Məhkəmə qərarları › İş №2(103)-6164/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6164/2020

26.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6164/2020 26.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC, Cavabdeh 17-A-1-0-150-12 saylı zaminlik müqaviləsinə əsasən zamin tərəfindən ödənilmiş 5698 manatın və 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, iddia təmin edilmişdir. Cavabdeh, apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2013-cü il tarixə ödənilməmiş kredit borcu üzrə 4845,81 manat əsas, 467,24 manat faiz və hesablanmış 202,37 manat dəbbə pulu olmaqla, cəmi 5515,42 manat və 30 manat dövlət rüsumunun “xxxxxx” İKB-nin xeyrinə tutulması, tutmanın cavabdehin mülkiyyətində olan **-NE-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21154” markalı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılması və satışdan əldə olunan vəsaitdən banka olan borcun ödənilməsi, vəsaitin ödənişin məbləğindən artıq qalan hissəsinin cavabdehə qaytarılması qət edilmişdir. Bundan sonra, cavabdeh mülkiyyətində olan həmin avtomobili borcun əvəzi kimi banka təhvil vermişdir. Bunu cavabdeh tərəfindən bankın əməkdaşı X3 32 saylı notariat kontorunda verilmiş xx.xx.2013-cü il tarixli, 7E-19839 saylı baş etibarnamə sübut edir. Avtomobili təhvil verdikdən sonra artıq bank onu narahat etməmişdir. 2019-cu ilin iyun ayında Mərkəzi Bankdan MKR əldə etmiş, banka olan borcundan 259 manat qaldığını bilmiş və xx.xx.2019-cu il tarixdə həmin borcu banka ödəyərək borcun olmaması barədə arayış almışdır. Hazırkı məhkəmə prosesində isə ona məlum olmuşdur ki, hansısa imzalamadığı müqaviləyə görə guya onun zamini İddiaçı MMC onun yerinə borc ödəyib. Halbuki, o, banka olan borcun əvəzi kimi mülkiyyətində olan avtomobili banka təhvil vermişdir. Əgər cavabdeh borcu ödəməmişdirsə, nə üçün 2013-cü ildən 2019-cu ilədək nə bank, nə də məhkəmə icraçıları borcun olması barədə onu xəbərdar etməmişdir. Buradan aydın olur ki, bank İddiaçı MMC ilə əlbir olaraq dələduzluq etmiş, həm cavabdehin mülkiyyətində olan avtomobili mənimsəmiş, həm də məhkəmə qətnaməsi ilə ondan tutulmuş məbləğdən artıq məbləği borc əvəzi kimi ödəyərək, əlavə olaraq ondan pul da tələb etmişdir. Göründüyü kimi, bank avtomobili satıb, borcun ödənilməsinə yönəltmək əvəzinə mənimsəmişdir. Məhkəmə isə, bu halları araşdırmadan formal əsaslarla qətnamə qəbul edərək, cavabdehdən artıq pul tutmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş faktiki hallarına görə, xx.xx.2012-ci il tarixli, 17-A-1-0-150-12 saylı kredit müqaviləsinə əsasən, “xxxxxx” İKB ASC tərəfindən borcalan Cavabdeh illik 22% faiz dərəcəsi ilə 36 müddətinə 6900 manat kredit verilmişdir. Eyni zamanda, İddiaçı MMC, həmin tarixli zaminlik müqaviləsi bankın tələb hüququna zamin durmaqla təminat vermiş və müqavilə kreditor, borclu və zamin tərəfindən imzalanmışdır. Əsas borc vaxtında qaytarılmadığından, zamin İddiaçı MMC, “xxxxxx” İKB ASC-yə 8840 manat məbləğində pul ödəmişdir. İddiaçı MMC-nin xx.xx.2019-cu il tarixli arayışına əsasən, Cavabdeh tərəfindən “xxxxxx” İKB ASC-yə aparılmış ödənişlərdən 3142 manat geri qaytarılmış, hazırda zaminə olan borcu 5698 manat təşkil edir. İddiaçı MMC, xx.xx.2019-cu il tarixdə Cavabdeh borcun 3 gün ərzində ödənilməsini tələb etmiş və əks təqdirdə isə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Qeyd edilənlər iddia ərizəsi, xx.xx.2012-ci il tarixli, 17-A-1-0-150-12 saylı zaminlik müqaviləsi, İddiaçı MMC-nin 2994 saylı, xx.xx.2019-cu il tarixli arayışı, xx.xx.2019-cu il tarixli, 1630 nömrəli məktubu, müxtəlif tarixli qəbzlər və digər sənədlərlə təsdiqlənir. Kollegiya, tələbin hüquqi əsaslarını nəzərdən keçirib, mübahisənin həlli ilə bağlı bildirir ki, iddiaçı, Mülki Məcəllənin 475.1-ci maddəsinə əsasən, 5698 manat pulun cavabdehdən tutularaq, ona qaytarılmasını tələb etməkdə haqlıdır. Belə ki, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-nin 475.1-ci maddəsinə görə, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Normaların məzmunundan göründüyü kimi, əgər zamin könüllü və ya məhkəmə qərarı əsasında borclunun əsas öhdəliyi üzrə vəzifəsini icra edərsə, o zaman kreditorun həmin öhdəlik üzrə borcluya qarşı tələb hüququ zaminə keçir. Eyni zamanda, sözügedən normada kreditorun borcluya olan tələb hüququnun hansı həcmdə zaminə keçməsi zamin tərəfindən kreditor qarşısında öhdəliyin hansı həcmdə yerinə yetirilməsindən aslı edilmişdir. Belə ki, zamin əsas borclunun əvəzinə kreditorun tələbini tam həcmdə icra etmişsə, kreditorun əsas borcluya qarşı tələb hüququnu tam şəkildə, qismən icra etdiyi halda isə qismən əldə etmiş olur. Beləliklə, MM-nin 475-ci maddəsinin tələbin hüquqi əsası kimi çıxış etməsi üçün zaminin icrasına təminat verdiyi öhdəliyi tamamilə və ya qismən icra etməsi faktı mövcud olmalıdır. Hazırkı işin müəyyən edilmiş hallarına görə, əsas borclu Cavabdeh xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə “xxxxxx” İKB ASC qarşısında öhdəliyinin 8840 manat hissəsi zamin İddiaçı MMC tərəfindən icra edilmişdir. Belə olan halda, kreditor “xxxxxx” İKB ASCnin əsas borclu Cavabdeh qarşı tələb hüququ 8840 manat həcmində zamin İddiaçı MMCyə keçmişdir. Cavabdeh tərəfindən həmin məbləğin 3142 manat hissəsi zaminə qaytarılsa da, qalan 5698 manat ödənilməmişdir. Odur ki, zamin İddiaçı MMC-nin Cavabdeh qarşı 5698 manat borcun tutulması tələbi əsaslıdır. Kollegiya, apellyasiya şikayətinin dəlillərini isə əsaslı saymır, ona görə ki, əvvəla, cavabdeh banka olan borcun onun tərəfindən tam şəkildə ödənilməsini, xx.xx.2012-ci il tarixli zaminlik müqaviləsini imzalamadığını bildirsə də, məhkəməyə bu halları təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6580/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar