Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6158/2021 05.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “mənzilə köçürülmə və pul” tələbinə dair ilk iddia ərizəsi, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı “azyaşlı övladları ilə birlikdə mənzilə istifadə hüquqları olmadığından mənzildən pasport qeydiyyatından çıxarılmamalarına” dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-560/2021 saylı işi üzrə 19 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi R.İsmayılov küçəsi 10 saylı evin 6 saylı mənzilinə köçürülməsinə, birgə nikah dövründə əldə edilmiş Mercedes-Benz 220 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin satılaraq əldə edilən pulun iddiaçılar və Cavabdeh1 arasında bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiaya dəyişiklik edilməsinə dair ərizəni məhkəməyə təqdim edərək, “Mercedes-Benz 220” markalı, **-BE- *** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləri barədə internet informasiya resurslarından götürülmüş məlumatları təqdim edilməklə satılan əmlakdan əldə edilmiş pulun 7000 manatının Cavabdeh1 alınaraq İddiaçı və onun azyaşlı övladlarına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir (iş.səh.77) . İddiaçı Cavabdeh2 qarşılıqlı iddida ərizəsi ilə müraciət edərək, ilk iddia ərizəsinin mənzilə köçürülmə tələbinə dair hissədə rədd edilməsinə, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Cavabdeh1 və onların azyaşlı övladlarının Cavabdeh2 xüsusi mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu R.İsmayılov küçəsi 10 saylı evin 6 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsinə və cavabdehlərin həmin mənzildən pasport qeydiyyatından çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh2 qarşılıqlı iddia ərzizəsinin dəyişdirilməsinə dair ərizə ilə müraciət edərək, cavabdehlər İddiaçı və Cavabdeh1 və onların azyaşlı övladlarının xüsusi mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu, R.İsmayılov küçəsi 10 saylı evin 6 saylı mənzilinə dair istifadə hüquqlarının olmadığından həmin mənzilin pasport qeydiyyatından çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir (səh.76). Birinci instansiya məhkəməsinə təqdim olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12.06.2020-ci il tarixli 2(001)- 954/2020 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh1 arasında 16.10.2010-cu il tarixli Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 1456 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından doğulmuş 05.08.2011-ci il təvəllüdlü X3 və 09.09.2017-ci il təvəllüdlü X2 anaları İddiaçı yanında qalmaları, Cavabdeh1 02.12.2019-cu il tarixdən başlayaraq 05.08.2011-ci il təvəllüdlü X3 və 09.09.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər uşaq üçün hər ay 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir (iş.səh.10), DİN-in BDYPİ-nin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına görə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi R.İsmayılov 10 saylı evin 6 saylı mənzilində qeydiyyatda olan xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh1 adında 06.04.2018-ci il tarixdən Mercedes Benz 220 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdadır (səh.19), 25.05.1953-cü il təvəllüdlü X7, xx.xx.1990-cı il təvəllüdlü İddiaçı, xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh1, 11.07.2005-ci il təvəllüdlü X5, 06.07.2011-ci il təvəllüdlü X4, xx.xx.1977-ci il təvəllüdlü Cavabdeh4, 05.08.2011 -ci il təvəllüdlü X8, 30.05.2017-ci il təvəllüdlü X6, xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh5 Bakı şəhəri Biləcəri qəsəbəsi R.İsmayılov küçəsi 10 saylı evin 6 saylı mənzilində qeydiyyatdadırlar (səh.59), Bakı şəhəri Biləcəri qəsəbəsi R.İsmayılov küçəsi 10 saylı 6 saylı mənzili Cavabdeh2 adına 1203 saylı reyestr kitabında 180748 nömrəsi ilə qeydə alınmışdır (səh.61), Azərbaycan Respublikası Müstəqil Məhkəmə Ekspertizası MMC-nin 19.02.2021-ci il tarixli 15 saylı rəyi ilə ** BE *** qeydiyyat nişanlı 1994-cü il buraxılışlı Mercedes-Benz E220 markalı avtomobilin orta bazar qiyməti 8000 manat müəyyən edilmişdir (səh.107). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-560/2021 saylı işi üzrə 19 aprel 2021-ci il tarixli qətnaməsi ilə ilk iddia ərizəsi qismən təmin edilməsi, Cavabdeh1 Fazail oğlundan 4000 manat İddiaçı xeyrinə tutulması, ilk iddia ərizəsi qalan hissədə təmin edilməməsi və Cavabdeh2 İddiaçı və Cavabdeh1 qarşı azyaşlı övladları ilə birlikdə Bakı şəhəri Biləcəri qəsəbəsi R.İsmayılov küçəsi 10 saylı evin 6 saylı mənzilinə istifadə hüquqları olmadığından mənzildən pasport qeydiyyatından çıxarılmalarına dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 225, 228.1, 228.2ci maddələrinə, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29 mad.) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqlarına istinadən qeyd edilmişdir ki, İddiaçı nikaha daxil olduqdan sonra qaynanası Cavabdeh2 hələ 2002-ci ildən xüsusi mülkiyyətində olan Bakı şəhəri Biləcəri qəsəbəsi R.İsmayılov küçəsi 10 saylı 6 saylı mənzilinə köçmüş, lakin həmin mənzilə istifadə hüququnun yaranması üçün mənzilin mülkiyyətçisi ilə notarial qaydada təsdiq olunan razılaşma bağlamamışdır. İddiaçı ilə Cavabdeh1 birgə nikah dövründə əldə etdikləri, ümumi birgə mülkiyyətlərində olan orta bazar qiyməti 8000 manat təşkil edən Mercedes Benz 220 minik markalı **-BE-*** qeydiyyat nişanlı avtomobil C.F. Hüseynov tərəfindən İddiaçı razılığı olmadan satılmışdır. Məhkəmə ilk iddia ərizəsinin bu tələbi ilə bağlı tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib, bu əmlakın dəyəri bölünərkən uşaqların mənafeyinin nəzərinə alınmasına əsas ola biləcək sübutların məhkəməyə təqdim olunmamasını nəzərə alıb belə nəticəyə gəlir ki, İddiaçı və Cavabdeh1 ümumi birgə mülkiyyətlərində olan avtomobilin orta bazar qiyməti olan 8000 manatın 1/2 hissəsini təşkil edən 4000 manat Cavabdeh1 İddiaçı xeyrinə tutulmalıdır. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması üçün əsaslardan biri yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd, digəri isə vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsidir.Qeyd edilən normaya əsasən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd dedikdə, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd başa düşülür.Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması üçün digər əsas olan yaşayış sahəsinin mülkiyyətçisinin verdiyi ərizə ilə ona məxsus yaşayış sahəsinə vətəndaşın qeydiyyata alınmasına icazə verilir. qarşılıqlı iddia tələbi yönələn şəxslərin özlərini mənzilə qeydiyyata alınmaq və ya mənzildən qeydiyyatdan çıxmaq səlahiyyətləri yoxdur, belə səlahiyyət yalnız inzibati orqana aiddir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə isə mülkiyyətçi bu tələblə inzibati orqana qarşı inzibati məhkəməyə müraciət etməlidir. Ona görə də məhkəmə qarşılıqlı iddia ərizəsini əsassız hesab edib təmin etmir. İddiaçı şikayəti verərək, Binəqədi rayon məhkəməsinin 2(001)-560/2021 saylı, 13.04.2021 -ci il tarixli qətnaməsinin iddianın mənzilə köçürülmə hissəsində ləğv edilməsi və Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi R.İsmayılov küçəsi 10 saylı evin 6 saylı mənzilinə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, Qətnamədə göstərildiyi kimi o, Cavabdeh1 ilə 2010-cu ilin oktyabr ayının 16-da rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Nikaha daxil olduğu vaxtdan Cavabdeh2 hələ 2002-ci ildə xüsysi mülkiyyətində olan Baklı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi R.İsmayılov küçəsi 10 saylı evin 6 saylı mənzilinə köçmüş və həmin mənzilə pasport qeydiyyatına alınmışdır.Göründüyü kimi o, həmin evdə pasport qeydiyyatındadır. Yaşayış yeri və olduğu yer haqqında qanuna əsasən onun həmin mənzildə qeydiyyata alınmağı üçün mülkiyyətçinin yazılı şəkildə ərizəsi pasport xidməti orqanına təqdim olunmalıdır. Yəni mülkiyyətçinin razılğı olmadan o, həmin mənzilə qeydiyyata alına bilməzdi. Bu razılıq mülkiyyəçi tərəfindən rəsmi qaydada təqdim olunmuşdur. Yəni onun iradəsi ilə həmin mənzildə qeydiyyata alınmış və 10 il mübahisəsiz qaydada həmin mənzildə yaşamış, o mənzildə övladları dünyaya gəlib, həmin mənzildə hal-hazırda ona məxsus əşyalar yerləşir. 10 il qeyri-şərtsiz mübahisəli mənzildən istifadə etmişdir. Həmin mənzilə istifadə hüququ yaranmışdır və həmin mənzilə köçürülməlidir. Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-560/2021 saylı,19.04.2021-ci il tarixli qətnaməsi ləğv olunaraq, iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilməklə, avtomobilə baxış keçirilərək, hal-hazırkı real qiyməti müəyyən olunduqdan sonra, iddianın qismən təmin olunması barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 33.3 və 33.4; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1, 101.1, 385, 386-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Mercedes Benz 220" markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil onun adına qeydiyyata alınsa da, avtomobil onun sahibliyində və istifadəsində olmamış, İddiaçı avtomobilin ona məxsus olmamasını bildiyi üçün həmin avtomobil özgəninkiləşdirilərkən alqı-satqı müqaviləsini mübahisələndirməmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-560/2021 saylı,19.04.2021-cu il tarixli qətnaməsini qəbul edərkən, İddiaçı Mercedes Benz 220" markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobiə dair payının olub olmamasını müəyyən etmədən, internet resurslarında yazılan qiymətə və Müstəqil Məhkəmə Ekspertizasının 19.02.2021-ci il tarixli rəyinə istinad etməklə Mercedes Benz 220" markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətinin 8000 manat müəyyən etsə də, avtomobilin real dəyəri 8000 manat təşkil etmir. Müstəqil Məhkəmə Ekspertizası da rəy verərkən mübahisəli avtomobilə baxış keçirmədən, internet resurslarına əsaslanaraq, mötəbər olmayan, heç bir sübuta istinad etməyən rəy vermişdir. Məhkəmə kolegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayəini müdafiə edərək, avtomobilin onun adına olmasına baxmayaraq dostuna məxsus olduğunu, avtomobilin qiymətinin 8000 deyil 4500 manat olduğunu, evə köçürülməyə münasibət bildirmədiyini bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən İddiaçı, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın (1saylı,20.İİİ.1952-ci il tarixli)Protokolu, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair 27 may 2008-ci il il tarixli, Azərbaycan Respublikası MM-nin 228.5 və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli, Azərbaycan Respublikası MM-nin 228.1 və 228.2-ci Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusuya Məhkəməsi Plenumununun qərarlarını, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32- 37,49-52; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-158, 228, 324, 385-388, 421- 425, 881; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il qərarı; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76, 77.1, 80-82, 106.2, 119.1, 216, 217.3, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, bu hissədə qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətlərinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, əmlakın qanuni rejimi üzrə nəqliyyat vasitəsinin başqasının sahibliyinə olması təsdiq edilmir və müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Əmlakın qiymətinin fərqli olmasına dair isə ilkin sübutlar təqdim edilməmiş, əlavə ekspertiza təyin edilməsi üçün əsaslar mövcud deyil. Mənzilə köçürülmə üzrə mülkiyyəçinin razılığı yoxdur və istifadə hüquqlarının yaranması və bu dəlillərin müdafiə edən əsas və sübutlar apellyasiya şikayətində göstərilməmiş, 2010-ci ildən yaranan və davam edən münasibətlər üzrə iddiaçının yeni mənzil qanunvericiliyinə əsasən istifadə hüquqlarının yarandığı ehtimal edildiyi təqdirdə belə ailə münasibətlərinə xitam verildiyindən bu əsaslarda aradan qalxmış və iddiaçı istifadə hüquqlarının tanınması barədə iddia vermədiyindən bu hüquqların tanınması üzrə müzakirələrin aparılması tələbdən kənar olaraq yolverilməzdir. Konstitusiya Məhkəməsinin təsbit edilmiş şərhində qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Qarşılıqlı iddiaya münasibətdə isə istifadə hüquqlarına aid mübahisəyə mülki qaydada, qeydiyyatdan çıxarılma məsələsinə isə inzibati icraat qaydasında işlərə baxılması mümkünlüyü diqqətə çatdırılmalıdır. İlk iddiada mənzilə köşürülməni və istifadə hüququnun cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən mübahisələndirilməsini nəzərə alaraq qarşılıqlı iddiaya mülki icraat qaydasında baxılmasını mümkün hesab edir və yuxarıda qeyd edildiyi kimi ilk iddia üzrə iddiaçının istifadə hüququnun olması müəyyən edilməsədə qeydiyyatdan çıxarılma hissəsində qiymət verilməsini inzibati icraat çərçivəsində həyata keçirilməli olduğunu diqqətə çatdırır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Q Ə R A R İ,24 sentyabr 2020-ci il) . Əsassız olduğundan apellyasiya şikayətləri üzrə dövlət rüsumunun ödənilməsi (məhkəmə) xərcləri ödəyən şəxslərin özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-560/2021 saylı işi üzrə 19 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6158/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6158/2021
05.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver