Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6181/2025 13.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə (açar sözlər: yaşayış sahəsindən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Bayramlı Möhtəbər Arif qızının katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli, 2(011)-6496/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" Mənzil-Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış 04 may 2022-ci il tarixli, 437/1A-3M/10 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 9, 1a saylı binanın 10 saylı, sahəsi 112,9 m2 təşkil edən 3 otaqlı mənzil sonuncuya məxsusdur.
2. 26 yanvar 2024-cü il tarixli sadə yazılı formada olan, İddiaçı və Cavabdeh tərəfindən imzalanmış sənəddə qeyd olunmuşdur ki, Fətəliyev X1 9, bina 1A, 10 nömrəli mənzili Cavabdeh ailə üzvləri ilə birlikdə 450 manat müqabilində 3 il ərzində kirayə (əşyasız), vermişdir.
3. "xxxx" ASC tərəfindən verilmiş hesabdan çıxarışa əsasən müəyyən olunur ki, razılaşdırılmış kirayə haqqı Cavabdeh tərəfindən İddiaçı məxsus bank kartına köçürülməklə ödənilmişdir, sonuncu ödəniş 04 mart 2025-ci il tarixdə aparılmışdır.
Birinci instansiya məhkəməsində icraat
4. Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsi əsasında iddiaçının istifadəsində olan ünvan 1 ünvanda kirayədə qalan Cavabdeh ev əşyaları ilə birlikdə mənzili boşaltması və tərəfindən məhkəməyə ödənilmiş 101 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanı müqavilə əsasında ona məxsusdur. Həmin mənzil Cavabdeh kirayə verilmişdir. Cavabdeh tərəfindən ödənilən kirayə haqqından o, müəyyən olunmuş vergini də ödəmişdir. Cavabdeh mənzilində bir ildən artıqdır ki, yaşayır. Lakin sonuncu 5 ayın kirayə haqqını ödəməkdən boyun qaçırır və mənzili boşaltmır.
6. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, 2024-cü ilin yanvarın 26-da onunla iddiaçı arasında 3 otaqlı 3 illik kirayə müqaviləsi bağlanmışdır, 2024-cü ilin fevralın 17-də ailəsi iki azyaşlı övladı və 1-ci qrup əlil olan həyat yoldaşı ilə birlikdə həmin mənzilə köçmüş, mənzil tam boş vəziyyətdə təhvil verilmişdir. Müəyyən müddət sonra iddiaçı ona kirayə haqqını 450 manatdan 700 manata qaldırdığını, qiymət qane etmirsə evin boşaldılmasını tələb etmişdir. Cavabdeh bildirmişdir ki, müqavilə müddəti və şərtlərinə əsasən razılaşmamış və ailəsi ilə qanuni şəkildə həmin mənzildə yaşamışdır, kirayə haqqını ödəmək üçün dəfələrlə pul təklif etsə də, iddiaçı pulu qəbul etməmiş, əksinə əlaqəni kəsmiş və normal şəkildə əlaqə yaratmağa imkan verməmişdir.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli, 2(011)- 6496/2025 nömrəli qətnaməsinə əsasən iddia təmin edilərək, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 9, bina 1A, 10 nömrəli mənzildən ev əşyaları ilə birlikdə çıxarılması və iddiaçı tərəfindən ödənilmiş 101 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı xeyrinə tutulması qət edilmişdir.
8. Qətnamənin əsaslarına görə, kirayə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Hazırki mülki iş üzrə kirayəçi qismində olan Cavabdeh razılaşmanın şərtlərini pozaraq, yaşayış sahəsindən istifadə etsə də, kirayə haqqını kirayə verən, İddiaçı ödəməmiş, kirayə verənin xəbərdarlığına baxmayaraq, mənzili tərk etməmişdir. Bu hal cavabdehin yazılı etirazında da öz əksini tapmışdır.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29-cu maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinn 152, 157, 675, 684-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazin dəlilləri, məhkəmə icraati iştirakçilarinin izahatlari
a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayətinin dəlillərinə görə, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 9, bina 1A-da yerləşən 10 nömrəli mənzilinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd - çıxarış yoxdur. Bu səbəbdən də cavabdeh iddiaçı ilə aralarında notarial qaydada bağlanan kirayə müqaviləsi bağlamamışdır. Əlyazma ilə olan razılaşmaya əsasən, cavabdeh kirayə haqqı olaraq İddiaçı hər ay 450 manat pul ödməli idi. İddiaçı isə əvvəlcə kirayə haqqını 700 manata qaldırdı. Daha sonra isə cavabdehin mənzildən çıxmağını israr etdi. Belə ki o və ailə üzvləri – həyat yoldaşı və övladları 2024cü ildən həmin Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 9, bina 1A-da yerləşən 10 nömrəli mənzildə yaşayırlar. Hətta uşaqların təhsili üçün belə həmin evə yaxın məktəb seçmişlər. Bildirilir ki, cavabdeh ailə üzvləri ilə birlikdə həmin evdə kirayə qalmağa başlayandanda sonra evdə karniz, su krantının quraşdırılmasını belə özləri etmişlər. Həmçinin, həmin evə uyğun əşyalar seçmişlər. İndi isə İddiaçı cavabdehin ailə ilə üzvləri ilə birlikdə evdən çıxmağını tələb edərək, onları maddi olaraq çətin vəziyyətə salır. Çünki cavabdeh və ailə üzvləri hal-hazırda həmin mənzildə yaşayır və başqa mənzilə köçmək onları ailə olaraq çətin vəziyyətə salır.
b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Cavabdeh və onun nümayəndəsi Nümayəndə apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər.
13. İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək, apellyasiya şikayətinin təmin edilməədn, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 29.2. Yaşayış sahəsinin mülkiyyətçisi mülki qanunvericiliklə, bu Məcəllə ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsini kirayə müqaviləsi, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla fiziki və ya hüquqi şəxslərin istifadəsinə vermək hüququna malikdir.
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür; Maddə 684.1. Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Maddə 685.1. Əgər kirayəçi və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyri-hüquqi istifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vicdanlı kirayəçi vəzifələrini pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər. Kirayəçi müqavilənin ləğvinə dair bildiriş vermək əvəzinə neqator iddiası da irəli sürə bilər. Maddə 685.2. Kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə və ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə. Maddə 686. Əgər tərəflərdən biri öhdəliklərini öz təqsiri üzündən o dərəcədə pozursa ki, otaqların kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsi digər tərəf üçün yolverilməz olur, onda hüquq münasibətləri xəbərdarlıq müddəti gözlənilmədən ləğv edilə bilər. Tərəflərin bu maddənin göstərişlərinə zidd olan razılaşmasının qüvvəsi yoxdur. Maddə 692.2. Kirayəyə verənin kirayə hüquq münasibətlərinə xitam vermək arzusu aşağıdakı hallarda əsaslı sayılır: 692.2.1. kirayəçi müqavilə öhdəliklərinin pozulmasında təqsirli olduqda; Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; Maddə 700.3. Əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarı: “... müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) aşağıda göstərilən əsaslardan birinin mövcud olduğu halda mümkündür: – digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda (məsələn, Mülki Məcəllənin 719.7-ci maddəsində müəyyən edildiyi kimi); – Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda (məsələn, Mülki Məcəllənin 786.1-ci maddəsində göstərilən hal). Müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması baş vermədiyi bir sıra hallarda, əgər bu hallar Mülki Məcəllə və ya tərəflərin əvvəlcədən qarşılıqlı razılaşması ilə müəyyən edilərsə, müqavilə birtərəfli qaydada ləğv oluna bilər. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. ... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. ... İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.”
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxişinin hədləri
18. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək, iddianın rədd edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
19. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
20. İşin hallarından görünür ki, tərəflər arasında icarə müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Mülki Məcəlləyə görə, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir (maddə 394). Ancaq icarə və kirayə müqaviləsi bağlanarkən əşya hüququ özgəninkiləşdirilmir. Həmçinin, Mülki Məcəllənin “müqavilələrin forması” başlıqlı 406-cı maddəsində də xüsusi olaraq bir daha qeyd olunmuşdur ki, “Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin”. Göründüyü kimi bu maddədə müəyyən məcburi forma tələbi baxımından əsas götürülən məhz “bu Məcəllədə həmin növ müqavilə üçün” ifadəsi ilə xüsusi olaraq vurğulanmışdır. Yəni MM-də tənzimlənən hər hansı bir müqavilə baxımından forma məcburiyyətinin olub-olmadığı məsələsi elə MM-in özünə baxılaraq müəyyən edilməlidir. Mülki Məcəllənin “Əmlak kirayəsi" adlı 33-cü fəslində və “İcarə” adlı 34-cü fəslində daşınmaz əşyanın icarə və kirayə müqaviləsinin bağlanma formasına dair göstəriş müəyyən edilməmişdir.
21. 26 yanvar 2024-cü il tarixli sadə yazılı formada olan qəbzdə qeyd olunmuşdur ki, Fətəliyev X1 9, bina 1A, 10 nömrəli mənzili Cavabdeh ailə üzvləri ilə birlikdə 450 manat müqabilində 3 il ərzində kirayə (əşyasız), vermişdir. Bu qəbz üzrə yalnız kirayə verən öz üzərinə öhdəlik götürsə də, qəbz həm də , Cavabdeh tərəfindən imzalandığından məhkəmə kollegiyası qeyd edir ki, tərəflərin bir – birinin qarşısında yaranan öhdəlikləri məhz bu qəbzə əsasən müəyyən edilmişdir, yəni, sonuncu hər ay 450 manat məbləğində kirayə haqqını ödəməyi öhdəsinə götürmüş, sonradan bir neçə ay həmin məbləğdə kirayə haqqını iddiaçıya ödəmişdir. Qeyd olunan xüsusat işin mübahisələndirilməyən halıdır.
22. Tərəflər arasında yaranan mübahisənin əsasını kirayə haqqının ödənilməməsi təşkil edir, iddiaçı ərizə verilən günə (04 avqust 2025-ci il) qədər 5 aylıq kirayə haqqının ödənilmədiyini iddia edir, cavabdehin isə arqumenti bundan ibarətdir ki, iddiaçı ona kirayə haqqını 450 manatdan 700 manata qaldırdığını, qiymətlə razılaşmadığı təqdirdə evin boşaldılmasını tələb edir.
23. Məhkəmə kollegiyası tərəfindən bu istiqamətdə araşdırma aparılarkən müəyyən olunmuşdur ki, razılaşdırılmış kirayə haqqı Cavabdeh tərəfindən İddiaçı məxsus bank kartına köçürülməklə ödənilmişdir, sonuncu ödəniş 04 mart 2025-ci il tarixdə aparılmışdır. Bu hal da işdə iştirak edən şəxslər tərəfindən mübahisələndirilməmişdir. Yəni, cavabdehin həmin tarixdən sonra da iddiaçıya məxsus bank kartına ödəniş aparmaq imkanı olsa da, heç bir ödəniş aparılmamışdır. Qeyd olunan xüsusat onu təsdiq edir ki, müqavilənin şərti məhz cavabdeh tərəfindən pozulmuş, iddia ərizəsi verilən tarixə ardıcıl olaraq 5 ay ərzində, həmçinin, hal – hazıra kimi heç bir ödəniş aparılmasa da, iddiaçıya məxsus mənzildə yaşamaqda davam edir. Qeyd edilən hal yuxarıda göstərilən normalara və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında əks olunan hüquqi mövqeyə əsasən müqavilə şərtlərinin əhəmiyyətli dərəcədə pozulması hesab edilir və kirayəçi tərəfindən müqavilənin ləğvinə əsas verir.
24. İddiaçı tərəfindən hazırda yalnız mənzilin boşaldılması barədə iddianın verilməsi, ödənilməmiş icarə haqqı ilə bağlı iddia irəli sürməməsi də cavabdehin kirayəçi tərəfindən kirayə haqqını 450 manatdan 700 manata qaldırlması, qiymətlə razılaşmadığı təqdirdə evin boşaldılmasını tələb etməsi barədə arqumentlərinin əsassız olduğu qənaətinə gəlməyə əsas verir.
25. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
26. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli, 2(011)- 6496/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli, 2(011)- 6496/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.