Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6194/2023 07.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X8 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-385/2023 saylı 02 avqust 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2012-ci il tarixli sim-kart dəyişikliyi formuna əsasən abunəçi Cavabdeh tərəfindən ********** GSM nömrəsi üzrə **********417539305 nömrəli yeni SİM kart alınmışdır.
2. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdehnın GSM müqaviləsinə əsasən sonuncu ********** GSM nömrəsi üzrə İddiaçı MMC-yə 56069,60 manat borcu mövcuddur.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə GSM müqaviləsinə əsasən ********** GSM nömrəsi üzrə 56.069,60 (əlli altı min sıfır altmış doqquz manat altmış qəpik) manat əsas borcun, 258,21 (iki yüz əlli səkkiz manat iyirmi bir qəpik) ödənilmiş dövlət rüsumunun və nəticədə cəmi 56.327,81 (əlli altı min üç yüz iyirmi yeddi manat səksən bir) manat məbləğində borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə borclu Cavabdeh arasında bağlanmış GSM müqaviləsinə əsasən sonuncu ********** GSM nömrəsi üzrə cəmiyyətin rabitə xidmətlərindən istifadə edərək danışıqlar aparmış və nəticədə cəmi 56.069,60 (əlli altı min sıfır altmış doqquz manat altmış qəpik) manat məbləğində borcu yaranmışdır. Müqavilənin şərtlərinə əsasən abonent ona göstərilən rabitə xidmətlərinə görə xidmət haqqını "xxxx" MMC-nin müəyyən etdiyi son ödəmə tarixinədək ödəməlidir. Hesabfakturada göstərilən ödəniş şərtləri abonent tərəfindən pozularsa, "xxxx" MMC gecikdirilən hər gün üçün gecikmə faizi tətbiq edir. Beləliklə, borcluya aid GSM fakturalarından göründüyü kimi borclu müqavilənin şərtlərini pozaraq, göstərilən borcun ödənilməsini təmin etməmişdir.
5. Cavabdeh iddiaya etiraz təqdim edərək bildirmişdir ki, elektron kabinetdə əlavə edilmiş sənədlər ilə tanış olarkən GSM müqaviləsinə rast gəlinmədi. Bundan əlavə iddia ərizəsinə xx.xx.2012-ci il tarixli 2 manat ödəniş edilərək xx.xx.2012-ci ildə alınmış nömrənin istifadə zamanı yaranmış qüsura əsasən dəyişdirilməsi haqqında X4 blankı əlavə edilmişdir. Həmin blankda onun ad soyadı qeyd edilsə də imza qrafasındaki imza ona məxsus deyildir. Digər bir məsələ isə iddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü maliyyə arayışına baxan zaman iddia müddətinin ötürülməsidir. Çünki maliyyə arayışı ilə tanış olarkən məlum olur ki, əsas borc 2012-2019-cu il tarixinədək yaranmış və iddiaçı xx.xx.2022-ci il tarixində məhkəməyə müraciət etməklə iddia müddətini ötürmüşdür.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-385/2023 saylı 02 avqust 2023cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
7. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı MMC Cavabdeh "xxxx" MMC-nin xeyrinə GSM müqaviləsinə əsasən ********** GSM nömrəsi üzrə 56.069,60 (əlli altı min sıfır altmış doqquz manat altmış qəpik) manat əsas borcun, 258,21 (iki yüz əlli səkkiz manat iyirmi bir qəpik) ödənilmiş dövlət rüsumunun və nəticədə cəmi 56.327,81 (əlli altı min üç yüz iyirmi yeddi manat səksən bir) manat məbləğində borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etsə də, məhkəməyə iddia etdiyi hallarla bağlı heç bir sübutlar təqdim etməmişdir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 89, 106.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı MMC apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-385/2023 saylı 02 avqust 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış GSM müqaviləsinə əsasən sonuncu ********** GSM nömrəsi üzrə cəmiyyətin rabitə xidmətlərindən istifadə edərək danışıqlar aparmış və nəticədə cəmi 56.069,60 (əlli altı min sıfır altmış doqquz manat altmış qəpik) manat məbləğində borcu yaranmışdır. Müqavilənin şərtlərinə əsasən abonent ona göstərilən rabitə xidmətlərinə görə xidmət haqqını "xxxx" MMC-nin müəyyən etdiyi son ödəmə tarixinədək ödəməlidir. Hesab-fakturada göstərilən ödəniş şərtləri abonent tərəfindən pozularsa, "xxxx" MMC gecikdirilən hər gün üçün gecikmə faizi tətbiq edir. Beləliklə, borcluya aid GSM fakturalarından göründüyü kimi borclu müqavilənin şərtlərini pozaraq, göstərilən borcun ödənilməsini təmin etməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Qeyd etmişdir ki, müqavilənin əslini tapa bilmədiyi üçün məhkəməyə təqdim edə bilmir. Formul aktına əsasən Simkart dəyişikliyi əməliyyatı həyata keçirilmişdir. Simkart dəyişikliyi əməliyyatı onu sübuta yetirir ki, simkart faktiki olaraq iş üzrə Cavabdeh istifadəsində olmuşdur və xidmətlərdən faydalanmışdır. Müqavilənin olmamasına baxmayaraq cavabdeh faktiki olaraq xidmətlərdən istifadə etmiş və ona görə də xidmətlərin dəyərini ödəmək öhdəliyini daşıyır. Rabitə xidmətində ödənişlərin təqdim edilməsinin iki üsulu nəzərdə tutulmuşdur. Çoxluqda ödəniş əvvəlcədən nəzərdə tutulur, ödəniş edilmədiyi təqdirdə xətt bağlanır. Lakin bir çox abunəçidə ödəniş sonra həyata keçirilir. Yəni rabitə xidməti açıq elan edilir və sərfiyyat gedir, şəxslər xidmətlərdən istifadə edir. Tariflər müqavilədə qeyd edilmir.
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
15. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
17. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edilmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
18.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 19.386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 20.421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
21. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 22.425-ci maddəsinin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 23.442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
24.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 25.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 26.Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (81-ci maddə). 27.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 29.Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 30.İddiaçı iddia ərizəsində və apellyasiya şikayətində tərəflər arasında rabitə xidmətlərinin göstərilməsinə dair müqavilənin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətlərinin yarandığına, bunun nəticəsində cavabdeh üçün ona göstərilən abunə xidmətlərinin müqabilində müvafiq haqq ödəmək üzrə öhdəlik yarandığına, iddiaçı üzərinə düşən vəzifəsini icra etsə də, cavabdehin göstərilən xidmət müqabilində xidmət haqqı ödəmək üzrə vəzifəsini icra etmədiyinə və nəticədə onun xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən GSM müqaviləsi üzrə İddiaçı MMC-yə 56.069,60 manat borcu yarandığına istinad edir. Cavabdeh X7 etiraz ərizəsində isə qeyd edilən müddət ərzində ********** GSM nömrəsi üzrə göstərilən xidmətlərdən istifadə etmədiyini, iddiaçı tərəfindən iddianın əsası olan dəlillərin hər hansı mötəbər sübut ilə təsdiq edilmədiyini bildirir. 31.Qeyd edilməlidir ki, tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (MM, maddə 386.1). 32.Müqavilə tərəfi müqavilə üzrə öhdəliyini lazımınca icra etmədiyi, yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda, lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etmədiyi (MM, maddə 442) təqdirdə kreditorun borcludan müqavilə şərtlərinə uyğun şəkildə hesablanmış borcun ödənilməsini tələb etmək üzrə subyektiv hüququ yaranır. Beləliklə, iddiaçı tərəfindən müəyyən xidmətlərin göstərilməsi, abunəçi tərəfindən göstərilən xidmətlərin müqabilində xidmət haqqı və digər ödənişlərin həyata keçirilməsi yalnız tərəflər arasında bağlanan müqavilə şərtlərinə uyğun olaraq tənzimlənməlidir. 33.Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir. 34.Yuxarıda qeyd edildiyi kimi iddiaçı da, cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququnun yarandığına istinad edir, həmçinin məhkəməyə təqdim etmədiyi müqavilənin şərtlərinin cavabdeh tərəfindən pozulmasına əsaslanır. Buna baxmayaraq iddiaçı tərəfindən istinad etdiyi halların mövcudluğu, yəni tərəflərin müqavilə münasibətlərində olmalarını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmiş, bununla da rabitə xidmətlərinin göstərilməsindən irəli gələn cavabdehin göstərilmiş xidmətlər müqabilində haqq ödəmək öhdəliyinin əmələ gəldiyini sübuta yetirə bilməmişdir. 35.Nəzərə alınmalıdır ki, sübutetmə vəzifələrinin bölüşdürülməsinə və sübutların qiymətləndirilməsinə dair prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq müqavilə münasibətlərinin yarandığını, müqavilə üzrə göstərilən xidmətlərin həcmini, şərtlərini sübut etmək yükü iddiaçının üzərinə düşür. Belə olan halda qeyd edilməlidir ki, hüquq münasibətlərinin xarakteri və subyektiv tərkibi nəzərə alınmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxs tərəfindən tərəf olduğu müvafiq münasibətlər daha ətraflı və müfəssəl tənzimlənməlidir. Halbuki müvafiq sənədləşmə işlərinin qaydasında olmaması, həmçinin 2012-ci ildən 2019-cu ilədək abonentin yüksək məbləğdə borcu olduğu halda istifadə etdiyi nömrə üzrə iddiaçı tərəfindən telefon xəttinin bloklaşdırılmaması məntiqli görsənmir. 36.Məhkəməyə təqdim edilmiş xx.xx.2012-ci il tarixli sim-kart dəyişikliyi formu ilə əlaqədar isə kollegiya qeyd edir ki, tərəflərin müqavilə münasibətlərində olması, həmin müqavilə şərtlərinin cavabdeh tərəfindən pozulması və onun müqavilə şərtlərinə əsasən hesablanmış borcun məhz 56.069,60 manat məbləğində olması halı iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sim-kart dəyişikliyi formu əsasında təsdiq edilməsi Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin tələblərinə ziddir. Çünki qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 37.Konstitusiya Məhkəməsinin Plenumu dəfələrlə öz qərarlarında qeyd etmişdir ki, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Babayevin şikayəti üzrə 2011-ci il 28 dekabr və H.Cəfərovun şikayəti üzrə 2019-cu il 14 fevral tarixli Qərarlar). 38.Beləliklə məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə rədd edilməli olduğundan məhkəmə tərəfindən iddia müddətinin tətbiqindən imtina edilməlidir. 39.Beləliklə, birinci instansiya məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq və işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir. 40.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 41.Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 42.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-385/2023 saylı 02 avqust 2023cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün İddiaçı MMC tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova