən əmək fəaliyyətində eyni xarakterli vəzifələrdə işləmişdir. Bu cür vəziyyətdə, yəni onun gördüyü işin daimi xarakterə malik olduğu onunla əmək müqaviləsini müddətli bağlamağı istisna edir. Ona görə də xarakterinə görə müddətsiz bağlanması tələb edilən işlərə görə müddətli əmək müqaviləsi bağlanmamalıdır. Onun əmək funksiyaları çərçivəsində yerinə yetirdiyi iş şərtlərinə görə daimi xarakterə malik olduğu həm onun, həm də cavabdeh üçün qabaqcadan bəlli olan bir hal olmuş, buna baxmayaraq, onları, xüsusilə də iddiaçını müddətli əmək müqaviləsinin bağlanmasından çəkindirməmişdir. Bu səbəbdən onun əmək funksiyaları Əmək Məcəlləsinin 47-ci maddəsinin "a-ǝ", "g" və "g" bəndlərində sadalanan hallara uyğun gəlməmişdir. İşəgötürən bu münasibətin üstün tərəfi olmağından sui-istifadə edərək reallıqda fasiləsiz davam edən və faktiki xx.xx.2020-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək davam edən əmək münasibətini reallığı əks etdirməyən formada müddətli əmək müqaviləsi kimi pərdələmişdir. Onun uzun illər ərzində eyni vəzifədə, fasiləsiz şəkildə əmək funksiyalarını yerinə yetirməsi, iş prosesinə məsuliyyətlə yanaşması, əmək intizamını pozmaması və işəgötürən tərəfindən fəaliyyəti ilə bağlı hər hansı irad tutulmaması onun məqsədinin sabit və davamlı əmək münasibətləri qurmaqdan ibarət olduğunu açıq şəkildə göstərir. Bu mənada, onun davranışı və peşə fəaliyyəti onun əsl iradə ifadəsinin müddətsiz əmək münasibətlərinə yönəldiyini sübuta yetirir. Əgər tərəflər arasında bağlanmış əmək müqaviləsi doğrudan da qarşılıqlı və sərbəst iradə əsasında müddətli xarakter daşısaydı, cavabdeh tərəf bu iradə uyğunluğunu təsdiqləyən real sübutlar təqdim edə bilərdi. Lakin cavabdeh tərəfindən nə prosessual sənədlərdə, nə də məhkəmə iclasları zamanı bu istiqamətdə hər hansı əsaslandırılmış mövqe irəli sürülməmişdir. Bu da onu göstərir ki, cavabdeh işəgötürən statusundan irəli gələn üstün mövqeyindən istifadə edərək, əmək münasibətlərinin real mahiyyətini formal müddətli müqavilə ilə pərdələməyə çalışmışdır. Göründüyü kimi, Nəsimi Rayon Məhkəməsinin mübahisələndirilən qətnaməsi onun həqiqi iradə ifadəsini və tərəflər arasında mövcud olan faktiki əmək münasibətlərinin hüquqi mahiyyətini lazımi dərəcədə araşdırmadan, həmçinin Əmək Məcəlləsinin və Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin tələblərini düzgün tətbiq etmədən qəbul edilmişdir. Bu səbəbdən, Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ədalət prinsiplərinə, maddi və prosessual hüquq normalarına zidd olaraq qəbul edilmiş və qanunla qorunan işçi hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzumuna uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, Mahmud müəllimdən xahiş etdi ki, onun iş yerini dəyişməsinlər. O, əvvəl Şirvanda işləyirdi. Daha sonra isə Gəncə şəhərində göndərildi. Onu daha sonra Qazax rayonuna işləməyə göndərmək istəyirdilər. Buna görə də onu işdən azad etmək istəyirdilər. O, insan resurslarına zəng vurdu, lakin bu məsələnin onlara aid olmadığını bildirdilər. Onlara valideynlərinin yaşlı olduğunu və öhdəliyində körpə uşağının olduğunu bildirdi. Daha sonra o, Abbas müəllimə zəng vurdu. Abbas müəllimin köməkçisi dedi ki, ona kömək edərlər. İki gün sonra yenidən zəng vurdu. Abbas müəllimin köməkçisi dedi ki, Abbas müəllim Vasif müəllimi şəxsən otağına çağırmışdır, işinizlə bağlı maraqlanır. Daha sonra ona yenidən zəng gəldi ki, Prezident təqaüdçüsü olmağı ilə bağlı sənəd varmı?. Bununla bağlı o, vaxt istədi və həmin sənədi onlara təqdim etdi. Bununla bağlı o və bütün kollektiv rahat oldular ki, daha işdən çıxarılmır. Bu hadisələr ayın 10-u baş vermişdir. Daha sonra ayın 11-də Mübariz müəllim Mahmud müəllimə zəng vurub dedi ki, daha ayın 12-də işə gəlməsin. O, narazılığını bildirdi. Ayın 12-də o, məlumatlı idi ki, işə çıxmalı deyil. 11-də dedilər ki, 12 –i daha işə gəlməsin. O, rəsmi olaraq heç nəyə imza çəkməmişdir. İnsan Resurları onu umidli etdi ki, işdən çıxmır. Ayın 12-də Abbas müəllim 9-un yarısı ona zəng vurdu ki, işə getmirəmmi?. O bildirdi ki, “bəs mən işdən çıxmamışammi?.” Abbas müəllim dedi ki, o, işə çıxmalıdır. O soruşdu ki, bəs Mübariz müəllim onu işdən azad etmədi?. Dedi ki, yox. O, artıq işə getdi və işini icra etməyə başladı. O, hər gün işdə saat 8-də olurdu. Növbəti gün Abbas müəllim ona dedi ki, daha işə getməsin.
13. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili Vəkil Firudin oğlu apellyasiya şikayətinin məzumuna uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, iş materiallarından göründüyü kimi tərəflər arasında 12 fevral 2020-ci il tarixində əmək müqaviləsi bağlanmışdır. 12 fevral 2025-ci il tarixidə daxil olmaqla tərəf 5 il 1 gün müddətinə fasiləsiz olaraq əmək münasibətlərini davam etdirmişdir. Bununla bağlı qarşı tərəf sorğu vermişlər. Qarşı tərəfin nümayəndəsi məhkəmə iclasında iddiaçının 12 fevral tarixində inzibati binada olduğunu etiraf etmişdir. İddiaçı həmin tarixdə funksional vəzifələrinin icrasına cəlb olunmuşdur. İddiaçını fərqli yerə göndərdikləri üçün aralarında narazılıq olmuşdur. İddiaçı bildirir ki, uzun müddətdir ki, Şirvanda işləmişdir. Ona görə də Gəncədə qalaraq işləmək istəyirdi. İddiaçının fevral ayının 12-də işə çağırıblar. İddiaçı həmin gündə saat 09:00-işdə olmuşdur. Şahidlə bağlı birinci instansiya məhkəməsində vəsatəti olmamışdır. Çünki həmin şəxslər şahid qismində dindirilməyə razı deyildi. Lakin hazırda şahid qismində dindirilməyinə etiraz etmir. İddiaçı ilə əmək münasibətləri fasiləsiz olaraq 5 il 1 gün müddətinə davam etmişdir.
14. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, ilk gündən mövqeyi iddia müddəti ilə bağlı idi, lakin məhkəmə birbaşa mahiyyətdən başladı. İddiaçı 12-də işdə təhvil-təslim məqsədilə olmuşdur. İddaçının 12-də işdən azad edilməsi barədə 11 fevral tarixindən əmr verilmişdir. İddiaçıya bununla bağlı qabaqcadan xəbərdarlıq da edilmişdir. Rəsmi formada bildiriş verilmişdir. Bildiriş bankın rəhbərinin adından verilmişdir. Onlar iddiaçıya hər formada bildirmişlər ki, onunla əmək münasibətlərini davam etdirmək istəmirlər. İddiaçı ayın 12 tarixində lap deyilsə ki, əmək funksiyası ilə məşğul olmuş olsa belə bu heç nəyi dəyişmir. İlk dəfə vətəndaşla müqavilə bağlanan zaman bankın öz formasında olur. Daha sonra isə müqavilədə dəyişiklik olan zaman həmin dəyişiklik sistemə vurulan zaman orada müqavilənin həmin tarixədək müqavilənin qədər müddətə bağlandığı qeyd edilir. Bu ƏMASın problemidir. Müqavilənin nə qədər müddətdir ki, qüvvədə olduğunu göstərir. Onlar iddia müddətinin tətbiqi barədə iki aspektdən ərizə yerləşdirmişlər. Birincisi iddiaçıya artıq 4 fevral tarixində elektron kabinet vasitəsilə xəbərdarlıq məktubu göndərmişlər. İkincisi isə bundan ibarətdir ki, mediasiya təklifi göndərilməsi ilə bağlıdır. Mediasiya təklifi ilə eyni zamanda iddia ərizəsi məhkəməyə verilmişdir. Bu təklifdən sonra qanunvericilikdə göstərilə müddət ərzində növbəti addım atılmalı idi. İstənilən halda hesab edir ki, qarşı tərəf müddəti ötürmüşdür.
Apellyasiya baxışının hədləri
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
16. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
18. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın təmin olunması xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin
19. 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.
20. 42-ci maddəsinin birinci bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanılır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
21. 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
22. 47-ci maddəsinin “f” bəndində göstərilmişdir ki, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.
23. 68-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri əmək müqaviləsinin müddətinin qurtarmasıdır.
24. 73-cü maddəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər.
25. 83-ci maddəsinin 1-ci bəndinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsininsənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
26. 296.1-ci maddəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
27. 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
28. 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73,74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
29. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 31.01.24-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva etməklə, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğun hesab edilmişdir. Məhkəmələrə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə bağlı işlərə baxarkən müqavilə tərəflərinin həqiqi iradə ifadələrini bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə uyğun olaraq araşdırıb nəticəyə gəlməli olmasına dair göstəriş verilmişdir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin
30. 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
31. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Belə ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi tərəflər arasında xx.xx.2020-ci il tarixində müddətli əmək müqaviləsi bağlanmaqla əmək münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən işçi 3 ay sınaq müddəti olmaqla 1 il müddətinə (xx.xx.2020-ci tarixindən işə başlamaqla) "xxxx" ASC-də Şirvan filialının regional inkassasiya şöbəsinin mütəxəssis-xəzinadarı, daha sonra (xx.xx.2021-ci tarixindən) isə Gəncə filialının regional inkassasiya şöbəsinin aparıcı mütəxəssis-xəzinadarı vəzifəsinə təyin edilmişdir. xx.xx.2025-ci il tarixli, 36-x nömrəli əmri ilə iddiaçının tərəf olduğu əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən xitam verilmişdir.
34. Məhkəmə tərkibi ilk öncə qeyd etməyi zəruri sayır ki, mülki qanunvericilikdə iddia müddətinin tətbiqi məsələsini tənzimləyən qaydadan fərqli olaraq əmək qanunvericiliyində cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizə əsasında ilk növbədə mübahisəyə iddiaçının məhkəməyə müraciət edərkən iddia müddətini ötürüb-ötürməməsi aspektindən qiymət verilməsi zəruri hesab edilmişdir. Hazırkı işdə də iddiaçı məhkəməyə xx.xx.2025-ci il tarixində müraciət edərək Əmək Məcəlləsinin 296.2-ci maddəsində nəzərdə tutulmuş 1 aylıq iddia müddətini ötürməmişdir.
35. Belə ki, iş üzrə araşdırılmış hallardan müəyyən edildiyi kimi hazırki mübahisə üzrə iddia müddətinin axımı xx.xx.2025-ci tarixdən başlanmışdır. İddiaçı hüquqlarının pozulduğunu bildiyi bu tarixdən 22 gün keçdikdən sonra xx.xx.2025-cü il tarixdə mediasiya prosesinin tətbiqi barədə təklifini digər tərəfə ünvanlamışdır. Göndərilmiş təklifə cavab verilmədiyi üçün iddiaçı mediasiya təşkilatına xx.xx.2025-ci il tarixində müraciət etmiş, mediasiya sessiyasının keçirilməsi mümkün olmadığından təşkilat tərəfindən xx.xx.2025-ci il tarixində müvafiq məzmunlu arayış tərtib edilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir.
36. Beləliklə iş materiallarından müəyyən edildiyi kimi mübahisələndirilən əmrdə İddiaçı tərəf olduğu əmək müqaviləsinə xitam verilməsinə əsas həmin müqavilənin müddətinin başa çatması göstərilmişdir. İddiaçı, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işinin daimi xarakter daşımasının qabaqcadan bəlli olduğunu, bu səbəbdən onunla müddətli əmək müqaviləsi bağlanmasının qanunsuz olduğunu, habelə faktiki olaraq beş ildən artıq (5 il, 1 gün) işlədiyini iddia etmişdir. Cavabdeh isə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə uyğun olaraq tərəflərin qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsinin bağlanmasını mümkün olduğunu, habelə müqavilə bağlanarkən tərəflərin hüquq bərabərliyinin təmin edildiyini qeyd etmişdir.
37. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə, həmçinin bu nəticənin hüquqi əsaslandırması ilə razılaşaraq apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəruri sayır.
38. İlk öncə qeyd edilməlidir ki, tərəflər arasında əmək müqaviləsi bağlanılarkən iddiaçının əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilib-edilməməsi araşdırılmış, tərəflərin münasibətlərinin həqiqi xarakterinin əmək qanunvericiliyində nəzərdə tutulan təminatlara, əsas prinsiplərə zidd olmadığı, müddətli əmək müqaviləsinin bağlanmasının iddiaçı üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin daşımadığı, digər işçilərlə müqavilələrin eyni şərtlərlə bağlandığı müəyyən edilmişdir.
39. Belə ki, iddiaçının istinad etdiyi normaya əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olması qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Lakin qanunverici bu halda Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən halları istisna etmişdir. Həmin maddənin “f” bəndinə görə, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Beləliklə əgər tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların müqavilə bəndləri üzrə qarşılıqlı razılığı varsa, işin və ya göstərilən xidmətin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda belə əmək müqaviləsinin müəyyən müddətə bağlanması mümkündür.
40. İşin müəyyən edilmiş halları baxımından qeyd edilməlidir ki, iddiaçı ilə cavabdeh arasında (müddətli) əmək müqaviləsi bağlanılarkən onun işəgötürəndən bir asılılığı olmamış, müddətli müqavilə rəsmiləşdirilənədək tərəflərin həmin müqaviləni ümumiyyətlə bağlamamaq imkanı və seçimi, müqavilə rəsmiləşdirildikdən sonra hüququnun pozulmasına istinadən iddiaçının həmçinin bu bəndinin dəyişdirilməsini tələb etmək hüququ olmuşdur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının gördüyü işin daimi xarakterə malik olmasına istinadən hazırkı iddianın əsaslı olması qənaətinə gəlinə bilməz.
41. Ümumiyyətlə cavabdeh-şirkətdə bütün işçilərlə əmək müqavilələrinin eyni şərtlərlə, yəni müddətli bağlandığı işin mübahisələndirilməyən halıdır. Bu baxımdan da müəyyən edilir ki, işəgötürən özünün diskresion səlahiyyətlərindən qərəzli şəkildə istifadə etməmiş, iddiaçı ilə əmək müqaviləsini bağlayarkən hər hansı qanun pozuntusuna yol verməmiş, ümumiyyətlə işəgötürənin iddiaçıya qarşı qərəzli münasibətdə olması halları aşkar edilməmişdir.
42. Kollegiya həmçinin qeyd edir ki, məhkəmə araşdırması zamanı əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Belə ki, işçi-iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış iddiaçı müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada xəbərdar edilmiş, tərəflər arasında bağlanmış müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etməmiş, əmrin çıxarılması barədə iddiaçıya məlumat verilməklə onunla son haqq-hesab aparılmış, əmək kitabçasının təqdim edilməsi təmin edilmişdir.
43. İddiaçının faktiki olaraq beş ildən artıq (5 il, 1 gün) müddət ərzində işlədiyinə istinad etməsi ilə əlaqədar kollegiya qeyd edir ki, illərlə hesablanan müddətlərə dair ümumi qaydaya əsasən, müddət sonuncu ilin müvafiq tarixində başa çatır. Bu halda tərəflər arasında yaranmış əmək münasibətlərinin beşillik müddəti xx.xx.2025-ci il tarixində tamamlanmışdır. Beşillik müddətin son iş gününün xx.xx.2025-cü il tarixinə təsadüf etməsini nəzərə alaraq, cavabdeh əmək qanunvericiliyinin tələblərini pozmadan iddiaçının tərəf olduğu əmək müqaviləsinə düzgün şəkildə xx.xx.2025-ci il tarixindən xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli, 36-x nömrəli əmr qəbul etmişdir.
44. Belə ki, Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinə görə müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edirsə, müddətsiz əmək müqaviləsi hesab edilir. İddiaçının isə həmin müəssisədə 5 ildən artıq müddət ərzində işləməsi halı müəyyən edilməmişdir.
45. İddiaçının müəyyən şəxsin tövsiyəsinə əsasən xx.xx.2025-ci il tarixində işə çıxması və həmin günün sonunadək işdə olması işçilərlə əmək müqaviləsi bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik olan səlahiyyətli şəxs tərəfindən barəsində çıxarılmış əmrin qüvvədən düşməsini, rəhbərliyin iddiaçı ilə olan əmək münasibətlərini davam etdirmək niyyətində olmasını təsdiq edən hüquqi əhəmiyyətli hal olaraq nəzərə alına bilməz.
46. İddiaçının əmək müqaviləsinin (iş v. 78-86) xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək, yəni 3 il 1 gün müddətinə bağlandığını əks etdirən 2-ci bəndinin 3-cü yarımbəndinə istinadı ilə əlaqədar isə qeyd edilməlidir ki, bu sənəd (müqaviləyə dair məlumat) əsas müqavilə şərtlərinə dəyişiklik edildiyini təsdiq edən hüquqi əhəmiyyətə malik sübut kimi nəzərə alına bilməz. Belə ki, həmin müddət tərəflər arasında bağlanmış əmək müqaviləsinə dair məlumatların elektron sistemə daxil edildiyi tarixlə əsas əmək müqaviləsinin bağlandığı tarix arasında olan zaman kəsiyini əks etdirir. Sözügedən sənəd əmək müqaviləsi olmayıb, müqavilə əsasında hazırlanmış müvafiq məlumatlar toplusudur (emas.sosial.gov.az portalından çıxarış). Bu sənədin son səhifəsinin aşağı hissəsində qeyd olunan barkod sisteminin smartfon kamerası vasitəsilə oxunması zamanı da mübahisəli sənədin yönləndirildiyi dövlət qurumunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olduğu müəyyən edilir (emas.sosial.gov.az portalı).
47. Qeyd edilməlidir ki, prosessual qanunvericiliyə görə iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.
48. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti ümumilikdə düzgündür və mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3190/2025 saylı, 8 sentyabr 2025ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev