Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-618/2025 15.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 İsa oğlunun və İddiaçı2 cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-yə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməklə) qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-618/2025 (Açar sözlər: əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma dövrü üçün hesablanan aylıq əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X7 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, onların nümayəndə və vəkili Vəkil, cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X15 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X12rşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-3886/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 15 yanvar 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı1 və İddiaçı2 İsə oğlu qardaşdırlar. 2009-cu ilin oktyabr ayından "xxxx" ASC Binəqədi rayon Su kanal İdarəsinin su və kanalizasiya şəbəkələrinin istismarı sahəsi Qəza bərpa işləri üzrə çilingər vəzifəsində işləmişlər.
2. "xxxx" ASC Binəqədi rayon Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli, 70 nömrəli “İntizam məsuliyyəti haqqında” Əmrinə əsasən Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin ustası X8, qəza-bərpa işləri üzrə çilingərlər İddiaçı2, İddiaçı1, X4 AR ƏM-nin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir.
3. "xxxx" ASC Binəqədi rayon Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli, 28/K nömrəli “Əmək müqaviləsinin ləğv edilməsi haqqında” Əmrinə əsasən Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin Su təchizatı xidmətinin qəza-bərpa işləri üzrə çilingəri İddiaçı2 ilə bağlanmış əmək müqaviləsi əmək vəzifələrini kobud şəkildə pozduğuna görə (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X12rşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AR "xxxx" ASC-nin Binəqədi Rayon Sukanal İdarəsinin İddiaçı1 barəsində olan 27-K No-li, xx.xx.2024-ci il tarixli “əmək müqaviləsinin ləğv edilməsi” haqqında” əmrin və xx.xx.2024cü il tarixli 70 saylı “İntizam məsuliyyəti haqqında” əmrin ləğv edilərək İddiaçı1 işə bərpa olunmağı və itirilmiş günlərə görə ödənilməyən əmək haqqının ödənilməsi, AR "xxxx" ASC-nin Binəqədi Rayon Sukanal İdarəsinin İddiaçı2 İsə oğlu barəsində olan 28-K No-li, xx.xx.2024-ci il tarixli “əmək müqaviləsinin ləğv edilməsi” haqqında” əmrin və xx.xx.2024cü il tarixli 70 saylı “İntizam məsuliyyəti haqqında” əmrin ləğv edilərək İddiaçı2 İsə oğlunun işə bərpa olunmağı və itirilmiş günlərə görə ödənilməyən əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbini belə əsaslandırmışdır ki, onlar - İddiaçı1 və İddiaçı2 İsə oğlu qardaşdırlar. 2009-cu ilin oktyabr ayından Azərsu ASC Binəqədi rayon Su kanal İdarəsinin su və kanalizasiya şəbəkələrinin istismarı sahəsi Qəza bərpa işləri üzrə çilingər vəzifəsində işləmişlər. Hətta xx.xx.2021-ci il tarixli 67/K əmək müqaviləsinə dəyişiklik edilməsi haqqında əmrlə İddiaçı1 xx.xx.2021-ci il tarixdən 6-cı dərəcə ilə Binəqədi rayon Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin Su təchizatı Xidmətinin qəza-bərpa işləri üzrə çilingər peşəsinə təyin edilmişdir. xx.xx.2022-ci il tarixli 29/K əmək müqaviləsinə dəyişiklik edilməsi haqqında əmrlə İddiaçı2 İsə oğlu xx.xx.2022-ci il tarixdən 6-cı dərəcə ilə Binəqədi rayon Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin Su təchizatı Xidmətinin qəza-bərpa işləri üzrə çilingər peşəsinə təyin edilmişdir. Onlarla bağlanmış əmək müqaviləsinə cavabdeh tərəfindən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin“ç” bəndinə əsasən (əmək vəzifəsini kobud şəkildə pozduğumuza görə) xitam verilmişdir. Onlar cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 27-k saylı və xx.xx.2024-cü il tarixli 28-k saylı əmrlərlə razılaşmırlar. Belə ki, onlar əmək müqaviləsi ilə üzərlərinə düşən əmək funksiyalarını tam icra etmişlər. İş zamanı əmək vəzifələrini pozmamışlar. İşdən azad edilərkən həmkarlar ittifaqının üzvü olmaqlarına baxmayaraq araşdırma aparılsa da, araşdırma birtərəfli aparılmış, onların işdən çıxarılmaqlarına aydınlıq gətirilməmişdir. İş yeri üzrə rəhbərlik onlarla qərəzli rəftar etmiş, onların işdən kənarlaşmaqları üçün bəhanələr axtarmışdır. Buradan da aydın görünür ki, rəhbərlik bütün bu qanunsuzluqları qərəzli şəkildə etmişdir. Ona görə də hesab edirlər ki, onların işdən çıxarılmağı əsassız və qanunsuzdur. Belə ki, xx.xx.2024-cü il tarixdə xidmətdə olduqları zaman (3 fəhlə, 1 sürücü, 1 mühəndis) onlarla gedən mühəndis Qəhrəmanov Nicata sahə rəisi Malik zəng etdi ki, idarə rəisi Sultan müəllimin tapşırığına əsasən Vorovskidə yerləşən Qara Qarayev küçəsi mənzil 23 /B-də su xətti yaranmış borca görə dayandırılmalıdır. Onlar mühəndis Nicatla birlikdə həmin mənzilə getmişlər. Həmin mənzilin sahibi Atlay adlı şəxslə görüşmüşlər və onlara verilən göstərişə və yaranmış borca görə onun mənzilinin suyunu dayandırmağa məcbur olduqlarını demişlər. Lakin o etiraz edərək bildirmişdir ki, evlərində qonaq var, azyaşlı uşaq var, sudan istifadəyə görə borcunun olmadığını və həftə sonuna qədər ona möhlət verilməsini istəmiş, suyu dayandırmağa icazə verməmişdir. Onlar da bu səbəbdən suyu kəsməmişlər. Su pulu yığanların qrup rəisi İlhamiz bəy idarənin rəisi Sultan müəllimə zəng edib bildirmişdir ki, sizin göndərdiyiniz briqada düzgün işləmir və mənzilin suyunu dayandırmırlar. Ev sahibi ilə aralarında mübahisə yaranan zaman mühəndis X13 müəllimə zəng edərək demişdir ki, mübahisəni yoluna qoymaq üçün, suyu sakitçiliklə kəsməkləri üçün onlara polis göndərsin. Sultan müəllim isə Nicata cavab olaraq bildirmişdir ki, polis oyuncaq deyil ki, hər mübahisəyə görə işə polis cəlb edilsin. Bundan sonra Nicata demişdir ki, hamısı İdarəyə qayıtsın. Onlar idarəyə daxil olanda Sultan müəllim onları ikinci mərtəbənin pilləkanlarında qarşılamış və onları təhqir etməyə başlamışdır. Onları təqdir edərək demişdir ki, “yoğunluğuna bir bax, biriniz ev sahibini tutardınız, digəriniz isə mənzilə verilən suyu dayandırardınız”. Bu zaman qardaşı Vüqar ona demişdir ki, “Sultan müəllim, əgər biz o mənzilin suyunu məcbur şəkildə dayandırsa idik, ev sahibi bizi polisə verəcəkdi. Onlar da mübahisənin böyüməsini istəməmişlər”. Bu söhbətlərdən sonra onlara şiddətli töhmət verilmişdir. Şiddətli töhmət verildikdən bir neçə gün sonra isə Həmkarları təmsil edən Xədicə xanım onlara verilən şiddətli töhmətlərə görə iclas etmiş və qeyd etmişdir ki, rəis düz qərar verib. Həmin iclasda İlhamiz müəllim də var idi. İclasdan sonra dəhlizdə İlhamiz bəylə onun arasında mübahisə yaranmış və o hər ikisinə bildirmişdir ki, hansı yolla olur olsun polis vasitəsilə də olsa onları işdən çıxartdıracaq. Bundan sonra onlara məlum olmuşdur ki, xx.xx.2024-cü ildə hər ikisi ilə bağlanmış əmək müqavilələrinə cavabdeh tərəfindən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin“ç” bəndinə əsasən (əmək vəzifəsini kobud şəkildə pozduğumuza görə) xitam verilmişdir.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 3886/2024 saylı qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia ərizəsinin qismən təmin edilməsi, "xxxx" ASC Binəqədi Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli, 27/K nömrəli əmrin ləğv edilməsi və İddiaçı1 əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməsi, xx.xx.2024cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X22 tərəfindən İddiaçı1 İsa oğluna ödənilməsi; "xxxx" ASC Binəqədi Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli, 28/K nömrəli əmrinin ləğv edilməsi və İddiaçı2 əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməsi və xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X22 tərəfindən İddiaçı2 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68, 69.1, 70-ci maddəsinin ç bəndi, 73.1, 80.1, 80.2, 83.1, 83.2, 84.1, 84.2, 186.2, 187, 189.3, 300-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayətində qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsində işin hallarına düzgün qiymət verilməmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Su Təsərrüfatı X5 Respublika Komitəsinin Binəqədi Rayon Sukanal İdarəsinə daxil olmuş xx.xx.2024-cü il tarixli 13-16-5/3/2-02/1/569/2024 Saylı məktuba dair Binəqədi rayon Sukanal İdarəsinin qəza-bərpa işləri üzrə çilingəri, İddiaçı2 və İddiaçı1 əmək funksiyasını layiqincə yerinə yetirməməsi, müəssisə daxili intizam qaydalarına əməl edilməməsi və bununla da əmək müqaviləsinin tələblərinin kobud şəkildə pozulması və əmək müqaviləsinin ləğv edilməsi ilə əlaqədar 05 iyun 2024-cü il tarixli 42 saylı əmr ilə razılığın verilməsi öz əksini tapmışdır. Məhkəməyə 05 iyun 2024-cü il tarixli 42 saylı əmr təqdim edilmişdir. Həmin sübutda həmkarlar ittifaqı təşkilatının əmək müqaviləsinə xitam verilməsi açıq-aşkar görünür. Lakin məhkəmə qətnamə qəbul edərkən həmin sübutları qiymət verməyərək əsassız qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
11. Məhkəmə iclasında iştirak edən cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X15 nümayəndəsi Nümayəndə apelyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş, şikayətin təmin edilməsini xahiş etmişdir.
12. Məhkəmə iclasında iştirak edən İddiaçı1 apelyasiya şikayətini qəbul etməyərək şikayətin təmin edilməməsini xahiş etmişdir.
13. Məhkəmə iclasında iştirak edən İddiaçı2 apelyasiya şikayətini qəbul etməyərək şikayətin təmin edilməməsini xahiş etmişdir.
14. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndə və vəkili Vəkil apelyasiya şikayətini qəbul etməyərək şikayətin təmin edilməməsini xahiş etmişdir.
15. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
16. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi
17. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
18. Maddə 70. “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
19. Maddə 71. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
20. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi.
21. Maddə 80.1. bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
22. Maddə 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir.
23. Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
24. Maddə 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
25. Maddə 189.3. İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır.
26. Maddə 300. 1-ci hissə. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
33. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
36. Belə ki, iş materiallarında olan "xxxx" ASC Binəqədi rayon Sukanal Departamentinin xx.xx.2013-cü il tarixli, 12/İ nömrəli “İşçilərin əməyin ödənilmə dərəcəsinin artırılması haqqında” əmrinə əsasən Su şəbəkələri və qurğularının istismarı xidmətinin 4-cü dərəcəli qəza bərpa işləri üzrə çilingəri İddiaçı2 əməyin ödənilməsinin 5-ci dərəcəsi verilmişdir.
37. "xxxx" ASC Binəqədi rayon Sukanal İdarəsinin xx.xx.2013-cü il tarixli, 54/İ nömrəli “İşçilərin əməyin ödənilmə dərəcəsinin artırılması haqqında” əmrinə əsasən Su şəbəkələrinin istismarı sahəsinin 4-cü dərəcəli qəza bərpa işləri üzrə çilingəri İddiaçı1 5-ci ixtisas dərəcəsi verilmişdir.
38. "xxxx" ASC Binəqədi rayon Sukanal İdarəsinin xx.xx.2022-ci il tarixli, 29/K nömrəli “Əmək müqaviləsinə dəyişiklik edilməsi haqqında” Əmrinə əsasən Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin Su təchizatı xidmətinin qəza-bərpa işləri üzrə çilingəri İddiaçı2 ilə bağlanmış əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2022-ci il tarixdən 6-cı dərəcə ilə Binəqədi rayon Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin Su təchizatı xidmətinin qəza-bərpa işləri üzrə çilingəri peşəsinə təyin edilmişdir.
39. "xxxx" ASC Binəqədi rayon Sukanal İdarəsinin xx.xx.2021-ci il tarixli, 67/K nömrəli “Əmək müqaviləsinə dəyişiklik edilməsi haqqında” Əmrinə əsasən Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin qəza-bərpa işləri üzrə çilingəri İddiaçı1 İsa oğlu ilə bağlanmış əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2021-ci il tarixdən 6-cı dərəcə ilə Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin qəza-bərpa işləri üzrə çilingəri peşəsinə təyin edilmişdir.
40. "xxxx" ASC Binəqədi rayon Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli, 70 nömrəli “İntizam məsuliyyəti haqqında” Əmrinə əsasən Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin ustası X8, qəza-bərpa işləri üzrə çilingərlər İddiaçı2, İddiaçı1, X4 AR ƏM-nin 186-cı maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Əmrdə qeyd edilmişdir ki, Binəqədi rayon Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahə müavini X9 baş mühəndisə təqdim etdiyi və onun əsasında mühəndis X2 xx.xx.2024-cü il qeydiyyat tarixli, 40 nömrəli xidməti məlumatına əsasən araşdırma aparılmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, 6-cı mikrorayon, Qara Qarayev küçəsi ünvanında yerləşən **********000 kodu olan abonentin su xəttinə sayğac quraşdırılması üçün bugün növbədə olan Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin qəza-bərpa briqadasına rəhbərlik tərəfindən su xəttinin üstünün açılması üçün tapşırıq verilsə də, buna baxmayaraq briqada müxtəlif bəhanələr gətirərək işləməkdən imtina etmişdir.
41. "xxxx" ASC Binəqədi rayon Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli, 28/K nömrəli “Əmək müqaviləsinin ləğv edilməsi haqqında” Əmrinə əsasən Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin Su təchizatı xidmətinin qəza-bərpa işləri üzrə çilingəri İddiaçı2 ilə bağlanmış əmək müqaviləsi əmək vəzifələrini kobud şəkildə pozduğuna görə (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) AR ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir.
42. "xxxx" ASC Binəqədi rayon Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli, 27/K nömrəli “Əmək müqaviləsinin ləğv edilməsi haqqında” Əmrinə əsasən Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin Su təchizatı xidmətinin qəza-bərpa işləri üzrə çilingəri İddiaçı1 ilə bağlanmış əmək müqaviləsi əmək vəzifələrini kobud şəkildə pozduğuna görə (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) AR ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir.
43. Azərbaycan Su Təsərrüfatı X5 Respublika Komitəsinin Binəqədi rayon Sukanal İdarəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli, 42 nömrəli məktubunda qeyd edilmişdir ki, Binəqədi rayon Sukanal İdarəsinin qəza-bərpa işləri üzrə çilingərləri İddiaçı2 və İddiaçı1 əmək funksiyasını layiqincə yerinə yetirməməsi və müəssisə daxili intizam qaydalarına əməl edilməməsinə dair xx.xx.2024-cü il tarixli, 13-16-5/3/2-02/1/569/2024 saylı məktubuna tərəflərindən baxılmışdır. Müəyyən edilmişdir ki, qəza bərpa işləri üzrə çilingər işləyən İddiaçı2 və İddiaçı1 əmək funksiyasını layiqincə yerinə yetirməmiş və müəssisə daxilində Nizam-intizam qaydalarına əməl etməmişlər və bununla da əmək müqaviləsinin tələblərini kobud şəkildə pozmuşlar. Bu isə özlüyündə işəgötürən tərəfindən onunla bağlanılmış əmək müqaviləsinin ləğv edilməsinə əsas verir. Qeyd edilənləri nəzərər alaraq, Binəqədi Rayon Sukanal İdarəsinin qəza-bərpa işləri üzrə çilingərləri İddiaçı2 və İddiaçı1 əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verilməsinə etiraz etmirlər.
44. "xxxx" ASC Binəqədi rayon Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli Aktında qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixində Binəqədi SKİ-nin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin qəza-bərpa işləri üzrə çilingərləri İddiaçı2 və İddiaçı1 Binəqədi RSKİ-nə və ADSEA-ya etdikləri müraciətləri əsasında X21 təşkilatı tərəfindən idarədə keçirilən iclas zamanı onlar tərəfindən idarədaxili intizam qaydaları, o cümlədən etik davranış qaydalarının tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, adı çəkilən əməkdaşlar iclasın gedişi zaman həddən artıq yüksək səs tonu ilə danışmaqla, aqressiya nümayiş etdirərək iclasın normal ahəngini pozmuş və iclas iştirakçılarına qarşı son dərəcə hörmətsiz davranmışlar. İclas bitdikdən sonra isə onlar öz anormal davranışlarını idarənin dəhlizində davam etdirmişlər.
45. Binəqədi rayon Sukanal İdarəsinin Yerli X6 xx.xx.2024-cü il tarixli İclas protokolundan görünür ki, iclasın gündəliyini İddiaçı2 və İddiaçı1 xx.xx.2024-cü il tarixli ərizələri təşkil etmişdir. xx.xx.2024-cü il tarixində ünvan 2 ünvanında yerləşən, abonent kodu **********000 olan istehlakçının ünvanında su israfçılığının qarşısının alınması məqsədilə su xəttinə sayğac quraşdırılması üçün Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin həmin gün növbədə olan ustası X3, qəza-bərpa işləri üzrə çilingərlər İddiaçı2, İddiaçı1, X4 idarə rəhbərliyi tərəfindən su xəttinin üstünün açılması tapşırığı verilməsinə baxmayaraq, briqada müxtəlif bəhanələr gətirərək işləməkdən imtina etmiş və bununla bağlı olaraq verilmiş tapşırıq yerinə yetirilməmişdir. Araşdırma aparılmaqla, araşdırmanın nəticəsinə uyğun olaraq adı çəkilən əməkdaşlara AR ƏM-nin 186-cı maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Həmin əməkdaşlar İddiaçı2 və Kazımov X10 Təşkilatına müraciət edərək barələrində tətbiq edilmiş cəzanın ləğv edilməsini tələb edirlər. xx.xx.2024-cü il tarixli akt və həmin tarixli xidməti məlumata əsasən İddiaçı2 və İddiaçı1 ərizələri əsassız hesab edilmişdir.
46. Bakı Apellyasiya Məhkəməsinə cavabdeh tərəfindən təqdim olunmuş "xxxx" ASC Binəqədi Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli Azərbaycan Su Təsərrüfatı X5 Respublika Komitəsinin sədri Akif Məmmədova ünvanlanmış təqdimatın məzmunundan görünür ki, xx.xx.2024-cü il tarixli iclasın gündəliyini İddiaçı2 və İddiaçı1 xx.xx.2024-cü il tarixli ərizələri təşkil etmişdir. xx.xx.2024-cü il tarixində ünvan 2 ünvanında yerləşən, abonent kodu **********000 olan istehlakçının ünvanında su israfçılığının qarşısının alınması məqsədilə su xəttinə sayğac quraşdırılması üçün Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin həmin gün növbədə olan ustası X3, qəza-bərpa işləri üzrə çilingərlər İddiaçı2, İddiaçı1, X4 idarə rəhbərliyi tərəfindən su xəttinin üstünün açılması tapşırığı verilməsinə baxmayaraq, briqada müxtəlif bəhanələr gətirərək işləməkdən imtina etmiş və bununla bağlı olaraq verilmiş tapşırıq yerinə yetirilməmişdir. Araşdırma aparılmaqla, araşdırmanın nəticəsinə uyğun olaraq adı çəkilən əməkdaşlara AR ƏM-nin 186-cı maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Həmin əməkdaşlar İddiaçı2 və Kazımov X10 Təşkilatına müraciət edərək barələrində tətbiq edilmiş cəzanın ləğv edilməsini tələb edirlər. xx.xx.2024-cü il tarixli akt və həmin tarixli xidməti məlumata əsasən İddiaçı2 və İddiaçı1 ərizələri əsassız hesab edilmişdir. Bundan sonra, adıçəkilən əməkdaşlar iclasın gedişi zamanı həddən artıq yüksək səs tonu ilə danışmaqla, aqressiya nümayiş etdirərək, iclasın normal ahəngini pozmuş və iclas iştirakçılarına son dərəcə hörmətsiz davranmışlar. İclas bitdikdən sonra isə onlar öz anormal davranışlarını idarənin dəhlizində davam etdirmiş və onlardan biri, yəni İddiaçı1 İsa oğlunun idarə əməkdaşlarının, o cümlədən qadın əməkdaşlarının qarşısında köynəyini əynindən çıxararaq, yerə atmış və ədəbsizlik nümayiş etdirmişdir.
47. Azərbaycan Su Təsərrüfatı X5 Respublika Komitəsinin 05 iyun 2024-cü il tarixli Binəqədi Rayon Sukanal İdarəsinə ünvanlanmış cavab məktubunun məzmunundan görünür ki, qəza-bərpa işləri üzrə çilingər işləyən İddiaçı2 və və İddiaçı1 İsa oğlu əmək funksiyasını layiqincə yerinə yetirməmiş və müəssisə daxilində nizam-intizam qaydalarına əməl etməmişdirlər və bununla da əmək müqaviləsinin tələblərini kobud surətdə pozmuşdurlar, bu isə özlüyündə işəgötürən tərəfindən onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə əsas verir. Yekunda Əmək Məcəlləsinin 186-cı maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz etmədiklərini bildirmişdirlər.
48. Məhkəmə kollegiyası qeyd edir ki, ilk növbədə işəgötürən tərəfindən işçinin müddətsiz əmək müqaviləsinə xitam əsası kimi müraciət etdiyi Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndi ilə əlaqədar aşağıdakılar mütləq vurğulanmalıdır.
49. Qeyd olunan norma onun məzmunundan da aydın olduğu kimi 2 müstəqil tərkib hissəyə malik olduğundan bunların hər biri bir-biri ilə vəhdətdə təhlil edilməlidir. Belə ki, hazırki iş üzrə işçi barəsində adıçəkilən normanın tətbiqi üçün: 1) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməli; 2) bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması kimi faktlar mövcud olmalıdır.
50. Həmin normanın mənasına görə işçinin əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə işdən azad olunması üçün qeyd olunan bu halın qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla baş verməsi və bunun nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olması şərtdir. Məhz sadalanan halların birgə mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə əməl olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər.
51. Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə görə işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
52. İş materiallarından görünür ki, cavabdeh işçilərin əmək vəzifələrinin kobud şəkildə pozuntusu kimi onların xx.xx.2024-cü il tarixli Yerli X6 iclasında nalayiq hərəkətlərinin nəticəsində işin normal ahəngini pozmalarına əsaslanmışdır.
53. Məhkəmə icraatı zamanı tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçıların ilkin intizam tənbehinə səbəb olan xətası xx.xx.2024-cü il tarixli vəzifə öhdəliklərinin icra edilməməsi ilə əlaqədar baş vermiş, bunun da nəticəsində barələrində Əmək Məcəlləsinin 186.2-ci maddəsinə əsasən “sonuncu dəfə xəbərdar edilməklə töhmət” intizam tənbehi tətbiq edilmişdir. Tərəflər müvafiq əmri mübahisələndirərək X21 Təşkilatına müraciət etmiş və xx.xx.2024-cü il tarixli iclasda tərəflərin şikayəti təmin edilmədən saxlanılmışdır. Sonradan cavabdeh iddiaçıların bu iclas zamanı qeyri-adekvat davranışlarına əsaslanaraq növbəti gün onlarla bağlanılan əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam versə də, məhz həmin pozuntu ilə bağlı həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət etdiyini təsdiq edən hər hansı bir sənədi birinci instansiya məhkəməsinə təqdim edə bilməmişdir.
54. Göründüyü kimi, həmkarlar ittifaqının ilkin iclası heç də iddiaçıların Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitamı ilə əlaqədar olmamış, İttifaqın mübahisə ilə əlaqədar araşdırma predmeti faktiki olaraq tərəflərin intizam tənbehinin götürülməsi ilə əlaqədar müraciəti təşkil etmişdir.
55. Kollegiya apellyasiya məhkəməsində keçirilən icraat zamanı sonradan məhkəməyə təqdim olunmuş, X21 İttifaqına ünvanlanmış xx.xx.2024-cü il tarixli təqdimat və sonuncunun həmin təqdimatla bağlı verdiyi razılıq məktubuna münasibətdə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə görə həmin sənədlərin məhz hazırki mərhələdə verilməsi yolverilməz hesab olunmalıdır.
56. Belə ki, Mülki Prosessual Məcəllənin 361.4-cü maddəsinə əsasən apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin hazırki iş üzrə cavabdeh sözügedən sənədləri birinci instansiya məhkəməsinə təqdim etməmiş, bu cür təqdimetmənin onlardan asılı olmayan səbəblərdən qeyri-mümkün olduğunu əsaslandırmamışdır. Bu halda kollegiya həmin sənədlərin hazırki mərhələdə qəbul edilməsini yolverilməz hesab edir.
57. Məhkəmə həmçinin sözügedən sənədin sübut kimi qəbul olunduğu təqdirdə belə formal və qərəzli olaraq tərtib edilməsi qənaətinə gəlir. Belə ki, göründüyü kimi cavabdeh Binəqədi rayon Sukanal İdarəsinin qəza-bərpa işləri üzrə çilingərləri İddiaçı2 və İddiaçı1 əmək funksiyasını layiqincə yerinə yetirməməsi və müəssisə daxili intizam qaydalarına əməl edilməməsinə dair xx.xx.2024-cü il tarixdə 13-16-5/3/2-02/1/569/2024 saylı məktubla Azərbaycan Su Təsərrüfatı X5 Respublika Komitəsinə müraciət etmiş, komitə də elə eyni tarixdə həmin işçilərin ƏM-nin 70-ci maddəsinin ç bəndi ilə xitam verilməsinə razılıq vermişdir və bu da öz növbəsində məsələnin lazımi qaydada araşdırılmadan formal olaraq qərar qəbul edilməsi ilə nəticələnmişdir.
58. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi öz izahatında işçilərin işdən çıxarılma əsası kimi sonuncuların abonentlərin evlərinə getmələri və rəhbərliyin göstərişindən kənara çıxaraq onların sularını kəsməmələri olduğunu bildirmiş, yəni işdən çıxma və şiddətli töhmətin verilmə əsaslarının eyni olduğunu ifadə etmişdir. Lakin Əmək Məcəlləsinin 189.1-ci maddəsinə əsasən bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. Göründüyü kimi cavabdeh sözügedən normanın tələblərinə də əməl etməyərək qanunvericiliyə zidd olaraq iddiaçıların əmək müqavilələrinə xitam vermişdir.
59. Kollegiya o cümlədən qeyd edir ki, Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Lakin iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə baxmayaraq, həmin əmr verilərkən əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamış, əmrdə yalnız ümumi şəkildə işçilərin Həmkarlar İttifaqının xx.xx.2024-cü il tarixli iclasında etdikləri qeyri-adekvat hərəkətlərə istinad edilmişdir.
60. Həmçinin Əmək Məcəlləsinin 187.1-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Lakin iş materialları ilə müəyyən edilir ki, iddiaçıya işdən çıxarılması ilə bağlı intizam tənbehi verilməmişdən əvvəl ondan yazılı izahatın verilməsi tələb edilməmiş (bununla bağlı hər hansı sübut iş materiallarında mövcud deyildir), ehtimal edilən nöqsan barədə fikri dinlənilməmiş, onun cavabdeh təşkilatda işlədiyi müddətdə intizam məsuliyyətinə cəlb edilməməsi, şəxsiyyəti və peşəkarlıq səviyyəsi kimi hallar nəzərə alınmamışdır.
61. Beləliklə, sadalanan qanunvericilik normalarına və işin faktiki hallarına əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçılar ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin əsası kimi göstərilmiş hallar hazırki iş materialları ilə öz təsdiqini tapmır.
62. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşçi ilə əmək müqaviləsinə xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsi, belə rəsmiləşdirmənin mötəbərliyini şübhə altına almamaq üçün qabaqlayıcı tədbirlərin görülməsini təmin etmək vəzifəsi işəgötürənin üzərinə düşür.
63. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarında ifadə olunmuş belə bir hüquqi mövqeyi diqqətəlayiqdir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur.
64. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şəxsin işdən azad edilməsi zamanı həyata keçirilmiş sənədləşmənin nəticələrindən irəli gələn anlaşılmazlıq və ziddiyyətlər işçinin xeyrinə həll olunmalıdır.
65. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir
66. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
67. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
68. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
69. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
70. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
71. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.
72. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3886/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev