Məhkəmə qərarları › İş №2(103)-6167/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6167/2020

26.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6167/2020 26.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və 38 saylı Notariat Kontoruna qarşı “icarə müqaviləsinin ləğv edilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka dair onlarla Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 38 saylı notariat kontorunda 3M-336 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş icarə müqaviləsinin xx.xx.2019-cu il tarixdən ləğv edilməsi, cavabdehdən 48.000 manat icarə haqqın, həmçinin, həmin məbləğ ödənilən günədək hər gecikdirilən təqvim günü üçün 0,2% məbləğində cərimə məbləği hesablanmaqla onların xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, iddia təmin edilmişdir. Cavabdeh1, apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi, iddiaçıların hazırkı idianı qaldırmaq üçün subyektiv hüquqlarının olub-olmadığını araşdırmamışdır. Belə ki, məhkəmə hüquqların dövlət qeydiyyatı idarəsindən obyektin mülkiyyətçisinin kimliyini yoxlamaqla, iddiaçıların həmin obyektə münasibətlə hüquqlarının olmadığını, hazırkı mülkiyyətçilərin Mahirə və Sabirə bacılarının olduğunu müəyyən edə bilərdi. Bundan başqa, cavabdeh ərizə ilə məhkəmədən eyni məhkəmənin icraatında olan onun iddia tələbi üzrə baxılan işlə bu işin bir icraatda birləşdirilməsini tələb etmişdir. Onun iddia tələbi məhz hazırkı iş üzrə iddiaçılara və qeyrilərinə qarşı vurulmuş zərərin ödənilməsi və barədədir. Qeyd olunanlar məhkəmənin MPM-in 54-cü maddəsinin tələblərini kobud şəkildə pozduğunu təsdiq edir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi, apellyasiya şikayətinə etiraz edərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, iddiaçıların nümayəndəsini dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. İşin müəyyən olunmuş faktiki hallarına görə, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak paylı mülkiyyət hüququ ilə xx.xx.2018-ci il tarixdə iddiaçılar İddiaçı1 və İddiaçı2 adına qeydiyyata alınmışdır. İddiaçılar, xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən, özlərinə məxsus həmin daşınmazəmlakı aylıq 12.000 manat icarə haqqı + 14% icarə müqaviləsindən tutulan ÖMV ödənilməsi şərti ilə Cavabdeh1 icarəyə vermişlər. Müqavilənin 2.3-cü bəndinə əsasən, icarə haqqı hər ay üçün ayın 1-5 tarixləri arasında ödənilir. Hər gecikdirilən təqvim günü üçün ümumi icarə haqqının 0,2 %-i həcmində cərimə hesablanacaq. xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, müqavilənin bağlanmasından 5 ay keçməsinə baxmayaraq, icarə haqqı ödənilmədiyindən cavabdehə sözügedən icarə müqaviləsinin ləğv edilməsi təklif olunmuşdur. Qeyd edilənlər iddia ərizəsi, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* nömrəli və Seriya RX ******* nömrəli çıxarışlar, xx.xx.2019-cu il tarixli icarə müqaviləsi, xx.xx.2019-cu il tarixli bildiriş, poçt qəbzi və işdə olan digər sənədlərlə təsdiqlənir. Kollegiya, tələbin hüquqi əsaslarını nəzərdən keçirib, mübahisənin həlli ilə bağlı bildirir ki, Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 421.1-ci və 421.2-ci maddələrinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi, qanunverici tərəflərdən birinin tələbi əsasında müqavilənin ləğvini yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda məhkəmə qaydasında mümkün hesab etmişdir. Hazırda iddiaçılar, cavabdehin icarə müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyini bildirərək, müqavilənin ləğv edilməsini, müqavilənin bağlandığı xx.xx.2019-cu il tarixdən icarəçinin obyektdən çıxdığı xx.xx.2019-cu il tarixə kimi ödənilməmiş 4 aylıq icarə haqqı kimi 48.000 manatın və gecikdirilmiş hər təqvim günü üçün icarə haqqının 0,2%-i miqdarında cərimə məbləğinin ödənilməsini tələb edirlər. Məsələyə sübutetmə yükü aspektindən yanaşdıqda tələb olunan aylar üzrə icarə haqlarının ödənildiyini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Çünki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, X1rşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Baxılan işdə isə cavabdeh, iddiaçılarla icarə münasibətlərində olduqları 4 ayın icarə haqqını (48.000 manat) ödəməsini təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda, iddiaçılar, xx.xx.2019-cu il tarixdən müqavilənin ləğv edilməsini və ödənilməmiş icarə haqqlarını tələb etməkdə haqlıdırlar. Odur ki, birinci instansiya məhkəməsi, müqavilənin ləğvi və ödənilməmiş 48.000 manat icarə haqqının cavabdehdən tutulması hissəsində işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar müqavildə razılaşdırılmış cərimə məbləğini tələb etməkdə haqlı olsalar da, məhkəmənin bu hissədə iddianı tam təmin etmək barədə gəldiyi qənaət əsaslı olmamışdır. Belə ki, iddiaçılar, cavabdehdən 48.000 manat icarə haqqı ödənilən günədək hər gecikdirilən təqvim günü üçün 0,2% məbləğində cərimə hesablanaraq tutulmasını tələb edirlər. Kollegiya yuxarıdakı qənaətini nəzərə alaraq hesab edir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsi xx.xx.2019-cu il tarixdən ləğv edildiyi halda, ləğvetmənin baş verdiyi həmin tarixdən də tərəflərin müqavilədən irəli gələn hüquq və öhdəliklərinə xitam verilmiş olur. Dolayısı ilə, cavabdehin öhdəliyin icrasını gecikdirdiyi halda cərimə ödəmək öhdəliyi də həmin tarixdən xətm olunur. Təsadüfi deyildir ki,Mülki Məcəllənin 424.2-ci maddəsinə görə, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Belə olan halda, Kollegiya, hesab edir ki, cavabdehdən 4 ay ərzində icarə haqqının gecikdirildiyi hər təqvim günü üçün ümumi icarə haqqının 0,2 %-i həcmində cərimə hesablanaraq, cəmi 4320 manat (xx.xx.2019-xx.xx.2019-cu il tarixləri üzrə 12.000 x 02% x 30gün=720 manat; xx.xx.2019-xx.xx.2019-cu il tarxiləri üzrə 24.000 x 02% x 30 gün=1440 manat; xx.xx.2019-xx.xx.2019 tarixləri üzrə 36.000 x 0,2% x 30 gün=2160 manat) tutulmalıdır. Kollegiya, iddiaçıların hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqlarının olmaması barədə apellyasiya şikayətinin dəlillərini isə əsaslı saymır, ona görə ki, tərəflər arasında icarə münasibətlərinin yarandığı vaxt icarə obyektinin iddiaçıların mülkiyyətində olması işin mübahisəsiz halıdır. Belə olan halda, icarə münasibətlərinə xitam verildikdən sonra sözügedən daşınmaz əmlakın başqa şəxslərə özgəninkiləşdirilməsi hazırkı iddianın həlli baxmından əhəmiyyət kəsb etməməklə, iddiaçıların subyektiv hüququna da təsir etmir. Beləliklə, Kollegiya, qeyd olunanlara əsasən, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ödəniləcək cərimə məbləği hisəsində ləğv edilməli, həmin hissədə iddia qismən təmin olunaraq, cavabdehdən iddiaçıların xeyrinə 4320 manat məbləğində cərimə tutulmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-328/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi “əsas məbləğ ödənilən günədək hər gecikdirilən təqvim günü üçün 0,2% məbləğində cərimə məbləği hesablanmaqla tutulması” hissəsində ləğv olunsun və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin, iddia qismən təmin olunsun. Cavabdeh1 xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə kimi hesablanmaqla 4320 (dörd min üç yüz iyirmi) manat məbləğində cərimə tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar