Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6194/2022 19.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1544/2022 saylı, 03 iyun 2022-ci il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq, Müəyyən etdi: İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı "vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsinin və tərəflərin bərabər pay hüquqularının tanınması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1544/2022 saylı, 03 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı2 vəkili Fərid Qurbanov tərəfindən elektron qaydada apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər (357.1). Apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (363.1.1). Mülki iş materiallarından görünür ki, elektron qaydada verilən apellyasiya şikayəti yalnız vəkil F.Qurbanov tərəfindən imzalanmışdır. Lakin vəkilin qətnamədən şikayət vermək, şikayəti iddiaçının adından imzalamaq və digər bu kimi hüquqlarının olmasına dair etibarnamə şikayətə əlavə edilməmişdir. (İş materiallarına sadəcə vəkil F.Qurbanovun orderi və İddiaçı2 digər nümayəndəsi (vəkil) Vəkil1 etibarnaməsi əlavə edilmişdir). Digər tərəfdən apellyasiya şikayətinə iddiaçının adından “PDF formatlı” apellyasiya şikayəti də əlavə olunmuş, lakin məhkəmə kollegiyasının mövqeyinə görə həmin şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan iddiaçının elektron kabinet vasitəsilə daxil olmadığından mövcud mülki-prosessual qanunvericiliyin tələblərinə görə məhz iddiaçının özü tərəfindən verilmiş və onun tərəfindən imzalanmış apellyasiya şikayəti kimi qəbul edilə bilməz. Bununla da müəyyən edilir ki, vəkil F.Qurbanovun apellyasiya şikayətini iddiaçının adından imzalamaq səlahiyyəti olmamışdır. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Ona görə də, qətnamədən verilmiş apellyasiya şikayəti yalnız vəkil tərəfindən imzalandığından və vəkilin şikayəti məhz İddiaçı2 adından imzalamaq səlahiyyətini təsdiq edən etibarnaməsi olmadığından qeyri-mümkün hesab edilərək, geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 357, 363, 366, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1544/2022 saylı, 03 iyun 2022-ci il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilsin və şikayət geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-6194/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6194/2022
19.08.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver