Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6174/2021 18.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Qəhrəmanova Səadət Nizami qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil və Cavabdeh iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı yaşadığı və faktiki kirayəçisi olduğu ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh da öz növbəsində idddiaçı İddiaçı qarşı “mənzilə köçürülmə və maneələrin aradan qaldırılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinə köçürülməsi, həmin mənzildən istifadə hüququna ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən yaradılmış maneənin aradan qaldırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədova, iş № 2(007)-731/21) ilk iddia rədd edilmiş, qarşılıqlı iddia isə təmin olunaraq Cavabdeh ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinə köçürülməsi və həmin mənzildən istifadə hüququna İddiaçı tərəfindən yaradılmış maneənin aradan qaldırılması qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ilk iddianın təmin, qarşılıqlı iddianın rədd olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2000-ci ildə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacları olduğuna görə mərhum əri X1 dövlət tərəfindən 033062 nömrəli, 12 sentyabr 2000-ci il tarixli orderə əsasən Bakı şəhəri, Nizami rayonu 8 km, T.Abbasov küçəsindəki 43 saylı evin 25-ci iki otaqlı mənzili onların istifadəsinə verilmişdir. Orderdə onun və ərinin adı ilə yanaşı nəvəsi Cavabdeh adı da göstərilmişdir. 17 avqust 2003-cü ildə əri Cahid Bayramov vəfat etdikdən sonra mənzildə o, tək yaşamışdır. Cavabdeh mübahisəli mənzildə bir müddət onunla birgə qeydiyyatsız yaşasa da artıq 10 ildən çoxdur ki, orada yaşamır. Mübahisəli mənzil özəlləşdirilməmişdir və hazırda dövlət mənzil fonduna daxildir. Cavabdeh son vaxtlar mənzilə qeydiyyata düşmüşdür. Cavabdehin mübahisəli mənzildə yaşamadığını qonşular da təsdiq edə bilər. Cavabdeh mənzildən istifadə hüquqlarını itirmişdir, cavabdehin mənzində qeydiyyatda qalması onun hüquqlarını pozur. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı onun ana nənəsidir və hal-hazırda 80-dən artıq yaşı var. Mərhum babası X1 Qaradağ Rayon İcra Hakimiyyəti başçısının 08 sentyabr 2000-ci il tarixli 866 nömrəli sərəncamı ilə növbəlilik əsasında mənzil verilərkən himayədə olduğu nəzərə alınaraq o da babasının ailə tərkibinə daxil edilmiş, həmin sərəncamda və mənzilə dair verilmiş orderdə ailə üzvü kimi onun də adı əlavə olunmuşdur. Əks təqdirdə babasına bir otaqlı mənzil verilə bilərdi. Order verildikdən sonra babası ilə birlikdə o və nənəsi də həmin mənzilə köçərək yaşamağa başlamışlar. 2003-cü ildə babası qəfildən insult keçirərək dünyasını dəyişmişdir. Bundan sonra evin bütün ağırlığı onun üzərimə düşmüşdür. Mənzilin müəyyən yerlərini öz hesabına təmir də etdirmişdir. Babasının ölümündən sonra nə nənəsi ilə, nə də ki onunla sosial kirayə müqaviləsi bağlanılmamışdır. 2016-cı ildə o, həmin mənzilə pasport qeydiyyatına alınmışdır. Bundan sonra nənəsinin ona münasibəti kəskin dəyişmişdir. Nənəsinin ona və anasına qarşı çıxmasına səbəb xalası olmuşdur. Hər gün onlarla dava edərək, həmin mənzildə yaşamağa imkan verməmişdir. Keçən ilin sonlarından münasibətləri daha da kəskinləşmiş, onu ümumiyyətlə mənzilə buraxmamış, mənzilin açarını dəyişdirmişdir. Bununla əlaqədar ərazi polis məntəqəsinə də müraciət etmiş və ona mənzilə köçürülməklə bağlı məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Bu arada o, nənəsinin onun razılığı olmadan qanunsuz olaraq mənzili xalasının köməkliyi ilə özəlləşdirmək istədiyini bilmişdir. Bununla əlaqədar aidiyyəti qurumlara rəsmi qaydada müraciət edərək iştirakı və razılığı olmadan mənzilin özəlləşdirilməsinin qanunsuz olduğunu bildirmişdir. Həmin müraciətlərinə də verilmiş rəsmi cavab məktublarında da ona yazılı surətdə bildirilmişdir ki, onun razılığı olmadan bu özəlləşdirmə heç vaxt mümkün olmayacaqdır. Yalnız bundan sonra nənəsi (arxa planda xalam) əlacsız qalaraq hal-hazırki iddianı ona qarşı qaldırmışdır. Qeyd olunan mənzildə yaşamaq onun da haqqıdır. Həmin mənzilin icarədarları olaraq onların hüquqları bərabərdir, istifadə hüququ ola-ola o, niyə həmin mənzildə yaşamasın ki?! Nənəsinin onu mənzilə buraxmaması qanunsuzdur. Hesab edir ki, o, məhkəmə qaydasında mənzilə köçürülməlidir. Belə ki, onun istifadə hüququ order əsasında yaranmışdır. Bundan əlavə onun mənzildə qeydiyyatı formal xarekter daşımamışdır, faktiki olaraq həmin mənzildə yaşamışdır. Mənzilə pasport qeydiyyatına nənəsi ilə eyni ildə düşmüşlər. İşin hallarından müəyyən olunur ki, ünvan 1 ünvanı 12 sentyabr 2000-ci il tarixli 033062 nömrəli Order əsasında yaşaması və istifadəsi üçün X1 və onun ailə üzvləri olan arvadı İddiaçı və nəvəsi Cavabdeh verilmişdir. X2 17 avqust 2003-cü il tarixdə ölmüşdür. İddia tələbləri üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən işin tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin olunmaması və nəticədə maddi və prosessual hüquq normalarının tələblərinin pozulmuş olması ilə əsaslandırılmışdır. İlk iddia ilə eyni məzmunda əsaslandırılmış apellyasiya şikayətində həmçinin göstərilir ki, cavabdehin adının mübahisəli mənzilə verilən orderdə göstərilməsi və 28.10.2016-cı il tarixdə həmin mənzilin yaşayış sahəsinə pasport qeydiyyatına salınması onun yaşayış sahəsinə istifadə hüququnun əmələ gəlməsi üçün əsas vermir. Nizami Rayon Məhkəməsinin fikrinə görə, mübahisəli mənzilin orderi aldığı tarixdən, yəni 08.09.2000-ci il tarixdən cavabdehin Nizami rayonu, 8 km, T.Abbasov küç, ev 43, 25 nömrəli mənzilə köçüb bu günə kimi yaşamaması, mənzilin faktiki icarədar olan İddiaçı ilə müştərək qaydada 20 il ərzində ümumi təsərrüfat aparıb yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün vəzifələri yerinə yetirməməsi, mənzilə sahiblik göstərməməsi, mənzilə tələb olunan xərclərin aparılmaması Cavabdeh üçün həmin mənzilə 20 ildən sonra köçməyə hüquqi əsas yaradır. Halbuki, göstərilən hallar 20 il ərzində həmin mənzilə sahiblik edən iddiaçıya cavabdehə qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməsinə hüquqi əsaslar yaradır. İddiaçının nümayəndəsi (vəkili) məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Nizami Rayon Məhkəməsinin iş üzrə 18 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutlara əsasən müəyyən etmişdir ki, ünvan 1 ünvanı 12 sentyabr 2000-ci il tarixli 033062 nömrəli order əsasında yaşaması və istifadəsi üçün X1 və onun ailə üzvləri olan arvadı İddiaçı və nəvəsi Cavabdeh verilmişdir. X2 17 avqust 2003-cü il tarixdə ölmüşdür. Mənzil özəlləşdirilməmişdir, dövlət mənzil fonduna aiddir. Hazırda İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair ilkin iddia ərizəsi ilə, iddiaçı Cavabdeh isə cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə və maneələrin aradan qaldırılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Birinci instansiya məhkəməsi ilk iddianı əsassız sayaraq rədd etmiş, qarşılıqlı iddianı isə təmin etmişdir. Məhkəmə qeyd etmişdir ki, İddiaçı mənzilin mülkiyyətçisi deyildir. Həm o, həm də Cavabdeh mərhum Cahid Bayramovun ailə üzvü kimi orderə əsasən mənzilə köçmək hüququ olan və istifadə hüququ yaranan şəxslərdir. Onlar icarədarın ailə üzvləri olmaqla yaşayış sahəsinin icarə müqaviləsindən irəli fələn bütün hüquqlara malik olmuş və bütün vəzifələri daşımışlar. X3 vəfat etmişdir və tərəflərin mübahisəli mənzilin yaşayış sahəsinə olan hüquqları bərabərdir. Mübahisəli mənzilə orderin verildiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Məhkəmə daha sonra Mülki Məcəllənin 158-ci maddəsinə və “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına istinad edərək qeyd etmişdir ki, cavabdehin müvəqqəti olaraq mübahisəli mənzildə yaşamaması onun həmin mənzildən istifadə hüququnun itirilməsinə səbəb olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, həmin Məcəllənin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Apellyasiya şikayətində həmçinin bildirilir ki, cavabdehin adının mübahisəli mənzilə verilən orderdə göstərilməsi və 28.10.2016-cı il tarixdə həmin mənzilin yaşayış sahəsinə pasport qeydiyyatına salınması onun yaşayış sahəsinə istifadə hüququnun əmələ gəlməsi üçün əsas vermir. Cavabdeh həmin mənzilə 20 ildən sonra köçməyə hüquqi əsası yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh iddia tələbinin faktiki əsası mərhum babası Cahid Bayramovun adına verilmiş 12 sentyabr 2000-ci il tarixli orderdir. O, məhz həmin orderə istinad edərək yaşayış sahəsinə köçmək və ondan istifadə etmək hüququ olduğunu bildirir. Belə ki, orderdə iddiaçı ilə yanaşı onun da mənzilə köçmək və yaşamaq hüququ olduğu qeyd edilmişdir. Həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 48-ci maddəsinə görə order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Apellyasiya şikayətinin Cavabdeh mübahisəli mənzildə uzun müddət yaşamaması ilə bağlı dəlilinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, bu hal nə iş materialları ilə, nə də tərəflərin izahatları ilə birbaşa təsdiq olunmur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, lakin cavabdeh həmin iddiaya qarşı etirazını, eləcə də öz qarşılıqlı iddiasını əsaslandırdığı faktları sübuta yetirmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə bu mənada iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Məhkəmə kollegiyası qeyd olunanlarla yanaşı birinci instansiya məhkəməsinin iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmaması ilə bağlı qənaəti ilə razılaşmır, lakin bu hal məhkəmənin gəldiyi qanuni və əsaslı nəticəyə təsir etmədiyindən və işdə ilk iddianın əsassızlığını təsdiq edən kifayət qədər sübutlar olduğundan onu qətnamədən xaric etməklə kifayətlənir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsi icarədarla birlikdə yaşayan ailə üzvlərinin onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malik olduqlarını və bütün vəzifələri yerinə yetirməli olduqlarını təsbit etdiyindən İddiaçı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmuşdur. Məhkəmə kollegiyası işin tam, hərtərəfli və obyektiv araşdırılmaması, maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə bağlı dəlilləri də əsassız sayır və qeyd edir ki, işin halları məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış və işin müəyyən edilən hallarına uyğun gələn maddi hüquq normaları tətbiq olunmaqla mübahisəli hüquq münasibətinə düzgün hüquqi qiymət verilmişdir. Ona görə də qətnamə dəyişdirilmədən, apellyasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin iş üzrə 18 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-6174/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6174/2021
18.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver