Məhkəmə qərarları › İş №2(103)-6167/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6167/2025

26.01.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6167/2025 26.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh və digər şəxslərə qarşı iş üzrə (açar sözlər: əsl olmayan cavabdeh) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X4 cəlb edilməklə) əmlakdan çıxarılma tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)- 3847/2025 nömrəli qətnaməsindən cavahdeh X8 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* saylı çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən sahəsi 33,2 m2 olan qeyri-yaşayış binası İddiaçı adına xüsusi mülkiyyət hüquqi ilə xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsini qanunsuz olaraq zəbt edən Cavabdeh və qohumlarının əşyaları ilə birlikdə ünvandan çıxarılması, mülkiyyət hüquqlarının həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması, hüquqi yardım üçün vəkilə ödənilmiş 120 manat və dövlət rüsumu üçün ödənilmiş 100 manat, ümumilikdə 220 manatın Cavabdeh İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin № ******* nömrəli çıxarışına əsasən, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası İddiaçı mülkiyyətindədir. İddiaçı daimi olaraq Azərbaycan Respublikası xaricində, Rusiya Federasiyasında yaşayır. Sonuncu dəfə Azərbaycan Respublikasına gələn zaman ünvan 3 ünvanında yaşayan Cavabdeh və qohumları tərəfindən İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasını qanunsuz olaraq zəbt edilməsinin şahidi olmuşdur. Dəfələrlə iddiaçı Cavabdeh və qohumlarına ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxması ilə bağlı xəbərdarlıq etməsinə baxmayaraq, Cavabdeh və qohumları sözügedən qeyriyaşayış sahəsindən çıxmamışdır. Cavabdeh və qohumları tərəfindən İddiaçı mülkiyyətində olan əmlakın zəbt olunması iddiaçının mülkiyyət hüquqlarını kobud surətdə pozur, mülkiyyət hüququnun həyata keçirilməsinə maneə yaradır. Bu səbəbdən iddiaçı aidiyyəti üzrə ərazi polisinə müraciət etmiş və ona bu məsələnin mülki qaydada həll olunmalı olduğu bildirilmişdir. İş materiallarından göründüyü kimi İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh və qohumları tərəfindən qanunsuz olaraq zəbt edildiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdehin və qohumlarının özbaşına hərəkətlərinə son qoyulmalı, sözügedən qeyriyaşayış sahəsi onların qanunsuz istifadəsindən alınaraq iddiaçının istifadəsinə qaytarılmalıdır. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsini qanunsuz olaraq zəbt edən Cavabdeh və digər şəxslərin əşyaları ilə birlikdə ünvandan çıxarılması, mülkiyyət hüquqlarının həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması, hüquqi yardım üçün vəkilə ödənilmiş 120 manat və dövlət rüsumu üçün ödənilmiş 100 manat, ümumilikdə 220 manatın Cavabdeh İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil ilk iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etməyərək, onun təmin edilməməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-3847/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilərək mülkiyyət hüquqlarına yaradılan maneə aradan qaldırılmaqla Cavabdeh və digər şəxslərin İddiaçı məxsus ünvan 1-dən öz əşyaları ilə birlikdə çıxarılmaları və həmin mənzilin İddiaçı təhvil verilməsi, Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 100 manatın və hüquqi xidmətə görə vəkilə ödənilmiş 120 manat xərcin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ünvan 1 tikilisinin mülkiyyətçisi olmaqla həmin əmlak barəsində istifadə, sahiblik və sərəncam vermək hüququna malikdir və eyni zamanda həmin əmlakın özgəsinin qanunsuz sahibliyindən geri tələb etmək barədə mülkiyyətinin müdafiəsi barədə hüquqa malikdir. İş üzrə cavabdehin həmin daşınmaz əmlaka dair hər-hansı hüquqmüəyyənedici sənədləri olmadığından məhkəmə hesab edir ki, iddiaçı, mülkiyyətçi olmaqla həmin daşınmaz əmlakdan cavabdehin və digər şəxslərin çıxarılmasını tələb etməkdə haqlıdır. Odur ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4 və 157.2-ci maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Marks Belçikaya qarşı» işinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-3847/2025 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsini qanunsuz olaraq zəbt etmək barədə cavabdeh və qohumlarının əşyaları ilə birlikdə ünvandan çıxarılmaları, həmçinin hüquqi yardım üçün vəkilə ödənilmiş 120 manat və dövlət rüsumu üçün ödənilmiş 100 manat, ümumilikdə 220 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası Daşınmaz Əmlakın Dövlət Reyestr və Kadastr Xidmətinin çıxarışı ilə ona məxsusdur. Lakin o daimi xaricdə (Rusiya Federasiyasında) yaşayır və sonuncu dəfə o, Azərbaycan Respublikasına gələn zaman ünvan 3 ünvanında yaşayan cavabdehin (Cavabdeh) və onun qohumları tərəfindən İddiaçı mülkiyyətində olan qeyri-yaşayış binasını qanunsuz olaraq zəbt edildiyinin şahidi olmuşdur. Guya cavabdehə qeyri-yaşayış sahəsindən çıxmağı barədə dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq cavabdeh və qohumları oradan çıxmamışdır. Cavabdeh bildirir ki, o, ünvan 3 ünvanında yaşayır və sözü gedən qeyri-yaşayış sahəsindən istifadə etmir, ümumiyyətlə həmin qeyri-yaşayış sahəsi ilə əlaqəsi yoxdur. İddiaçı cavabdeh qismində onu və qohumlarını cəlb etməklə yanlışlığa yol vermişdir. Birinci instansiya məhkəməsi bunu nəzərə almayaraq işin faktiki hallarını tam araşdırmamış və əsassız qətnamə qəbul etmişdir. Belə ki, cavabdeh və onu qohumları həmin qeyri-yaşayış binasından istifadə etməmişdir. Məhkəmə buna diqqət etmədən yalnız iddiaçının həmin qeyri-yaşayış binasına dair çıxarışını əsas gətirərək həmin binaya dair mülkiyyət hüquqularını tanımış və ondan qanunsuz istifadəyə dair pozulmuş hüquqularını bərpa etməsinə yönəlmiş qətnamə qəbul edərək iddiasını təmin etmişdir. Eyni zamanda cavabdeh bildirir ki, həmin qeyri-yaşayış binası 10 ildən artıqdır ki, qonşusu Əlyar adlı şəxsin istfadəsindədir və Əlyar həmin qeyri-yaşayış binasına illərdir xərc çəkərək oranı təmir etdirmiş və oradan istifadə etmişdir. Cavabdeh hesab edir ki, iş üzrə məhkəmə cavabdehi əsl cavabdehlə əvəz etməli və sonra qətnamə qəbul etməli idi. Xüsusi ilə bildirir ki, bildiyi qədəri ilə həmin qeyri-yaşayış binasını icarə əsasında Talıb istifadə etmişdir. Lakin, Talıb icarə pulunu ödəyə bilməmiş və Talıbın atası Əlibala həmin icarə pulunun ödənilməsini və ümumilikdə həmin qeyri-yaşayış binasının alınması üçün ödənişin Əlyar adlı şəxs tərəfindən həyat keçirilməsini təklif etmişdir. Bunun müqabilində həmin əmlakı gələcəkdə satılaraq ikisinin arasında qazanc əldə edəcəklərini bildirmişdir. Həmin qeyri-yaşayış binasının alınması üçün pulu Əlyar adlı şəxs ödəmiş və əmlakla bağlı icarə müqaviləsi İddiaçı adına olduğuna görə əmlak onun adına özəlləşdirilmişdir. Həmin vaxtdan qeyri-yaşayış binasından Əlyar istifadə etmiş onun təmir və digər xərcləri Əlyar tərəfindən ödənilmişdir. Hal-hazırda Əlibala dünyasını dəyişdiyinə görə oğlu Talıb əsassız olaraq həmin qeyri-yaşayış binasının boşaldılmasını tələb edir. Cavabdehə bu məlumatlar onun sahə müvvəkili tərəfindən iddiaçı tərəfindən verilən şikayət əsasında şahid kimi dindirilərkən məlum olmuşdur. Ona görə də apellyasiya şikayətinin təmin edilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-cü il tarixli, e-2(006)-3847/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz məhkəməyə təqdim olunmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh X6 apellyasiya şikayətini müdafiə edib izahatında göstərmişdir ki, onun qonşusu İddiaçı 25 ildir ki, Moskva şəhərində yaşadığı üçün onunla hər-hansı ünsiyyətləri olmamışdır. Uzun müddət keçməsinə baxmayaraq İddiaçı dəqiqləşdirmə aparmadan ünvan 4 ünvanında yerləşən evi satmaq istədiyini əsas götürərək həmin ərazidən çıxması ilə bağlı ona qarşı iddia qaldırmışdır. Qeyd edilən əraziyə onun heç bir aidiyyəti yoxdur, həmin sahənin açarları da onda deyildir. Mübahisəli yer qeyri-yaşayış sahəsidir və ora qaraj kimi bir yerdir. Qarajla onun yaşadığı ev arasında məsafə yaxın olmaqla bitişikdir. Hal-hazırda həmin qarajdan istifadə edilmir, sadəcə X7 oradan bəzən avtomobilini saxlaması üçün istifadə etmişdir. Onların istifadəsində avtomobilləri yoxdur, oğlu isə Bakı şəhəri, Binəqədi rayonu üzrə ərazidə yaşayır. Həmin ərazidə 48 nömrəli Mənzil Kommunal İstismar Sahəsi vardır. Qaraja görə bütün ödənişləri Əli Qasımov ödəmişdir. İddiaçı həmin əraziyə heç vaxt gəlməmişdir. İddiaçı Əli Qasımovla aralarında olan təklif qeyd edilən həmin ərazinin özəlləşdirilməsi, bələdiyyə və digər bütün xərclərini qarşılamasını, daha sonra isə həmin ərazini satıb aralarında böləcəkləri məzmunda olmuşdur. İddiaçı Əliyara həmin sahəni tikib hazırlamağı, sonra isə bir yerdə satmağı bildirmişdir. Bir daha məhkəmənin nəzərinə çatdırır ki, adı çəkilən əraziyə onun heç bir aidiyyəti yoxdur, İddiaçı iddiasını düzgün cavabdeh qarşı qaldırmadığı üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-3847/2025 saylı qətnaməsinin ləğv edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayəti ilə razılaşmayaraq izahatında göstərmişdir ki, İddiaçı Rusiya Federasiyasında yaşayır və Azərbaycan Respublikasına gedib-gəlir. İddiaçı ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin boşaldılması üçün həmin ərazidə yaşayan cavabdehlə danışmış, lakin sonuncu tərəfindən ərazi boşaldılmadığı üçün qeyd edilən məsələ ilə bağlı İddiaçı məhkəmədə iddia qaldırmışdır. Açarlar cavabdeh şəxsdə olduğu üçün İddiaçı həmin əraziyə daxil ola bilməmişdir. Həmin sahədən avtomobilin saxlanılması üçün istifadə edilmir, əsasən orada əşyalar saxlanılır. İddiaçı iddiasına birinci instansiya məhkəməsində baxılarkən cavabdeh tərəf Əliyeva X5 Əlinin adını və apellyasiya şikayətinə qeyd etdiklərini bildirməmişdir. Əgər belə bir halın olduğunu birinci instansiya məhkəməsi zamanı izahatında göstərsəydi qeyd edilən məsələnin araşdırılması üçün sorğunun verilməsi və ya Əli Qasımovun da məhkəmə prosesinə cəlb edilməsi barədə tərəfindən vəsatət qaldırılardı. Belə ki, birinci instansiya məhkəməsində cavabdeh həmin sahənin kimə məxsus olmasını bilmədiyini qeyd etmişdir. Həmin sahənin faktiki kimin istifadəsində olması ilə bağlı polis idarəsinə müraciət etmiş, lakin sadəcə məktub verilmişdir. İddia ərizəsində digər cavabdehlərin adlarını gələcəkdə məhkəmə qətnaməsinin icrasında çətinlik yaşanmaması üçün qeyd etmişlər. Cavabdeh Fərux Əliyevin yaşadığı ev mübahisə predmeti olan həmin sahəyə bitişikdir və sonuncu məsələ ilə bağlı polis idarəsində də izahat vermişdir. Cavabdeh apellyasiya şikayəti və məhkəmə iclasında qeyd etdiklərindən sonra onlara məlum olmuşdur ki, İddiaçı iddiası üzrə cavabdeh tərəf X4 olmalıdır. Ona görə də Cavabdeh əsl cavabdeh X4 ilə əvəz edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X4 izahatında göstərmişdir ki, o, İddiaçı tanıyır. Mübahisə olunan qeyri-yaşayış sahəsi ünvan 5 ünvanında, yəni onun yaşadığı evin altında yerləşir. Həmin qeyri-yaşayış sahəsi İddiaçı tərəfindən Əmlak Komitəsindən icarəyə götürülmüş, 3- 4 il icarə haqqı ödənilməmişdir. O, həmin sahəni özəlləşdirmək istəyərkən birinci İddiaçı həmin sahəni özəlləşdirmək hüququnun olması ona deyilmişdir. Talıbın maddi imkanı olmadığından o, Talıb, onun atası Şirinov Əlibala birlikdə məsləhətləşib ödənişin və bütün xərclərin onun tərəfindən ediləcəyi, sonra həmin sahəni satıb əldə ediləcək pulu aralarında böləcəkləri barədə razılaşmışlar. Bundan sonra o, icarə borclarını, özəlləşdirilmə xərclərini ödəmiş, sahəni təmizləyib təmir etmişdir. Həmin sahədə yalnız ona məxsus olan əşyalar yerləşir Cavabdeh aid hər hansı bir əşya həmin sahədə yoxdur. O, İddiaçıla danışsa da, iddiaçı onunla razılaşmamış, bundan sonra o, çəkdiyi xərcin geri qaytarılmasını tələb etmişdir. Artıq 20 ildir ki, həmin qeyri-yaşayış sahəsi onun sahibliyində və istifadəsindədir. Hazırkı mərhələdə o, əsl cavabdeh olaraq əvəz edilməsi ilə razı deyildir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 49.1. Öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Maddə 51.3. Başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Maddə 54.4. Əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia təmin edildiyindən, apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən qətnamənin əsaslığı bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia əsl cavabdehə qarşı verilmədiyindən rədd edilməlidir. Kollegiya ilk növbədə qeyd edir ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin. Məhkəmə kollegiyası vurğulayır ki, işin düzgün həlli üçün tərəflərin iddia və etirazlarını aidiyyəti maddi və prosessual hüquq normaları əsasında yoxlamadan və onlara əsaslandırılmış şəkildə qiymət vermədən, sadəcə bəzi qanunvericilik normalarını sadalayaraq, səthi və formal mülahizələrlə iddianın həlli barədə qənaəti əks etdirən qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir. Bu qaydalara riayət edilməməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən, hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun, habelə İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət edir. Hazırkı iş üzrə tədqiq olunan sübutlardan müəyyən olunur ki, iddiaçı cavahdehdən və şəxsiyyəti məlum olmayan şəxslərdən mülkiyyətində olan qeyri-yaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsini tələb edir. Kollegiya qeyd edir ki, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. İddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; iddiaçı tərəfindən göstərilməlidir. (MPM-in 149.1.,149.2.) Hazırkı mülki işdən müəyyən olunur ki, birinci instansiya məhkəməsi iddia ərizəsini icraatına qəbul edərkən iddiaçı tərəfindən iddia ərizəsinin forma və məzmununa əməl edilməsini kifayət qədər yoxlamamış, qeyri-müəyyən şəxslərə qarşı yönələn iddia tələbi olan iddia ərizəsini icraata qəbul etmiş, daha sonra qeyri-müəyyən şəxslərə qarşı iddia tələbini təmin etməklə icrası mümkün olmayan məhkəmə aktı qəbul etmişdir. Baxmayaraq ki, iddia ərizəsinin məhkəmə icraatı iddiaçı tərəfindən MPM tələblərinə riayət edilməklə verildikdə mümkündür. Zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. (MPM-in 151.1.,151.2.-ci mad.) Bundan başqa mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək hüququna malikdir. Bu hüquqa qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə belə mülkiyyətçi qəsd edən şəxsdən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə qəsd edən şəxsdən tələb edə bilər. Bununla yanaşı mülkiyyətçi olmaq və ya mülkiyyətçi olan iddiaçı iddia tələbində istinad etdiyi halları sübut etmək vəzifəsindən azad deyildir. Birinci instansiya məhkəməsi hazrıkı mülki işə baxarkən iddiaçının tələbləri üzrə hər hansı bir araşdırma aparmamış, cavabdehin iddia tələblərinə qarşı etirazının dəlillərinə əhəmiyyət verməmiş, qeyri-yaşayış sahəsinə tərəflərin iştirakı ilə baxış keçirməmiş, həmin sahənin həqiqətən cavabdehin qanunsuz sahibliyində, istifadəsində olubolmamasını, həmin sahədə kimə məxsus və hansı əşyaların olmasını, iddia ərizəsində qeyd olunan digər şəxslərin (qohumların) kimlər olmasını müəyyən etmədən, yalnız iddiaçının mülkiyyət hüququnu təsdiq edən sənədə istinad etməklə iddia tələblərini tam həcmdə təmin etmişdir. Apellyasiya instansiyası məhkəməsində aparılan araşdırma zamanı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş Ə.Ə.Qasımovun izahatı və Məhkəmə kollegiyasının tərəflərin iştirakı ilə qeyri-yaşayış sahəsinə keçirilən yerli baxış zamanı müəyyən olunmuşdur ki, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsi faktiki olaraq Ə.Ə.Qasımovun istifadəsindədir, həmin sahədə olan bütün əşyalar sonuncuya məxsusdur. Cavabdeh həmin sahəyə heç bir aidiyyatı yoxdur, ona məxsus həmin sahədə hər hansı bir əşya mövcud deyildir. Kollegiya qeyd edir ki, MPM-nin 50.3-cü maddəsinə görə iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Mülki dövriyyə iştirakçılarının subyektiv hüquq və vəzifələri qarşılıqlı münasibətlər əsasında yaranır. Hər bir halda iddiaçı ilə cavabdeh arasında hüquq münasibəti olmalıdır. Mülki proses iddiaçı ilə cavabdehin toqquşan hüquqlarının araşdırılması üzərində qurulur və onların qanuni hüquq və mənafelərinin təsdiq edilməsinə xidmət edir. Buna görə də məhkəmə işə baxılarkən, mühakimənin doğru istiqamətdə getməsini təmin etmək üçün, ilk növbədə iddiaçı və cavabdehin müvafiq prosessual statusda tanınması üçün zəruri şərtlərin mövcudluğunu müəyyən etməlidir. Məhz buna görə də MPM-nin 167.1.4-cü maddəsində deyilir ki, hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında birgə cavabdehlərin və birgə iddiaçıların və ya üçüncü şəxslərin işə daxil olması məsələsini, habelə əsl olmayan tərəfin əvəz edilməsi məsələsini həll edir. Tərəflərin əsl tərəf olması məsələsi məhkəmə tərəfindən onların arasında yaranmış mübahisənin maddi-hüquqi əsasını təşkil edən hüquq normasının təhlili əsasında həll olunur. Əgər cavabdeh qanuna əsasən irəli sürülmüş tələbə cavab verməli olan şəxs deyildirsə, məhkəmə MPM-nin 54.1ci maddəsinə əsasən işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cavabdehi əsl cavabdeh ilə əvəz edə bilər. Hazırkı işdə birinci instansiya məhkəməsi cavabdehin iddia tələbinə cavab verməli şəxs olmaması əsası ilə iddianı rədd etməli olduğu halda iddiaçının təqdim etdiyi mülkiyyət hüququnu təsdiq edən sübut əsasında hər hansı bir araşdırma aparmadan iddia tələblərini təmin etmişdir. Kollegiya qeyd edir ki, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Qeyd edilən proessual normanın mahiyyətindən və həmin fəslin sistematik təhlilindən də görünür ki, həmin normada nəzərdə tutulmuş qaydalar ancaq birinci instansiyada işə baxan məhkəmələrdə aparılan icraat zamanı tətbiq oluna bilər və iddiaçı da ona verilən bu hüquqdan (özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razılıq verməsi) birinci instansiya məhkəməsində istifadə etməlidir. Əks yanaşma, yəni iddiaçının bu hüququndan apellyasiya instansiyasında da istifadə etməsi əsl olan iddiaçının və ya cavabdehin məhkəmə müdafiəsinə olan hüquqlarının (üçpilləli məhkəmə sistemində birinci instansiya məhkəməsində iştirak etmək hüququndan məhrum edilməsi) məhdudlaşdırılması olmaqla yanaşı, həm də Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində təsbit olunmuş - hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipinə də zidd olardı. İstinad olunanlara əsasən, kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinin hazırkı mərhələdə tətbiqi yolverilməzdir. Ona görə də iddiaçının nümayəndəsinin (vəkilinin) bu barədə vəsatəti təmin edilmir. Göstərilənlərə əsasən, Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsl olmayan cavabdehə qarşı irəli sürüldüyündən, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-3847/2025 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyriyaşayış sahəsini qanunsuz olaraq zəbt edən Cavabdeh və digər şəxslərin əşyaları ilə birlikdə ünvandan çıxarılması, mülkiyyət hüquqlarının həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması, hüquqi yardım üçün vəkilə ödənilmiş 120 manat və dövlət rüsumu üçün ödənilmiş 100 manat olmaqla, ümumilikdə 220 manatın Cavabdeh İddiaçı xeyrinə tutlmasına dair iddia tələbləri təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar