Məhkəmə qərarları › İş №2(103)-6189/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6189/2025

27.01.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6189/2025 27.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh “ünvan 2ulatları” Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsinin boşaldılması və ilkin vəziyyətinin bərpa edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlundan və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, X1 Əziz qızının katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-109/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh “ünvan 2ulatları” ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqram”na uyğun olaraq, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının özəlləşdirilməsi Departamentinin xx.xx.2001-ci il tarixli, 45 nömrəli sərəncamı ilə "xxxx" Dövlət Şirkətinin ünvan 2ulatları zavodunun bazasında “ünvan 2ulatları” Açıq Səhmdar Cəmiyyəti yaradılmış və onun səhmləri xx.xx.2004-cü il tarixdə tam özəlləşdirilmişdir. Cəmiyyətin səhmləri tam özəlləşdirilsə də, onun yerləşdiyi torpaq sahəsi hazırkı vaxtadək özəlləşdirilməmiş və dövlət mülkiyyətində qalmışdır. a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh “ünvan 2ulatları” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən cavabdehin istifadəsində və dövlət mülkiyyətində olan 28172,7 kv.m torpaq sahəsinə bitişik dövlət mülkiyyətində olan 0,5 ha torpaq sahəsinin boşaldılması və torpaq sahəsinin xx.xx.2004cü il tarixli texniki pasportda qeyd edilən ilkin vəziyyətə bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, iddiaçı tərəfindən ödənilmiş 40 manat mediator xərcinin əvəzinin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş monitorinq nəticəsində, ünvan 1 ünvanında yerləşən “ünvan 2ulatları” Açıq Səhmdar Cəmiyyətinin istifadəsində və dövlət mülkiyyətində olan 28172.7 kv.m torpaq sahəsinə bitişik dövlət mükiyyətində olan 0.50 ha torpaq sahəsinin zəbt edilərək ümumi istifadədə olan əraziyə birləşdirilməklə həmin ərazidə “ünvan 2ulatları” ASC tərəfindən özbaşına olaraq qeyri-yaşayış obyektinin inşa edildiyi aşkar olunmuşdur. “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqram”na uyğun olaraq, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının özəlləşdirilməsi Departamentinin xx.xx.2001-ci il tarixli, 45 nömrəli sərəncamı ilə "xxxx" Dövlət Şirkətinin ünvan 2ulatları zavodunun bazasında “ünvan 2ulatları” Açıq Səhmdar Cəmiyyəti yaradılmış və onun səhmləri xx.xx.2004-cü il tarixdə tam özəlləşdirilmişdir. Cəmiyyətin səhmləri tam özəlləşdirilsə də, onun yerləşdiyi torpaq sahəsi hazırkı vaxtadək özəlləşdirilməmiş və dövlət mülkiyyətində qalmışdır. Bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur. “ünvan 2ulatları” Açıq Səhmdar Cəmiyyəti tərəfindən tikinti işləri xx.xx.2004-cü il tarixli texniki pasportda göstərilmiş hüdudlar daxilində aparılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.46-cı yarımbəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərin, özəlləşdirilən hüquqi şəxslərin və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrində tikinti, yenidənqurma və işlərinin aparilmasına, onların təyinatının dəyişdirilməsinə razılıq vermək, dövlətə məxsus olan hüquqi şəxslərin və özəlləşdirilən hüquqi şəxslərin və obyektlərin yerləşdiyi torpaq sahələrinin təyinatı üzrə istifadəsi vəziyyətinin araşdırılması məqsədilə, monitorinq aparmaq və aşkar edilmiş pozuntu hallarının aradan qaldırılması üçün tədbirlər görmək; 3.0.36-cı yarımbəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərə və özəlləşdirilən hüquqi şəxslərə məxsus obyektlərin (əmlakın) və torpaq sahələrinin zəbt olunması və qanunazidd formada istifadə olunması hallarının qarşısını almaq üçün tədbirlər görmək, bu məqsədlə aidiyyəti orqanlara məlumat vermək, o cümlədən iddia qaldırmaq Xidmətin vəzifələridir. Beləliklə, qanunvericiliyə əsasən cavabdeh tərəfindən dövlət mülkiyyətində və onun istifadəsində olan torpaq sahəsində müvafiq tikinti işlərinin aparılması üçün Əmlak Məsələləri Dövlət Xidmətindən razılıq alınmalı olduğu halda, cavabdeh belə bir razılıq almadan tikinti işlərini aparmışdır ki, bununla da qanunvericiliyin tələblərini pozmuşdur.

4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(008)- 109/2025 nömrəli qətnaməsi ilə (hakim H.Mahmudova) iddia təmin edilmişdir.

5. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, “ünvan 2ulatları” Açıq Səhmdar Cəmiyyəti tərəfindən onun istifadəsinə verilmiş dövlət mülkiyyətində olan torpaq sahəsində qanunvericiliyin tələbinə zidd olaraq, müvafiq icra hakimiyyəti orqanlarının razılığı alınmadan özbaşına tikililər inşa edilmişdir. Cavabdehin həmin torpaq sahəsinə və tikililərə dair heç bir hüquq müəyyənedici sənədləri mövcud deyil. Ona görə də, məhkəmə hesab etmişdir ki, ünvan 1 ünvanında yerləşən cavabdehin istifadəsində və dövlət mülkiyyətində olan 28172,7 kv.m torpaq sahəsinə bitişik dövlət mülkiyyətində olan 0,5 ha torpaq sahəsi boşaldılmalı və torpaq sahəsinin xx.xx.2004-cü il tarixli texniki pasportda qeyd edilən ilkin vəziyyətin bərpa edilməsi vəzifəsi cavabdeh “ünvan 2ulatları” Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulmalıdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdə olan ziddiyyətlərə nəzər yetirməmiş və bunların səbəbini araşdırmamışdır. Cavabdehin məhkəməyə təqdim etdiyi etirazda göstərilmişdir ki, iddiaçı naməlum səbəbdən məhkəməyə ASC-nin emissiya prospektinin özünü deyil, yalnız çıxarışını təqdim etmişdir. Məlum olduqu kimi ASC-nin emissiya prospekti iki orojinal nüsxədə tərtib olunur və nüsxələrin biri iddiaçıda biri isə cavabdehdə saxlanılır. Cavabdehdə olan nüsxədə sahənin ölçüsü 35 000 kv.m göstərildiyi halda, iddiaçının təqdim etdiyi çıxarışda naməlum səbəbdən torpaq sahəsi 28 172, 7 kv.m kimi göstrəilmişdir. Bununla yanaşı iddiaçının təqdim etdiyi sənəddə sonrakı düzəliş açıq-aşkar görünür. ASC-nin emissiya prospektinin əslinin məhkəməyə təqdim edilməsi tələbi cavabsız qalmışdır. Bu məsələyə aydınlıqın gətirilməsi məqsədilə məhkəmə heç bir addım atmamışdır. Daha sonra məhkəmə qarşısında qaldırılan sual iddiaçı tərəfindən təqdim olunmuş texniki pasportla bağlı idi. Belə ki, cavabdeh tərəfindən əsaslı olaraq məhkəməyə bildirilmişdir ki, ASC-nin texniki pasportun verilməsi ilə bağlı hər – hansı müraciəti olmamışdır. Bununla yanaşı texniki pasport verildiyi zaman onun bir nüsxəsi ASC-də olmalıdır. ASC-nə texniki pasport verilməmişdir və bu baxımdan texniki pasportun hansı əsaslarla ortaya çıxması, texniki pasporta torpaq sahələrin salınmasına əsas olmuş sənədlər tələb olunmalı idi. Naməlum səbəbdən məhkəmə bunu etməmişdir. Məhkəməyə təqdim olunmuş digər sənədlərlə yanaşı Bakış. Sovetiİcraiyyə Komitəsinin 2/18 saylı 15 aprel 1980 il tarixli qərarı olmuşdur. Həmin qərara əsasən Balaxanı qəs. yerləşən torpaq sahəsi ünvan 2ulatları zavodunun faktiki istifadəsindən olduqundan onun balansına yazılmış və zavodun şimal qərb hissəsindəsu təmizləyici qurğular tikmək üçün əlavə sahə ayrlması nəzərdə tutulmuşdur. Qərarda ayrılan torpaq sahəsinin konkret ölçüsü göstərilməmişdir. Beləliklə ASC-yə ayrılmış və onun faktiki istifadəsində olmuş torpaq sahəsinin ölçüləri məlum olmadıqı halda, iddiaçı tərəfindən naməlum əsaslarla sonradan tərtib etdiyi texpasport məhkəməyə təqdim etmişdir və həmin texniki pasportda göstərilən torpaq sahəsinin ölçüləri hansı əsaslarla texpasporta salınmasına dair iddiaçı heç bir sübut məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı vaxtılə zavoda verilmiş və onun faktiki istifadəsində olmuş torpaq sahəsinin texniki pasportda göstərilən sahəilə üst-üstə düşüb-düşmədiyi mütləq məhkəmədə müəyyən olunmalı idi. Məlumdur ki, texniki pasportun tərtib olunması iddiaçının hüququdur və iddiaçı tərəfindən məhkəməyə təqdim olunan texpasport da istənilən ölçülərin yazılamsı istisna olunmur. Belə olan halda onun məhkəməyə təqdim etdiyi texpasportun əvvəlki sənədlərə uyqun olub-olmadıqı araşdırılmalı idi və azından mötəbər sübut kimi qəbul olunmamalı idi. Ekspert rəyi məhkəmətərəfindən mötəbər sübut kimi qəbul olunmalı deyil. Rəyin “Tədqiqat ProsessininTəsviri“ hissəsində birmənalı göstərilir ki( birinci cümlə) tədqiqat torpaq sahəsi üzrə mütəxəssis rəyinə – yəni iddiaçının əməkdaşı olan şəxsin – rəyinə əsasən aparılır. Bu halda məhkəmə azından bu rəyi sübut kimi qəbul etməzdən əvvəl, onun düzgün , obyektiv və hərtərəfli qiymətləndirilməsi üçün lazımı addımlar atmalı idi. Yaxud , sübutetmə vəzifəsinin iddiaçıya aid olduqunu nəzərə alıb ,ekspert rəyini mötəbər sübut kimi qəbul etməməli idi. Beləliklə - iddiaçı tərəfindən ASC-nin emissiya prospektinin özünü deyil, yalnız çıxarışın təqdim edilməsi, - məlum olmayan əsaslarla və özü tərəfindən tərtib olunmuş ( naməlum əsaslarla torpaq sahəsinin ölçüləri ilə bağlı istənilən rəqəmləri qeyd olunan) texniki pasportun təqdim olunması - 1980 ildən bu günədək zavodun istifadəsinə verilən torpaq sahəsinin ölçülərinin məlum olmadıqı halda, yalnız iddiçının tərtib etdiyi sənədlərərin olması - Ekspertiza rəyinin faktiki iddiaçının əməkdaşı tərəfindən verildiyi halda məhkəmə iddianın sübut edilmədiyi əsası ilə iddianın rədd olunması barədə qərarı qəbul etməli idi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

11. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

12. Maddə 180.2. Özbaşına tikinti aparılmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

13. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

14. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:

Maddə 55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə 56.1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Maddə 66. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

15. Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000-ci il tarixli Fərmanı:

“yuxarıda sadalanan maddələrdə göstərilən “müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərinin həyata keçirilməsi dövlət müəssisə, idarə və təşkilatların istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və yerli icra hakimiyyəti orqanlarına həvalə edilmişdir”.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması” Qaydaları: Bənd 5. Yerli icra hakimiyyəti ilə obyektdə dəyişikliklər edilməsi razılaşdırıldıqdan sonra bu məqsədlə işlənmiş layihə-smeta sənədləri sifarişçi tərəfindən təsdiq olunduqdan sonra bina və qurğularda genişləndirmə, yenidən planlaşdırma, yenidənqurma işlərinin aparılmasına və müvafiq qaydada tikinti işlərinin icrasına başlanılmasına yol verilir.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

18. Hazırkı işdə iddia tələbi təmin edildiyindən və apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab etsə də, cavabdehin boşaltmalı olduğu torpaq sahəsinin ölçüsü barədə gəldiyi nəticəni işin hallarına uyğun hesab etmir.

20. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/3702 saylı ekspert rəyindən görünür ki, faktiki istifadə olunan 28172.7 kv.m torpaq sahəsinin döngə nöqtələrinin koordinatları mütəxəssis rəyinə əlavə olunmuşdur. Sahənin daxilində əlavə tikililər sonradan inşa edilmiş, bəzi tikililər yararsız vəziyyətdədir. Həmçinin 4849.0 kv.m torpaq sahəsi artıqdır. Rəydə o da qeyd olunmuşdur ki, vahid elektron kadastr baza məlumatlarına əsasən texniki pasportla faktiki sahə arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. Bundan başqa, torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməklə yanaşı, ərazinin yaxınlığında çox sayda neft quyusu mövcuddur. Yuxarıda qeyd olunduğu kimi sahənin daxilində əlavə tikililər sonradan inşa edilmiş, bəzi tikililər yararsız vəziyyətdədir. Həmçinin 4849,0 kv.m torpaq sahəsi artıqdır. Ümumi ərazi ilə bağlı koordinatları əks etdirən izahlı sxem mütəxəssis rəyinə əlavə olunmuşdur.

21. İddiaçı isə cavabdehin 0,5 ha torpaq sahəsindən çıxarılmasını və torpaq sahəsinin xx.xx.2004-cü il tarixli texniki pasportda qeyd edilən ilkin vəziyyətdə bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir.

22. Yuxarıda adı çəkilən mütəxəssis rəyi ilə cavabdehin 4849,0 kv.m torpaq sahəsinin texniki pasportdan kənar cavabdeh tərəindən istifadə olunduğu müəyyən edilir.

23. Cavabdeh tərəfindən onun istifadəsinə verilmiş dövlət mülkiyyətində olan torpaq sahəsində qanunvericiliyin tələbinə zidd olaraq, müvafiq icra hakimiyyəti orqanlarının razılığı alınmadan özbaşına tikililər inşa edilmişdir. Cavabdehin həmin torpaq sahəsinə və tikililərə dair heç bir hüquq müəyyənedici sənədləri mövcud deyil.

24. Belə olan halda, cavabdeh istifadəsində və dövlət mülkiyyətində olan 28172,7 kv.m torpaq sahəsinə bitişik dövlət mülkiyyətində olan 4849,0 kv.m torpaq sahəsinin boşaldılması və torpaq sahəsinin xx.xx.2004-cü il tarixli texniki pasportda qeyd edilən ilkin vəziyyətə bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qət olunmalıdır.

25. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

26. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

27. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.

28. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ünvan 1 ünvanında yerləşən cavabdeh “ünvan 2ulatları” Açıq Səhmdar Cəmiyyətinin istifadəsində və dövlət mülkiyyətində olan 28172,7 kv.m torpaq sahəsinə bitişik dövlət mülkiyyətində olan 0,5 ha torpaq sahəsinin boşaldılması hissəsində dəyişdirilsin və boşaldılmalı olan torpaq sahəsinin ölçüsü 4849,0 kv.m müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar