Məhkəmə qərarları › İş №2(103)-6170/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6170/2021

15.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6170/2021 15.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-318/2021 saylı, 22 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın və mülkiyyətə dair qeydin ləğv edilməsi, iddiaçının mülkiyyət hüququnun bərpa edilməsi və sahənin iddiaçıya geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət ederək, özünəməxsus ünvan 1 ünvanında yerləşən 138,6 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin ½ hissəsinin alqı-satqısına dair cavabdehlə aralarında olan 13.08.2011-ci il tarixli müqavilənin etibarsız sayılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-318/2021 saylı, 22 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, həqiqətən də hazırkı məsələ ilə bağlı əvvəllər aralarında məhkəmə mübahisəsi olmuş, həmin mülki işə cavabdehlə bağladıqları barışıq sazişi təsdiq edilərək xitam verilmiş, həmin barışıq sazişinin bir hissəsi cavabdeh tərəfindən icra olunmuş, yəni ona həmin barışığa əsasən 150 min manat pul, bir də yeni tikilidə iki otaqlı mənzil verilmiş, qalan hissədə barışıq cavabdeh tərəfindən icra edilməmişdir. Belə ki, həmin barışıq sazişinə əsasən cavabdehin ona 150 min manat borcu qalmışdır. Ona görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır, bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh F.Yolçuyeva apellyasiya şikayəti ilə razılaşmayaraq qeyd etdi ki, hazırkı mübahisə ilə bağlı aralarında olan əvvəlki mülki iş barışıq sazişi təsdiq edilərək xitam olunmuşdur. Həmin barışıq sazişi üzrə o öhdəliyini tam yerinə yetirmişdir, pulun tam verilməsi işdə olan sənədlərlə təsdiq olunur. Rayon məhkəməsi səhvə yol verərək baxılmış işə yenidən baxmışdır. Bu səbəbdən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə münasibətdə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı özünəməxsus ünvan 1 ünvanında yerləşən 138,6 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin ½ hissəsinin alqısatqısına dair Cavabdeh ilə olan 13.08.2011-ci il tarixli alqı-satqı müqaviləsini pərdələnmiş əqd olması əsası ilə mübahisələndirmiş və həmin mülki iş üzrə icraata Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(005)-4734/2017 saylı, 14.07.2017-ci il tarixli qərardadı ilə tərəflərin aralarında bağladıqları barışıq sazişi təsdiq edilməklə xitam verilmişdir (i/v 46-48). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4734/2017 saylı, 14.07.2017ci il tarixli qərardadı ilə təsdiq edilmiş barışıq sazişinin şərtlərinə görə iddiaçılar İddiaçı və N.Məcidova “ünvan 1 ünvanında yerləşən 138,6 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin ½ hissəsinin alqı-satqısına dair Cavabdeh ilə olan 13.08.2011-ci il tarixli alqı-satqı müqaviləsinin ləğvi” barədə iddia tələblərindən Cavabdeh onlara 300 min manat pul verməsi və Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən "xxxx" MTK-nın inşa etdiyi 39 saylı binanın birinci blokundakı 6-cı mərtəbədəki 2 otaqlı mansardı (mənzili) onların adına rəsmiləşdirməsi müqabilində imtina edirlər. Kollegiya həmçinin qeyd edir ki, həmin barışıq sazişinin şərtlərinin icra olunduğu iş materiallarına əlavə edilmiş tərəflərin 25.12.2017-ci il tarixdə notarial qaydada təsdiqlənmiş ərizələrindən müəyyən olunur (i/v 45). Hazırkı iş üzrə İddiaçı Cavabdeh qarşı “ünvan 1 ünvanında yerləşən 138,6 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin ½ hissəsinin alqı-satqısına dair cavabdehlə aralarında olan 13.08.2011-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın və mülkiyyətə dair qeydin ləğv edilməsi, iddiaçının mülkiyyət hüququnun bərpa edilməsi və sahənin iddiaçıya geri qaytarılması» tələbinə dair iddia ərizəsi 06.03.2020-ci ildə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Kollegiya qeyd edir ki, həmin normaya (261.0.2) görə işin icraatına xitam aşağıdakı üç halın həm də eyni vaxtda mövcud olduğu halda mümkündür: - tərəflər eyni olduqda; - predmet eyni olduqda; - əsaslar eyni olduqda. Göstərilənlərə əsasən, kollegiya hesab edir ki, hazırkı iddia tələbi mahiyyət etibarı ilə əvvəlki iddia tələbi ilə, yəni “ünvan 1 ünvanında yerləşən 138,6 kv.m sahəsi olan qeyriyaşayış sahəsinin ½ hissəsinin alqı-satqısına dair Cavabdeh ilə olan 13.08.2011-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi, və çıxarışın ləğv edilməsi” tələbi ilə (Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4734/2017 saylı, 14.07.2017-ci il tarixli qərardadı) eyni əsaslara söykənən iddia olduğundan, MPM-in 261.0.2-ci maddəsinin təsiri altına düşür və bu səbəbdən qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Bununla da müəyyən olunur ki, rayon məhkəməsi hazırkı iddia ərizəsini MPM-in 153.2.2-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə qəbul etməkdən imtina etməli, icraata qəbul etdiyi halda isə MPM-in 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verməli olmasına baxmayaraq, prosessual qanunvericiliyin qeyd edilən tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məcəllənin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2020-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş) 09 iyul 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Kollegiya eyni zamanda qeyd edir ki, prosessual qanunvericiliyə edilmiş son dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-318/2021 saylı, 22 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar