Məhkəmə qərarları › İş №2(103)-6156/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6156/2024

27.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6156/2024 27.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı AMEA-nın X5 adına Fiziologiya İnstitutunun Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müddətin bərpa edilməməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X3 ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı AMEA-nın X5 adına Fiziologiya İnstitutunun nümayəndəsi Nümayəndə1, Cavabdeh MMC-in nümayəndəsi X1 iştirakı ilə, İddiaçı AMEA-nın X5 adına Fiziologiya İnstitutunun Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, şifahi icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat İddiaçı AMEA-nın X5 adına Fiziologiya İnstitutu Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin müqavilə öhdəliklərinə əməl etməməsi nəticəsində 22.731,52 manat məbləğində pulun qaytarılması və ya tələb olunan avadanlığın (mikroskop) alınaraq iddiaçı AMEA-nın X5 adına Fiziologiya İnstitutuna təhvil verilməsi barədə qərar verilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı AMEA-nın X5 adına Fiziologiya İnstitutu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, aralarında bağlanmış 08 dekabr 2022-ci il tarixli, 09 saylı müqavilə öhdəliyini yerinə yetirmədiyinə görə cavabdehdən 22.731,52 manat məbləğində pulun geri qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-1156/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh MMC-dən 22.731,52 (iyirmi iki min yeddi yüz otuz bir manat əlli iki qəpik) manat məbləğində pulun alınaraq iddiaçı AMEA-nın X5 adına Fiziologiya İnstitutuna verilməsi qət edilmişdir. Qətnamə xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC-yə və nümayəndəsi Nümayəndə2 məxsus elektron kabinetlərə yerləşdirilməklə rəsmi qaydada çatdırılmış (çap edilmə tarixi: xx.xx.2024), xx.xx.2024-cü ildə isə iddiaçı AMEA-nın X5 adına Fiziologiya İnstitutuna poçt vasitəsilə göndərilmişdir. Qətnamə xx.xx.2024-cü ildə qanuni qüvvəsini almış, xx.xx.2024-cü ildə icra vərəqəsi verilmişdir. Cavabdeh MMC (nümayəndəsi Nümayəndə2) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-1156/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti və buraxılmış müddətin bərpası haqqında ərizə verərək, buraxılmış müddəti bərpa edib şikayətin apellyasiya instansiyası məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ASAN imza və Elektron Məhkəmə sistemində müəyyən problemlər olduğu üçün Cavabdeh MMC olaraq qeydiyyatdan keçmək mümkün olmamışdır. Yalnız icra məmurunun bildiriş göndərməsi nəticəsində belə bir iddianın məhkəmədə təmin olunub qətnamə çıxarılması barəsində məlumat əldə edilmişdir. Sistemdən qeydiyyatdan keçərkən tələb olunan mail ünvanı və telefon nömrəsi 2 avqust tarixində Cavabdeh MMC tərəfindən sistemə işlənmiş və daha sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə tanış olmaq imkanı olmuşdur. Bununla bağlı Femida AZE (Ədliyyə Nazirliyi) elektron bazasına sorğu verilib məlumat əldə etmək mümkündür. Yalnız o halda hüquqi şəxsin bildiriş və s. sənədləri əldə etməsi mümkün ola bilər ki, o zaman elektron məhkəmə sisteminə hüquqi şəxsin daxil olması və qeydiyyatdan keçməsi mümkün olmuşdur. Lakin hazırki məqamda elektron məhkəmə sistemində Cavabdeh MMC tərəfindən qeydiyyatdan keçmək mümkün olmamış və MMC-yə göndərilmiş elektron bildiriş və sənədlər əlçatan olmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin “müddətin bərpasından imtina edilməsinə dair” 2(006)-1156/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizənin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)- 1156/2024 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasından imtina edilməsi, apellyasiya şikayəti və şikayətin verilməsi üçün ödənilmiş 85 (səksən beş) manat məbləğində dövlət rüsumunun Cavabdeh MMC-yə geri qaytarılması qərara alınmışdır. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, “ASAN imza” nömrəsi və “Elektron Məhkəmə” Sistemində qeydiyyatdan keçməsi ilə bağlı problemlər olduğundan, göndərilən məhkəmə bildirişlərinin, digər elektron sənədlərin, qəbul edilmiş qətnamənin əlçatan olmadığını, icra məmurunun bildirişi ilə məsələdən xəbərdar olduğunu bildirən cavabdeh müddətin məhz belə üzrlü texniki səbəblərdən ötürülməsini əsaslandırmağa cəhd etsə də, özünün sübutetmə vəzifəsini məhkəməyə həvalə edərək, aidiyyəti yerə sorğu verilməklə məsələni dəqiqləşdirməyin mümkün olduğunu qeyd etmiş, öz dəlillərini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Lakin cavabdeh nəzərə almamışdır ki, bütün məhkəmə sənədləri hüquqi şəxsin özünə məxsus olan elektron kabinetlə yanaşı, hüquqi şəxsin adından çıxış etmək səlahiyyətinə malik olan şəxs, yəni qanuni təmsilçisi Nümayəndə2 məxsus elektron kabinetə də yerləşdirilmiş, hətta xx.xx.2024-cü il tarixdə Nümayəndə2 tərəfindən “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə məhkəməyə hazırkı iş üzrə ərizə (iclasın təxirə salınması barədə) təqdim edilmişdir. Belə olan halda, qətnamənin MMC-yə və qanuni təmsilçisinə məxsus olan elektron kabinetlərə yerləşdirilməklə, cavabdehə rəsmi qaydada çatdırılması faktı mübahisəsiz hesab olunur. Lakin göründüyü kimi, cavabdeh qətnaməni rəsmi qaydada əldə etdiyi gündən (xx.xx.2024-cü il) qanunla müəyyən edilmiş 1 aylıq müddət ərzində (xx.xx.2024-cü ilədək) apellyasiya şikayəti verməmiş, hazırkı şikayətlə müddət bitdikdən düz 2 ay sonra məhkəməyə müraciət etmişdir. Belə olan halda, məhkəmə qeyd olunan dəlilləri müddətin üzrlü səbəbdən ötürülməsi və buraxılmış müddətin bərpa edilməsi üçün əsas kimi qiymətləndirmir, hətta cavabdehin həqiqiliyi mötəbər sübutlarla təkzib olunan dəlillərdən ibarət ərizəsini hüquqdan sui-istifadə, hüquqi müəyyənlik prinsipinə zidd və icra mərhələsinin uzadılması məqsədi ilə verilmiş ərizə kimi dəyərləndirir. Göstərilənlərə əsasən, məhkəmə ərizənin rədd olunması qənaətinə gəlir. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, müddətin bərpa edilməsi məsələsi bütün hallarda artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə əlaqədar olan məsələ kimi ortaya çıxır. Odur ki, Mülki Prosessual Məcəllənin 133-cü maddəsində məhkəmə qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi imkanlarının həmin müddətin davamiyyəti ilə əlaqələndirilməməsi, bu prosessual hüquq normasından sui-istifadəyə yol açmamalı və maddənin müddəaları qüvvəyə minmiş məhkəmə aktının istənilən vaxt, hətta onun qüvvəyə minməsindən aylar və yaxud illər ötdükdən sonra belə, mübahisələndirilməsinə imkan yaradan qaydalar kimi təfsir olunmamalıdır. Çünki, apellyasiya şikayəti vermək hüququ, konkret şəxsin, pozulduğunu ehtimal etdiyi, birinci instansiya məhkəməsinin qətnaməsi ilə təmin edilməyən və yaxud kifayət qədər təmin edilməyən hüququnun növbəti məhkəmə instansiyasında müdafiə vasitəsi olub, mülkimühakimə icraatında fərdi maraqların təminat mexanizmi kimi çıxış edir. Lakin bu hüquq, yalnız fərdi maraqların deyil, həm də ictimai maraqların mühafizəsi təyinatına malik olan prosessual qaydaların pozulması hesabına həyata keçirilməməlidir. Başqa sözlə, mülkiprosessual hüquqlardan, o cümlədən MPM-nin 133-cü maddəsində nəzərdə tutulan, buraxılmış müddətin bərpa edilməsi yolu ilə şikayət vermək imkanlarından elə istifadə olunmalıdır ki, mülki mühakimə icraatında fərdi və ictimai maraqlar arasında tarazlıq pozulmasın. Ümumilikdə «hüquqi müəyyənlik» prinsipi altında birləşən, ictimai maraqları əks etdirən prosessual qaydalar məcmusuna, MPM-nin məhkəmə qətnaməsinin şikayət verilmədiyi halda, qəbul edildiyi andan 1 ay müddətində hüquqi qüvvəyə minməsini, yəni onun təkzibedilməzliyini, qətnamənin müstəsnalığını, məcburiliyini, icra edilənliyini müəyyən edən 233, 234 və bir sıra başqa maddələrini aid etmək olar. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında formalaşmış mülki hüquq münasibətlərinin tanınması və onların sabitliyinin təmin edilməsi, yalnız qətnamənin bilavasitə aid olduğu şəxsləri maraqlandıran məsələ deyil, həm də ictimai maraq obyektidir. Çünki, ümumilikdə mülki mühakimə sisteminin səmərəliliyi ilk növbədə qanuni qüvvəyə minmiş məhkəmə aktlarının hüquqi qüvvəsinin tanınmasından, onların sabitliyinin təmin edilməsindən asılıdır. Aydındır ki, icra olunmuş məhkəmə aktına aylarla (hətta illərlə) hesablanan müddət keçdikdən sonra müdaxilə edilməsi və belə müdaxilə üçün prosessual imkanların yaradılması fərdi maraq ilə ictimai maraq arasında tarazlığı pozur. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericiliklə nəzərdə tutulmuş müddət çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judikata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlığına xələl gətirir. Belə vəziyyət cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Məhkəmə qeyd edir ki, buraxılmış prosessual müddətin bərpasına əsaslar müəyyən edilmədiyindən, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq geri qaytarılmalıdır. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə Cavabdeh MMC Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin “müddətin bərpasından imtina edilməsinə dair” 2(006)-1156/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından şikayət verərək qərardadının ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, cavabdeh icra müddətini uzatmaq niyyətindədilər və süründürməçilik edir. Bildirilir ki, heç bir halda belə bir niyyətləri yoxdur. İşə düzgün baxılıb yenidən qərar qəbul edilməsi məqsədləri vardır. Əgər icra müddətini uzatmaq istəsəydi belə çətin yola baş vurmayaraq vaxtında əhəmiyyətsiz apellyasiya şikayəti verib daha sonra da 2 ay müddətin sonunu gözləyib Ali Məhkəməyə müraciət edərdilər. Lakin həqiqətən də bildirmək istəyirlər ki, iddiaçı tərəflə aralarında təkcə predmeti olan məhsul deyil, digər məhsullar da iddiaçı tərəfindən alınmışdır. Həmin məhsulların qiyməti, miqdarı barəsində məhkəmənin məlumatı görünür ki, yoxdur. Malların verilməsinin onlar tərəfdən mümkünsüz olması əsası gətirməsinin dəlili mötəbər deyildir. Digər məhsullar kimi adıkeçən məhsul da iddiaçıya çatdırılmlışdır. İddiaçı tərəf isə həmin məhsulun başqa mənbədən almasının sübutunu məhkəməyə təqdim etməmişdir. Həmçinin qərardad barəsində məlumatı xx.xx.2024-cü il tarixdə alsalar da, qısa müddətdə şikayət verirlər. Məqsəd işə faktiki əsaslarla baxılmasıdır. Həmçinin bildirirlər ki, direktor Nümayəndə2 məhkəmə barəsində məlumatı olması, hüquqi şəxsə münasibətdə hüquqi şəxsin hüquqlarının həyata keçirilməsinə maneçilik törətmir. Hüquqi şəxsə aid olan hüquqlarla direktora aid olan hüquqlar eyniləşdirilməməlidir. Ona görə ki, şirkətin direktoru dəyişilə biləndir, lakin hüquqi şəxsin mülkiyyəti forması və statusundan asılı olmayaraq hər zaman qeydiyyat orqanında vahid nömrəli qeydiyyatı birdir. Roma hüququ uzukfrut və servitut hüquqları burada əsas götürülüb hüquqi şəxsin hüquqları məhdudlaşdırılmamalıdır. Ona görə də xahiş edirlər ki, müddəti bərpa edilsin. İşin yenidən baxılması üçün və sübutların yenidən tədqiqi üçün apellyasiya instansiya məhkəməsində vəsatətlə müraciət edib işin yenidən 1-ci istansiya məhkəməsinə qaytarılması niyyətləri vardır. Ona görə ki, sübutlarını təqdim edə bilmədikləri üçün işin yenidən hazırlıq iclasına qaytarılması zərurəti vardır. Bununla bağlı hüquqi şəxsin hüquqlarının yenidən bərpa edilib ötürülmüş müddətin bərpasını məhkəmədən xahiş edilir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1156/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin “müddətin bərpasından imtina edilməsinə dair” 2(006)-1156/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət üzrə apellyasiya mümkün hesab olunaraq, şikayətə yazılı icraat qaydasında xx.xx.2024-cü il tarixdə baxılması qərara alınmışdır. Cavabdeh MMC məhkəməyə vəsatət ünvanlayaraq şikayətə tərəflər dəvət edilməklə məhkəmə iclasında baxılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddiaçı AMEA-nın X5 adına Fiziologiya İnstitutunun Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə tərəflər dəvət edilməklə məhkəmə iclasında baxılması qərara alınmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh MMC-in nümayəndəsi X4 şikayəti müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib, əlavə olaraq izahatında göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinə təqdim olunan ərizələrdə müddətin ötürülməmiş hesab edilməsinə dair ifadələr səhv olaraq qeyd edilmiş, əslində müddətin bərpa edilməsi xahiş olunur. Birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxarkən məhkəmə aidiyyəti qaydalarını da pozmuşdur. Ona görə də, şikayətin təmin eilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı AMEA-nın X5 adına Fiziologiya İnstitutunun nümayəndəsi Nümayəndə1 şikayətlə razılaşmayıb izahatında göstərmişdir ki, işə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən dəfələrlə cavabdehin qanuni nümayəndəsinə zəng edilərək məhkəmə iclası barədə məlumat verilmiş, lakin nümayəndə məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehin nümayəndəsi ona şikayət verərək vaxt uzadacağını bildirmişdir. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 134.1. Məhkəmə işdə iştirak edən şəxslərə aşağıdakı məhkəmə sənədlərini rəsmi qaydada verməlidir: 134.1.5. birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını; Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 135.7. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. Maddə 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 08 may 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, «… qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.» Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki işdən görünür ki, iddia ərizəsi məhkəməyə daxil olduqdan sonra məhkəmə bildirişləri, məhkəmə tərəfindən qəbul edilən məhkəmə aktları “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçən cavabdeh olan hüquqi şəxsin və onun qanuni nümayəndəsi Nümayəndə2 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərinə yerləşdirilmişdir. Mülki işdən daha sonra müəyyən olunur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-1156/2024 nömrəli qətnaməsi Cavabdeh MMC-in və MMC-in qanuni nümayəndəsi Nümayəndə2 elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilsə də, həmin qətnamədən Cavabdeh MMC-in qanuni nümayəndəsi Nümayəndə2 tərəfindən imzalanan apellyasiya şikayəti, yalnız xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim olunmuşdur. Cavabdeh ASAN imza və Elektron Məhkəmə sistemində problemlərin olması səbəbindən Cavabdeh MMC-in qeydiyyatdan keçməsinin mümkün olmaması, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-1156/2024 nömrəli qətnaməsi barədə məlumatı yalnız icra şöbəsindən almasını bildirsə də, vəsatətində istinad etdiyi hallara dair hər hansı bir sübutunu məhkəməyə təqdim etməmiş, bununla da məhkəmə aktından apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzürlü səbəblərdən baş verməsini sübut etmək vəzifəsini icra etməmişdir. Cavabdehin ərizəsində qeyd edilən hallar isə qanuni qüvvəsini alan məhkəmə aktından apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzürlü səbəblərdən baş verməsi qənatinə gəlmək üçün əsas ola biləz. Belə ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Kollegiya qeyd edir ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Elektron qaydada təqdim etmə məhkəmə sənədlərinin eləcə də, məhkəmə aktlarının rəsmi qaydada təqdim edilməsidir. İstinad olunanlara əsasən kollegiya cavabdehin ərizəsində qeyd etdiyi halları buraxılmış prosessual müddətin bərpa edilməsi üçün üzürlü səbəb hesab etməyən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq belə qənaətə gəlir ki, cavabdeh tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanmalıdır. Kollegiya cavabdehin şikayətinin, işə mahiyyəti üzrə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən məhkəmə aidiyyəti qaydalarının pozulması ilə bağlı dəlilinə münasibət bildirərək qeyd edir ki, hazırkı icraatda mülki işə mahiyyəti üzrə deyil, cavabdehin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)- 1156/2024 nömrəli qərardadından verdiyi şikayətə baxıldığı üçün həmin dəlil qərardadın ləğvinə əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-1156/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar