Məhkəmə qərarları › İş №2(103)-6183/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6183/2024

27.11.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6183/2024 27.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər:işə bərpa) X1 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Abdullayeva Çiçək Pərviz qızının katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1579/2024 nömrəli 29 avqust 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin İddiaçı əmək müqaviləsinin ləğv edilməsi haqqında xx.xx.2024-cü il tarixli, 19 №-İi əmrindən görünür ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən son dövrdə korrupsiyaya qarşı mübarizə sahəsində lazımi addımların atılması cəmiyyət arasında müsbət qarşılanmış, lakin Suraxanı rayon idarəsinin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin müfəttişi İddiaçı yol verdiyi hüquqazidd hərəkətlər Xidmətin nüfuzuna ciddi xələl gətirmişdir. Belə ki, Müdafiə Nazirliyindən 2017-ci ildə həqiqi hərbi xidmətdən ehtiyata buraxılan mayor Ervin Hafizov ötən ilin fevral ayında qanunsuz yolla 2-ci qrup əlillik əldə etməsi haqda tanışı müfəttiş İddiaçı müraciət etmiş, sonuncu E.Hafizovun bu hərəkətlərinin qarşısını almaq əvəzinə ona köməklik göstərəcəyinə vəd vermişdir. İddiaçı bununla əlaqədar əvvəllər Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində işləyən tanışı Səxavət İbadovla danışıqlar aparıb E.Hafizovu ona yönəltmiş, eləcə də onların 2023-cü ilin mart ayında işin müsbət həlli müqabilində razılaşdıqları 15.000 manatın verilməsi prosesində vasitəçilik etmişdir. Lakin S.İbadovun vədinə əməl etməməsi E.Hafizovun haqlı şikayətinə səbəb olmuşdur. İddiaçı barəsində təqdimata xx.xx.2024-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həmkarlar ittifaqı Komitəsində baxılmış və onun Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsinə razılıq verilmişdir. Yuxanda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin və "Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə"nin 5.6.13cü yarımbəndinin tələbləri rəhbər tutularaq, əmək vəzifələrini kobud şəkildə pozaraq 2023cü ilin fevral ayında qanunsuz yolla 2-ci qrup əlillik əldə etməsi haqda ona müraciət etmiş E.Hafizovun qanunsuz hərəkətlərinin qarşısını almaq əvəzinə ona köməklik göstərəcəyinə vəd verdiyinə, tanışı S.İbadovla danışıqlar aparıb işin müsbət həlli müqabilində ona müəyyən məbləğdə pul verilməsi prosesində vasitəçilik etməklə Xidmət haqqında mənfi rəyin formalaşmasına zəmin yaratdığına görə Xidmətin Suraxanı rayon idarəsinin müfəttişi (mülki) İddiaçı əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç”bəndinə əsasən ləğv edilmişdir.

2. Təqdim olunmuş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həmkarlar İttifaqı Komitəsinin iclasının xx.xx.2023-cü il tarixli, 14 nömrəli protokolundan görünür ki, iclasda iştirak edən İddiaçı bildirmişdir ki, Müdafiə Nazirliyindən 2017-ci ildə həqiqi hərbi xidmətdən ehtiyata buraxılan mayor Ervin Hafizovdan qanunsuz yolla 2-ci qrup əlillik əldə etməsi üçün 15000 manat pul vəsaiti alaraq əvvəllər Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində işləmiş tanışı Səxavət İbadova verilməsi prosesində vasitəçilik etmişdir. İddiaçı komitə üzvlərinə izahatında qeyd etdiyi və ona məxsus **********7770694 nömrəli Kapital Bank kartı ilə Ervin Hafizovdan pul aldığını və sonradan Ervin Hafizovun şikayətindən sonra 10000 manatın Səxavət İbadovun tərəfindən, qalan 5000 manatın öz tərəfindən qaytardığını təsdiq etdi. Xidmətin Həmkarlar İttifaqı Komitəsinin qərarı ilə Xidmətin Suraxanı rayon idarəsinin Həqiqi xidmətə çağırış şöbəsinin müfəttişi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsinə razılıq verilmişdir.

3. Təqdim olunmuş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Təşkilat nəzarət baş idarəsinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən son dövrdə korrupsiyaya qarşı mübarizə sahəsində lazımi addımların atılması cəmiyyət arasında müsbət qarşılanmış, lakin Suraxanı rayon idarəsinin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin müfəttişi İddiaçı yol verdiyi hüquqazidd hərəkətlər Xidmətin nüfuzuna ciddi xələl gətirmişdir. Belə ki, Müdafiə Nazirliyindən 2017-ci ildə həqiqi hərbi xidmətdən ehtiyata buraxılan mayor Ervin Hafizov ötən ilin fevral ayında qanunsuz yolla 2- ci qrup əlillik əldə etməsi haqda tanışı müfəttiş İddiaçı müraciət etmiş, sonuncu E.Hafizovun bu hərəkətlərinin qarşısını almaq əvəzinə ona köməklik göstərəcəyinə vəd vermişdir. İddiaçı bununla əlaqədar əvvəllər Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyində işləyən tanışı Səxavət İbadovla danışıqlar aparıb E.Hafizovu ona yönəltmiş, eləcə də onların 2023-cü ilin mart ayında işin müsbət həlli müqabilində razılaşdıqları 15.000 manatın verilməsi prosesində vasitəçilik etmişdir. Lakin S.İbadovun vədinə əməl etməməsi E.Hafizovun haqlı şikayətinə səbəb olmuşdur. Xidməti təhqiqat zamanı vətəndaş Ervin Hazifov izahatında 2023-cü ilin mart ayında əlilliyə görə təqaüd alması ilə bağlı sənədlərin hazırlanması üçün tanışı İddiaçı müraciət etdiyini, sonuncunun onu əvvəllər Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyində işləmiş Səxavət İbadova yönəltdiyini, işin həlli müqabilində 15.000 manata razılaşdıqlarını, Səxavətə pulu Nəzakət vasitəsilə göndərdiyini, S.İbadovla yalnız mobil telefonla danışdıqlarını, eləcə də S.İbadovun oğlu Amal İbadovun da həmin danışıqlarda iştirak etdiyini, lakin onların vədlərinə əməl etmədiyindən aldadıldığını anlayıb pulunu istədiyini, müsbət nəticə olmadığından şikayət ünvanladığını və nəticədə xx.xx.2023-cü il tarixdə İddiaçı tərəfindən pulunun qaytardığını göstərmişdir. Xidmətin Suraxanı rayon idarəsinin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin müfəttişi İddiaçı izahatında əvvəllər həmin idarənin maliyyə rəisi işlədiyindən təqaüdə çıxan hərbçilərin sənədləşmə işinin onun tərəfindən aparıldığını, 2023-cü ilin əvvəllərində tanışı Ervin Hafizov əlillik təqaüdünün düzəldilməsində köməklik istədiyini, bu məqsədlə sonuncunu əvvəllər Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində işləmiş tanışı Səxavət İbadova yönəltdiyini, aralarındakı razılaşmaya əsasən işin müqabilində Ervin Hafizovun 15.000 manat verməli olduğunu, Səxavət İbadovun 7.500 manatı Ervinin xəstəxanaya yerləşdirilməsi və epikrizlər alınması, digər 7.500 manatın isə Mərkəzə verərək təqaüdü bərpa edəcəyi üçün istədiyini, cari ilin mart ayının əvvəllərində Ervinin iş yerinə gələrək ona ilkin olaraq 7.500 və 2.000 manat verdiyini, qalan 5.500 manatın isə ona məxsus 4169 7385 8177 0694 nömrəli bank kartına göndərildiyini, pulu Səxavətə oğlu Amal İbadov vasitəsilə göndərdiyini, 2023-cü ilin avqust ayında Ervinin onunla əlaqə saxlayıb Səxavətin məsələni uzatdığını deyib oktyabr ayının sonuna qədər pulun tam şəkildə qaytarılması üçün vaxt verdiyini, müsbət nəticənin olmayacağı təqdirdə şikayət edəcəyini bildirdiyini, Ervinə pulunun qaytarılacağını vəd etdiyini və Səxavətdən aldığı pulu tam şəkildə Ervinə verdiyini, məsələ ilə əlaqədar maddi marağının olmadığını, bu barədə idarənin rəhbərliyini məlumatlandırmadığını göstərmişdir. Beləliklə, aparılmış xidməti təhqiqat nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən son dövrdə korrupsiyaya qarşı mübarizə sahəsində lazımi addımların atılması cəmiyyət arasında müsbət qarşılanmış, lakin Suraxanı rayon idarəsinin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin müfəttişi İddiaçı yol verdiyi hüquqazidd hərəkətlər Xidmətin nüfuzuna ciddi xələl gətirmişdir. Belə ki, Müdafiə Nazirliyindən 2017-ci ildə həqiqi hərbi xidmətdən ehtiyata buraxılan mayor Ervin Hafizov ötən ilin fevral ayında qanunsuz yolla 2-ci qrup əlillik əldə etməsi haqda tanışı müfəttiş İddiaçı müraciət etmiş, sonuncu E.Hafizovun bu hərəkətlərinin qarşısını almaq əvəzinə ona köməklik göstərəcəyinə vəd vermişdir. İddiaçı bununla əlaqədar əvvəllər Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyində işləyən tanışı Səxavət İbadovla danışıqlar aparıb E.Hafizovu ona yönəltmiş, eləcə də onların 2023-cü ilin mart ayında işin müsbət həlli müqabilində razılaşdıqları 15.000 manatın verilməsi prosesində vasitəçilik etmişdir. Lakin S.İbadovun vədinə əməl etməməsi E.Hafizovun haqlı şikayətinə səbəb olmuşdur. İddiaçı barəsində təqdimata xx.xx.2024-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həmkarlar İttifaqı Komitəsində baxılmış və onun “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsinə razılıq verilmişdir. Göstərilənləri nəzərə alaraq, əmək vəzifələrini kobud şəkildə pozaraq 2023-cü ilin fevral ayında qanunsuz yolla 2-ci qrup əlillik əldə etməsi haqda ona müraciət etmiş E.Hafizovun qanunsuz hərəkətlərinin qarşısını almaq əvəzinə ona köməklik göstərəcəyinə vəd verdiyinə, tanışı S.İbadovla danışıqlar aparıb işin müsbət həlli müqabilində ona müəyyən məbləğdə pul verilməsi prosesində vasitəçilik etməklə Xidmət haqqında mənfi rəyin formalaşmasına zəmin yaratdığına görə Xidmətin Suraxanı rayon idarəsinin müfəttişi (mülki) İddiaçı ciddi intizam tənbehinə layiq olduğu təklif olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əvvəlki iş yerinə bərpa olunmasına və məcburi iş buraxmaya görə əmək haqqının verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən işdən azad edilmişdir. İddiaçım əmri onunla əsaslandırılmışdır ki, o, əmək vəzifələrini kobud şəkildə pozaraq, 2023-cü ilin fevral ayında qanunsuz yolla 2-ci qrup əlillik əldə etməsi haqda ona müraciət etmiş E.Hafizovun qanunsuz hərkətinin qarşısını almaq əvəzinə ona köməklik göstərəcəyinə vəd verdiyinə, tanışı S.İbadovla danışıqlar aparıb işin müsbət həlli müqabilində ona müəyyən məbləğdə pul verilməsi prosesində vasitəçilik etməklə Xidmət haqqında mənfi rəyin formalaşmasına zəmin yaratdığına görə Xidmətin Suraxanı rayon İdarəsinin müfəttişi (mülki) İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. Bu tamamilə həqiqətə uyğun deyil. Belə ki, E.Hafizov özü həmin quruma mürciət edərək, İddiaçı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Bundan əlavə cavabdeh orqan Baş prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət etmişdir. Həmin qurum da bu işi araşdırmışdır və iddiaçı məsuliyyətə cəlb olunmamışdır. Yəni iddiaçının əməlində korrupsiyaya yol açan hal olmadığı təqdirdə onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi tam qanunsuzdur. Cavabdeh qərəzli olaraq iddiaçını işdən azad etmiş və bu zaman heç bir araşdırma aparmamışdır.

6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1579/2024 nömrəli 29 avqust 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

7. Məhkəmə iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, İddiaçı Xidmətin əməkdaşına yaraşmayan, əmək fəaliyyəti ilə bir araya sığmayan hərəkətləri ilə Xidmətin nüfuzuna xələl gətirməsi işdəki sənədlərlə təsdiq olunduğundan məhkəmə hesab edir ki, cavabdehin iddiaçı ilə əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verməsinə əsası olmuşdur, ona görə də, iddia tələbi əsassızdır, iddia tərəfinin izahatında istinad etdiyi digər hallar isə mübahisənin hüquqi həlli üçün əhəmiyyət kəsb etmir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci, 71ci, 72-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinə uyğun əsaslandırılmışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

12. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi.

13. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Əmək Məcəlləsi 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsi işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər; 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun; 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; 72-ci maddəsinin “e” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir; 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

18. İddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

20. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, qeyd etməyi zəruri hesab edir ki, əmək hüququnun mühüm təminatlarından biri işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarının məhdud siyahısının qanunvericiliklə müəyyən edilməsidir. Eyni zamanda, qanunvericilik qanuni əsaslar olmadan işçilərlə əmək müqaviləsini ləğv etməyi qadağan edir. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları isə Əmək Məcəlləsinin 70-ci maddəsində təsbit edilmişdir. Həmin maddədə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin altı əsası nəzərdə tutulmuşdur. Bu əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyinin əsaslandırılması isə xüsusi şərt olaraq qeyd edilmişdir. Başqa sözlə, işəgötürən bu barədə əmrdə işçinin təqsirli davranışının nədə ifadə olunmasını (nədən ibarət olmasını) habelə əmək funksiyasına daxil olan hansı işin (öhdəliklərin, xidmətin) yerinə yetirilmədiyini mütləq şəkildə göstərməli və bu lazımi sənədlərlə təsdiq olunmalıdır. Məcəllənin məhz 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsaslarla əmək müqaviləsinin ləğv edilməsinin mümkünlüyü (qanunauyğunluğu), həmçinin konkret şərtlərin (1. işçi öz əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirməməlidir. 2. İşçinin bu hərəkətləri nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalı. 3. İşçinin bu hərəkətləri nəticəsində mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir.) mövcudluğundan asılı edilmişdir. Belə ki, bu şərtlərin mövcud olmaması bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsini birmənalı şəkildə istisna edir.

21. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi yanaşı Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması da işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarından biri kimi təsbit edilmiş, bu zaman əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirilən hallar Məcəllənin 72-ci maddəsində dəqiq şəkildə müəyyən edilmişdir. Əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi də (72-ci maddənin “e” bəndi) bu hallara aid edilmişdir. Lakin bu bəndin məzmunundan da belə qənaətə gəlmək olur ki, işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirən kobud səhvlər və hüquq pozuntuları yalnız əmək fəaliyyəti müddətində və əmək fəaliyyəti ilə bağlı olmalıdır.

22. Hazırki işin faktiki hallarına əsasən Müdafiə Nazirliyindən 2017-ci ildə həqiqi hərbi xidmətdən ehtiyata buraxılan mayor Ervin Hafizov ötən ilin fevral ayında qanunsuz yolla 2-ci qrup əlillik əldə etməsi haqda tanışı Suraxanı rayon idarəsinin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin müfəttişi İddiaçı müraciət etmiş, sonuncu E.Hafizovun bu hərəkətlərinin qarşısını almaq əvəzinə ona köməklik göstərəcəyinə vəd vermişdir. İddiaçı bununla əlaqədar əvvəllər Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyində işləyən tanışı Səxavət İbadovla danışıqlar aparıb E.Hafizovu ona yönəltmiş, eləcə də onların 2023-cü ilin mart ayında işin müsbət həlli müqabilində razılaşdıqları 15.000 manatın verilməsi prosesində vasitəçilik etmişdir. Lakin S.İbadovun vədinə əməl etməməsi E.Hafizovun haqlı şikayətinə səbəb olmuşdur. Beləliklə, İddiaçı Xidmətin əməkdaşına yaraşmayan, əmək fəaliyyəti ilə bir araya sığmayan və beləliklə, Xidmətin nüfuzuna xələl gətirən hərəkətlərə yol vermişdir.

23. Eyni zamanda işəgötürən tərəfindən iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 80.1-ci maddəsinin tələbləri nəzərə alınaraq, Həmkarlar İttifaqı Komitəsinin razılığı da alınmışdır.

24. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Xidmətin əməkdaşına yaraşmayan, əmək fəaliyyəti ilə bir araya sığmayan hərəkətləri ilə Xidmətin nüfuzuna xələl gətirməsi işdəki sənədlərlə təsdiq olunmuşdur.

25. Belə olan halda məhkəmə kollegiyası əmək qanunvericiliyinin tələbləri baxımından xx.xx.2024-cü il tarixli, 19 №-İi əmri nəzərdən keçirib, onun məzmununa hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddiaçı ilə bağlanmış Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndi ilə (Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə istinad edilməklə) ləğv edilməsi üçün hər hansı pozuntu halı mövcud deyil. Əmrdə göstərilənlər qeyd edilən maddələrin tərkibini yaradır. Bu baxımdan əmr əmək qanunvericiliyinin tələbləri pozulmadan qəbul edilmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının iddia tələbini təmin etməmişdir.

26. Məhkəmə kollegiyası aparılmış araşdırmanın nəticələrinə əsaslanıb və yuxarıda qeyd edilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas vermir. Bu səbəbdən apellyasiya şikayəti təmin ediməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1579/2024 nömrəli 29 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar