Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6153/2021 21.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürmə və istifadə hüququnun tanınması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli 2(004)-2333/2021 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Nuriyeva X2 Yusif Əli oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və oğlu X5 Bakı şəhəri Yasamal rayon 11-ci Xrebtovi 156 ünvanda yerləşən evə köçürülmələri və evdən istifadə etmək hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, mərhum X3 ilə 1997-ci il tarixdə ailə qurmuşdur və 20 noyabr 2010-cu il tarixdə Yasamal rayon Qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirmişdilər. Onların birgə nikahlarından iki övladları 28 oktyabr 2000-ci il tarixdə X4 və 19 noyabr 2004-ci il tarixdə X8 anadan olmuşdur. Mərhum X3 isə 15.08.2011-ci il tarixdə vəfat etmişdir. Onlar ailədə 4 nəfər olmaqla göstərilən ünvanda 2018-ci il tarixə kimi yaşamışlar, onun övladları göstərdiyi ünvanda anadan olmuş və həmin ünvanda da 36 saylı tam orta məktəbə getmişdirlər. Buna baxmayaraq o həmin ünvanda qeydiyyatda olmamışdır, ancaq həmin ünvana gəlin köçmüşdür. Özü isə ünvan 2 Evi olmadığı üçün o ailəsi ilə yəni, həyat yoldaşı X7 rəhmətə gedəndən sonra Bakı şəhərində kirayələrdə qalmağa başlamışdır. Hazırda maddi imkanı yoxdur, xəstə olduğundan işləmək imkanı da yoxdur. Uşağı az yaşlı olduğuna görə öz mərhum ərinin evində yaşamasını istəyir. Kirayə pulların ödəyə bilmədiyi üçün oğlu X8 birlikdə ünvan 3 ünvanda yerləşən boş evdə yaşayır. Ağır xəstə olmağına baxmayaraq evinin olmadığı üçün o şəraitsiz evlərdə yaşayır. Həmçinin bu illər müddətində ondan asılı olmayan səbəblərdən müxtəlif ünvanlarda oğlu ilə bərabər qaldığı üçün onun xəstəliyi daha da ağırlaşmışdır. O, və oğlu X8 heç bir yerdə işləmirlər, xəstəliyi ilə bağlı fərdi əməklə məşğul ola bilmir, heç bır növ üzrə pensiya almır. Yalnız Əliyə atasızlıq pulu alır, o da Əlinin 18 yaşı tamam olandan sonra dayanacaqdır. Uşaqları ilə bərabər ərinin ölümündən sonra həmin evdə yox başqa evdə yaşayan qaynı Cavabdeh onu və oğlunu evdən zorla çıxartmışdır. O, oğlu ilə birlikdə müxtəlif ünvanlarda kirayədə yaşamışdır. Dəfələrlə ərinin evinə qayıtmaq istəsə də qaynı Yusif buna imkan verməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli 2(004)- 2333/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı 19 noyabr 2004-cü il təvəllüdlü X8 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovı 156 ünvanında yerləşən evə köçürülməsi, iddianın digər hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, iddiaçı evdən zorla deyil, həyat yoldaşı vəfat etdikdən sonra 2011-ci ildə öz istəyi ilə getmişdir. İddiaçının qeydiyyatda olmaqla yaşayış yeri var və hazırda həmin ünvanda yaşayır. İddiaçı 1997-ci ildən evə gəlin köçməsini qeyd etsə də, həyat yoldaşının qeyd olunan evdə 2002-ci ildən yaşadığı müəyyən olunur. Məhkəmə iclasında iştirak edən cavabdeh apelyasiya şikayətinin təmin edilməsini xahiş edərək, göstərdi ki, mübahisəli ev ötən əsrin 60-cı illərində atası və anası tərəfindən tikilib, iddiaçı bu evə gəlin köçməmişdir, əri 2002-ci ildə bu evə qeydiyyata düşdükdən sonra iddiaçı da bu evə köçüb yaşamağa başlamışdır. Qardaşı, yəni iddiaçının əri 2011-ci ildə vəfat etmişdir. Sonra iddiaçı işıq və qaza görə kommunal ödənişləri etmədiyindən, borclar yığılmış, iddiaçı da 2015-ci ildə evdən çıxıb getmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəməyə gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırda iddia qismən təmin edilmiş olsa da, iddiaçı tərəfindən qətnamə mübahisələndirilməmiş, cavabdeh qətnamənin ləğvini xahiş etsə də, təmin edilmiş hissədə mübahisələndirmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə tərəfindən işin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən iddiaçı mərhum X3 ilə 1997-ci il tarixdə faktiki ailə qurmuş və 20 noyabr 2010-cu il tarixdə Yasamal rayon Qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirmişdilər. Onların birgə nikahlarından iki övladları 28 oktyabr 2000-ci il tarixdə X4 və 19 noyabr 2004-ci il tarixdə X8 doğulmuşdur. X3 isə 15.08.2011-ci il tarixdə vəfat etmişdir. İddiaçı 1997-ci ildən 2018-ci ilədək həmin evdə yaşamış, daha sonra cavabdehlə aralarındakı münasibətlərin gərginləşməsi səbəbindən uşaqları ilə birlikdə kirayələrdə yaşamış, sonradan Biləsuvar rayonunda yerləşən valideynlərinin evinə getmiş və hal-hazıradək orada yaşayır. İş materiallarına əlavə olunmuş 29.01.2021-ci il tarixli 127 nömrəli 32 saylı MKİS tərəfindən verilmiş arayışdan məlum olur ki, X7 16.09.2002-ci il tarixindən Bakı şəhəri, 11ci Xrebtovı 156 saylı mənzildə qeydiyyatda olub. 15.08.2011-ci il tarixdən ölümü ilə əlaqədar qeydiyyatdan çıxarılıb. İş materiallarına əlavə olunmuş 17.02.2021-ci il tarixli Biləsuvar şəhər inzibati ərazi idarəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan məlum olur ki, İddiaçı və X1 şəhəri, 8 mart küçəsi, 36 nömrəli evdə qeydiyyatdadır. Məhkəmə mübahisəyə 01.10.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsini tətbiq edərək, belə nəticəyə gəlmişdir ki, iddiaçı uzun müddət birgə təsərrüfat aparmaqla ailə üzvü kimi yaşadığı mübahisəli evə köçürülməlidir. İddiaçının mübahisəli evə köçməsi uşağının da köçməsinə əsas yaradır, çünki yetkinlik yaşına çatmayan uşaqların yaşayış yeri onların valideynlərinin yaşayış yeridir. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Bununla belə, Kollegiya qeyd edir ki, mübahisəli tikili iddiaçının yaşayış yeri olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər (27.1). On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır (27.2). Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir (27.3). “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Beləliklə, müəyyən edilmişdir ki, iddiaçı 1997-ci ildən 2018-ci ilədək həmin evdə yaşamışdır (cavabdehin deməsinə görə isə ən azı 2002-ci ildən 2015-ci ilədək). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə tələbinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2333/2021 saylı iş üzrə 26 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6153/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6153/2021
21.06.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver