Məhkəmə qərarları › İş №2(103)-617/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-617/2022

12.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-617/2022 12.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, cavabdehin nümayəndəsi (vəkili) Vəkil və 3-cü şəxsin nümayəndəsi X4 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı («Aqrar Kredit" QSC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb olunmaqla) “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1 659 241,67 manat borcun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Novruzova, iş № 2(005)-1360/21) iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, MMC ilə Cavabdeh arasında 2018-ci ilin sentyabr ayında onun "xxxx" QSC-yə olan 1659241,67 manat kredit borcunun MMC-nin üzərinə ötürülməsi və gələcəkdə tərəfindən ödənilməsinə və ödənilən kredit borcunun ödəndikdən sonra bir il ərzində onlara geri ödənməsinə dair razılığa gəlmişlər. Belə ki, həmin vaxt artıq "xxxx" QSC-nin Cavabdeh qarşı qarşı borcun tutulması və tutmanın girov qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair iş üzrə Nərimanov Rayon Məhkəməsinin qətnaməsi mövcud idi və hər iki tərəfin verdiyi apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsində baxılırdı. Bundan sonra İddiaçı MMC və cavabdeh borcun MMC-nin üzərinə ötürülməsinə dair ərizə ilə "xxxx" QSC-nin rəhbərliyinə müraciət etmiş və müsbət cavab alandan sonra 01 oktyabr 2018-ci ildə borcun ötürülməsi və qəbul edilməsinə dair müqavilə imzalamışlar. Bundan əlavə həmin gün aralarında borcun ötürülməsi, ödənməsi, ödənmiş borcun gələcəkdə geri ödənməsi və təminat kimi girov qoyulacaq daşınmaz əmlak barədə ilkin razılaşma imzalanmış və 12 oktyabr 2018-ci ildə həmin razılaşma Öhdəlik Müqaviləsi kimi notarial qaydada təsdiq edilmişdir. Qeyd edilən sənədləşmə işlərinə, borcun ötürülməsinə, İddiaçı MMC tərəfindən ödənməsinə və əmlakın gələcəkdə girov qoyulmasına dair cavabdehin həyat yoldaşı X3 da yazılı ərizə ilə öz razılığını bildirmişdir. Bundan sonra borc İddiaçı MMC-nin üzərinə ötürüldüyündən "xxxx" QSC və Hüseynova X2 Rayon Məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayətindən imtina etmişlər. İddiaçı MMC öhdəlik müqaviləsi ilə üzərinə düşən öhdəlikləri tam olaraq icra etmiş və cavabdeh X1 "xxxx" QSC-yə olan 1659241,67 manat kredit borunu öz üzərinə götürərək tam olaraq ödəmişdir. Lakin cavabdeh həmin müqavilənin 2.3.1-ci ("xxxx" QSC-yə ödənilmiş 1 657 491.67 manat borcu, QSC-yə ödənildiyi tarixdən bir il ərzində bizə ödəmək) və 2.3.2-ci ("xxxx" QSC-yə ödənilmiş 1 657 491.67 manat borcu ödədikdən sonra borcun etirafı müqaviləsini imzalamaq və AR ƏMDK-nin yanında DƏDRX-i tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA 001925 saylı 09.12.2009-cu il tarixli Çıxarışa əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 810 kv.m. ibarət qeyri yaşayış kompleksini borc ödənilənədək bizim xeyrimizə yüklü etmək) öhdəliyini icra etmir və ona 06 dekabr 2020-ci ildə pretenziya məktubu ünvanlamağımıza baxmayaraq bu günədək icrasından boyun qaçırır. Beləliklə aydın olur ki, cavabdeh iki ildən çoxdur ki, borcun ödənməsindən boyun qaçırır və bununla müqavilənin, qanunvericiliyin müddəalarını və İddiaçı MMC-nin hüquqlarını kobud şəkildə pozur. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı onun "xxxx" QSC-yə olan borcunu ödəməyi öhdəsinə götürsə də, məhkəməyə təqdim olunan sənədlərdən göründüyü kimi iddiaçı borcu pul formasında ödəməmiş, borcun əvəzində daşınmaz əmlak təqdim edərək borcu əvəzləşdirmişdir. Digər tərəfdən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-401/2017 saylı qətnaməsi ilə onun "xxxx" QSCyə ******* manat məbləğində borcu olması müəyyən olunsa da, eyni borca görə hazırkı iş üzrə iddiaçıya 1659241,67 manat məbləğində pul ödənilməsi qət edilmişdir. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə və 3-cü şəxsin nümayəndəsi V.Babayev apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 19 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, "xxxx" QSC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərini lazımınca yerinə yetirmədiyinə görə aralarında kredit borcunun ödənilməsi tələbinə dair məhkəmə mübahisəsi olmuşdur. Birinci instansiya məhkəməsi həmin işdə iddianı qismən təmin etsə də, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən tərəflər razılığa gələrək apellyasiya şikayətindən imtina etmiş və nəticədə apellyasiya icraatına xitam verilmişdir. Elə həmin vaxt İddiaçı MMC və Cavabdeh borcun MMC-nin üzərinə ötürülməsinə dair ərizə ilə "xxxx" QSC-nin rəhbərliyinə müraciət etmişdir. 01.10.2018-ci il tarixli borcun ötürülməsinə dair ilkin müqavilə əsasında İddiaçı MMC Cavabdeh "xxxx" QSC-yə olan 1659241,67 manat kreditini öz üzərinə götürmüş, Cavabdeh isə 1 il ərzində qeyd edilən məbləği İddiaçı MMC-yə geri ödəməyə dair öz üzərinə öhdəlik götürmüşdür. İddiaçı məhz həmin müqaviləyə əsaslanaraq müqavilə üzrə öhdəliyin cavabdeh tərəfindən yerinə yetirilmədiyini bildirmiş və hazırkı iddianı qaldırmışdır. İddiaçının tələbi cavabdehdən 1 659 241,67 manat borc məbləğinin tutulması barədədir. Birinci instansiya məhkəməsi tərəflər arasında müqavilə öhdəliyinin olmasını və cavabdeh tərəfindən bu öhdəliyin yerinə yetirilmədiyini nəzərə alaraq, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 425, 427-ci və s. maddələrini rəhbər tutaraq iddianı əsaslı saymış və təmin etmişdir. Cavabdehin apellyasiya şikayəti əsas iki dəlil üzərində qurulmuşdur: - iddiaçı borcu pul formasında ödəməmiş, borcun əvəzində daşınmaz əmlak təqdim edərək borcu əvəzləşdirmişdir; - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 dekabr 2017-ci il tarixli 2(005)- 401/17 saylı qətnaməsi ilə onun "xxxx" QSC-yə 1 620 325 manat məbləğində borcu olması müəyyən olunsa da, eyni borca görə hazırkı işdə ondan iddiaçının xeyrinə 1 659 241,67 manat məbləğində pulun tutulması qət edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə cavabdehin "xxxx" QSC-yə borcu olması, bu borcun ödənilməsini İddiaçı MMC-nin müqavilə əsasında öz üzərinə görürməsi işin mübahisələndirilməyən hallarıdır. İddiaçının hazırkı tələbinin əsası müqavilə öhdəliyinə əməl edilməklə cavabdehin borcunun onun tərəfindən ödənilməsi, lakin cavabdehin həmin müqavilə ilə üzərinə götürdüyü ödəliyi icra etməyərək ödənilmiş məbləği ona qaytarmamasıdır. "xxxx" QSC Cavabdeh borcunun İddiaçı MMC tərəfindən tam həcmdə ödənildiyini təsdiq edir. Məhkəmə kollegiyası hesab edir ki, belə olan vəziyyətdə borcun iddiaçı tərəfindən hansı üsulla - nəqd pul vəsaiti, yaxud naturada əmlakla əvəzləşdirilməklə ödənməsinin heç bir əhəmiyyəti yoxdur. Əhəmiyyəti olmuş olsa da, bu yalnız "xxxx" QSC-ni və İddiaçı MMC-ni maraqlandıra bilər. Yuxarıda qeyd olunduğu kimi, apellyasiya şikayətinin digər dəlili Nərimanov Rayon Məhkəməsinin 14 dekabr 2017-ci il tarixli qətnaməsi ilə onun "xxxx" QSC-yə borcunun 1 620 325 manat olmasına baxmayaraq eyni borca görə hazırkı işdə ondan iddiaçının xeyrinə 1 659 241,67 manat məbləğində pulun tutulması barədədir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilinini də əsassız sayır və qeyd edir ki, Nərimanov Rayon Məhkəməsinin 14 dekabr 2017-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh 1 500 000 manat əsas borc, 72825 manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş müddət üçün illik 5%lə 47500 manat faiz borcu olmaqla, cəmi 1 620 325 manat borcun tutulub iddiaçı "xxxx" QSC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən tərəflər apellyasiya şikayətləri versə də, son nəticədə tərəflər apellyasiya şikayətindən imtina etmiş, apellyasiya icraatına xitam verilmiş və bununla da birinci instansiya məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minmişdir. Apellyasiya icraatına xitam verilməsinin səbəbi tərəflərin razılığa gəlməsi və İddiaçı MMC-nin borcun ödənilməsini öz üzərinə götürməsi olmuşdur. Məhz bu məqsədlə İddiaçı MMC və Cavabdeh borcun MMC-nin üzərinə ötürülməsinə dair ərizə ilə "xxxx" QSC-nin rəhbərliyinə müraciət etmiş və 01.10.2018-ci il tarixdə onların arasında borcun ötürülməsinə dair ilkin müqavilə bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh "xxxx" QSC-yə olan 1 659 241,67 manat kredit borcunu ödəməyi öz üzərinə götürmüş, Cavabdeh isə 1 il ərzində qeyd edilən məbləği İddiaçı MMC-yə geri ödəməyə dair öz üzərinə öhdəlik götürmüşdür. Məhkəmə kollegiyası apellyasiya baxışı zamanı İddiaçı MMC tərəfindən "xxxx" QSCyə ödənilən vəsaitin konkret məbləğini dəqiqləşdirmək məqsədilə sonuncuya sorğu göndərmiş və "xxxx" QSC tərəfindən təqdim olunan sənədlər əsasında müəyyən olunmuşdur ki, İddiaçı MMC həqiqətən də 15.10.2018-ci il tarixdə Cavabdeh bankda olan borc hesabına 1 500 000 manat, 120 325 manat, 38916.67 manat olmaqla, cəmi 1 659 241,67 manat ödəniş etmişdir. Hesabdan çıxarış məlumatlarından göründüyü kimi, qətnamə ilə müəyyən edilmiş məbləğdən artıq ödənilən 38916.67 manat faiz borcu olmuşdur. İşin 11-ci vərəqində olan ərizədən görünür ki, Cavabdeh özü 1 659 241,67 manat borcu olduğunu qəbul edərək həmin borcun İddiaçı MMC-yə ötürülməsinə razılıq verilməsini "xxxx" QSC-dən xahiş etmiş və razılıq aldıqdan sonra İddiaçı MMC ilə borcun ötürülməsinə dair ilkin müqavilə bağlamışdır. 12.10.2018-ci ildə isə tərəflər arasında bağlanmış eyni məzmunlu öhdəlik müqaviləsi notariat qaydasında təsdiq olunmuşdur. Göründüyü kimi, İddiaçı MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra edərək Cavabdeh banka olan 1 659 241,67 manat borcunu ödəsə də, Cavabdeh həmin məbləğin bir il ərzində MMC-yə qaytarılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları, eləcə də apellyasiya şikayətinin dəlillərini sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətlərinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 19 avqust 2021-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar