Məhkəmə qərarları › İş №2(103)-6153/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6153/2025

10.02.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6153/2025 10.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair mülki iş üzrə (açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi Bayramlı Möhtəbər Arif qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli, 2(006)-3988/2025 nömrəli qətnaməsindən cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "xxxx" QSC-nin Lokomotivlərin təmiri departamenti ilə İddiaçı arasında bağlanmış 19 iyul 2022-ci il tarixli əmək müqaviləsinə əsasən sonuncu elektrovozların təmiri sexinə usta vəzifəsinə qəbul edilmişdir.

2. "xxxx" QSC-nin Lokomotivlərin təmiri Departamentinin əmək müqaviləsinin ləğv edilməsi barədə 19 iyul 2023-cü il tarixli əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 19 iyul 2023-cü il tarixdə Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən xitam verilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 mart 2024-cü il tarixli, 2(103)-1732/2024 nömrəli qətnaməsinə əsasən "xxxx" QSC-nin Lokomotivlərin təmiri Departamentinin əmək müqaviləsinin ləğv edilməsi barədə 19 iyul 2023-cü il tarixli əmri ləğv edilərək İddiaçı işə bərpa olunmuş, həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 2(102)-2208/2024 nömrəli qərarına əsasən dəyişdirilmədən saxlanılmışdır.

4. "xxxx" QSC-nin Hərəkət vasitələrinin təmiri Departamentinin 18 noyabr 2024-cü il tarixli işə qəbul haqqında əmrinə əsasən İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 2(102)-2208/2024 nömrəli qərarına əsasən işə bərpa edilmişdir.

5. "xxxx" QSC-nin Hərəkət vasitələrinin təmiri departamentinin 25 dekabr 2024-cü il tarixli əmrinə əsasən Departamentin Lokomotivlərin təmiri xidmətinin Biləcəri, Gəncə və İmişli Lokomotivlərin təmiri depoları, yük vaqonlarının təmiri xidmətinin Qərb vaqon təmiri deposu, Şərq vaqon deposu və Bakı vaqon təmiri zavodunda çalışan bəzi işçilərin qrafik üzrə attestasiyasının keçirilməsi əmr edilmişdir.

6. 22 aprel 2025-ci il tarixli Attestasiya vərəqəsindən görünür ki, Hərəkət vasitələrinin təmiri Departamentinin Lokomotivlərin təmiri xidmətinin Gəncə Lokomotivlərin təmiri deposunun Hərəkət vasitələrinin təmiri sahəsinin Elektrovozların təmiri sexinin ustası İddiaçı 5 sual verilmiş, 1 suala cavab vermiş, 4 suala cavab verməmişdir. Səsvermənin nəticələrinə görə işçinin tutduğu vəzifəyə uyğun olmaması barədə qiymət verilmiş, əleyhinə bir səs, lehinə 4 səs verilmişdir. Attestasiya komissiyasının tövsiyələri qeyd olunmamış, müəssisə rəhbərinin 07 may 2025-ci il tarixli qərarı ilə işçinin tutduğu vəzifəyə uyğun olmaması qərara alınmışdır.

7. "xxxx" QSC-nin Hərəkət vasitələrinin təmiri Departamentinin 21 may 2025-ci il tarixli əmrindən görünür ki, keçirilmiş attestasiya nəticələrinə görə Elektrovozların təmiri sexinin ustası İddiaçı tutduğu vəzifəyə uyğun olmamasına dair komissiya tərəfindən qərar qəbul edilmişdir. İşçinin aşağı vəzifəyə keçirilməsinin mümkünsüzlüyünü, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün təlimlərə cəlb edilməsinin səmərəsizliyini nəzərə alaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-ci maddəsinin 1-ci hissəsini və "xxxx" QSC-nin 29 dekabr 2022-ci il tarixli, 270316 nömrəli əmrinin 1.6-cı yarımbəndini rəhbər tuturaq, Elektrovozların təmiri sexinin ustası İddiaçı ilə bağlanmış əmək müqaviləsinin 21 may 2025-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsi... əmr edilmişdir.

8. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 21 may 2025-ci il tarixli əmr ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) xitam verilmişdir.

Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Hərəkət vasitələrinin təmiri Departamentinin 21 may 2025-ci il tarixli, 13-1/3- 10-12108/2025 nömrəli əmrinin ləğv edilməsi və işə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.1996-cı il tarixdən "xxxx" QSC-nin X3 çilingər vəzifəsində işə başlamışdır. Həmin tarixdən xx.xx.2023-cü il tarixə kimi çilingər və usta vəzifələrində işləmişdir. xx.xx.2023-cü il tarixdə qeyri-qanuni olaraq Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-2208/2024 nömrəli qərarı ilə işdən çıxarılma əmrinin ləğv edilərək, işə bərpa olunması qət edilmişdir. Məhkəmə qərarı ilə işə qayıtdıqdan sonra xx.xx.2025-ci il tarixdə qeyri-qanuni olaraq Əmək Məcəlləsini 70-ci maddəsini “c” bəndinə əsasən işdən azad olunmuşdur. İşdən azad olunması qeyri-qanuni olmaqla, qərəzlidir. Belə ki, o, məhkəmə qərarı ilə işə qayıtdıqdan sonra rəhbərlik ona qarşı qərəzli mövqe tutmuş və həmişə hər hansısa bəhanə ilə işdən çıxarmağa çalışmışdır. İşdən çıxma əmrində attestasiya komissiyasının qərarı ilə işdən çıxarılması göstərilmişdir. Halbuki, o attestasiyadan azad olunan şəxslərdəndir. Əmək Məcəlləsinin 66-cı maddəsində attestasiya olunmayan işçilər göstərilmişdir. Həmin maddənin bir neçə bəndi iddiaçıya aiddir. Belə ki, iddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda aparılan 1-ci Qarabağ müharibəsi iştirakçısıdır, müharibə veteranıdır, 5 dəfə attestasiya imtahanından keçmişdir, işə bərpa olunduğu müddət 1 ildən aşağı olmaqla 5 aydır. Bütün bu hallar həmin maddənin tələblərinə əsasən iddiaçının attestasiya keçirilməyən şəxslər siyahısına daxil olduğunu göstərir. Lakin rəhbərlik ona qarşı qərəzli mövqe tutaraq öz şəxsi prinsipi əsasında iddiaçını işdən çıxarmışdır. İşlədiyi müddət ərzində rəhbərlik tərəfindən barəsində heç bir cəza tədbiri tətbiq olunmamışdır. xx.xx.2025-ci il tarixdə məzuniyyətdən işə qayıtmışdır. Xəbəri olmadan onu imtahana çağırmışdırlar. İmtahanın sualları barədə heç bir məlumat verilməmiş, imtahan aparan şəxslər ona qərəzli mövqe ilə yanaşmış, öz işi və ixtisasına aid olmayan suallar da vermişlər. İmtahandan aydın olmuşdur ki, məqsəd bəhanə ilə işçiləri işdən azad etmələridir. İddiaçının işdən çıxarılmağı məhkəmə qərarına hörmətsizlik olmaqla,

11. Cavabdeh "xxxx" QSC-nin iddiaya etirazı onunla əsaslandırılmışdır ki, bəzi işçilərin tutduqları vəzifələrə uyğunluğunun müəyyən edilməsi, peşəkarlıq və işgüzarlıq səviyyələrinin yoxlanılması, potensial imkanlarının aşkara çıxarılması məqsədilə Hərəkət vasitələrinin təmiri departamentinin xx.xx.2024-cü il tarixli, 13-1/3-5-33255/2024 nömrəli əmri ilə Attestasiya komissiyası yaradılmış və attestasiyanın keçirilmə qrafiki təsdiq edilmişdir. Həmin qrafikə uyğun olaraq Departamentin Lokomotivlərin təmiri xidmətinin Gəncə lokomotivlərin təmiri deposunun Hərəkət vasitələrinin təmiri sahəsinin Elektrovozların təmiri sexi üzrə xx.xx.2025-ci il tarixində işçilərin attestasiyası keçirilmişdir. Həmin işçilər arasında İddiaçı da olmuşdur. Attestasiya komissiyası üzvlərinin və iddiaçının imzaladığı xx.xx.2025-ci il tarixli attestasiya vərəqəsinə əsasən iddiaçıya yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlərə uyğun olaraq 5 sual verilmiş, iddiaçı yalnız 1 suala cavab vermiş, digər 4 suala isə cavab verməmişdir. Sözügedən attestasiya nəticələrinə görə Elektrovozların təmiri sexinin ustası İddiaçı tutduğu vəzifəyə uyğun olmamasına dair komissiya tərəfindən həmin tarixə qərar qəbul edilmişdir. Hərəkət vasitələrinin təmiri departamentinin rəisi Elyar Muradovun xx.xx.2025-ci il tarixli 13-1/3-10-12108/2025 nömrəli əmrinə əsasən işçinin aşağı vəzifəyə keçirilməsinin mümkünsüzlüyü, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün təlimlərə cəlb edilməsinin səmərəsizliyi nəzərə alınaraq Hərəkət vasitələrinin təmiri departamentinin Lokomotivlərin təmiri xidmətinin Gəncə lokomotivlərin təmiri deposunun Hərəkət vasitələrinin təmiri sahəsinin Elektrovozların təmiri sexinin ustası İddiaçı ilə bağlanılmış əmək müqaviləsi xx.xx.2025-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. xx.xx.2025-ci il tarixli attestasiyanın keçirilməsi barədə bildirişə əsasən iddiaçı xx.xx.2025-ci il tarixdə saat 10:00-da attestasiyanın keçirilməsi barədə məlumatlandırılmışdır. Cavabdeh hesab edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq işçilərin attestasiyası keçirilmiş, iddiaçı attestasiyanın keçirilməsi barədə əvvəlcədən məlumatlı olmuş, kifayət qədər hazırlaşması üçün vaxtının olmasına baxmayaraq attestasiya zamanı öz peşəsinə uyğun verilən suallara cavab verə bilmədiyi üçün tutduğu vəzifəyə uyğun olmaması barədə komissiya tərəfindən qərar qəbul edilmiş, işəgötürən tərəfindən isə işçinin aşağı vəzifəyə keçirilməsinin mümkünsüzlüyü, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün təlimlərə cəlb edilməsinin səmərəsizliyi nəzərə alınaraq iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. Bu səbəbdən də işəgötürənin onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam verməsi tam qanuni və əsaslı olmuşdur. İddiaçı iddia ərizəsində Əmək Məcəlləsinin 66-cı maddəsinə əsasən attestasiya olunmayan işçilər siyahısına daxil olduğunu bildirsə də, bunu təsdiq edən sənədləri təqdim etməmişdir. Həmin maddədə sadalanan heç bir hal iddiaçıya aid deyildir. Bu səbəbdən də onun attestasiyadan keçirilməsi qanunvericiliyə uyğundur.

12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli, 2(006)- 3988/2025 nömrəli qətnaməsinə əsasən iddia təmin edilərək, cavabdeh "xxxx" QSC-nin xx.xx.2025-ci il tarixli, 13-1/3-10 12108/2025 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı "xxxx" QSC-nin Hərəkət vasitələrinin təmiri departamentinin Lokomotivlərin təmiri xidmətinin Gəncə lokomotivlərin təmiri deposunun Hərəkət vasitələrinin təmiri sahəsinin “Elektrovozların təmiri sexinin ustası” vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının "xxxx" QSC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

13. Qətnamənin əsaslarına görə, iddiaçı hazırkı tələb ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İddiaçı 5 dəfə - 2005, 2010, 2015, 2017 və 2025-ci illərdə attestasiyadan keçdiyini bildirsə də, buna dair sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa qanunvericilik eyni müəssisədə deyil, eyni vəzifədə (peşədə) azı üç dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş işçilərin attestasiya olunmayan işçilər kateqoriyasına aid olduğunu müəyyən edir. İddiaçı isə qeyd olunan kateqoriyaya aid olduğunu sübut edə bilmir. İddiaçının müharibə veteranı olmasına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı məhkəmə iclasında vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlilliyi müəyyən edilmiş şəxslər, həmçinin Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlarına layiq görülmüş şəxslər kateqoriyasına aid olmadığını bildirmişdir. Sadəcə müharibə veteranı olduğunu qeyd etmişdir. Qanunvericilik isə müharibə veteranlarını attestasiya olunmayan işçilər kateqoriyasına aid etmir. İddiaçının dəlillərindən biri də odur ki, bir vəzifədə (peşədə) faktik olaraq bir ildən az müddətdə çalışan işçilər kateqoriyasına aiddir. Məhkəmə hesab edir ki, iddiaçının bu dəlili əsaslıdır. Belə ki, iddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək işləməmişdir. Onunla bağlanmış əmək müqaviləsi ləğv edildiyinə görə o, məhkəməyə müraciət etmiş və məhkəmə iddianı təmin etmişdir. İddiaçı 16 ay işsiz qalmışdır. xx.xx.2024-cü il tarixdə işə bərpa edilmiş və cəmi 5 ay işlədikdən sonra attestasiya keçirilmişdir. Halbuki, Əmək Məcəlləsinin 66-cı maddəsinin tələblərinə əsasən bir vəzifədə (peşədə) faktik olaraq bir ildən az müddətdə çalışan işçilər attestasiya olunmayan işçilər kateqoriyasına aiddir. Məhkəmə qeyd edir ki, iddiaçının işə bərpa olunması onunla yeni əmək müqaviləsi bağlanması mənasına gəlmir, əvvəlki işinə davam etməsi mənasına gəlir. Lakin qeyd olunan normanın mahiyyəti faktiki olaraq işçinin öz əmək fəaliyyətini həyata keçirməsindən ibarətdir. Yəni əmək hüquqlarının qorunmasının minimum həddini müəyyən edən Əmək Məcəlləsində bu normanın mövcud olmasının səbəbi yeni əmək müqaviləsi bağlayan və ya yeni vəzifəyə təyin olunan şəxslərdən əlavə vəzifəsini faktiki bir ildən az müddətə icra edən digər işçilərə aiddir. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı 16 ay əmək funksiyalarının icrasından kənarda qalmışdır. Faktiki olaraq həmin dövrdə işəgötürən ilə əmək münasibətlərində olmamışdır. İctimai, sosial, eyni zamanda hüquq münasibətlərinin, texnologiyanın bu qədər surətli inkişaf etdiyi bir vaxtda şəxsin 16 ay əmək funksiyalarını həyata keçirməməsini görməzdən gəlmək və sanki onun işlədiyi təəssüratını yaratmaq ədalətsiz olmaqla əmək hüquq normalarının pozulması ilə nəticələnər. Buna görə də qanunun normasında “faktiki” sözü əlavə edilmişdir ki, işçinin üzrlü səbəblərdən işləyə bilməməsi normanın tətbiq dairəsinə daxil edilsin. İşçilərin attestasiyası onların peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə keçirilir. Məhkəmə nəzərə alır ki, iddiaçının öz əmək funksiyasını 16 ay həyata keçirə bilməməsinə elə həmin işəgötürənin qanunsuz əmri səbəb olmuşdur. 30 ilə yaxındır ki, həmin müəssisədə çilingər, usta vəzifələrində işləmiş (vəzifə təlimatına əsasən həmin vəzifələr üçün ali təhsil tələbi yoxdur) iddiaçının işə bərpa edildikdən sonra çox qısa müddət ərzində attestasiyaya cəlb edilməsi (cəlb edilməməli olduğu halda) və tutduğu vəzifəsinə uyğun olmaması kimi qiymətləndirilməsi iddiaçının hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Buna görə də məhkəmə cavabdehin bu hissədə etirazını əsassız hesab edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya dair attestasiya vərəqəsində onun əmək stajının müddətinin 1 ildən az qeyd olunmasına baxmayaraq, attestasiyadan keçirilmişdir. Halbuki, fakitiki olaraq 1 ildən az müddətə həmin vəzifədə işlədiyinə görə iddiaçı attestasiyadan keçirilməməli idi. Qeyd edilməlidir ki, attestasiya komissiyasının işçinin tutduğu vəzifəyə uyğun olmaması barədə qərarının nəticəsində işəgötürən mütləq işçi ilə bağlanmış əmək müqaviləsini ləğv etməlidir kimi bir hüquq norması mövcud deyil. Əmək müqaviləsini ləğv etmək işəgötürənin hüququdur. Cavabdehin xx.xx.2025-ci il tarixli əmrində işçinin daha aşağı vəzifəyə keçirilməsinin mümkünsüzlüyü, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün təlimlərə cəlb edilməsinin səmərəsiz olduğu qeyd olunsa da, bunun səbəbləri (niyə məhz 30 ilə yaxın eyni sahədə iş təcrübəsi olan şəxsin daha aşağı vəzifəyə keçirilməsi mümkün olmamış, təlimlərə cəlb edilməsi səmərəsiz olması qənaətinə gəlinmişdir) əsaslandırılmamışdır. Halbuki, Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslardan hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmalıdır. Mübahisəsiz məsələdir ki, işçi əmək münasibətlərinin daha zəif tərəfidir. Əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq, işçinin Əmək Məcəlləsində təsbit olunmuş əsas hüquqlarından biridir. İşçinin qanunla təminat altına alınmış hüquqlarını işəgötürənin xeyrinə şərh etmək hüququn və məhkəmələrin mövcud olma səbəbinə, qanunun aliliyinə zidd mövqe olar. Buna görə də qeyd olunan bütün diqqətəlayiq halları və təqdim edilən sübutları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin xx.xx.2025-ci il tarixli əmri ləğv edilməli, iddiaçı əvvəlki vəzifəsinə bərpa edilməli, məcburi işburaxma dövrü üçün ödənilməmiş əmək haqqı iddiaçıya ödənilməlidir.

14. Məhkəmə gəldiyi nəticəni “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2024-cü il tarixli Qərarına, “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli Qərarına, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 65, 66, 68, 70, 71, 83, 297, 300-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

15. Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayətinin dəlillərinə əsasən, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Hərəkət vasitələrinin təmiri departamentində çalışan bəzi işçilərin tutduqları vəzifələrə uyğunluğunun müəyyən edilməsi, peşəkarlıq və işgüzarlıq səviyyələrinin yoxlanılması, potensial imkanlarının aşkara çıxarılması məqsədilə Hərəkət vasitələrinin təmiri departamentinin xx.xx.2024-ci il tarixli, 13-1/3-5-33255/2024 nömrəli əmri ilə Attestasiya komissiyası yaradılmış və attestasiyanın keçirilmə qrafiki təsdiq edilmişdir. Həmin qrafikə uyğun olaraq Departamentin Lokomotivlərin təmiri xidmətinin Gəncə lokomotivlərin təmiri deposunda attestasiyanın keçirilmə qrafiki xx.xx.2025-xx.xx.2025-ci il tarixlər müəyyən edilmişdir. Gəncə lokomotivlərin təmiri deposunun Hərəkət vasitələrinin təmiri sahəsinin Elektrovozların təmiri sexi üzrə işçilərin attestasiyası isə xx.xx.2025-ci il tarixdə keçirilmişdir. Həmin işçilər arasında İddiaçı da olmuşdur. Attestasiya komissiyasının üzvlərinin və iddiaçının imzaladığı xx.xx.2025-ci il tarixli attestasiya vərəqəsinə əsasən iddiaçıya yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına dair, yerinə yetirdiyi işlərə uyğun olaraq 5 sual verilmiş, iddaçı isə yalnız 1 suala cavab vermiş, digər 4 suala isə cavab verməmişdir. Sözügedən attestasiya nəticələrinə görə Elektrovozların təmiri sexinin ustası İddiaçı tutduğu vəzifəyə (peşəyə) uyğun olmamasına dair komissiya tərəfindən həmin tarixdə qərar qəbul edilmişdir. İddiaçı ilk dəfə 1996-cı ildə ADY-nin Gəncə lokomotiv deposunun Elektromaşın sexinə 1-ci dərəcə ilə çilingər vəzifəsinə qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixə kimi həmin depoda çilingər və usta vəzifəsində çalışmışdır. xx.xx.2022-ci ildə isə iddiaçı ilə 1 il müddətinə yeni əmək müqaviləsi bağlanmaqla ADY-nin Lokomotivlərin təmiri departamentinin Gəncə lokomotivlərin təmiri deposunun Elektrovozların təmiri sexinə usta vəzifəsinə qəbul olunmuşdur. 1 il sonra yəni, xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddətinin bitdiyi üçün xitam verilmişdir. Buradan aydındır ki, xx.xx.2023-cü il tarixdə artıq iddiaçı faktiki olaraq 1 il müddətində Gəncə lokomotivlərin təmiri deposunun Elektrovozların təmiri sexində usta vəzifəsində çalışmışdır. Bundan sonra, iddiaçı işə bərpa tələbi ilə məhkəməyə müraciət etmiş, yekun olaraq Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102) 2208/2024 nömrəli qərarına əsasən xx.xx.2023-cü il tarixli 13-1-16/3-10- 1493/2023 nömrəli əmr ləğv edilmiş, iddiaçı əvvəlki iş yerinə və vəzifəsinə (indiki Hərəkət vasitələrinin təmiri departamentinin Lokomotivlərin təmiri xidmətinin Gəncə lokomotivlərin təmiri deposunun Elektrovozların təmiri sexinin usta vəzifəsinə) bərpa edilmişdir. xx.xx.2024-cü il tarixdə işinə bərpa edilmiş iddiaçı 5 ay sonra attestasiyaya cəlb edilmişdir. Düzdür, iddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək işləməmişdir. Lakin nəzərə almaq lazımdır ki, iddiaçı xx.xx.2023-cü ilə kimi artıq həmin vəzifədə faktiki olaraq 1 il müddətində işləmişdir. Beləliklə, xx.xx.2025-ci il tarixə kimi (attestasiyanın keçirildiyi günə kimi) iddiaçının Hərəkət vasitələrinin təmiri departamentinin Lokomotivlərin təmiri xidmətinin Gəncə lokomotivlərin təmiri deposunun Elektrovozların təmiri sexinin usta vəzifəsi üzrə əmək stajı 2 il 9 ay, həmin vəzifədə faktiki işləmə müddəti isə 1 il 5 aydır. Məhkəmə qətnamədə qeyd etmişdir ki, iddiaçı 30 ilə yaxındır ki, həmin müəssisədə çilingər, usta vəzifəsində çalışıb. İddiaçı 16 ay əmək funksiyalarının icrasından kənar qalmışdır. Lakin məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, əgər iddiaçı 30 ildir eyni işi görürsə, 16 ay əmək funksiyasının icrasından kənarda qalması səbəbi ilə gördüyü işi unutması ağlabatan deyildir. Halbuki, attestasiya zamanı verilən suallar onun 30 ildir gördüyü işlə bağlıdır. Hesab etmişdir ki, bu səbəbdən də iddiaçı Əmək Məcəlləsinin 66-cı maddəsinin əhatə dairəsinə düşmür. Lakin bu halların heç biri məhkəmə tərəfindən nəzərə alınmamışdır. Sözügedən attestasiya nəticələrinə görə Elektrovozların təmiri sexinin ustası İddiaçı tutduğu vəzifəyə (peşəyə) uyğun olmamasına dair komissiya tərəfindən həmin tarixdə qərar qəbul edilmişdir. Bundan sonra, Hərəkət vasitələrinin təmiri departamentinin rəisi Elyar Muradovun xx.xx.2025-ci il tarixli, 13-1/3-10 12108/2025 nömrəli əmrinə əsasən işçinin aşağı vəzifəyə keçirilməsinin mümkünsüzlüyü, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün təlimlərə cəlb edilməsinin səmərəsizliyi nəzərə alınaraq Hərəkət vasitələrinin təmiri departamentinin Lokomotivlərin təmiri xidmətinin Gəncə lokomotivlərin təmiri deposunun Hərəkət vasitələrinin təmiri sahəsinin Elektrovozların təmiri sexinin ustası İddiaçı ilə bağlanılmış əmək müqaviləsi xx.xx.2025-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. Hesab edir ki, həmin əmr qanuni və əsaslıdır. Bildirilir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-2208/2024 nömrəli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 mart 2024-cü il tarixli, 2(103)-1732/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 mart 2024-cü il tarixli, 2(103)- 1732/2024 nömrəli qətnaməsində iddiaçının işə bərpa olunma əsası kimi qeyd edilmişdir ki, hazırkı işin faktiki hallarından məlum olur ki, iddiaçı 1996-ci ildən 2022-ci ilə qədər fasiləsiz olaraq eyni müəssisədə, eyni yerdə, eyni işi görmüşdür. Əgər qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının 30 ildir eyni işi görməsi faktı müəyyən edilmişdirsə, hazırki işdə məhkəmənin gəldiyi nəticə absurddur. Beləliklə, məhkəmə işə baxarkən maddi və prosessual hüquq normalarının tətbiq edilməsində kobud pozuntulara yol vermiş, bu hal isə özlüyündə məhkəmənin düzgün olmayan nəticəyə gəlməsinə səbəb olmuşdur. Bunu nəzərə alaraq məhkəmənin qətnaməsi qanuni və əsaslı hesab oluna bilməz. Hesab edir ki, qətnamə çıxarılan zaman qanunvericiliyin maddi və prosessual hüquq normalarının tələblərinə tam şəkildə əməl edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazların dəlilləri

17. İddiaçı məhkəməyə apellyasiya şikayətinə etiraz təqdim edərək, cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. 28 noyabr 2025-ci il və 05 yanvar 2026-cı il tarixlərində verilmiş apellyasiya şikayətinə etirazlarda qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi ilə işə qayıtmağına görə depo rəisi ona qarşı qərəzli mövqe tutmuş və normal əmək fəaliyyəti göstərməyimə maneəçilik törədilmişdir. O, məhkəmənin qərarı ilə əmək fəaliyyətinə yenidən, yəni 18 noyabr 2024-cü il tarixdə başlamışdır. Yenidən işə başladıqda 5 ay müddət keçdikdən sonra attestasiya imtahanına cəlb edilmiş və attestasiyanın nəticəsinə görə işdən azad edilmişdir. Cavabdeh tərəfindən həmin bəndin tələbi kobud surətdə pozulmuş və qanunvericiliyin normasına əməl edilməmişdir. Həmin maddənin qeyd olunan bəndinin tələbinə əsasən işçi yalnız 1 il işlədikdən sonra attestasiyaya cəlb oluna bilər. Belə ki, iddiaçı cavabdeh tərəf olan təşkilatda işlədiyi müddətdə 2005-ci il, 2010-ci il, 2015-ci il, 2017-ci il və 2025-ci ildə keçirilən attestasiyada iştirak etmişdir. Qanunvericiliyin tələbinə əsasən ardıcıl olaraq üç dəfə attestasiyadan keçdiyi üçün dördüncü və beşinci attestasiyada iştirak etməməli idi. Hesab edir ki, cavabdeh maddi hüquq normalarına düzgün istinad etməmiş və apellyasiya şikayətində qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq düzgün tövsif etməmişdir. Apellyasiya şikayətində prosessual hüquq normasına düzgün istinad edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsində iş hərtərəfli və obyektiv araşdırılmışdır. Hesab edir ki, cavabdeh tərəfin iddiaçıya qarşı qərəzli mövqeyi nəticəsində işdən azad edilmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

20. İddiaçı apellyasiya şikayətinə etirazın məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişlər.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 2.1. Azərbaycan Respublikasının Əmək Məcəlləai içşilər işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüuqq münasibətlərini təmzin edir. Maddə 2.2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Maddə 2.3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Maddə 65.1. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Maddı 65.2. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər. Maddə 65.5. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. Maddə 65.6. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. Maddə 65.7. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər. Maddə 66. Aşağıdakı işçilərin attestasiyası keçirilmir: vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlilliyi müəyyən edilmiş işçilər; Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlarına layiq görülmüş işçilər; bir vəzifədə (peşədə) beş ildən az müddətdə çalışan məcburi köçkün və qaçqın statusu olan işçilər; hamilə qadınlar; uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər); yaşı 18-dən az olan işçilər; bir vəzifədə (peşədə) faktik olaraq bir ildən az müddətdə çalışan işçilər; eyni vəzifədə (peşədə) azı üç dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş işçilər; kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutulan hallarda attestasiya olunmayan işçilər; Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilər; “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sertifikatlaşdırmaya cəlb edilən təhsilverənlər. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Maddə 70. Əmək müqaviləsinə işəgötürən tərəfindən aşağıdakı əsaslarla xitam verilə bilər: c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinə xitam verilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 83.1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Maddə 83.4. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Maddə 297. Fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş xitam verilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş “dəymiş zərərin məbləği” dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir.

22. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2024-cü il tarixli Qərarı: “Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçinin əsas hüquqlarından biri əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaqdır. Habelə həmin Məcəllənin 14-cü maddəsinə görə, qanunverici, icra hakimiyyəti orqanları, eləcə də məhkəmələr əmək münasibətləri subyektləri tərəfindən qanunvericiliyin tələblərinə hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını, pozulmuş hüquqların bərpasını təmin etməlidirlər. Nəzərə alınmalıdır ki, əmək münasibətləri tərəflərin bərabərliyi və iradə azadlığı prinsiplərinə əsaslansa da, bu münasibətlərin tənzimlənməsində bir qayda olaraq imperativ xarakterli normalar üstünlük təşkil edir. Xüsusən iş vaxtı, əmək şəraiti, əmək haqqının hesablanması qaydası, işdən çıxarılma prosedurları və s. kimi məsələlərdə qanunvericinin imperativ tələbi əsas götürülür. Bu, işçinin əmək münasibətlərinin zəif tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alınması zərurətindən irəli gəlir”.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək, iddianın rədd edilməsi tələb olunduğundan, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

26. İşin halları ilə müəyyən olunur ki, İddiaçı 30 ilə yaxın müddət ərzində həmin müəssisədə çilingər və usta vəzifələrində işləmişdir. 19 iyul 2023-cü il tarixində iddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Nəticədə o, 19 iyul 2023-cü il tarixindən 18 noyabr 2024-cü tarixinədək işsiz qalmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 2(102)-2208/2024 nömrəli qərarına əsasən iddiaçı 18 noyabr 2024-cü il tarixində işə bərpa edilmiş və cəmi 5 ay işlədikdən sonra attestasiya keçirilmişdir.

27. Apellyasiya şikayətinin əsas dəlilini o təşkil edir ki, əgər iddiaçı 30 il ərzində eyni işi görürsə, 16 ay əmək funksiyasının icrasından kənarda qalması səbəbi ilə gördüyü işi unutması ağlabatan deyildir. Halbuki, attestasiya zamanı verilən suallar onun 30 ildir gördüyü işlə bağlıdır. Bu səbəbdən də iddiaçı Əmək Məcəlləsinin 66-cı maddəsinin əhatə dairəsinə düşmür. Lakin bu halların heç biri məhkəmə tərəfindən nəzərə alınmamışdır. Sözügedən attestasiya nəticələrinə görə Elektrovozların təmiri sexinin ustası İddiaçı tutduğu vəzifəyə (peşəyə) uyğun olmamasına dair komissiya tərəfindən həmin tarixdə qərar qəbul edilmişdir. Daha sonra Hərəkət vasitələrinin təmiri departamentinin rəisi Elyar Muradovun xx.xx.2025-ci il tarixli, 13-1/3-10 12108/2025 nömrəli əmrinə əsasən işçinin aşağı vəzifəyə keçirilməsinin mümkünsüzlüyü, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün təlimlərə cəlb edilməsinin səmərəsizliyi nəzərə alınaraq Hərəkət vasitələrinin təmiri departamentinin Lokomotivlərin təmiri xidmətinin Gəncə lokomotivlərin təmiri deposunun Hərəkət vasitələrinin təmiri sahəsinin Elektrovozların təmiri sexinin ustası İddiaçı ilə bağlanılmış əmək müqaviləsi 21 may 2025-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir.

28. Attestasiya vərəqəsində işəgötürənin özü tərəfindən aparılmış qeydlərdən görünür ki, attestasiya keçirilən zaman iddiaçının tutduğu vəzifə elektrovozların təmiri sexinin ustası, bu vəzifəyə təyin olunduğu vaxt 19 iyul 2022-ci il, ADY-də ümumi əmək stajı 19 il 4 ay, həmin vəzifədə əmək stajı isə 8 ay qeyd olunmuşdur. Yəni, iddiaçının həmin vəzifədə əmək stajının 1 ildən az olması cavabdehin özü tərəfindən aparılmış qeydlərlə də təsdiqini tapır.

29. Bundan başqa tərəflər arasında bağlanmış əmək müqaviləsinin 2.3-cü bəndində işə başlama tarixi 19 iyul 2022-ci il və 3 ay sınaq müddəti qeyd olunmuşdur. Əmək Məcəlləsinin 51.1-ci maddəsinə əsasən əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini və müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Altı ay müddətinədək bağlanılmış əmək müqaviləsində ən çoxu iki həftə, digər əmək müqavilələrində isə ən çoxu üç ay sınaq müddəti müəyyən edilir. Apellyasiya şikayətində “iddiaçı 30 il ərzində eyni işi görürsə, 16 ay əmək funksiyasının icrasından kənarda qalması səbəbi ilə gördüyü işi unutması ağlabatan deyildir” arqumentinə istinad olunsa da, əmək müqaviləsinə əsasən müəyyən olunur ki, məhz işçinin peşəkarlıq səviyyəsini və müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə işəgötürən 3 aylıq sınaq müddəti müəyyən etmişdir.

30. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi ilə bağlı yekun nəticəyə gələrkən, qətnamədə haqlı və düzgün olaraq qeyd etmişdir ki, iddiaçının öz əmək funksiyasını 16 ay həyata keçirə bilməməsinə elə həmin işəgötürənin qanunsuz əmri səbəb olmuşdur. Həmin müəssisədə çilingər, usta vəzifələrində işləmiş iddiaçının işə bərpa edildikdən sonra çox qısa müddət ərzində attestasiyaya cəlb edilməməli olduğu halda cəlb edilməsi və tutduğu vəzifəsinə uyğun olmaması kimi qiymətləndirilməsi iddiaçının hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. İddiaçıya dair attestasiya vərəqəsində onun əmək stajının müddətinin 1 ildən az qeyd olunmasına baxmayaraq, attestasiyadan keçirilmişdir. Halbuki, fakitiki olaraq 1 ildən az müddətə həmin vəzifədə işlədiyinə görə iddiaçı attestasiyadan keçirilməməli idi.

31. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 66-cı maddəsinin tələblərinə əsasən bir vəzifədə (peşədə) faktik olaraq bir ildən az müddətdə çalışan işçilər attestasiya olunmayan işçilər kateqoriyasına aid edilir.

32. O cümlədən, qanunvericilikdə attestasiya komissiyasının işçinin tutduğu vəzifəyə uyğun olmaması barədə qərarının nəticəsində işəgötürənin mütləq işçi ilə bağlanmış əmək müqaviləsini ləğv etməli olmasını nəzərdə tutan hüquq norması mövcud deyildir. Belə ki əmək müqaviləsini ləğv etmək işəgötürənin hüququdur. Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 21 may 2025-ci il tarixli əmrində işçinin daha aşağı vəzifəyə keçirilməsinin mümkünsüzlüyü, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün təlimlərə cəlb edilməsinin səmərəsiz olduğu qeyd olunsa da, bunun səbəbləri əsaslandırılmamışdır. Halbuki, Əmək Məcəlləsinin 71.3-cü maddəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinə xitam verilməsinin zəruriliyini əsaslandırmalıdır.

33. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, iddiaçı 19 iyul 2023-cü ilə kimi artıq həmin vəzifədə faktiki olaraq 1 il müddətində işləmiş, 22 aprel 2025-ci il tarixə kimi (attestasiyanın keçirildiyi günə kimi) iddiaçının Hərəkət vasitələrinin təmiri departamentinin Lokomotivlərin təmiri xidmətinin Gəncə lokomotivlərin təmiri deposunun Elektrovozların təmiri sexinin usta vəzifəsi üzrə əmək stajı 2 il 9 ay, həmin vəzifədə faktiki işləmə müddəti isə 1 il 5 aydır. Məhkəmə kollegiyası bu dəlilə münasibətdə qeyd edir ki, işçi 1 il həmin vəzifədə işlədikdən sonra işlədiyi müddətdən artıq – 16 ay ərzində əmək funksiyalarının icrasından kənarda qalmış, vəzifəyə başladıqdan bir neçə ay sonra isə attestasiyaya cəlb olunmuş, tutduğu vəzifəsinə uyğun olmaması kimi qiymətləndirilmə aparılması onun hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur.

34. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Buna görə də qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

35. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli, 2(006)- 3988/2025 nömrəli qətnaməsindən cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli, 2(006)- 3988/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar