Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6184/2020 22.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X9 və X4 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(005)-1683/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından doğulmuş xx xxx 2016-cı il təvəllüdlü X2 və xx xxxxxxx 2017ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün onun himayəsinə verilməsi, cavabdehdən 2020-ci ilin yanvar ayından başlayaraq onun xeyrinə hər ay hər uşağa görə 170 manat sabit pul məbləğində alimentin və 2020-ci ilin yanvar ayından başlayaraq xx xxxxxxx 2017-ci il təvəllüdlü X8 3 yaşına çatanadək hər ay 100 manat alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(005)- 1683/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh xx xxx 2016-cı il təvəllüdlü X2 və xx xxxxxxx 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı xeyrinə hər ay hər uşaq üçün 170 manat olmaqla, 340 manat sabit pul məbləğində aliment tutulması, Cavabdeh xx xxxxxxx 2017-ci il təvəllüdlü X8 3 yaşına çatanadək, yəni xx xxxxxxx 2020-ci il tarixədək hər ay 30 manat aliment tutulub İddiaçı verilməsi, alimentin və əlavə xərcin tutulma vaxtının xx xxxx 2020-ci il tarixdən hesablanması qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsini, tutulan alimentin miqdarının azaldılmasını və xx xxx 2016-cı il təvəllüdlü X2 və xx xxxxxxx 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 100 manat olmaqla cəmi 200 manat alimentin tutulması və X8 3 yaşına çatanadək iddiaçının saxlanılması üçün hər ay sabit pul məbləğində 30 manat saxlanma xərcinin ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh hal-hazırda daimi iş yerindən məhrum edildiyi və başqa gəlir mənbəyi olmadığı üçün maddi sıxıntı çəkir. Cavabdehin bundan əvvəlki nikahından doğulan övladı X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zəngilan Rayon Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli 2(034)- 220/2013 saylı qətnaməsinə əsasən aylıq qazancının 1/6 hissəsi məbləğində aliment tutulması qət edilmişdir. Hesab edir ki, iddiaçının əlavə gəlir mənbəyinin olması və uşaqları saxlamaq vəzifəsinin hər iki valideynə aid olması səbəbindən uşağın saxlanması üçün tələb olunan yaşayış minimumuna müvafiq olaraq müəyyən edilmiş 170 manat məbləğin təkcə işsiz olan atadan tələb olunması əsassız, ədalətsiz, qanunsuzdur. Bundan başqa əks tərəfin hüquqlarını müdafiə edən şəxs – iddiaçının nümayəndəsi və vəkili Əliyev X1 X7 Rayon Məhkəməsində aliment tələbinə dair mülki iş üzrə cavabdeh olduğu zaman onun vəkili və nümayəndəsi olmuşdur. Bu isə prosessual hüquq normalarının pozulması kimi qiymətləndirilməlidir. Həm iddiaçı, həm də cavabdehin qeydiyyat ünvanı Zəngilan rayonu Cahangirbəyli kəndindədir. Cavabdeh ərazi aidiyyətinin dəyişdirilməsi ilə bağlı məhkəmə iclasında hakimə dəfələrlə müraciət etməsinə və vəsatət təqdim etməsinə baxmayaraq, Nərimanov Rayon Məhkəməsi bu faktı, ümumiyyətlə, nəzərə almamışdır. Məhkəmə qərəzli şəkildə iddiaçı tərəfin və onun nümayəndəsinin nitqinə və replikasına daha çox yer vermiş, cavabdehi dinləməmiş, sübut qismində təqdim etdiyi dəlilləri nəzərə almamış, faktları isə qiymətləndirməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh və nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını, iddiaçı isə apelyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(005)-1683/2020 saylı qətnaməsi cavabdehin apelyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. İşin mübahisəsiz hallarına görə İddiaçı ilə Cavabdeh xx xxxxxx 2015-ci il tarixdə nikaha daxil olmuş, tərəflərin birgə nikahından xx xxx 2016-cı il təvəllüdlü X6 və xx xxxxxxx 2017-ci il təvəllüdlü X8 anadan olmuşlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın forma və qaydasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Alimentin məbləği ilə bağlı olaraq ilk növbədə nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Qanuna görə 2020-ci ildə respublikamızda yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Apelyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir : İlk növbədə məhkəmə kollegiyası hesab edir ki, cavabdehin işləməməsi və qazancının az olması onu yetkinlik yaşına çatmayan uşaqlarını normal saxlamaq vəzifəsindən azad etmir. Cavabdehin başqa nikahdan bir uşağının olması və həmin uşağa görə Zəngilan Rayon Məhkəməsinin qətnaməsi ilə aliment ödəməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, adı çəkilən qətnamənin məzmunundan da görünür ki, məhkəmə məhz Cavabdeh İddiaçı ilə nikahından iki uşağının olmasını nəzərə alaraq alimentin məbləğini dəyişdirmiş və qazancın 1/6 hissəsi miqdarında müəyyən etmişdir. İddiaçının nümayəndəsi Vəkil1 Cavabdeh tərəf olduğu Zəngilan Rayon Məhkəməsində aliment tələbinə dair başqa mülki iş üzrə nümayəndəsi olması barədə apelyasiya şikayətinin dəlili ilə bağlı kollegiya qeyd edir ki, əvvəla cavabdeh birinci instansiya məhkəməsində işə baxılarkən bu barədə etirazını bildirməmiş, digər tərəfdən isə Zəngilan Rayon Məhkəməsində baxılmış mülki iş Cavabdeh başqa bir şəxslə mülki mübahisəsi ilə bağlı olduğuna görə etiraz üçün əsas ola bilməzdi. Mülki işə Zəngilan Rayon Məhkəməsində baxılmalı olması barədə apelyasiya şikayətinin dəlili ilə bağlı kollegiya qeyd edir ki, iddiaçı məcburi köçkün kimi Bakı şəhəri Nərimanov rayonunda yaşadığına görə Azərbaycan Respublikası MPM-in 36.3-cü maddəsinə əsasən işə Nərimanov Rayon Məhkəməsində baxıla bilərdi. Apelyasiya şikayətində qeyd olunan digər dəlilləri kollegiya formal mülahizələr kimi qiymətləndirir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də müəyyən olunan alimentin 2020-ci ildə uşaqlar üçün yaşayış minimumuna müvafiq müəyyən edilməsini əsas götürərək iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(005)- 1683/2020 saylı qətnaməsi cavabdehin apelyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-6184/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6184/2020
22.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver