Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6193/2020 20.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X9 oğlunun katibliyi, İddiaçı1 qızının, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 qızı və x qızının Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 qızı və x qızı Cavabdeh qarşı mənzilə köçürmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, cavabdehlə 2003-cü ildə rəsmi nikaha daxil olaraq evlənmişdir. Birgə nikahdan iki övladları olmuşdur. Nikah dövründə mübahisəli mənzili tikib orada yaşamışlar. Bu mənzilə də pasport qeydiyyatına alınmışlar. Son günlər cavabdehlə aralarında yaranmış mübahisələrdən cavabdeh onu hədələyərək qızı ilə birlikdə evdən qovmuşdur. O, da məcbur olub kirayədə yaşamağa qalmışdır. Bu evdə pasport qeydiyyatdadırlar. Ona məxsus əmlakların bir hissəsi bu mənzildə qalmaqdadır. Həyat yoldaşı gəlib onların bu evdə yaşamalarına etiraz etdiyi üçün o, müvəqqəti olaraq kirayədə qalmalı olmuşdur. Qızının da yaşayışı normal deyildir. Özünün otağı yoxdur və lazımi qaydada dərslərini oxuya bilmir. Göstərilənləri nəzərə alaraq onun qızı İddiaçı2 ilə birlikdə Bakı şəhəri, Badamdar qəsəbəsi, 1-ci massiv, ev 371-ə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin iş № 2(009)-2082/2019-ci il saylı, xx xxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı1 qızı yetkinlik yaşına çatmamış uşağı - xx.xx.2008-ci il təvəllüdlü x qızı ilə biirikdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 371 saylı ünvanında yerləşən evə köçürülməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-2082/2019-ci il saylı, xx xxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 371 saylı evi atası tikmişdir, nə o, nə də iddiaçı həmin evin tikintisinə heç bir pul verməmişdir. İddiaçı1 öz xoşluğu ilə müstəqil yaşaması üçün Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 371 saylı evdən getmiş, onu hədələməmiş, onu evdən qovmamış, gedərkən özü ilə qızını da məcburi aparmışdır və qızından ona qarşı sui-istifadə edir. Hazırda iddiaçı ilə münasibətləri dözülməz xarakter aldığından onunla birlikdə yaşamağı qeyri-mümkündür. Çünki, iddiaçı ondan polisə şikayət edir, heç nədən münaqişə salır, evdə rahat yaşamağını qeyri-mümkün edir. Məhkəmə iclasında Cavabdeh apelyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 qızı apelyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı1 Cavabdehla 2003-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Ailə qurduqdan sonra tərəflər mübahisəli Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1ci y/massivində yerləşən 371 saylı evdə yaşamışlar və həmin evdə yaşayarkən onların iki övladı anadan olmuşdur. Tərəflər arasında olan nikah 2018-ci ildə pozulmuşdur. İddiaçı 2020-ci ilin yanvar ayınadək mübahisəli evdə yaşamışdır və hazırda cavabdeh iddiaçının mübahisəli evdə yaşamasına maneçilik törədir. Həmçinin müəyyən edilmişdir ki, mübahisəli Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci y/massivində yerləşən 371 saylı ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir və öz hüquqi statusuna görə özbaşına tikilidir, iddiaçı övladı Fəridə Həsənzadə ilə birlikdə həmin evdə yaşayış yeri üzrə qeydiyyatdadırlar. İş üzrə Səbail rayon Məhkəməsinin 2(009)-2390/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı1 qızı arasında olan xx.xx.2003-cü il tarixli 19 №-li akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, birgə nikahdan olan xx.xx.2004-cü il təvəllüdlü X3, xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması məqsədilə X2 hər ay hər birinə görə 154 manat, ümumilikdə 308 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı1 qızına verilməsi qət edilmişdir. İş üzrə Səbail rayon Məhkəməsinin 2(009)-430/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı1 qızına məxsus cehiz əşyalarının alınaraq ona qaytarılması, həmin əmlaklar olmadıqda onların dəyəri alınıb İddiaçı1 qızına verilməsi və tərəflərin birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi qət edilmişdir. Həmin qətnamə ilə iddiaçının Bakı şəhəri, Badamdar qəsəbəsi, 1-ci y/massivi, 371 saylı evə köçürülməsinə dair hissədə tələbi, onun həmin evdə uşaqları ilə yaşaması müəyyən olunduğu üçün təmin edilməmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. “R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2018-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyada təsbit olunmuş bu hüquq (yaşadığı mənzildən qanunsuz məhrum edilməsinin yolverilməzliyi) hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüququ öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir. Məhkəmə kollegiyası izah edir ki, Konstitusiyanın qeyd olunan norması ümumi norma olmaqla, şəxsi yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkəti qadağan edir. Bu normanı mənzilə köçürülmə dair tələblərə tətbiq edərkən 3 halın aydınlaşdırılması zəruridir: 1) şəxs köçmək istədiyi yaşayış sahəsində yaşamışdırmı?; 2) şəxs yaşadığı sahədən məhrum edilmişdirmi?; 3) məhrum edilmə qanuni olmuşdurmu?. Yuxarıda qeyd olunduğu kimi hazırki işdə iddiaçı X4 2005-ci ildən mübahisəli mənzildə yaşaması və onun keçmiş həyat yoldaşı ilə ailə münasibətlərinə xitam veriməsi ilə əlaqədar yaşadığı evdən çıxarılması mübahisəsiz olaraq müəyyən edilmişdir. İddiaçıların yaşadığı sahədən məhrum edilmənin qanuniliyi ilə əlaqədar isə məhkəmə kollegiyası hesab edir ki, bu məhrumetmə qanunsuz olmuşdur. Belə ki, məhrum etmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə yol verən şəxsin yaşayış sahəsinə hüquqları olsun, məhrum edilən şəxsin isə hər hansı hüququ olmasın. Lakin hazırki iş üzrə iddiaçılar yaşayış sahəsindən məhrum olunarkən cavabdehin mübahisələndirilən evə hər hansı hüququnun (mülkiyyət, istifadə, icarə və s.) olmasını təsdiq edən sənəd məhkə mələrə təqdim olunmamışdır. Həmçinin müəyyən olunmuşdur ki, mübahisələndirilən ev sənədsiz olmaqla, iddiaçı da cavabdehlə yanaşı həmin evdə bərabər yaşamışdır. Odur ki, tərəflər arasında mübahisəli hüquq münasibətləri yaranarkən mübahisələndirilən ev özbaşına tikili statusuna malik olsa da, faktiki olaraq mövcud olduğundan və yaşayış sahəsi kimi istifadə olunduğundan, cavabdeh həmin evdə normal şərtlər daxilində yaşadığından məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların da bu evdə yaşaması təmin olunmalıdır. Beləliklə, qətnamə qəbul edilərkən mübahisələndirilən yaşayış sahəsi faktiki olaraq özbaşına tikili olsa da, əvvəllər hər iki tərəf orada yaşadığından və həmin tikili yaşayış sahəsi kimi istifadə olunduğundan birinci instansiya məhkəməsi əsaslı olaraq iddiaçılara da eyni əsasla orada yaşamaq imkanı vermişdir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillə əlaqədar məhkəmə kollegiyası həmin dəlilləri əsaslı hesab etmir. Belə ki, apelyasiya şikayətində cavabdeh nə onun, nə də iddiaçının həmin evin tikintisinə heç bir vəsait xərcləmədiyini, evi atasının tikdiyini qeyd etsə də, məhkəmə iclasında verilən suallara cavab olaraq evi iddiaçı ilə birgə nikahda olduğu dövrdə öz əziyyəti ilə tikdiyini, iddiaçının tikintiyə heç bir xərc qoymadığını bildirmişdir. Göründüyü kimi, məhkəmə iclasında cavabdeh apelyasiya şikayətində qeyd etdiklərindən fərqli izahat vermişdir, həmçinin cavabdeh qeyd etdiyi dəlillərlə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-2082/2019-ci il saylı, xx xxx 2020ci il tarixli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-6193/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6193/2020
20.08.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver