Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6161/2022 21.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2 ASC-yə və Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsi) qarşı iş üzrə (Açar sözlər: hərracın yekunları barədə protokolun, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsızlığı) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1878/22 saylı iş üzrə 14 iyun 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 21 sentyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 iyul 2016-cı tarixli, 2(004)-693/2016 saylı qətnaməsi ilə cəmi 21487 manat məbləğində pulun İddiaçı alınaraq “Nikoyl" İKB-na ödənilməsi, tələbin ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 34000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, satıldıqdan 1 ay ərzində məcburi qaydada boşaldılması, əldə edilən vəsaitdən 21487 manat və məhkəməyə müraciət etmək üçün, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün və ekspertiza tədqiqatı xərcinin cavabdehə aid hissəsi də daxil olmaqla ümumilikdə 192 manat pul məbləğinin “Nikoyl” İKB-yə ödənilməsi, iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumumun 24 manatının ona, İddiaçı, 6 manatının iddiaçı “Nikoyl” İKB-yə ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun 8 manatının cavabdeh İddiaçı, 2 manatının iddiaçı “Nikoyl” İKB-yə, ekspertiza tədqiqatının dəyəri olan 200 manatın 160 manatının cavabdeh İddiaçı, 40 manatının “Nikoyl" İKB-yə aid edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş, Yasamal Rayon İcra və Probasiya Şöbəsinin sifariş məktubuna əsasən hərrac təşkil olunmuşdur.
2. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2016, xx.xx.2016, xx.xx.2016, xx.xx.2017-ci il tarixli bildirişlərlə xx.xx.2016, xx.xx.2017-ci il tarixdə, saat 11:00-da keçiriləcək hərraclar barədə məlumat göndərilmiş, bildirişlər “həmin ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. «Birja yenilikləri» qəzetinin xx.xx.2016, xx.xx.2017, xx.xx.2017-cu il tarixli nəşrlərində hərracın keçirilməsi barədə elan dərc edilmişdir.
3. İpoteka predmetinin ilkin satış qiyməti 34000 manat olmaqla birinci hərrac baş tutmamışdır.
4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2016-ci il tarixli bildirişlə xx.xx.2017-ci il saat 11:00-da hərrac barədə məlumat verilmiş, «Birja yenilikləri» qəzetində hərracın keçirilməsi barədə elan dərc edilmişdir.
5. xx.xx.2017-ci il tarixdə ipoteka predmetinin 15% aşağı qiymətə, 28900 manat satış qiymətilə keçirilmiş hərracı baş tutmamışdır.
6. “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən, Bank ipoteka predmetini 21675 manata əldə etmişdir.
7. Mübahisəli qeyri-yaşayış sahəsi xx.xx.2017-ci il tarixdən "xxxx" İKB ASC-nin mülkiyyətindədir.
a) Birinci instansiya məhkəməsində icraat
8 .İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi" MMC tərəfindən keçirilmiş ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair 13/02 nömrəli xx.xx.2017-ci il tarixli hərracın yekunları barədə protokolun, xx.xx.2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqavilənin etibarsızlığı və onun əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş müvafiq çıxarışın ləğvi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 iyul 2016-cı tarixli qətnaməsi ilə ondan cəmi 21487 manat məbləğində kredit borcunun tutulması, tutmanın ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 34000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması və s. qət edilmişdir. Həmin qətnamə əsasında əmlakın yerləşdiyi və borclunun qeydiyyatda olduğu ünvan üzrə icra vərəqəsi verilmiş və icrasının təmin edilməsindən ötrü Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə göndərilmişdir. Həmin şöbə tərəfindən xx.xx.2016-cı il tarixdə xx/xx-11812/17- 26200 saylı məktubla ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin açıq hərrac vasitəsilə realizə edilərək tələbkar “Nikoyl" İKB-nin kredit borcunun qaytarılması üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə sifariş vermişdir. Yaranmış işsizilik və maddi sıxıntılar ilə əlaqədar olaraq yaranmış ani vəziyyət səbəbindən qeyd edilən borc öhdəliyinin icrasında məhkəməyə qədər və məhkəmə prosesləri zamanı çətinliklər yaranmışdır. Bu barədə “Nikoyl” İKB-yə (hazırki adı “Yelo Bank“ ASC) məlumat verilmiş, lakin Bank tərəfindən müsbət qarşılanmamışdır. Verilmiş sifariş əsasında "xxxx" MMC sifarişi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun və digər qanunvericilik aktlarının tələblərinin kobud pozulması ilə icra etmişdir. Bununla yanaşı, ipoteka qoyan olaraq iddiaçı hüquqlarından məhrum edilmişdir. Hərracın keçirilməsinə dair kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat Hərrac Mərkəzi tərəfindən dərc etdirilməli olduğu halda, dərc edilməmişdir. İddiaçının ünvanına hərracın keçirilməsi ilə bağlı heç bir bildiriş və hər hansı bir sənəd daxil olmamışdır. Yasamal rayon İcra şöbəsinə müraciətdən sonra əmlakın artıq hərracda satıldığı ona məlum olmuşdur.
10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-1878/22 saylı iş üzrə 14 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Aytən Novruzova) iddia rədd edilmişdir.
11. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, hərracın keçirilməsində qanun pozuntusuna yol verilməmiş, hərrac təşkilatı tərəfindən hərracın keçirilməsi vaxtı və yeri barədə “Birja yenilikləri” qəzetində elan yerləşdirilmiş, cavabdeh hərracın keçirilmə yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırılmışdır.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 317, 319, 415-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34, 39.2, 41, 42, 44, 53-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
13. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı həmçinin onunla əsaslandırılmışdır ki, ailə vəziyyəti çox ağırdır, şəhid ailəsidir, həyat yoldaşı birinci Qarabağ müharibəsində şəhid olub, özü ikinci qrup əlildir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında izahat verərkən apellyasiya şikayətini qəbul etmədi və onun rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 69.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur;
19. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər;
20. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır;
21. Maddə 415.1. Auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər.
22. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu:
23. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.
24. Maddə 39.2. İpoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir;
25. Maddə 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər;
26. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 (beş) iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 (iyirmi) təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 (otuz) təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 (üç) faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 (beş) faizi məbləğində beh ödəməlidir;
27. Maddə 44. “İpoteka haqqında” Qanunun müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur;
28. Maddə 53.1. Üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır;
29. Maddə 53.2. Borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia rədd edildiyindən qətnamə tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
33. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə nəzərə alınmalıdır ki, iş üzrə hərracın etibarsızlığı üçün əsas ola biləcək, tərəflərdən birinin hüquq və mənafelərini pozan hər hansı əsaslar müəyyən edilməmişdir. Hərrac prosesi qanunun tələblərinə uyğun keçirilmiş, prosesinin bütün mərhələləri barədə iddiaçıya lazımi qaydada məlumatlar göndərilmiş, qəzetlərdə elanlar dərc edilmişdir.
34. Həmçinin ipoteka predmeti hərraca qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmiş qiymət əsasında çıxarılmışdır. “İpoteka haqqında” Qanuna müvafiq olaraq təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiyməti ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər. Hərrac baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faizdən az olmayan qiymətlə ala bilər.
35. Baxılan iş üzrə ilkin və ikinci hərrac baş tutmadığı üçün ipoteka predmeti hərracdakı satış qiymətindən 25 faiz aşağı qiymətə, yəni 21675 manata tələbkara təklif edilmiş və onun tərəfindən əldə edilmişdir.
36. Məhkəmə kollegiyasının qənaətinə görə hərracın nəticələrinin etibrasız hesab edilməsi üçün qanunla müəyyən olunmuş əsaslar müəyyən edilmədiyindən birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur.
37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. İddiaçının verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
38. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404- 406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 14 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.