Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6165/2022 15.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, həmçinin onların nümayəndəsi (vəkili) Vəkil2, Cavabdehlər X1 və Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X3 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, e-2(011)-3182/2022 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X3 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) məhkəməyə müraciət edərək, onların azyaşlı övladları ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzilə köçürülümələri, sökülmüş giriş-çıxış qapısının cavabdehlərin hesabına əvvəlki yerinə bərpa olunması, maneəsiz istifadənin məhdudlaşdırması ilə bağlı cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi, onlara sahiblik və istifadə hüquqlarına edilən maneələrin törədilməsinin qadağan olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçılar ailə qurduqdan sonra cehiz əşyaları ilə bərabər Eminin atası X2 məxsus yaşayış evinə köçüb bir ailə kimi birlikdə yaşamışlar. Bir müddət Rusiya Federasiyasına pul qazanmaq məqsədilə getsələr də yenidən qayıtmış və həmin mənzildə yaşamağa davam etmişlər. Ailəsi böyüdükcə mənzildən istifadə olunmasında cavabdehlərlə narazılıqlar yaranmış və tez-tez mübahisələr baş vermiş, dəfələrlə polis bölməsinə müraciətlər etmişlər. Belə olan halda yaşadıqları mənzilə sahədə boş yerdə bir otaq tikib yaşamaq üçün şərait qurmaq qərarına gəlmişlər. Beləliklə, əvvəl yaşadıqları evə bitişik olan boş sahədə təxminən 58 kv.m sahədə 51,5 kv.m sahəsi olan yaşayış sahəsi tikmişlər. Mənzildə yaşamaq üçün müəyyən şərait yaratmış və əşyaları ora yerləşdirmişlər. Həmin mənzildə yaşamağa başlamışlar. Bir müddət öncə cavabdehlər onları yaşadıqları və zəhmətlə tikdikləri evə buraxmamışlar. Onlar aralıq sakitləşsin deyə bir neçə gün cavabdehlərlə görüşməmişlər. Onlar isə bundan istifadə edərək onların evin giriş qapısını yerindən çıxarıb atmış yerini isə tikib bağlamışlar. Otağın digər onlara bitişik divarından isə özlərinə qapı açmışlar. Dəfələrlə etirazını bildirsələr də, cavabdehlər mənzilə girməyə icazə vermirlər. Hazırda qohumların evində məskunlaşmışılar. 2017-ci ildən beş nəfər ailə üzvü mübahisəli mənzildə qeydiyyata alınmışlar. Yaşamağa başqa yerləri olmadığı və mənzilə ehtiyacları olduğu üçün üç azyaşlı uşağıyla bərabər haqqı olan mənzilə köçürülməlidirlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, e-2(011)- 3182/2022 saylı qətnaməsi ilə (hakim Pərviz Zamanlı) iddia qismən təmin edilərək, İddiaçı2 və İddiaçı1 övladları – X18, X13 və X8 ilə birlikdə ünvan 2 ünvanında fərdi yaşayış evinə bitişik 51,5 kv.m-dən ibarət özbaşına inşa edilmiş otağa köçürülmələri, həmin otağın girişçıxış qapısının Cavabdeh2 və X1 hesabına əvvəlki yerinə bərpa edilməsi, iddiaçıların həmin yaşayış otağından maneəsiz istifadələrinin məhdudlaşdırılması barədə cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməklə, iddiaçıların həmin otaqdan istifadə etmələrinə yaradılmış maneələrin cavabdehlərə qadağan edilməsi, iddia tələbinin digər hissədə təmin edilməməsi qət olunmuşdur. Cavabdehlərdən Cavabdeh2 qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, mübahisəli evin ata yurdu olmamaqla, şəxsən ona məxsus olması, kommunal xidmətlərə görə müqavilələrin də onunla bağlanması, iddiaçıların həmin evə aidiyyətinin olmaması, iddiaçıların özlərinin evinin olması, lakin oranı kirayəyə vermələri, iddiaçıların 2004-cü ildən Rusiya Federasiyasında yaşamaları, son illər iddiaçılara ona məxsus mübahisəli evdə müvəqqəti yaşamalarına icazə verməsi, lakin 2020-ci ilin aprel ayının ikinci yarısında Covid-19 pandemiyası ilə əlaqədar Koroğlu metrosunun yaxınlığında yerləşən Atletlər kəndində bir həftəlik fasiləsiz iş rejimi olmaqla tibb bacısı kimi ezam olunması, bundan iddiaçıların bundan istifadə edərək onun evinin həyətyanı sahəsində qeyri-qanuni tikinti işləri aparması, bundan sonra münasibətlərinin pisləşməsi, polisə müraciət etməsi, iddiaçıların ona məxsus yaşayış sahəsində yaşamağa hüquqlarının olmaması, aralarında əvvəllər də məhkəmə mübahisələrinin olması və s. kimi əsaslandırılmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun eyni məzmunda izahat vermiş, əlavə olaraq göstərmişdir ki, mübahisəli yaşayış sahəsinə dair adına hər hansı hüquqmüəyyənedici sənəd olmasa da, həmin ev ona məxsusdur. İddiaçılardan Emin qardaşı, Könül isə gəlinləridi. İddiaçılar əvvəllər həmin evdə yaşamamışlar. Təqribən 2019-cu ildə onları müvəqqəti yaşamaq üçün evə buraxmış, lakin pandemiya vaxta onun evdə olmamasından istifadə edərək, qanunsuz olaraq evə bitişik yarımçıq hissədə təqribən 50 m2 ölçüdə otaq inşa edərək ora köçmüşlər. Bu səbəbdən də iddiaçıları oradan çıxartmış, qapı yerini bağlamışdır. Hesab edir ki, iddiaçıların ona məxsus evdə yaşamaq hüquqları yoxdur. Bu səbəbdən də iddia rədd olunmalıdır. Məhkəmə iclasında iştirak edən cavabdeh X4 qətnamədən apellyasiya şikayəti vermədiyini bildirərək, məhkəmə kollegiyasından ədalətli qərar verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar apellyasiya şikayətini əsassız sayaraq, iddita ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun eyni məzmunda izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişlər. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçılar, həmçinin cavabdehlərdən X4 qətnaməni mübahisələndirməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası məhz Cavabdeh2 apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarı). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, iddiaçının ər-arvad olması, himayələrində üç azyaşlı uşağlarının olması, cavabdehlərdən Cavabdeh2 İddiaçı2 bacısı, X1 isə iddiaçının anası olması işin mübahisə olunmayan hallarıdır. Həmçinin qeyd edilməlidir ki, tərəflər arasında əvvəllər də analoji məhkəmə mübahisələri olmuş, məhkəmə aktları qəbul edilmişdir. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X3 və Cavabdeh2 qarşı “istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair ilk, həmçinin X1 və Cavabdeh2 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “mənzildən çıxarılması” barədə qarşılıqlı iddia təmin olunmamış, bu zamanı məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı1 və İddiaçı2 mübahisəli evdə (ünvan 1) yaşayırlar, yaşayış sahəsi özbaşına tikili olmaqla dövlət qeydiyyatına alınmamışdır, qarşılıqlı iddia üzrə iddiaçıların İddiaçı1 və İddiaçı2 həmin yaşayış sahəsindən çıxarmaqla müvafiq sübyektiv hüquqları mövcud deyildir. Göründüyü kimi, həmin vaxtı iddiaçılar İddiaçı1 və İddiaçı2 mübahisəli evdə yaşadıqlarından və s. digər hallar nəzərə alınmaqla onların köçürülmə barədə tələbləri təmin olunmamış, eyni zamanda qarşılıqlı iddiaçıların İddiaçı1 və İddiaçı2 həmin evdən çıxarılması barədə tələbləri rədd olunmuşdur. Bununla yanaşı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli qətnaməsindən və həmin qətnamənin dəyişdirilmədən saxlanılması barədə Bakı Apellyasiya Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı1 cavabdehlər X3 və Cavabdeh2 qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddiası ona görə təmin olunmamışdır ki, İddiaçı1 həyat yoldaşı İddiaçı2 və yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə ünvan 1 ünvanda yerləşən evdə yaşayırlar, lakin cavabdehlər tərəfindən ona edilən maneələrin mövcudluğunu sübut edə bilməmişdir. Göründüyü kimi, hər iki məhkəmə icraatı zamanı araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 övladları ilə birlikdə mübahisəli ünvanda faktiki yaşayırlar. MPM-nin 82.3-cü maddəsinin tələbinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qanunverici başqa məhkəmənin başqa iş üzrə müəyyən etdiyi halları (faktları) o halda preyudisial hallar, yəni doğruluğu başqa məhkəmələr üçün məcburi olan hallar sayılırlar ki, onlar məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsində müəyyən olunsunlar və baxılmış iş üzrə iştirakçı olan şəxslərə aid olsunlar. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə olan halda, məhkəmə kollegiyası “iddiaçıların əvvəllər mübahisəli evdə yaşamaması” barədə cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərlə razılaşmayaraq onları əsassız hesab edir. Bununla yanaşı qeyd edilməlidir ki, iddiaçılar hazırki tələblərinin əsasları fərqli olmaqla, əvvəlki tələblərlə eynilik təşkil etmir. Yəni, hazırki tələblərə əsasən iddiaçılar faktiki olaraq mübahisəli yaşayış sahəsindən çıxarılmışlar və orada yaşamalarına cavabdeh tərəfindlən maneələr törədilir (bu səbəbdən də Bakı Apellyasiya Məhkəməsinin 03 mart 2022-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin hazırki iş üzrə icraata xitam verilməsi barədə qərardadı ləğv olunmuş, işə mahiyyəti üzrə baxılmalı olması qərara alınmışdır). İşdə olan Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti 66 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən tərtib olumuş Mənzilin planından müəyyən olunur ki, İddiaçı1 tərəfindən 2017-ci ildə yaşayış evinə bitişik 51.5 m2 sahədə otaq inşa edilmiş, qeyd edilən otaqda iddiaçılar və onların 3 övladları yaşayır. Həmçinin, Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti 66 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2034 nömrəli arayışa əsasən iddiaçılar üç övladları ilə birlikdə ünvan 1 özbaşına tikilidə qeydiyyatsız yaşayırlar. Birinci instansiya məhkəməsində icraat zamanı şahid kimi ifadə vermiş X20 bildirmişdir ki, iddiaçıların qonşusudur. Könülü çoxdan tanıyır. Emingilin yaşadığı ev onun atasına məxsus idi. Ailə qurandan sonra Könül də orada yaşayıb. Sonradan Eminin atasının evində (mübahisəli evdə) əlavə tikililər oldu. Pandemiyadan qabaq tikinti apararaq Emin ailəsi ilə birlikdə ora köçdü. Tikintidən sonra Emingil özlərinə ayrı qapı da qoydular. Ailələrində bir az pul problemi oldu, lakin Könülün atasıgil kömək etdilər. Emin pul qazanmaq üçün Rusiyaya getdi, Könül isə uşaqları ilə evdə qaldılar. Sonra Eminin anası və bacısı onları evdən qovdular. Birinci instansiya məhkəməsində icraat zamanı şahid kimi ifadə vermiş X5 bildirmişdir ki, Könül onun dayısı qızıdır. O, cavabdehlərin yaşadığı evə bitişik təxminən 60-65 kv.m.-dən ibarət əlavə bir otaq tikmişdir. O, hörgü və suvaq işlərini görmüşdür. Otağı tikib üstünü bağladıqdan sonra o biri evdən (cavabdehlərin yaşadığı evdən) elektrik və su xətti çəkmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı şahid kimi ifadə vermiş X6 bildirmişdir ki, Könül onun dayısı qızıdır. Onların evində tikinti işləri aparmışlar. O, tikintidə qardaşına kömək etmişdir. Onların tikdiyi əlavə otaq o biri evə bitişik idi. Otaq təxminən 2- 3 il əvvəl tikilib. Birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh yazılı etirazında da iddiaçının ailə quraraq 2004-cü ildə mübahisəli yaşayış evində yaşamasını, sonradan yaşayış evinə bitişik otaq tikmələrini və s. göstərmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı1 digər İddiaçı2 ilə nikaha daxil olduqdan sonra yaşayış evinə gəlin köçərək orada yaşamış, 2017ci ildə isə onlar birlikdə yaşayış evinə bitişik bir otaq inşa edərək orada yaşamağa başlamış, İddiaçı1 özünə məxsus cehiz əşyalarını (gündəlik istifadə üçün nəzərdə tutulan daşınar məişət əşyaları) həmin otağa gətirmişdir. Cavabdeh2 məhkəmə baxışı zamanı iddiaçıların pandemiya ilə əlaqədar olaraq uzun müddətə (14 gün) onun işdə olmasından istifadə edərək mübahisəli otağı inşa etdiklərini və Könülün cehiz əşyalarının onun icazəsi olmadan otağa yerləşdirdiklərini bildirsə də, məhkəmə araşdırması zamanı bu dəlillər öz təsdiqini tapmamışdır. Belə ki, işin mübahisəsiz halı kimi cavabdehlərin yaşadığı evə bitişik mübahisəli yaşayış otağının iddiaçılar tərəfindən inşa edilməsi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən yerində müayinə zamanı da otağın tam təmir olunmasa da, yaşayış üçün ilkin şərtlərə uyğun olması, tikilən zaman ayrıca çıxış qapısının açılmış olması (yerində müayinə zamanı həmin çıxış qapısı artıq bağlanmışdır), İddiaçı1 məxsus cehiz əşyalarının orada olması müəyyən edilmişdir. Həmçinin, mübahisəli otağın tikilməsində iştirak edən şahidlər (ustalar) birinci instansiya məhkəməsində verdikləri izahatlarında tərəflər arasında hər hansı bir narazılığın olmasını bildirmədilər. Tərəflərin qonşuluğunda yaşayan şahid X20 bildirmişdir ki, tərəflər yaşadığı ev Emin və Cavabdeh2lərin atasına məxsus olmuş, ailə qurandan sonra Könül də orada yaşamışdır. Sonradan mübahisəli evdə əlavə tikililər olmuş və pandemiyadan qabaq Emin ailəsi ilə birlikdə oraya köçmüşdür. Eləcə də, cavabdehlər də məhkəmə iclasında verdikləri izahatlarında iddiaçıların əvvəllər yaşayış evində yaşadıqlarını, İddiaçı1 da gəlin köçdükdüən sonra bir müddət onlarla birlikdə yaşadığını, sonradan Rusiya Federasiyasına getdiklərini, bir neçə il orada yaşadıqdan sonra qayıtdıqlarını və onların razılığı ilə yenidən mübahisəli yaşayış evində yaşadıqlarını bildirmişlər. Bundan başqa, Xətai RPİ-nin 35-ci PŞ-nin cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2020-ci il tarixli qərarından görünür ki, xx.xx.2020-ci il tarixdə İddiaçı1 ilə cavabdehlər arasında ailə daxili münaqişə olmuş, Cavabdeh2 İddiaçı1 mübahisəli otağa buraxmamışdır. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, Cavabdeh2 iddiaçıların tikinti işlərini onun icazəsi və xəbəri olmadan aparılması ilə bağlı etirazına münasibət bildirərək qeyd etmişdir ki, cavabdeh bununla bağlı əsaslı sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Tərəflər arasında ailə daxili münaqişənin olmasını əks etdirən yeganə sübut Xətai RPİ-nin 35-ci PŞ-nin cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2020-ci il tarixli qərarıdır ki, həmin qərarda da Cavabdeh2 İddiaçı1 ilə aralarındakı mübahisənin tikinti işlərinə görə deyil, sonuncunun onun evinə sahiblənmək istədiyindən yarandığını bildirmişdir. Onun üçün aralarında mübahisənin olmasını bildirmişdir. Məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsində göstərilir ki, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. «İnsan hüquqları haqqında» Ümumi Bəyənnamənin 13-cü maddəsinə görə, hər bir şəxs hər bir ölkə hüdudunda sərbəst hərəkət etmək və yaşayış yeri seçmək hüququna malikdir. «Mülki və siyasi hüquqlar haqqında» Beynəlxalq Paktın 12-ci maddəsinə əsasən, hər hansı bir ölkənin ərazisində qanuni surətdə olan hər kəsin həmin ölkənin hüdudlarında sərbəst şəkildə yerdəyişmək və yaşayış yeri seçmək hüquq var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.3-cü maddəsinə əsasən, əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində təsbit edilmişdir ki, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Hazırkı iş üzrə müəyyən olunmalı olan əhəmiyyətli hal - iddiaçıların mübahisəli yaşayış sahəsinə köçərək müəyyən zaman ərzində oradan yaşayış sahəsi kimi istifadə etməsi, beləliklə kifayət qədər davamlı əlaqələrinin mövcudluğudur (cavabdeh də apellyasiya şikayətində iddiaçıların müəyyən müddət ərzində mübahisəli yaşayış sahəsində yaşamasını mübahisələndirmir) ki, bu hal həm qanuni qüvvədə olan məhkəmə aktları ilə, eləcə də hazırki işin müəyyən olunmuş halları ilə təsdiq olunmuşdur. Yoxlanılan hissədə iddiaçıların məhrum edildikləri yaşayış yerinə köçürülməsindən ibarətdir. Yaşayış sahəsi xüsusi mülkiyyətdə olmadan da, şəxslərin faktiki istifadəsində və sahibliyində ola bilər. Bu hal, həmçinin Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi üzrə Avropa Məhkəməsinin president təcrübəsindən irəli gəlir (Konvensiyanın 8-ci maddəsində hər kəsin öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malik olması təsbit edilmişdir). Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi «Gillounun işi»nə dair qərarında göstərmişdir ki, həmin işdə ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə «mənzil» qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardır (Bax: Valentina Akimova Azərbaycana qarşı 1985/03 saylı ərizənin qəbul edilənliyinə dair Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı, 3-cü bənd, 3 və 4-cü abzaslar). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X9rşı” işində qeyd etmişdir ki, "Mənzil" anlayışı ənənəvi yaşayış yerləri ilə məhdudlaşmır. Belə ki, o, furqonları və digər qeyristasionar məskənləri də özündə ehtiva edir. Məhkəmə həmçinin, “X7rşı” işdə bildirmişdir ki, ərizəçinin və ailəsinin 13 ildən artıq müddət ərzində yaşadığı səyyar furqonun yerli hakimiyyət orqanının furqonlar üçün ayırdığı ərazidən çıxarılması nəticəsində prosessual səbəblərə görə 8-ci maddənin pozuntusu baş verib. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Çıraqov və başqaları Ermənistana qarşı” işində qeyd etmişdir ki, 8-ci maddəyə əsasən “şəxsi həyat”, “ailə həyatı” və “ev” məfhumları 1 nömrəli Protokolun 1-ci maddəsindəki “mülkiyyət” məfhumu kimi, müstəqil anlayışlardır; onların qorunması dövlədaxili qanunvericilikdə kvalifikasiyadan deyil, işin faktiki hallarından asılıdır. 1 nömrəli Protokolun 1-ci maddəsi üçün təqdim edilmiş səbəblərlə eyni olan səbəblərə görə, Məhkəmə müəyyən edir ki, ərizəçilərin öz evlərindən istifadə etmək imkanının rədd edilməsi onların şəxsi və ailə həyatına, habelə evlərinə hörmət hüququ ilə əsassız müdaxiləni təşkil edir. “Vinterşteyn və başqaları Fransaya qarşı” işdə isə göstərir ki, müvafiq olaraq, bu və ya digər yaşayış məskəninin 8-ci maddənin 1-ci bəndində nəzərdə tutulmuş müdafiənin şamil olunduğu "mənzil" təşkil edib-etmədiyi barədə sualın cavabı işin faktiki hallarından, yəni şəxsin konkret məkanla yetərli və davamlı əlaqələrinin mövcudluğundan asılıdır. Həmçinin, Məhkəmə bu tipli qərarlarında bildirir ki, "Mənzil" anlayışı ərizəçinin mülkiyyətçisi və ya kirayəçisi olduğu əmlakla məhdudlaşmır. O həm də şəxsin uzun müddət ərzində, illərlə məskunlaşdığı qohumuna məxsus evi bildirən anlayış ola bilər (Menteş və başqaları Türkiyəyə qarşı iş). "Mənzil" anlayışı təkcə qanunla şəxsin adına rəsmiləşdirilən mənzillərlə məhdudlaşmır (X10rşı iş). Mənzildə yaşayan, amma kirayə müqaviləsi onun adına olmayan şəxs də mənzillə bağlı hüquqlara malik olduğunu iddia edə bilər (Prokopoviç Rusiyaya qarşı iş) və s. Qeyd edilən həm milli qanunvericilik, həm də beynəlxal hüquq normaları baxımından məhkəmə hesab etmişdir ki, iddiaçıların mübahisələndirdiyi və sonradan tikdikləri otaq onların yaşayış yeri (mənzili) kimi qəbul oluna bilər. Bu zaman məhkəmə həm iddiaçıların özlərinin və onlarla daimi yaşayan yetkinlik yaşına çatmayan uşaqlarının başqa yaşayış yerlərinin olmamaqla həmin otağın onların yeganə yaşayış yeri olmasını (cavabdeh tərəf iddiaçıların özlərinə məxsus başqa mənzili olmasını iddia etsələr də, bununla bağlı sübutlarını məhkəməyə təqdim edə bilməmişlər), həm də iddiaçıların əvvəllər də cavabdehlərin yaşadığı yaşayış evində yaşamaqla həmin evə bağlılıqlarını nəzərə alır. Digər bir tərəfdən, iddiaçılar mübahisəli otağı tikməklə, özlərini yaşayış yeri ilə təmin etməyə ümid etmiş, bununla bağlı mübahisəli otağın tikintisinə xərc çəkmiş, otağı ayrıca giriş-çıxış üçün qapısı, qaz və elektrik enerjisi ilə təmin etmiş, hətta İddiaçı1 özünə məxsus cehiz əşyalarını otağa yerləşdirmişdir. Cavabdeh apellyasiya şikayətinin yaşayış sahəsinin ona məxsus olmasını bildirsə də, bununla bağlı (daşınmaz əmlaka əşya hüquqlarının mövcudluğu və s.) məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Həmçinin qeyd edilməlidir ki, mübahisəli yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində hansısa şəxsin adına qeydiyyatdan keçməsə də, bir iqtisadi dəyər kimi mövcuddur və mənzil ehtiyacını qarşılayan tikilidir. Evdən çıxarılmış iddiaçıların mənzil şəraitində yaşama ehtiyacını təmin edəcək başqa yaşayış sahəsi isə mövcud deyil. Cavabdeh mübahisəli evdə yaşayaraq ondan bir iqtisadi dəyər kimi yararlandığına görə, bərabərlik prinsipinə uyğun olaraq iddiaçılar da eyni imkana, yəni yaşamaq hüququna malik olmalıdır. Başqa sözlə, iddiaçıların faktiki vəziyyətə uyğun olaraq mübaphisəli yaşayış sahəsindən yararlanmaq, yəni orada yaşamaq hüququ vardır. Əks yanaşma, bərabərlik prinisipinin pozulması, yəni evə münasibətdə eyni hüquqi vəziyyətdə olan şəxslərə fəqli münasibət göstərilməsi ilə nəticələnə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh etirazının əsası kimi istinad etdiyi halları (həmçinin, apellyasiya şikayətinin dəlillərini) əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddianı müvafiq yaşayış sahəsinə köçürülmə hissəsində təmin etməkdə haqlı olmuşdur. Bununla yanaşı, qətnamə yoxlanılan digər hissədə də əsaslıdır. Çünki, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən müvafiq maneələrin həyata keçirilməsi (mübahisəli otağın giriş-çıxış qapısının bağlanması, iddiaçıların həmin yaşayış otağından maneəsiz istifadələrinin məhdudlaşdırılması və s.) müəyyən olunmuşdur (cavabdeh özü də bu halı inkar etməmişdir). “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri qətnamənin həmin hissədə ləğvi üçün əsas ola bilməz. Bu səbəbdən də, şikayət təmin olunmamalı, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmaldıır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X3 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, e-2(011)-3182/2022 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, e-2(011)- 3182/2022 saylı qətnaməsi apellyasiya şikayətin əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6165/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6165/2022
15.11.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver