Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6189/2023 03.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli 2(011)-3940/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ailə üzvləri ilə birlikdə Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 2935 A ünvanında inşa edilmiş yaşayış binasının 1-ci blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 57.47 kv.m. olan 1 otaqlı 68 nömrəli mənzildən çıxarılmaları və cavabdeh tərəfindən mübahisəli mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ona qarşı irəli sürdüyü iddia tələbinin aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası Culfa Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, müqavilə öhdəliklərinin mübahisələndirilməsinə dair tələbə onun rəsmi qeydiyyatda olduğu yerin məhkəməsində baxılmalıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli 2(011)- 3940/2023 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan cavabdeh tərəfin verdiyi şikayət məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasi iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2-ci maddəsinə görə, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Məcəllənin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Göründüyü kimi iddiaçının tələbi mənzildən çıxarılma və cavabdeh tərəfindən mübahisəli mənzilin boşaldılaraq ona təhvil verilməsi ilə bağlıdır. Belə olan halda iddia tələbi müstəsna aidiyyətin tələbləri dairəsinə düşdüyü üçün məhkəmə haqlı olaraq vəsatətin rədd edilməsi qənaətinə gələrək göstərmişdir ki, iddia tələbləri “daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi” tələblərini ehtiva edir. Həmin tələblər daşınmaz əmlakın yerləşdiyi Bakı şəhərinin Xətai rayonu üzrə verilir. İddia ərizəsi aidiyyət qaydalarına riayət olunmaqla icraata qəbul edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli 2(011)-3940/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6189/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6189/2023
03.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver