Məhkəmə qərarları › İş №2(103)-6144/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6144/2022

22.09.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6144/2022 22.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: əmək mübahisələri, əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 3775/2022 saylı qətnaməsindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı 30 dekabr 2009-cu il tarixdən podrat müqaviləsi əsasında 15 saylı X3 MMCyə müfəttiş vəzifəsinə təyin olunmuşdur.

2. 01 oktyabr 2011-ci il tarixdə AR Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir.

3. 29 fevral 2012-ci ildə Nəqliyyat Nazirliyi yanında X5 Xidmətinin Mingəçevir Regional şöbəsinə 3 aylıq sınaq müddətinə əmək müqaviləsi bağlamaqla böyük mütəxəssis inspektor vəzifəsinə təyin olunmuşdur.

4. 05 yanvar 2017-ci il tarixdə dövlət qulluqçularının ştatlarının ixtisarı ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

5. 01 dekabr 2017-ci ildən yenidən X5 Xidmətinin 15 saylı X3 MMC-yə müddətli əmək müqaviləsi ilə Texnik-mexanik vəzifəsinə təyin olunmuşdur.

6. 03 dekabr 2018-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən müqaviləyə xitam verilmişdir.

7. İddiaçı 12 aprel 2019-cu il tarixdə "xxxx" MMC-nin X4 müddətli əmək müqaviləsi əsasında 12 aprel 2019-cu il tarixdə Texnik-mexanik vəzifəsinə təyin edilmişdir.

8. 15 fevral 2022-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir.

10. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1958-ci ildə Ağdam rayonu Novruzlu kəndində anadan olmuşdur. Hal-hazırda yaşa görə pensiyaya çıxmağına 1 ildən az müddət qalmışdır. Uzun müddətdir ki, Mingəçevir şəhərində yaşayır. Hərbi xidməti başa vurduqdan sonra, 20 iyun 1979-cu ildən əmək fəaliyyətinə başlamışdır. Əmək fəaliyyətində müəyyən fasilələri nəzərə almaqla, 40 il sosial sığorta stajı olmaqla qüsursuz əmək fəaliyyəti vardır. 30 dekabr 2009-cu il tarixdən podrat müqaviləsi əsasında 15 saylı X3 MMC-yə müfəttiş vəzifəsinə təyin olunmuşdur. 01 oktyabr 2011-ci ildə müqaviləyə xitam verilmiş, səbəbi isə X7 Xidmətinin yaranması və həmin xidmətdə iddiaçının işlə təmin olunmağı göstərilmişdir. 29 fevral 2012-ci ildə Nəqliyyat Nazirliyi yanında X5 Xidmətinin Mingəçevir Regional şöbəsinə 3 aylıq sınaq müddətinə əmək müqaviləsi bağlamaqla böyük mütəxəssis inspektor vəzifəsinə təyin olunmuşdur. İşlədiyi müddətdə dövlət qulluğunun kiçik referenti, 3-cü dərəcə referenti və 2-ci dərəcə referenti ixtisas dərəcəsi almışdır. 05 yanvar 2017-ci il tarixdə dövlət qulluqçularının ştatlarının ixtisarı ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. 11 aprel 2017- ci ildən 10 oktyabr 2017-ci ilədək Dövlət Məşğulluq Xidmətinin X2 işsizlik müavinatı almışdır. 01 dekabr 2017-ci ildən yenidən X5 Xidmətinin 15 saylı X3 MMC-yə müddətli əmək müqaviləsi ilə Texnik-mexanik vəzifəsinə təyin olunmuşdur. 03 dekabr 2018-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən müqaviləyə xitam verilmişdir. İddiaçının işlədiyi qurumun adı dəyişdirilərək "xxxx" MMC adlandırılmışdır. İddiaçını yenidən müraciətlərindən sonra bu cəmiyyətin X4 müddətli əmək müqaviləsi əsasında 12 aprel 2019-cu il tarixdə Texnik-mexanik vəzifəsinə təyin edilmişdir. Müddətli Əmək müqaviləsinin qurtardığı tarix 12 aprel 2022-ci il tarix göstərilmişdir. İşlədiyi 3 il ərzində dəfərələrlə cəmiyyətlə iddiaçı arasında müqavilə imzalanmış, əvvəlki müqavilələr 3 aylıq müddətə, sonradan isə 1 aylıq müqavilələr bağlanmışdır. Səbəbini soruşduqda bildirirdilər ki, idarənin adı bir neçə dəfə dəyişib, ola bilsin, ad dəyişməsi olacaq, yenidən işdən çıxarılıb, işə götürülmə olmasın deyə, 1 aylıq müqavilə bağlayırıq. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X5 Xidməti "xxxx" MMC-nin iddiaçıya ünvanlanmış 11 fevral 2022-ci il tarixli K- 80/ə saylı Xəbərdarlıq məktubunda göstərilmişdir ki, "sizinlə bağlanmış 12 aprel 2019-cu il tarixli 130 nömrəli əmək müqaviləsinin müddəti 12 fevral 2022-ci il tarixində bitdiyindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən sözügedən müqaviləyə xitam veriləcəkdir”. Halbuki, Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, müddətli əmək müqaviləsinin qurtardığı tarix 12 aprel 2022-ci ildir. Bundan belə müəyyən olunur ki, iddiaçı ilə bağlanmış 3 aylıq və 1 aylıq müqavilələr elektron bazaya işlənməmiş, formal qaydada özləri üçün bağlanmışdır. İddiaçının işlədiyi vəzifə mövsimi xarakterli deyil, daimi xarakterli iş rejiminə aiddir. Onunla müddətli əmək müqaviləsinin bağlanması belə qanunsuzdur. Bundan başqa da müqavilənin müddətinin tamam olmasına 2 ay qalmış əmək müqaviləsinə xitam verilmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X5 Xidməti "xxxx" MMC-nin baş direktoru Natiq Dadaşovun 15 fevral 2022-ci il tarixli, 29 ş/h nömrəli əmrində müəssisənin hüquqi ünvanı və işəgötürənin atasının adı göstərilməmişdir.

11. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsinə etirazını məhkəməyə təqdim etmişdir.

12. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının şəxsi işindən göründüyü kimi o, "xxxx" MMC-nin X1 şöbəsinin X4 texnik-mexanik vəzifəsinə ərizəsi əsasında xx.xx.2019-cu il tarixində 3 ay müddətinə qəbul edilərək xx.xx.2022-ci il tarixinədək müddətli müqavilələr bağlanılmışdır. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b" bəndinə əsasən Cəmiyyətin 29-ş/h əmrinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının ərizəsindən göründüyü kimi o, xx.xx.2009-cu il tarixindən xx.xx.2011-ci il tarixinədək X5 Xidmətinin 15 saylı X3 MMC-də, xx.xx.2012-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək yenidən X5 Xidmətinin Regional şöbəsində, xx.xx.2017-ci il tarixindən xx.xx.2018-ci il taxinədək DANX-nin 15 saylı X3 MMC-də müxtəlif vəzifələrdə çalışmışdır. xx.xx.2018-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı xx.xx.2019-cu il tarixində ərizə ilə Cəmiyyətin Regional bölmələrin əlaqələndirilməsi şöbəsinin Mingəçevir regional bölməsində texnikmexanik vəzifəsinə qəbil edilməsini xahiş etmişdir. Həmin ərizə əsasında Cəmiyyətlə onun arasında xx.xx.2019-cu il tarixli müddətli əmək müqaviləsi bağlanılmışdır. Göründüyü kimi, İddiaçı xx.xx.2019-cu il tarixinədək "xxxx" MMC-də deyil X5 Xidmətində müxtəlif vəzifələrdə işləmişdir. Bu səbəbdən də İddiaçı iddiasında qeyd etdiyi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndinin ona qarşı tətbiq edilməsi qanunauyğun deyildir. Beləliklə, iş materiallarından göründüyü kimi, həmin müqavilənin müddəti tərəflərin qarşılıqlı razılığı ilə müqaviləyə edilən xx.xx.2022-ci il tarixli 1 nömrəli əlavəyə əsasən bir aylıq uzadılaraq, sonuncu iş günü kimi xx.xx.2022-ci il tarixdə başa çatmış və Cəmiyyətin direktorunun 15 fevral 2022-ci il tarixli 29 ş/h nömrəli əmri ilə həmin əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının özü də onunla müqavilə bağlanması barədə ərizə ilə Cəmiyyətə müraciət etmiş və onunla bağlanmış müqavilənin müddətli olması barədə etirazını bildirməmiş və müqavilənin müddətli olmasını məhkəmədə mübahisələndirməmişdir. İddiaçının şəxsi işində olan sənədlərdən göründüyü kimi, iddiaçı ərizəsində əsassız olaraq işəgötürənlə qeyd edilən vəzifədə işləməsi barədə müqavilənin 5 ildən artıq davam etməsini göstərmişdir. Lakin onunla işəgötürən tərəfindən müddətli əmək müqaviləsi xx.xx.2019- xx.xx.2022-ci il tarixədək cəmi 02 il 10 ay 03 gün davam etmişdir. Bu da müddətli müqavilənin müddətsiz müqaviləyə keçməsinə əsas verən 5 il müddətindən azdır.

13. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 3775/2022 saylı qətnaməsi ilə (hakim N.Nəbizadə) iddia təmin edilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Mingəçevir regional bölməsinin texnik-mexaniki İddiaçı tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməsinə dair xx.xx.2022-ci il tarixli, 29-ş/h saylı əmrin ləğv edilməsi; İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Mingəçevir regional bölməsinin texnik-mexanik vəzifəsinə bərpa edilməsi; xx.xx.2022-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının İddiaçı ödənilməsi və 56 manat məbləğində mediasiya xərcinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı xeyrinə tutulması qət edilmişdir.

14. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə 1 saylı əlavədə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin xx.xx.2022-ci il tarixədək 1 ay müddətinə uzadılması göstərilsə də, həmin əmək müqaviləsinə dair əlavə ƏƏSMN-nin elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınmadığından əmək qanunvericiliyinin tələbinə əsasən hüquqi qüvvəyə minməmişdir.

15. Bu əsasla məhkəmə hesab etmişdir ki, bağlanmış müddətli əmək müqaviləsinə müqavilə müddətinin bitməsinə iki ay qalmış, yəni vaxtından əvvəl əmək müqaviləsinin müddətinin qurtarması əsası il xitam verildiyindən, iddia tələbi əsaslı olmuşdur.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə, İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsinə, 7-ci maddəsinin 2-ci hissəsinə, 12-ci maddəsinin “h” bəndinə, 49-cu maddəsinin 1-ci hissəsinə, 300-cü maddəsinin 1-ci hissəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

17. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması, iddianın rədd edilməsinə dair yeni qətnamənin çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının özü də onunla müddətli müqavilə bağlanması barədə ərizə ilə müraciət etmiş və həmin müqavilənin qüvvədə olduğu müddət ərzində həmin müddətli müqaviləni mübahisələndirməmişdir, məhkəmə İddia predmetindən kənara çıxaraq iddiaçı ilə aralarında bağlanmış müddətli əmək müqaviləsinə hüquqi qiymət vermişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz ünvanlayaraq apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

20. Etirazını onunla əsaslandırmışdır ki, apellyasya şikayəti iddia ərizəsinin məzmununa və əsaslandırılmış məhkəmə qətnaməsinin hallarına uyğun olaraq verilməmişdir, iddia tələbində və məhkəmə qətnaməsində göstərilən xüsusatlardan kənara çıxmaqla edilmiş apellyasiya şikayətidir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X8 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

22. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.

Apellyasiya baxışının hədləri

23.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 24.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 25.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 26.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsinə yönəldiyindən apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Əmək Məcəlləsinin:

27. 3-cü maddəsinin 5-1-ci hissəsinə əsasən, əmək müqaviləsi bildirişi ... əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. 28.7-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, bu ... əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 29.12-ci maddəsinin h bəndinə əsasən, əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək ... əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindəndir. 30.49-cu maddəsinin 1-ci hissəsinə görə, ... əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 31.68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 32.68.-ci maddənin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 33.300-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. 34.45-ci maddəsinin 5-ci hissəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

35. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 36.77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

37. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

38. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli Əmək müqaviləsindən görünür ki, həmin müqavilə "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış və müqaviləyə əsasən, İddiaçı 3 ay müddətinə "xxxx" MMC-yə Regional bölmələrin əlaqələndirilməsi şöbəsinin Mingəçevir regional bölməsinin texnik-mexanik vəzifəsinə təyin edilmişdir.

39. İş materiallarında olan Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə xx.xx.2019-cu il tarixdə müddətli əmək müqaviləsi bağlanmış və müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix kimi xx.xx.2019-cu il göstərilmişdir. Həmin bildiriş elektron informasiya sisteminə xx.xx.2019-cu il tarixdə daxil edilmişdir.

40. İş materiallarında olan xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, həmin əlavədə "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsi xx.xx.2022-ci il tarixədək 1 ay müddətinə uzadılmışdır.

41. İş materiallarında olan əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, əmək müqaviləsinə edilmiş dəyişikliyin məzmunu işçinin əmək haqqının 250 manatdan 300 manata artırılması ilə bağlı olmuş, əmək müqaviləsinin müddəti ilə bağlı hər hansı dəyişiklik baş verməmiş və müqavilənin müddətinin müddətinin qurtarması tarixi xx.xx.2022-ci il kimi göstərilmişdir.

42. İddiaçının adına tərtib edilmiş əmək kitabçasının surətindən görünür ki, sonuncu dəfə o, xx.xx.2019-cu ildə müddətli əmək müqaviləsi əsasında "xxxx" MMC-yə Regional bölmələrin əlaqələndirilməsi şöbəsinin Mingəçevir regional bölməsinin texnik-mexanik vəzifəsinə təyin edilmiş, xx.xx.2022-ci ildə isə Əmək Məcəlləsinin 68-ci madəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir.

43. İş materiallarında olan xx.xx.2022-ci il tarixli əmrin surətindən görünür ki, "xxxx" MMC-yə Regional bölmələrin əlaqələndirilməsi şöbəsinin Mingəçevir regional bölməsinin texnik-mexaniki İddiaçı xx.xx.2022-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmişdir.

44. Beləliklə, iş materiallarında olan sənədlərdən və tərəflərin verdikləri izahatlardan müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu ildə müddətli əmək müqaviləsi bağlanmış, həmin əmək müqaviləsinə dair bildiriş elektron informasiya sistemində qeydiyyata alınmış, müqavilə müddətinin sonu kimi xx.xx.2022-ci il tarix göstərilmişdir. Sonradan, yəni xx.xx.2022-ci il tarixdə tərəflər arasında əmək müqaviləsinə 1 nömrəli əlavə imzalanmış və həmin əlavənin şərtinə görə əmək müqaviləsinin müddəti 1 ay müddətinə uzadılmışdır. Lakin əmək müqaviləsinə edilmiş həmin dəyişiklik elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınmamış, xx.xx.2022-ci il tarixdə elektron sistemdə yerləşdirilmiş bildirişdə isə dəyişikliyin əmək haqqının artımı ilə bağlı olduğu, müqavilə müddətinin xx.xx.2022-ci il tarixdə başa çatması göstərilmişdir.

45. Buna baxmayaraq, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verən cavabdeh MMC AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə istinad etmişdir.

46. Bu maddənin dispozisiya şərtlərinə əsasən əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilə bilər. Belə olduqda, həmin əsasla müqaviləyə xitam verilməsinin əsaslı olmasının müəyyən edilməsi üçün əmək müqaviləsinin müddətinin bitmə vaxtı müəyyən edilməlidir.

47. Yuxarıda qeyd edilən işin müəyyən edilmiş hallarından da göründüyü kimi, cavabdehin əmək müqaviləsinin müddətinin bitməsini göstərən əmək müqaviləsinə 1 nömrəli əlavədə müəyyən edilmiş əmək müqaviləsinin yeni müddətləri elektron informasiya sistemində elektron qaydada qeydiyyatdan keçmədiyindən, Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən hüquqi qüvvəsini almamışdır.

48. Bununla yanaşı, həmin bildirişdə əmək müqaviləsinin xx.xx.2022-ci ilədək qüvvədə olması göstərilmişdir.

49. Qeyd edilənlərdən bu qənaətə gəlmək olur ki, cavabdehin əmək müqaviləsinə dəyişiklik edilməsinə dair qüvvədə olmayan əlavəyə istinad etməklə, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə bu müqavilənin müddətinin bitməsi əsası ilə xitam verməsi əmək qanunvericiliyinin tələblərinə zidd olmuşdur.

50. Beləliklə, kollegiya apellyasiya şikayətinin dəlillərini araşdıraraq onları əsassız hesab edir və bildirir ki, onlar formal mülahizələrə əsaslanmaqla, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir.

51. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi :

Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-3775/2022 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar