Məhkəmə qərarları › İş №2(103)-6170/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6170/2020

16.09.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6170/2020 16.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi, İddiaçı nümayəndəsi və vəkili X7, Cavabdeh2 nümayəndəsi özü də cavabdeh olan Cavabdeh1, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili X2 iştirakları ilə, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(002)-308/2020 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, 11G saylı evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, cavabdehlər onun övladlarıdır. O, X21 ilə xx.xx.1978-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikah dövründə, yəni 1998-ci ildə həyat yoldaşı Ə.Abbasov Qaradağ rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün X12 adına verilmiş Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massivdə yerləşən 6 (altı) sot torpaq sahəsini pulunu verməklə satın almışdır. 1999-cu ildə həyat yoldaşı həmin torpaq sahəsində fərdi yaşayış evi tikərək onunla və uşaqları ilə birlikdə yaşamışdır. Belə ki, həyat yoldaşı Qaradağ rayonunda yerləşən qaz idarəsində işlədiyindən, Tərtər rayonunda qeydiyyatda olmalarına və tez-tez rayona gedib-gəlmələrinə baxmayaraq, həmin fərdi yaşayış evində o, həyat yoldaşı və ailə üzvləri ilə birgə yaşamışdır. Sonradan həmin torpaq sahəsinin və yaşayış evinin sənədləşdirilməsi məqsədilə Bakı şəhəri 39 saylı notariat kontorunda xx xxxxxx 2009-cu il tarixdə həyat yoldaşının adına X28 tərəfindən baş etibarnamə verilmişdir. Lakin həyat yoldaşı Ə.Abbasov xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. Həyat yoldaşının vəfatından sonra da həmin evdə övladları ilə birgə yaşamağa davam etmiş, onlara toy etmişdir. Həyat yoldaşı tərəfindən tikilmiş həmin yaşayış evi beş otaqlı olmuş, müəyyən vaxtlarda qızları Vüsalə və Kəmalə də orada yaşamışdır. 2018-ci ilin iyulayınadək həmin evdə yaşamışdır. 2018-ci ilin iyul ayında heç bir səbəb və əsas olmadan Cavabdeh2 onu evdən qovmuş və bir daha həmin ünvana buraxmamışdır. Sonuncu dəfə 2019-cu ilin oktyabr ayının 8-də qızları Abbasova Kəmalə və Abbasova Vüsalə ilə evə köçmək istəsə də, Cavabdeh2 buna imkan verməmiş və nəticədə aralarındaki mübahisə münaqişəyə çevrilmişdir. Bununla bağlı Qaradağ RPİ-nin 10-cu Polis Bölməsində araşdırma aparılmış, onu döydüklərinə görə Vüqarın həyat yoldaşının barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tədbir görülmüşdür. Digər Cavabdeh1 isə 2007ci ildən özünə ev almış və həmin vaxtdan sözügedən evdə yaşamamışdır. Məhkəmə prosesi zamanı ona məlum olmuşdur ki, oğlu Vüsal atası vəfat etdikdən sonra evi öz adına sənədləşdirmişdir. Halbuki, həmin evdə onun və digər övladlarının da payı vardır. Hazırda oğlu Vüsal digər oğlu Vüqar kimi onu mərhum həyat yoldaşı ilə nikahda olduğu dövrdə əldə etdikləri, daim yaşadığı və əşyalarının olduğu evə buraxmır. Hesab edir ki, cavabdehlərin bu hərəkətləri qanunsuzdur. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(002)-308/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, 11G saylı evə köçürülməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib,iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, hesab edirik ki, məhkəmənin qətnaməsi qanunsuz və əsassız olduğundan, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından ləğv edilməlidir. Məhkəmə işə baxarkən iddia tələbini uyğun iddiaçının ərizəsində göstərdiyi hüquqi əsaslara görə hansı hüquqlarının pozulub-pozulmamasınm əsaslarını müəyyən etməmiş, işin faktiki hallarına uyğun hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə gözlənilən hüquqa, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-54-cü maddələrinə istinad etmişdir. Halbuki, xx xxxxxxx 2009-cu il tarixinədək Azərbaycan Respublikasının Mənzil Məcəlləsi olmamışdır. Həmin vaxtda x xxxx 1982-ci tarixdən qüvvədə olan Azərbaycan SSR Mənzil Məcəlləsi qüvvədə olmuşdur. Məhkəmə iddiaçının mübahisəndilən hüquqa münasibətdə subyektiv hüququnun olub-olmamasını araşdırmamışdır. İş üzrə təqdim olunmuş sənədlərə əsasən məhkəmə dəyərləndirmə apararkən İddiaçı xx.xx.1978-ci il tarixdə X21 ilə rəsmi nikaha girməsinə, X17 Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 1389 saylı Sərəncamına əsasən ona fərdi ev tikmək üçün verilmiş Bakı şəhəri, Qaradağ rayonu, 2-ci yaşayış masivində yerləşən 0,06 ha torpaq sahəsi ilə bağlı bütün hüquqlarını və səlahiyyətlərini 50 (əlli) il müddətinə X13 etibar etməsinə, xx.xx.2009-cu il tarixdə X21 vəfat edənədək mübahisəndirilən evin birgə nikah dövründə tikilməsinə, xx.xx.2009-cu il tarixli, 083497 saylı etibarnamə ilə həmin sərəncama əsasən bütün hüquqların 50 (əlli) il müddətinə Cavabdeh1 etibar etməsinə, ******* saylı, xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən X12 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci Massiv, 11 G saylı evi Cavabdeh1 satmasına, 1998-ci ildən xx.xx.2019-cu il tarixədək cavabdehlərlə birgə yaşamasına istinad edərək iddianı təmin etmişdir. İşin mübahisə olunmayan hallarından göründüyü kimi, mübahisələndirilən ev şəxsi mülkiyyətdədir. İş üzrə göstərilən halda qanunun analogiyasının tətbiq edilməsi, nəinki qanunsuz və əsassız olmuşdur, mülkiyyətçi hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyasının iclasıda Cavabdeh2 nümayəndəsi və özü də cavabdeh olan Cavabdeh1 apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasıda cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili X5 apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili X18 apellyasiya şikayətini qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. Bu kontekstdə məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(002)-308/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilən X14 ifadəsində qeyd etmişdir ki, İddiaçı onun anası, cavabdehlər isə qardaşlarıdır. Atası Qaradağ rayonunda yerləşən qaz idarəsində işləmiş və 1998-ci ildə torpaq sahəsi almış və hazırda mübahisəli olan evi tikmişdir, 2009-cu ildə atası vəfat edəndə ev artıq beş otaqdan ibarət idi. O, 2003-cü ildən həmin evdə qardaşları və valideynləri ilə yaşayırdı, anası rayona tez-tez gedib gəlirdi. 2013-cü ildə o, ailə həyatı quraraq köçmüşdür. Bir müddət bacısı Kəmalə (2013-2015-ci illərdə) orada anası və qardaşı ilə birgə yaşamışdır. Əvvəllər ailə münasibətləri mehriban olmuşdur, lakin 2018-ci ildə qardaşı Vüqar öz həyat yoldaşı ilə anası İddiaçı döyüb atasından qalan evdən qovmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X15 ifadəsində qeyd etmişdir ki, İddiaçı onun anası, cavabdehlər isə qardaşlarıdır. Atası Qaradağ rayonunda yerləşən qaz idarəsində işləmiş və 1998-ci ildə torpaq sahəsi almış və hazırda mübahisəli olan evi tikmişdir, 2009-cu ildə atası vəfat edəndə ev artıq beş otaqdan ibarət idi. Həmin evdə əvvəllər atası, anası, bacısı Vüsalə və qardaşı Vüqar yaşamış, bacısı Vüsalə 2013-cü ildə həmin evdən gəlin köçmüşdür. Özü isə 2013-cü ildən 2017-ci ilə qədər daimi olaraq sözügedən evdə yaşamışdır. Qardaşı Vüsal həmin evdə daimi yaşamamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X29 ifadəsində qeyd etmişdir ki, iddiaçının mərhum həyat yoldaşı, Qaradağ rayonunda yerləşən qaz idarəsində işləmiş Ədalətin iş yoldaşı olmuşdur. İş yoldaşı kimi Ədalət ona Lökbatan qəsəbəsində ev tikdiyini bildirmişdir. Mübahisə predmeti olan evi ilk dəfə 2008-ci ildə görmüş və evi ona Ədalət özü göstərmişdir. O, 2009-cu ildə Ədalət rəhmətə gedəndə iş yoldaşları ilə birlikdə həmin evə baş sağlığı vermək üçün getmişdir. İş materiallarında olan xx.xx.2009-cu il tarixli, 077119 saylı etibarnamənin surətindən görünür ki, X4 rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 1389 saylı sərəncamına əsasən ona fərdi ev tikmək üçün verilmiş Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci yaşayış massivində yerləşən 0,06 ha torpaq sahəsi ilə bağlı bütün hüquqlarını və səlahiyyətlərini 50 (əlli) il müddətinə X13 etibar etmişdir. İş materiallarında olan Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 1389 saylı “Fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında” sərəncamının surətindən görünür ki, X17 fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsi, 2-ci yaşayış massivindən 600 kv.m torpaq sahəsinin ayrılıb verilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon Lökbatan Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 115 saylı arayışdan görünür ki, İddiaçı, X15, X14, X22, X30, X34 və Cavabdeh2 Lökbatan qəsəbəsi, 1-ci massiv, ev 1b ünvanında qeydiyyatsız yaşayırlar. İş materiallarında olan Tər-tər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 599 nömrəli arayışdan görünür ki, X21 ilə X16 arasında xx.xx.1978-ci il tarixdə rəsmi nikah bağlanmışdır, nikah bağlandıqdan sonra arvada Abbasova soyadı verilmişdir. İş materiallarında olan AZ-İ No 358391 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 xx xxxxx 2009-cu il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında xx xxxxx 2009-cu il tarixində 336 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan xx.xx.2009-cu il tarixli, 083497 saylı etibarnamənin surətindən görünür ki, X4 rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 1389 saylı sərəncamına əsasən ona fərdi ev tikmək üçün verilmiş Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci yaşayış massivində yerləşən 0,06 ha torpaq sahəsi ilə bağlı bütün hüquqlarını və səlahiyyətlərini 50 (əlli) il müddətinə Cavabdeh1 etibar etmişdir. İş materiallarında olan ******* saylı, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X28 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, 11G saylı evi Cavabdeh1 satmışdır. İş materiallarında olan çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, 11G saylı ev Cavabdeh1 xüsusi mülkiyyətindədir və bu barədə ********** nömrəsi ilə xx.xx.2019-cu il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, baş vermiş mübahisə zamanı X8 İddiaçı vuraraq sonuncunun sağlamlığına zərər vurmayan xəsarət yetirməsi Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin təsiri altına düşdüyündən qərarın surətinin Gülnar İlyasova barəsində inzibati qaydada tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(002)- 61/2016 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X6 cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı evə köçürülmə barədə iddiası təmin edilmişdir. Həmin qətnaməyə görə, məhkəmə müəyyən edilmişdir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də faktiki olaraq mövcuddur və cavabdehlər tərəfindən istifadə olunur. İş materiallarında olan Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Lökbatan qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 30 saylı arayışdan görünür ki, Cavabdeh2 Lökbatan qəsəbəsi, 2-ci massiv, ev 11G ünvanında həyat yoldaşı X19 ilə birlikdə qeydiyyatsız yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Tər-tər rayon İcra Hakimiyyəti Kəngərli kənd R.Əsgərov adına körpələr evi-uşaq bağçası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 01 saylı arayışdan görünür ki, İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.2015-ci il tarixə kimi Kəngərli kənd körpələr evi-uşaq bağçasında aşbaz işləmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli kirayə müqaviləsindən görünür ki, kirayəyə verən Cavabdeh1 ünvan 1 ünvanında yerləşən beş otaqlı fərdi yaşayış evinin üç otağını kirayəçi X1 vermişdir. İş materiallarında olan X9 (AZE 15672824), X20 (AZE 14141349), X23 (AZE 08287513), X3 (AZE 02515389) və X24 (AZE 15686626) tərəfindən imzalanmış xx.xx.2016-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, Lökbatan qəsəbəsi, massiv 1, 2a saylı evdə Cavabdeh1 və onun ailəsi yaşayır. Həm evə nəzarət, həm qış vaxtlarında rayonda şəraitin olmaması, həm də rayonda işin az olması ilə əlaqədar olaraq müvəqqəti, qeydiyyatsız Vüsalın qardaşı Vüqar, onun ailəsi, anası İddiaçı ara-sıra bu evə köçüb yaşayırdılar. Qonşuların gördüyü vaxtlarda Vüqarın həyat yoldaşı Dürdanə Abbasova qaynanası İddiaçı ilə yola getməmiş, dava-dalaş salmışdır. Beləliklə, tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, 11G ünvanında yerləşən yaşayış evi iddiaçı ilə birgə nikahda olduğu dövrdə həyat yoldaşı Ə.Abbasov tərəfindən 1999-cu ildə inşa edilmiş, tərəflər həmin evdə Ə.Abbasovun sağlığında və hətta onun vəfatından sonra birgə təsərrüfat aparmaqla yaşamışlar. Sənədləşmə aparılması məqsədilə Ə.Abbasova həmin evin yerləşdiyi torpaq sahəsinin ayrıldığı V.Paşayev tərəfindən xx.xx.2009-cu il tarixli etibarnamə verilmiş, lakin Ə.Abbasovun xx.xx.2009-cu il tarixdə vəfatından sonra mübahisəli ev cavabdeh A.Vüsal tərəfindən həmin V.Paşayevin verdiyi xx.xx.2009-cu il tarixli etibarnamə və sonuncu ilə bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə əsasında A.Vüsalın adına sənədləşdirilmişdir. İddiaçının həmin evdən 1999-cu ildən başlayaraq ailə üzvləri (övladları) olan cavabdehlərlə, o cümlədən xx.xx.2019-cu il tarixdə mülkiyyətçi olan A.Vüsalla birgə yaşayış üçün istifadə etməsi mübahisə doğurmur. Belə ki, tərəflərin izahatları, şahidlərin ifadələri, hətta cavabdeh tərəfin təqdim etdiyi sübutlar (o cümlədən Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(002)-61/2016 saylı qətnaməsi, xx.xx.2016-ci il tarixli akt) da bu faktı təsdiq edir. Göründüyü kimi, məhkəmə iclasında müəyyən edilmişdir ki, ev iddiaçının mərhum həyat yoldaşı ilə birgə nikahda olduğu dövrdə inşa edilmiş, o, uzun müddət əvvəl orada yaşamağa başlamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. MM-nin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Tərəflər arasında mübahisəli evdə yaşayışla bağlı hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Q.Teryoxinin şikayəti ilə əlaqədar xx.xx.2010-cu il tarixli Qərarına əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi, belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı iş üzrə xx xxxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilibedilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər (§ 124). Bundan əlavə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının öz övladları olan cavabdehlərlə birgə yaşayış hüququnu uzun müddət əvvəl təmin etdiyi mübahisəli evin 2019-cu ildə cavabdehlərdən birinin mülkiyyətinə keçməsi, onun evdən istifadə hüququnun itirilməsi kimi qiymətləndirilə bilməz. Həmçinin, nəzərə alınmalıdır ki, cavabdeh mülkiyyətçi iddiaçı olan anası ilə birgə yaşamağa razı olduğunu, lakin anasının A.Vüqarın ailəsi ilə münaqişə yaradacağına görə bunun mübahisəli evdə olmasına etiraz etdiyini qeyd etsə də, cavabdeh tərəfin təqdim etdiyi bəzi sübutlarda əks olunan hallar (o cümlədən qonşuların aktına görə münaqişənin əvvəlki gəlin tərəfindən yaradılması, kirayə müqaviləsinə görə beş otaqlı evin yalnız üç otağının qardaşı A.Vüqarın ailəsinə verilməsi, xx.xx.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara görə məsuliyyətə A.Vüqarın həyat yoldaşı G.İlyasovanın cəlb edilməsi) həmin etirazın əsaslı olduğuna şübhə yaradır. Belə ki, hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Eyni zamanda, MM-nin 158.3-cü maddəsinə əsasən, əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. MM-nin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. MM-nin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etməklə, tətbiq edilməli olan normaları düzgün tətbiq etmiş, iddianı təmin etməklə qanuni və əsaslı qərar qəbul etdiyindən, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərdən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsaslar olmamaqla maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunduğundan, apellyasiya şikayəti təmin edilmədən və iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(002)- 308/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar