Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6162/2022 06.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 aprel 2022-ci il tarixli qərardadından iddiaçı bankın nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (məhkəmə) xx.xx.2022-ci il tarixli qətnaməsi ilə "xxxx" İKB ASC və Cavabdeh arasında bağlanmış 07 avqust 2018-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, 76851,13 manat məbləğində əsas borc, 27875,17 manat məbləğində faiz borcu, 445,76 manat məbləğində dəbbə borcu olmaqla cəmi 10 5172,06 manat məbləğində kredit borcunun, 30 manat məbləğində iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun, 10 manat daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmsı üçün ödənilmiş dövlət rüsumunun və 30 manat xidmət haqqının Cavabdeh alınaraq İddiaçı ASC-nə ödənilməsi, tələbin Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 11 nömrəli mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiyməti 230 000 manat olmaqla açıq hərracdan satılması, həmin əmlakın satılmasından əldə edilən vəsait hesabına borc məbləğinin İddiaçı ASC-nə ödənilməsi, borc ödənildikdən sonra mənzilin satışından qalan məbləğin Cavabdeh qaytarılması, ünvan 1 ünvanında yerləşən 11 nömrəli mənzilə tutma yönəldikdən və satıldıqdan 1 bir ay sonra Cavabdeh öz əşyaları ilə birlikdə həmin mənzildən çıxarılması və mənzilin boşaldılması qət olunmuşdur. 06 iyul 2022-ci il tarixdə cavabdeh (nümayəndəsi) həmin qətnamədən apellyasiya şikayəti, həmçinin apellyasiya şikayəti verilməsi üçün müddətin bərpasına dair ərizə verərək göstərmişlər ki, qətnamə cavabdehin elektron kabinetinə yüklənsə də, o, bundan xəbərsiz olmuş, bundan xəbər tutduqdan sonra məhkəməyə müraciət edərək xx.xx.2022ci il tarixdə qətnaməni kağız daşıyıcıda əldə etmişdir və buna görə də şikayət vermə müddətinin bərpa olunmasını xahiş edirlər. Məhkəmənin 19 iyul 2022-ci il tarixli qərardadı ilə buraxılmış prosessual müddətin bərpasına dair ərizənin təmin edilməməsi, Cavabdeh Rəfael qızının xx.xx.2022-ci il tarixli qətnamədən apellyasiya şikayəti verməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürüəmiş hesab olunması və apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, qətnamə Cavabdeh elektron kabinetinə xx.xx.2022-ci il tarixdə yerləşdirilmiş, lakin sonradan o, məhkəmə qəbzinə imza etməklə xx.xx.2022-ci il tarixdə qətnaməni yenidən almış, xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti vermiş və müddətin bərpası barədə ərizəsində qətnaməni elektron qaydada əldə etmədiyini qeyd etmişdir. Beləliklə cavabdeh, məhkəmə qətnaməsini rəsmi qaydada aldıqdan sonra apellyasiya şikayəti vermiş və qanunla müəyyən edilən 1 aylıq müddəti ötürməmişdir. Həmin qərardaddan iddiaçı bankın nümayəndəsinin verdiyi şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, məhkəmənin şikayət mövzusu olan qərardadı ləğv edilərək qətnamədən apellyasiya şikayəti verilməsi üçün ötürdüyü prosessual müddətin bərpasına dair cavabdehin ərizəsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 133.1-ci və 360-cı maddələrinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Məcəllənin 135.5-ci maddəsinə görə, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Məcəllənin 135.7-ci maddəsinə görə isə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi 12 may 2022-ci il tarixdə Cavabdeh elektron kabinetinə yerləşdirilmiş, xx.xx.2022-ci il tarixdə o, mülki işin materialları ilə işin 39-cu səhifəsinə qədər, xx.xx.2022ci il tarixdə isə işin bütün materialları ilə tanış olmuş, xx.xx.2022-ci il tarixdə iclas protokollarına qeydlər vermiş, apellyasiya şikayəti isə xx.xx.2022-ci il tarixdə elektron sistemə yerləşdirilmişdir. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Beləliklə, üzürlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyrimümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Kollegiya hesab edir ki, Cavabdeh qətnamədən apellyasiya şikayəti verə bilməsi üçün müəyyənləşdirilmiş müddətin üzrlü səbəblərdən ötürülüb-ötürülmədiyi məsələsinə ərizəçinin irəli sürdüyü hal kontekstində qiymət verilməli, bu zaman mülki-prosessual qanunvericiliyin yuxarıda sadalanan müddəalarının mənasına görə qətnamənin məhz işdə iştirak edən şəxslərin elektron kabinetinə yerləşdirilməsinin qətnamənin rəsmi çatdırılması hesab olunduğu nəzərə alınmalıdır. Göstərilənlərə əsasən kollegiyanın qənaəti ondan ibarətdir ki, mübahisələndirilən qərardad ləğv edilməklə qanuna müvafiq qərarın qəbul edilməsi üçün iş birinci instansiya məhkəməsinə göndərilməli, işə yenidən baxarkən məhkəmə, tərəflərin iştirakını təmin etməklə ərizəçinin irəli sürdüyü halı araşdıraraq ərizəyə qiymət verməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-122/2022 saylı iş üzrə 19 iyul 2022ci il tarixli qərardadı ləğv olunsun və iş, bu qərardadın əsaslandırıcı hissəsində şərh olunanlar nəzərə alınmaqla Cavabdeh Rəfael qızının qətnamədən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpasına dair ərizəsinə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-6162/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6162/2022
06.09.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver