Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6174/2025 26.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli süməyən 3-cü şəxs qismində cəlb edilməklə) cavabdehlər 30 nömrəli Uşaq Musiqi Məktəbinə və Bakı şəhəri Mədəniyyət Baş İdarəsinə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-6174/2025 (Açar sözlər: əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X4 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı, cavabdeh 30 nömrəli Uşaq Musiqi Məktəbinin nümayəndə-vəkili Vəkil2, digər cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı (Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli süməyən 3-cü şəxs qismində cəlb edilməklə) cavabdehlər 30 nömrəli Uşaq Musiqi Məktəbinə və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsinə qarşı “işə bərpa və məcburi buraxılmış iş günləri üçün əmək haqqı” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5429/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə 26 yanvar 2026-cı il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsi arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsi 02 aprel 2025-ci il tarixli 46 №-li əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilib. Əmək müqaviləsinin ləğv edilməsinə əsas cavabdeh Bakı şəhər 30 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya komissiyasının 12 mart 2025-ci il tarixli qərarı, qərarı əks etdirən attestasiya vərəqəsi və xx.xx.2025-ci il tarixli 3 nömrəli protokolu göstərilir. İddiaçı attestasiyanın qanunvericiliyin tələlərinə uyğun keçirilmədiyinə, himayəsində iki övladının olmasının nəzərə alınmadığına əsaslanaraq hazırkı tələblə çıxış edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh 30 nömrəli Uşaq Musiqi Məktəbinə və Bakı şəhəri Mədəniyyət Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02 aprel 2025-ci il tarixli, 46 №-li əmrin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri Mədəniyyət Baş İdarəsinin nəzdində olan 30 nömrəli Uşaq Musiqi Məktəbinin rəhbərliyi onun arasında xx.xx.2018-ci il tarixli əmək müqaviləsi bağlanmışdır, həmin müəssisəyə müəllim vəzifəsinə qəbul olunmuşdur. 30 nömrəli Uşaq Musiqi Məktəbinin rəhbərliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 46 nömrəli əmr əsasında onunla həmin müəssisə arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Onun işdən azad edilməsinə dair cavabdeh tərəfindən əmr verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinin tələbləri pozulmuşdur. O, əmrlə razılaşmamış və xx.xx.2025 il tarixdə cavabdeh təşkilata qanunvericiliyə müvafiq olaraq təkilf göndərmiş və cavab almadığından xx.xx.2025 il tarixdə isə 16 saylı Mediasiya təşkilatına müracət etmişdir.xx.xx.2025 tarixdə keçirilmiş mediasiya içlasında cavabdeh təşkilat iştirak etmədiyindən məcbur olub hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
4. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müaciət edərək, attestasiya komissiyasının 12 mart 2025-ci il tarixli qərarı və İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi 30 saylı Uşaq Musiqi Məktəbinin 02 aprel 2025-ci il tarixli, 46 nömrəli əmri ləğv edilməsi, İddiaçı 30 saylı Uşaq Musiqi Məktəbində müəllim vəzifəsinə bərpa edilməsi və ona məcburi iş buraxmaya görə 07 aprel 2025-ci il tarixdən işə faktiki bərpa ediləcəyi tarixədək əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Ərizə onunla əsaslandırılmışdır ki, iş materiallarında olan əmək müqaviləsindən də məlum olduğu kimi iddiaçı ilə əmək müqaviləsi işəgötürən kimi Bakı Şəhər Mədəniyyət Baş İdarəsi arasında imzalandığını, iddiaçıya münasibətdə işəgötürənin Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin olduğunu, belə olan halda da işçilərin attestasiyadan keçirilməsi məqsədilə attestasiya komissiyasının Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin əmrinə əsasən yaradıldığını, lakin iş materiallarında olan “30 saylı Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyası haqqında” xx.xx.2024-cü il tarixli 79 nömrəli əmr işəgötürən Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən deyil, 30 saylı Uşaq Musiqi Məktəbinin direktoru vəzifəsini müvəqqəti icra edən Zakir Əsədov tərəfindən verildiyini, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(010)-4988/2023 saylı qətnaməsi ilə hazırki İddiaçı ilə X8 arasında bağlanmış nikah pozulduğunu və tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X6 nikah pozulduqdan sonra İddiaçı himayəsində saxlanıldığını, bundan əlavə tərəflərin birgə nikahdan olan yetkinlik yaşına çatmış digər övladı X3 da İddiaçı ilə birlikdə yaşadığını, hər iki uşağın hazırda da anaları ilə birlikdə yaşamaqla ödənişli əsaslarla ali təhsil aldığlarını və onların həm təhsil xərcləri, həm də bütün digər ehtiyaclarının tək valideyn kimi hazırki iş üzrə İddiaçı tərəfindən qarşılanmışdır.
6. Məhkəmə iclasında iştirak etmiş İddiaçı, iddiaçının vəkili-nümayəndəsi izahatlarında bildirmişlər ki, iddiaçı attestasiya zamanı demək olar bütün suallara qismən də olsa cavab vermiş, həmçinin musiqi parçalarını ifa etmişdir. İfada müəyyən qüsurların olması fortepianonun saz vəziyyətdə olmaması səbəbindən olmuşdur. İddiaçının imtahanda müəyyən həyəcanının olduğunu, əmək stajını və təcrübəsini nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5429/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Leyla Şövkətli-Mənsimli ) iddianın təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11.1-ci maddəsinin “c” bəndi, 12.1-ci maddəsinin “a” bəndi, 65.1, 65.2, 65.3, 65.4, 65.5, 66, 67.1 və 70-ci maddəsinin ”c” bəndi ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, iş materiallarından da məlum olduğu kimi o, artıq uzun müddətdir ki, hazırki iş yerində çalışır və bu müddətdə onunla bir neçə dəfə əmək müqaviləsi imzalanmışdır. Lakin onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə 02 aprel 2025-ci il tarixli 46 nömrəli əmrdə konkret olaraq onunla bağlanılmış hansı tarixli hansı nömrəli əmək müqaviləsinə xitam verilməsi göstərilməmişdir. Bu halda da qanunvericiliyin tələbləri işəgötürən tərəfindən kobud şəkildə pozulmuşdur. Məhkəmənin nəzərinə çatdırır ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(010)-4988/2023 saylı qətnaməsinə əsasən X8 ilə aralarında bağlanmış nikah pozulmuş və birgə nikahımızdan doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X12 nikah pozulduqdan sonra onun himayəsində saxlanılmışdır. Bundan əlavə birgə nikahlarından olan yetkinlik yaşına çatmış digər övladı X7 da onunla birlikdə yaşayır. Hər iki uşaq hazırda da ödənişli əsaslarla ali təhsil alırlar və onların həm təhsil xərcləri, həm də bütün digər ehtiyacları tək valideyn kimi anaları tərəfindən qarşılanır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 “ç”, 72 və 79-cu maddələrinin şərh edilməsi ilə bağlı müraciətinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının 17 fevral 2016-cı il tarixli Qərardadında məhkəmə ana və uşağın sağlamlığının mühafizəsi, hüquqlarının müdafiəsi, onların maddi və sosial təminatlarının gücləndirilməsi, eləcə də bəzi kateqoriya işçilərin sağlamlığının qorunması və ailələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi mövqeyindən çıxış etmişdir. Qeyd olunanlarla bağlı Konstitusiya Məhkəməsinin Palatası belə nəticəyə gəlir ki, müraciətdə göstərilən məsələnin həll edilməsi zamanı Bakı şəhəri Xətai rayon məhkəməsi Konstitusiyada təsbit edilmiş və dövlət tərəfindən təmin edilən sosial yönümlü dəyərləri nəzərə almaqla və baxılan işdə tətbiq etməklə müəyyən nəticəyə gələ bilər. Bildirir ki, attestasiyası “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın pozulması ilə keçirildiyindən, attestasiyanın nəticələrinə görə işdən çıxarılmağı qanunsuz olmaqla yanaşı dövlətin ana və uşaqların hüquqlarının müdafiəsi, onların maddi və sosial təminatlarının gücləndirilməsi, eləcə də ailələrin sosial müdafiəsinin möhkəmləndirilməsi siyasətinə də zidd olmuşdur. Belə ki, qeyd olunan əmr verilən zaman himayəsində yetkinlik yaşına çatmayan övladı olmuşdur. Belə olan halda isə ilk növbədə vurğulanmalıdır ki, Əmək Məcəlləsinin 70-ci maddənin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Göründüyü kimi qanunun bu göstərişi imperativ xarakter daşımır, qanun müqavilənin ləğv edilməsini mütləq qoymur, onu işəgötürənin səlahiyyətinə buraxır. Və bu halda həmin məcəllənin 67-ci maddəsinin ikinci bəndi müəyyən edir ki, işəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər. Lakin iş materiallarından da məlum olduğu kimi onun başqa işə keçirilmə imkanları araşdırılmadan və hər hansı bir başqa iş təklif olunmadan onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və bu zaman da əmrin tərtibində Əmək Məcəlləsinin 71-ci maddəsində müəyyən edilmiş tələb pozulmuşdur. Belə ki, həmin maddəyə görə işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Lakin 02 aprel 2025-ci il tarixli 46 nömrəli əmrində iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. Həmçinin iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsinə dair 02 aprel 2025-ci il tarixli 46 nömrəli əmr işəgötürən tərəfindən və ya onun adından deyil, 30 saylı Uşaq Musiqi Məktəbinin direktoru vəzifəsini müvəqqəti icra edən Zakir Əsədov tərəfindən verilmişdir. Sadalanan normaların tələblərinə əsasən isə bütün bunlar qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması olmaqla iddia tələbinin təmin edilməsi üçün əsasdır. Qeyd olunan qanunvericilik normasına əsasən işçilərin attestasiyadan keçirilməsi məqsədilə attestasiya komissiyası işəgötürənin əmrinə əsasən yaradılmalıdır. İş materiallarında olan əmək müqaviləsindən də məlum olduğu kimi iddiaçı ilə əmək müqaviləsi işəgötürən kimi Bakı Şəhər Mədəniyyət Baş İdarəsi arasında imzalanmışdır. Belə olan halda da işçilərin attestasiyadan keçirilməsi məqsədilə attestasiya komissiyası Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin əmrinə əsasən yaradılmalı idi. Lakin iş materiallarında olan “30 saylı Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyası haqqında” xx.xx.2024-cü il tarixli 79 nömrəli əmr işəgötürən Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən deyil, 30 saylıUşaq Musiqi Məktəbinin direktoru vəzifəsini müvəqqəti icra edən Zakir Əsədov tərəfindən verilmişdir. Bu isə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması olmaqla yanaşı qeyd olunan əmrin hər hansı bir hüquqi qüvvəyə malik olmadığını təsdiq edir. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. İddia tələbi əsaslı olduğu və iddiaçı tərəf olaraq da bu halı sübuta yetirdiyi halda 1-ci instansiya məhkəməsi iddia tələbini hər hansı bir əsas olmadan təmin etməmişdir. Belə ki, məhkəmə iclasında tədqiq olunan attestasiya komitəsinin iclasının videogörüntülərindən də məlum olur ki, o, komissiyanın suallarına qənaətbəxş cavab vermişdir, lakin komissiya üzvləri qərəzli olaraq attestasiya vərəqində suallara cavab verə bilmədiyini, yaxud da qismən cavab verdiyini qeyd etmişlər. Bundan əlavə videogörüntülərdən o da məlum olur ki, ifa etdiyi fortepiano kifayət qədər köhnə olmaqla düzgün tənzimlənməmiş, bu səbəbdən də ifa zamanı notların səslənməsində problemlər olmuşdur. Lakin Məhkəmə qeyd olunan hallara, həmçinin də onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsinə dair 02 aprel 2025-ci il tarixli əmrdə yol verilən digər qanun pozuntularına düzgün hüquqi qiymət verməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
12. Məhkəmə baxışı zamanı iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişdir.
13. Məhkəmə baxışı zamanı cavabdeh 30 nömrəli Uşaq Musiqi Məktəbinin nümayəndə-vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir.
14. Məhkəmə baxışı zamanı digər cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsinin nümayəndəsi X9 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
15. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən 3-cü şəxsin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
16. Maddə 11. 1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: c) işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək;
17. Maddə 12.1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək;
18. Maddə 65.1. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər.
19. Maddə 65.2. Yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər.
20. Maddə 65.3. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz.
21. Maddə 65.4. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir.
22. Maddə 65.5 Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır.
23. Maddə 65.7 Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər.
24. Maddə 67.1 Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər.
25. Maddə 70, “c” bəndi. Peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”
26. Maddə 1.2. Müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır.
27. Maddə 2.6. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir: a) tutduğu vəzifəyə uyğundur; b) tutduğu vəzifəyə uyğun deyil. Bununla yanaşı, attestasiya komissiyası qəbul etdiyi qərarlarında həvəsləndirmək haqqında, ixtisas, əməyin ödənilmə dərəcəsini artırmaq, işçi ilə əmək müqaviləsində göstərilən vəzifə maaşını dəyişdirmək haqqında (qanunvericilikdə müəyyənləşdirilən səviyyədən aşağı olmamaq şərti ilə), əlavələr etmək, işçini peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün təlimlərə cəlb etmək, vəzifədə irəli çəkilmək üçün ehtiyat kadrlar siyahısına daxil etmək, işçinin razılığı ilə başqa işə keçirmək, tutduğu vəzifəyə uyğun olnıadtqda, işçini işdən azad etmək, əməyin ödənilmə dərəcəsini aşağı salmaq haqqında, həmçinin attestasiyadan keçmiş şəxslərin fəaliyyətinin yaxşılaşdırılmasına dair tövsiyələr verir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
34. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının bütünlüklə yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Məhkəmə kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
37. İş materiallarında olan səlahiyyətlərin verilməsinə dair bildirişdən görünür ki, 30 saylı uşaq musiqi məktəbində bütün işəgötürən səlahiyyətləri Bakı şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən X2 verilmişdir.
38. 30 nömrəli Uşaq Musiqi Məktəbinin xx.xx.2024-cü il tarixli 79 nömrəli əmrindən görünür ki, 30 nömrəli Uşaq Musiqi Məktəbi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsini rəhbər tutaraq 2025-ci ilin fevralın 5-dən iyunun 5-dək müəllimlərin attestasiyasını keçirməyi qərara almışdır.
39. 37 saylı xəbərdarlıq bildirişindən görünür ki, İddiaçı attestasiya olunacaq işçilər kateqoriyasına aid olması barədə bildirişi xx.xx.2024-cü il tarixdə imzalayıb təhvil almışdır.
40. xx.xx.2025-ci il tarixli attestasiya vərəqəsində İddiaçı attestasiya zamanı verilən suallar və cavablar, eləcə də komissiya üzvlərinin səsləri (lehinə 1, əleyhinə 4 səs) əks olunmuşdur.
41. Bakı şəhər 30 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyasının xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, İddiaçı tutduğu vəzifəyə uyğun hesab edilməmişdir.
42. 30 nömrəli Uşaq Musiqi Məktəbinin xx.xx.2025-ci il tarixli, 46 №-li əmrindən görünür ki, Bakı şəhər 30 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano müəllimi İddiaçı xx.xx.2025-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmrin verilməsinə əsas Bakı şəhər 30 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya komissiyasının xx.xx.2025-ci il tarixli qərarı, qərarı əks etdirən attestasiya vərəqəsi və xx.xx.2025-ci il tarixli 3 nömrəli protokol olmuşdur.
43. İşə xx.xx.2025-ci il tarixində keçirilmiş İddiaçı attestasiyası zamanı çəkilmiş videogörüntünü əks etdirən CD disk əlavə olunmuşdur.
44. İşin müəyyən edilən hallarına görə İddiaçı ilə cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsi arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsi 02 aprel 2025-ci il tarixli 46 №-li əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilib. Əmək müqaviləsinin ləğv edilməsinə əsas Bakı şəhər 30 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya komissiyasının xx.xx.2025-ci il tarixli qərarı, qərarı əks etdirən attestasiya vərəqəsi və xx.xx.2025-ci il tarixli 3 nömrəli protokol göstərilir. İddiaçı attestasiyanın qanunvericiliyin tələlərinə uyğun keçirilmədiyinə, himayəsində iki övladının olmasının nəzərə alınmadığına əsaslanaraq hazırkı tələblə çıxış edir.
45. İddiaçının hazırki tələb üzrə apellyasiya şikayətinin dəlillərindən biri attestasiya komissiyanın suallarına qənaətbəxş cavab verdiyi, lakin komissiya üzvlərinin qərəzli olaraq attestasiya vərəqində suallara cavab verə bilmədiyini, yaxud da qismən cavab verdiyini qeyd etməsi, fortepianoda ifasında problemlər olmasının onun kifayət qədər köhnə olması ilə bağlı olmuşdur.
46. Apellyasiya baxışı zamanı Azərbaycan Milli Konservatoriyasına sorğu verilmiş və xx.xx.2025-ci il tarixində keçirilmiş İddiaçı attestasiyası zamanı çəkilmiş videogörüntünü əks etdirən CD diskə və attestasiya vərəqəsinə baxış keçirilərək iddiaçıya verilmiş sualların onun tutuduğu vəzifəyə uyğun olub-olmaması, attestasiyanın keçirilməsi və onun nəticələrinə dair mütəxəssis rəyinin tərtib olunması xahiş olunmuşdur.
47. Azərbaycan Milli Konservatoriyasının baş müəllimi S.Əhmədova tərəfindən tərtib olunmuş rəydə iddiaçının verilən suallara cavab verə bilmədiyi, imtahana hazır olmadığı təsdiq edilmişdir. Rəydə həmçinin sonuncunun fortepianoda ifası zamanı yol verdiyi nöqsanlar (barmaqların səhv istifadə edilməsi, pedalın düzgün istifadə olunmaması, sayın və ritmin qeyri-dəqiq olması) qeyd olunmuşdur. Kollegiya tərəfindən həmin nöqsanlarıın xarakteri nəzərə alınaraq onların musiqi alətinin şikayətdə göstərildiyi kimi nasaz vəziyyəti ilə bağlı ola bilməsi ehtimalı müəyyən olunmamışdır.
48. Kollegiya işdəki sübutlara, həmçinin apellyasiya baxışı zamanı əldə olunmuş mütəxəssis rəyinə əmək qanunvericiliyinin müvafiq normaları baxımından qiymət verərək hesab edir ki, işçi İddiaçı attestasiyası qanunun tələblərinə riayət olunmaqla keçirilmişdir. Hazırda iddiaçı attestasiya komissiyasının yaradılması haqqında əmrin səlahiyyətli şəxs (işəgötürən) tərəfindən imzalanmadığını bildirsə də, iş materialları ilə təsdiq olunur ki, 30 saylı musiqi məktəbində işəgötürən səlahiyyətləri Bakı şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən X2 verilmiş və əmri də həmin şəxs imzalamışdır. 1-ci instansiya məhkəməsinin hazırlıq iclasında iştirak etmiş Bakı şəhər Mədəniyyət Baş İdarəsinin nümayəndəsi də 30 saylı musiqi məktəbində bütün işəgötürən səlahiyyətlərinin Bakı şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən X2 verildiyini təsdiq etmiş və attestasiya keçirilməsi səlahiyyətinin ayrıca qeyd edilməməsinin ƏMAS sistemində olan texniki imkanlarla əlaqədar olduğunu bildirmişdir. Kollegiya bu məqamda vurğulayır ki, qeyd edilənlər apelyatorun ”əmək müqaviləsinə xitam verilməsi barədə” əmrin də səlahiyyətli şəxs tərəfindən imzalanmadığına dair dəlilinin əsassız olduğunu göstərir.
49. Bundan başqa iddiaçı apellyasiya şikayətində hazırki sosial vəziyyyəti baxımından da əmək müqaviləsinə xitam verilməsinə dair əmrin qanunsuz olmasına dair dəlil irəli sürmüş və bu dəlilini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının 17 fevral 2016-cı il tarixli Qərardadından bəhs etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının 17 fevral 2016-cı il tarixli Qərardadında da qeyd olunmuşdur ki, Məcəllənin 79-cu maddəsində müəyyən edilmiş hallar əgər işəgötürən üçün qadağa hesab edilirsə, ayrı-ayrı işçi kateqoriyaları üçün isə bu dövlətin, qanunvericinin onlara verdiyi imtiyazdır (güzəştdir) və belə işçilərin dairəsi qanunda dəqiq müəyyən edilmişdir. İşdən göründüyü kimi iddiaçı Əmək Məcəlləsinin 79-cu maddəsində təsbit olunmuş şəxslər kateqoriyasına aid deyildir.
50. Apellyasiya şikayətinə münasibətdə kollegiya həmçinin bildirir ki, Əmək Məcəlləsinin 65.7-ci maddəsinə görə attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər. Bu maddə ilə bağlı qeyd olunmalıdır ki, qanunun bu göstərişi imperativ xarakter daşımır. Belə ki, qanun tövsiyyənin verilməsini mütləq qoymur, onu komissiyanın səlahiyyətinə buraxır.
51. Beləliklə, qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının attestasiya komissiyasının qərarının ləğv edilməsinə dair tələbi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş "‘Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarına uyğun olaraq işçinin attestasiyası keçirildiyindən, eləcə də attestasiya zamanı qəbul edilmiş qərar qanunvericiliyin tələblərinə riayət edilməklə qəbul edildiyindən əsassızdır, belə ki, attestasiya komissiyasının qərarının ləğv edilməsi üçün hər hansı əsas mövcud deyildir.
52. İddia tələbinin “Bakı Şəhər Mədəniyyət Baş İdarəsi 30 saylı Uşaq Musiqi Məktəbinin 02 aprel 2025-ci il tarixli, 46 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı 30 saylı Uşaq Musiqi Məktəbində müəllim vəzifəsinə bərpa edilməsi və ona məcburi iş buraxmaya görə 07 aprel 2025-ci il tarixdən işə faktiki bərpa ediləcəyi tarixədək əmək haqqı ödənilməsi” hissəsi ilə bağlı isə kollegiya qeyd edir ki, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən də qanunvericiliyin tələbləri pozulmamışdır.
53. Belə ki, iş materiallarından göründüyü kimi hazırki iş üzrə əmək müqaviləsinin xitam verilməsinə əsas məhz attestasiya komissiyasının qərarı olmuşdur və yuxarıda həmin attestasiyanın nəticələrinə dair komissiya tərəfindən qəbul edilmiş qərarın qanuni və ədalətli olması artıq müəyyən edildiyindən, o cümlədən əmr qanunvericiliyin tələblərinə uyğun tərtib edildiyindən məhkəmə hesab edir ki, onun əsasında verilmiş 02 aprel 2025-c il tarixli 46 nömrəli əmr də qanuni hesab edilməli və iddia tələbi əmrin ləğv edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi hissələrində də təmin edilməməlidir.
54. Yuxarıda artıq müəyyən edildiyi kimi hazırda cavabdeh tərəfindən iddiaçının hansısa hüquqları pozulmadığından iddia tələbi qeyd edilən digər hissələrdə də təmin edilmədiyindən, 5000 manat mənəvi zərərin onun xeyrinə tutulmasına dair apellyasiya şikayətinin dəlilləri əsassız hesab edilməli və təmin edilməməlidir.
55. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələblərinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi qanuni və ədalətli olduğundan apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmadır.
56. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
57. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
58. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
59. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
60. MPM-in 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini təmin etmədən, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlaya bilər.
61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5429/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev