Məhkəmə qərarları › İş №2(103)-6175/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6175/2022

19.10.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6175/2022 19.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan X1rşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçı, onun nümayəndələri X6, X3 (vəkil), cavabdehin nümayəndələri X5, X10 (vəkil) iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 19 oktyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) İdarə Heyətinin sədri X9 ilə İddiaçı arasında 24 oktyabr 2019-cu ildə əmək müqaviləsi bağlanmış və İddiaçı xarici dillərdə informasiya və beynəlxalq əlaqələr idarəsi İtaliya (Malta, Serbiya, Monteneqro, Bosniya və Herseqovina) üzrə müxbir vəzifəsinə təyin edilmişdir.

2. Azərbaycan Dövlət İnformasiya X2 sədri X7 324 saylı, 19 sentyabr 2020-ci il tarixli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasına) əsasən xx.xx.2020-ci ildən xitam verilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh Azərbaycan X1rşı işə bərpa və s. tələbinə dair iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, ADİA xx.xx.2020-ci il tarixli, 321 saylı əmrinin ləğv edilməsi, iddiaçının həmin vəzifəyə bərpa olunması, işsizlik müddəti ərzində olan əmək haqqının və digər xərclərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ADİA-də 2001-ci ildən başlayaraq əmək fəaliyyətinə başlamışdır. xx.xx.2013-cü il tarixdən başlayaraq AZƏRTAC-ın mərkəzi Roma şəhəri olmaqla İtaliya müxbir məntəqəsinə xüsusi müxbir təyin edilmişdir. 2019-cu ildən başlayaraq ona qarşı rəhbərlik tərəfindən əsassız olaraq təzyiqlər başlamış və işdən öz xahişi ilə getməyi barədə ərizə yazmaq təklif olunmuşdur. O, bundan imtina etdikdən sonra müəssisənin İH-nın sədri xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən əmək müqaviləsinə xx.xx.2020-ci ildən xitam verilmişdir. Əmrin məzmunu ona imza etdirməklə elan olunmuşdur. Həmçinin təsviri hissəsində hər hansı fakta, müqavilə öhdəliklərinə əsaslanmayan, guya əmək müqaviləsinin tələblərini pozmağına dair rəsmi olmayan fikirlər yazılmış, hətta onu dövlətin siyasətinə qarşı çıxmaqda günahlandırmışlar. Guya xx.xx.2020-ci il tarixdə onu agentliyə dəvət edərək kobud səhvlərə yol verdiyi diqqətinə çatdırılmış və ona izahat yazmaq təklif olunsa da, imtina etmişdir. Halbuki, belə bir hal olmayıb. Sadəcə sonradan özləri tərəfindən arxa tarixə həmin akt tərtib olunub. Agentliklə əmək müqaviləsi bağlasa da, həmin müqavilənin surəti rəsmi olaraq ona təqdim olunmayıb. Həmçinin o, İtaliyanın Roma şəhərində iş yerində olduğu halda, onu geri çağırmamış, qanunsuz olaraq işdən azad etmişlər. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-1158/2021 saylı, 11 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva) iddia rədd olunmuşdur.

6. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) İdarə Heyətinin sədrinin 324 saylı, 19 sentyabr 2020-ci il tarixli əmri əmək qanunvericiliyinin tələblərinə riayət edilməklə verildiyindən, həmin əmrin ləğv edilməsinə və iddiaçının işə bərpa olunmasına heç bir əsas yoxdur.

7. Məhkəmə iddia tələbinin işsizlik müddəti ərzində olan əmək haqqının və digər xərclərin ödənilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi əmrin etibarsız sayılması və iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması hissəsində təmin olunmadığından, iddia tələbi işsizlik müddəti ərzində olan əmək haqqının və digər xərclərin ödənilməsi hissəsində də təmin edilə bilməz.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndi, 68.1, 70-ci maddəsinin “ç” bəndi, 71.2-ci maddəsinə istinadla əsaslandırmışdır. Ape a) Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı həmçinin onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixli izahatı xx.xx.2020-ci il tarixli əmrin hüquqi əsasını təşkil edə bilməz. Çünki həmin iddia edilən hüquq pozuntusu ilə əlaqədar intizam tənbehi tətbiq etmə müddətləri ötüb. Bundan əlavə, xx.xx.2020-ci il tarixli əmrin əsaslarından biri kimi onun guya izahat verməkdən imtina etməyinə dair akt göstərilib. İntizam tənbehi tətbiq edilməmişdən əvvəl işçidən izahat alınması intizam tənbehinin tətbiq edilməsi şərtlərindən biridir. Ondan daha az xəbər hazırlayan jurnalistlər fəaliyyətini hələ də davam etdirirlər. Dilin üslub qaydalarını kobud pozmaqla köçürmə xəbərlər hazırlamaqda günahlandırılır. Lakin həmin xəbərlər dəqiqləşdirilməyib. Cavabdeh yalnız illik statistikanı təqdim edib. 2020-ci ilin iyun ayında Facebook sosial şəbəkəsində yazdığı və Operativ Qərargahın fəaliyyətinə dair yazılarda hansı etik qaydalarını pozması əsaslandırılmayıb. Halbuki heç bir nalayiq ifadəyə yol verməyib.

c) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

11. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(103)-6458/2021 nömrəli iş üzrə 16 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.Məmmədov (sədrlik edən və məruzəçi), V.İbayev və R.Həsənov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

ç) Kassasiya instansiyası məhkəməsindəki icraat

12. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-2624/2022 nömrəli iş üzrə 06 iyul 2022-ci il tarixli qərarı ilə (hakimlər – Z.Əliyev (sədrlik edən və məruzəçi), A.Hüseynov və Ə.Nurməmmədov) iddiaçının kassasiya şikayəti qismən təmin olunmuş, apelyasiya instansiyası məhkəməsinin 16 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

13. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı işdə, həm tərəflərin istinad etdikləri faktiki hallar baxımından xeyli sayda mübahisəli məsələlər olmasına, həm də istinad etdikləri qanunvericilik normalarının necə tətbiq edilməli olması ilə bağlı izah verilməsinə zərurət olmasına baxmayaraq, işə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi tərəflərin dəlillərinə heç bir hüquqi qiymət verməmişdir. Məhkəmə öz qətnaməsində mübahisəyə dair tərəflərin mövqeyini ümumi şəkildə əks etdirmiş, sonra iş materiallarında olan sənədləri və məlumatları sadalamış, davamında maddi və prosessual hüquq normalarını qeyd edərək mübahisəli əmrin qanunvericiliyin tələblərinə uyğun çıxarıldığını və iddiaçının işə bərpa edilməsinə əsas olmadığını bildirmişdir. Məhkəmə kollegiyası həmçinin vurğulamışdır ki, mübahisənin mahiyyətinə qiymət vermədən, sadəcə qanunvericilik normalarının sadalanması ilə iddianın əsassız olması barədə qənaəti əks etdirən, bir neçə cümlədən ibarət olan qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.

d) ) Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz göndərmiş, etirazında mübahisələndirilən əmrin əsaslı olduğunu bildirmiş və bu əsasla qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. İddiaçı və nümayəndələri məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.

16. Cavabdehin nümayəndələri isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi

17. Maddə 11, bənd “b”. Əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır.

18. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

19. Maddə 70, bənd “ç”. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

20. Maddə 71, hissə 2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

22. Hazırkı işdə iddia tələbi bütünlüklə rədd olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırmamışdır. Məhkəmə mübahisəyə dair tərəflərin mövqeyini ümumi şəkildə göstərməklə və maddi və prosessual hüquq normalarını sadalamaqla kifayətlənməklə mübahisəli əmrin qanunvericiliyin tələblərinə uyğun çıxarıldığı qənaətinə gəlmiş və iddiaçının işə bərpa edilməsinə əsas olmadığını bildirmişdir.

24. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin mahiyyətinə qiymət vermədən, sadəcə qanunvericilik normalarının sadalanması ilə iddianın əsassız olması barədə qənaəti əks etdirən qətnamə məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilməlidir.

25. Belə ki, Əmək Məcəlləsinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər (maddə 70, “ç” bəndi). Bu əsasla əmək müqaviləsinin ləğv edilməsinə o şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır (maddə 71). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur (maddə 80). Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda, həmçinin əmək müqaviləsinin ləğv edilməsinin əsası; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir (maddə 84.1). Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər (maddə 84.2).

26. Məhkəmə kollegiyası hesab edir ki, iddianın əsaslı olub-olmadığına ilk növbədə mübahisələndirilən əmrin özünün əsaslı olub-olmaması, əmrdə kobud səhv kimi qeyd olunan halların əmək müqaviləsinin xitamına əsas verib-vermədiyi baxımından qiymət verilməlidir.

27. Mübahisələndirilən əmrin məzmunundan göründüyü kimi iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən İdarə Heyəti sədrinin müavinlərinin və üzvlərinin 29 iyul 2020-ci il tarixli və Xarici dillərdə informasiya və beynəlxalq əlaqələr idarəsi müdirinin 28 iyul 2020-ci il tarixli təqdimatları və həmin təqdimatlarda ifadə olunan aşağıdakı hallar əsas götürülmüşdür:

28. 1) iddiaçı şəxsi “Facebook” səhifəsində dövlət orqanlarının qərarlarına və fəaliyyətinə kölgə salan, Agentliyin imicinə xələl gətirən, AZƏRTAC əməkdaşının davranış qaydalarına zidd olan yazılarla çıxış etmiş, barəsində 2018-ci ildə tətbiq olunmuş intizam tənbehindən nəticə çıxarmayaraq 2020-ci ilin yanvar ayında yenə də şəxsi “Facebook” səhifəsində Azərbaycanda keçirilən bələdiyyə və keçiriləcək parlament seçkiləri ilə əlaqədar siyasi cəhətdən zərərli paylaşımlar etmiş, 2020-ci ilin iyul ayında paylaşdığı statuslarda jurnalist etikasına sığmayan ifadələr işlətmişdir.

29. 2) iddiaçı tərəfindən mütəmadi olaraq müxtəlif xəbər saytlarından köçürülmüş, ictimai əhəmiyyəti olmayan və aktuallıq kəsb etməyən, kobud dil və üslub səhvləri olan materialların təqdim edildiyi, fərdi yanaşma əsasında seçilmiş və geniş oxucu kütləsi üçün maraq doğurmayan xəbərlərin əksər hallarda yenidən işlənilməsi və bunun buraxılış redaktorlarının haqlı narazılığına səbəb olması.

30. İşəgötürən iddiaçının təqdimatlarda göstərilən bütün bu fəaliyyət və hərəkətlərini kobud səhv kimi qiymətləndirərək AZƏRTAC-ın İtaliya üzrə müxbir məntəqəsində işin, əmək və icra intizamının normal ahəngini pozduğu və nəticə etibarilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi üçün əsas yaratdığı qənaətinə gəlmiş və 19 sentyabr 2020-ci il tarixli əmrlə əmək müqaviləsinə xitam vermişdir.

31. Əmrdə həmçinin qeyd olunmuşdur ki, iddiaçı 03 avqust 2020-ci il tarixdə həmin kobud səhvlərlə bağlı izahat vermək üçün Agentliyə dəvət olunmuş, lakin o, izahat verməkdən imtina etmiş və bu barədə müvafiq akt tərtib olunmuşdur.

32. Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsinin tələbinə əsasən intizam tənbehi verilməzdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

33. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, 03 avqust 2020-ci il tarixli aktda iddiaçıya izahat verməsinin təklif olunması və onun izahat verməkdən imtina etməsinə dair hər hansı qeyd yoxdur (i.v.70-71). Aktda sadəcə olaraq yol verilmiş kobud səhvlərin iddiaçının diqqətinə çatdırıldığı və onun bu səhvlərlə razılaşmadığı qeyd olunmuşdur. Digər tərəfdən, həmin akt onu tərtib edən şəxslərin hamısı tərəfindən imzalanmamışdır. Belə ki, aktda Həmkarlar İttifaqı Komitəsinin sədri A.Əliyevin imzası yoxdur.

34. Əmrdə əmək müqaviləsinə xitam verilərkən əsas kimi İdarə Heyəti sədrinin müavinlərinin və üzvlərinin 29 iyul 2020-ci il tarixli təqdimatına və Həmkarlar İttifaqı Komitəsinin razılıq protokoluna istinad olunsa da həmin sənədlər iş materiallarında müəyyən olunmamışdır. 29 iyul 2020-ci il tarixli təqdimat sonuncu apellyasiya baxışı zamanı təqdim edilsə də, Həmkarlar İttifaqı Komitəsinin əmək müqaviləsinin xitamına razılıq protokolu işə baxan məhkəməyə təqdim olunmamışdır. Məhkəmə kollegiyası bunu Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbinə əməl olunmaması kimi qiymətləndirir.

35. Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci və 2-ci hissələrinin tələbinə görə bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

36. Hazırkı işdən nə İşəgötürənin iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinə razılıq verilməsi barədə Həmkarlar ittifaqı təşkilatına müraciət etməsi, nə də Həmkarlar ittifaqı təşkilatında belə bir müraciətə baxılması və razılıq verilməsi təsdiq olunmur.

37. Yuxarıda qeyd olunduğu kimi, Həmkarlar ittifaqı komitəsinin sədri əmrdə istinad olunan 03 avqust 2020-ci il tarixli aktı da imzalamamışdır.

38. Yuxarıda qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən Həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmamışdır.

39. İddiaçının şəxsi “Facebook” səhifəsində etdiyi paylaşımlarla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

40. Əvvəla, bu paylaşımların məzmunu ilə bağlı iş materiallarına hər hansı sübut əlavə olunmamışdır. Birinci instansiya məhkəməsi həmin məlumatlarla tanış olmadan iddianın əsassız olduğu qənaətinə gəlmişdir. Cavabdeh tərəf bu məlumatları birinci instansiya məhkəməsinə təqdim etdiyini bildirsə də, bu hal iş materialları ilə təkzib olunur.

41. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 371-ci maddəsinin tələbinə əsasən yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

42. Məhkəmə kollegiyası işin tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etmək məqsədilə apellyasiya baxışı zamanı həmin paylaşımlarla tanış oldu. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, həmin paylaşımlar iş materiallarında mövcud olmuş olsaydı belə, bu, mübahisələndirilən əmrin əsaslı olduğunu sübut etmir. Belə ki, əmrdə istinad olunan paylaşımlar Agentliyə məxsus internet səhifəsində deyil, iddiaçının başqa bir adla (Vento Favoravel) qeydiyyatdan keçmiş öz şəxsi səhifəsində edilmişdir. İddiaçı həmin paylaşımların heç birində özünü AZƏRTAC-ın əməkdaşı kimi təqdim etməmişdir. Digər tərəfdən, həmin paylaşımlarda istər Azərbaycanda keçirilən bələdiyyə və keçiriləcək parlament seçkilərinə, istərsə də bununla bağlı dövlət siyasətinə zidd hər hansı fikir səsləndirilməmişdir. İddiaçı şəxsi “Facebook” səhifəsində adi bir vətəndaş kimi həyatda, cəmiyyətdə, gündəlik həyatında baş verən hadisələrə öz tənqidi münasibətini bildirmişdir.

43. İddiaçı məhkəmə iclaslarında verdiyi izahatlarda da dövlətçiliyə, Prezidentə, xalqa sadiq olduğunu, dövlətə sadiqliyi ilə seçilən jurnalist Mirzə Əsgərovun qızı olduğunu bir daha qeyd etmişdir.

44. Məhkəmə kollegiyası iddiaçının sözügedən paylaşımları müxbir olaraq deyil, fərd olaraq paylaşdığını nəzərə alaraq onları subyektiv tənqidi fikirlər kimi qiymətləndirir və bu paylaşımları onun Konstitusiya və Konvensiyadan irəli dələn fikir azadlığının ifadəsi kimi səciyyələndirir.

45. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 10-cu maddəsinə əsasən Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur.

46. Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin fikir və söz azadlığı vardır.

47. Məhkəmə kollegiyası onu da qeyd edir ki, əmrdə istinad olunan paylaşımlar 2019-cu ildə və 2020-ci ilin yanvar ayında edilmiş, həmin paylaşımlarla bağlı iddiaçı ilə müxtəlif vaxtlarda söhbət aparılmış, izahat alınmışdır. Hazırda həmin əməllərə görə onun barəsində intizam tənbehi tətbiq olunması isə Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin tələbinə də zidd olardı. Həmin maddəyə görə intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.

48. İşəgötürən əmri əsaslandırarkən iddiaçının barəsində əvvəllər 04 may 2018-ci il tarixli əmrlə intizam tənbehi tətbiq olunduğunu, lakin onun bu tənbehdən nəticə çıxarmadığına da istinad etmişdir.

49. Məhkəmə kollegiyası qeyd edir ki, əmək müqaviləsinə xitam verilərkən əsas götürülən bu hal Əmək Məcəlləsinin 72-ci maddəsinin ə) bəndində nəzərdə tutulmuşdur və yalnız intizam tənbehinin tətbiqindən sonra keçən 6 ay ərzində təkrarən əmək funksiyasının pozulması halında əmək müqaviləsinə xitam verilməsi üçün əsas kimi götürülə bilər. Hazırkı işdə isə 04 may 2018-ci il tarixli əmrin verilməsindən 2 il 4 ay keçdikdən sonra iddiaçı 19 sentyabr 2020-ci il tarixli əmrlə işdən azad edilmişdir.

50. Yuxarıda qeyd olunduğu kimi, əmək müqaviləsinə xitam verilərkən əsas götürülən ikinci hal iddiaçının bilavasitə əmək funksiyaları ilə bağlıdır. Əmrdə istinad olunan təqdimatlara əsasən iddiaçı tərəfindən mütəmadi olaraq müxtəlif xəbər saytlarından köçürülmüş, ictimai əhəmiyyəti olmayan və aktuallıq kəsb etməyən, kobud dil və üslub səhvləri olan materiallar təqdim edilmiş, fərdi yanaşma əsasında seçilmiş və geniş oxucu kütləsi üçün maraq doğurmayan xəbərlər verilmişdir.

51. Cavabdeh bunun təsdiqi olaraq redaktorların müxtəlif illərdə, o cümlədən 2008-ci ildə təqdim etdikləri bir neçə yazını təqdim etmişdirr.

52. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, həmin yazılar ayrılıqda əmək və icra intizamının kobud şəkildə pozulması kimi qiymətləndirilə və əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. İşəgötürən bunu əsas kimi qəbul etmiş olsaydı belə, yuxarıda qeyd olunduğu kimi, iddiaçı barəsində yalnız həmin pozuntunu aşkar etdiyi gündən bur ay ərzində ölçü götürə bilərdi (Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsi).

53. Digər tərəfdən, yazılarda olan eyni xarakterli səhvlər əvvəlki illərdə də aşkar edilmiş olsa da, işəgötürənin bu pozuntulara görə nəyə görə məhz indi intizam tənbehi tətbiq etmək qənaətinə gəldiyi işdən aydın deyil.

54. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndələri iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinə əsas verən hallardan biri kimi onun nəzərdə tutulduğundan daha az məlumat (xəbərlər) göndərdiyinə də istinad etsələr də, əmrdə bu halın əmək müqaviləsinə xitam verilməsi üçün əsas kimi götürüldüyü müəyyən edilmədi. Bu səbəbdən məhkəmə kollegiyası həmin dəlil üzrə hər hansı məhkəmə araşdırması aparılmasına lüzum görmədi.

55. Nəhayət, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən əmrdə onun şəxsi “Facebook” səhifəsində müxtəlif paylaşımlar etməsi, habelə əmək funksiyasını, vəzifə borcunu (öhdəlikləri) yerinə yetirməməsi nəticəsində AZƏRTAC-ın İtaliya üzrə müxbir məntəqəsində işin, əmək və icra intizamının normal ahənginin pozulduğu göstərilsə də, bu pozuntunun mahiyyəti, müəssisənin mənafeyinə nə kimi zərər vurması əsaslandırılmamışdır.

56. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 2001-ci ildən AZƏRTAC-da çalışır və yalnız xx.xx.2019-cu ildə 2 il müddətinə İtaliya Respublikasına xüsusi müxbir təyin olunmuşdur. Bundan əvvəl isə o, İspaniyada və mərkəzi Riqa şəhəri olmaqla Baltikyanı ölkələrdə və Finlandiyada xüsusi müxbir kimi fəaliyyət göstərmişdir. O, jurnalist ailəsində böyümüşdür (i.v.125, 158).

57. Məhkəmə kollegiyası onu da qeyd edir ki, əgər iddiaçının işi yarıtmaz olmuşdursa, onda onun hansı səbəbdən daha məsuliyyətli işə keçirilməsini işəgötürən ağlabatan dəlillərlə əsaslandıra bilməmişdir.

58. Bütün qeyd olunanlar isə iddiaçının işdən qanunsuz azad edilməsi barədə qənaətə gəlmək üçün birmənalı əsas verir.

59. Məhkəmə kollegiyası Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında formalaşmış hüquqi mövqeyə əsaslanaraq qeyd edir ki, əsassız olaraq fərdin ifadə azadlığına məhdudiyyət qoyaraq onu işdən çıxarmaq həmin şəxsin maddi gəlirinə, nüfuzuna, sosial vəziyyətinə və həyatına, hətta sağlamlığına ağır və dağıdıcı təsir gücünə malikdir (X4rşı iş üzrə qərar).

60. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

61. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilməlidir. İddianın digər xərclərin ödənilməsi hissəsi qeyri-müəyyən olunduğundan məhkəmə kollegiyası həmin hissədə iddianın təmin olunmasını mümkün saymır.

62. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin olunsun. Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə 324 saylı, 19 sentyabr 2020-ci il tarixli əmri ləğv edilsin, İddiaçı əvvəlki vəzifəsinə bərpa olunsun və ona məcburi işburaxmaya görə aylıq əmək haqqı ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar